Icma.az
close
up
RU
Ruhu üzünə çıxan dünya

Ruhu üzünə çıxan dünya

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moris Meterlinkin “Göy quş” nağıl-pyesi haqqında

Dünya ədəbiyyatının qızıl fonduna düşmüş elə əsərlər var, həm uşaq, həm böyük üçündür - Defonun “Robinzon Kruzo”su, Sviftin “Qulliver”i, Andersenin “Çılpaq kral”ı, Ekzüperinin “Balaca şahzadə”si kimi. Meterlinkin “Göy quş”u da bu qəbildəndir.

Adını çəkdiyim ilk üç əsər canında nağıl şirinliyi gəzdirməklə yanaşı sosial-siyasi mesajlar da verir. Ekzüperinin, Meterlinkin nağılları isə mistik xarakter daşıyır. Hərçənd “Göy quş”u da kasıb balalarının himni kimi qələmə verməyə cəhd göstərənlər olub, ancaq bu, fikrimcə, ədəbi-fəlsəfi baxımdan doğru yanaşma deyil.

***

Moris Meterlink uzun, barlı-bəhərli ömür yaşayıb - 1862-ci ilin yayında Belçikada imkanlı ailənin uşağı kimi doğulub, 1949-cu ilin yazında Fransada dünya şöhrətli dramaturq kimi dünyadan köçüb. Sənət karyerası uğurlu olub, əlli yaşına çatmamış - 1911-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yazdıqları, ələlxüsus da yaradıcılığının zirvəsi sayılan “Göy quş” nağıl-pyesi bütün mədəni ölkələrdə çap da olunub, səhnəyə də qoyulub.

Onun adı Avropa ədəbiyyatında simvolizmin aparıcı adlarından biri kimi çəkilir. Metodunun formalaşması baxımından dahi alman mistiki Novalisin ona güclü təsiri olduğu gizli deyil. Kimin kimə təkan verdiyini deyə bilmərəm, ancaq Meterlinkin fəlsəfi nağılıyla ondan vur-tut üç il qabaq dünyaya gəlmiş yəhudi əsilli dahi alman filosofu Edmund Hüsserlin fenomenologiya adlandırdığı fəlsəfi sistemi arasında da çox doğmalıq var. Kim bilir, bəlkə də onları zamanın ideoloji ab-havası, dövrün efirdə fırlanan, hər antennanın tuta bilmədiyi ideya dalğaları doğmalaşdırıb...

***

Meterlink dünya ədəbiyyatında əsasən əlli yaşına qədər yazdığı pyeslərinə - fəlsəfi pritçalarına görə tanınıb. Dediyimiz kimi, bunlardan ən məşhuru ilk dəfə 1908-ci ildə Moskva Bədaye teatrında məşhur rus rejissoru Konstantin Stanislavskinin tamaşaya qoyduğu “Göy quş” dramatik nağılıdır. Altı pərdədən ibarət pyesin uşaqlar üçün işlənmiş on fəsillik nəsr versiyası da var. Pyes ənənəvi səhnə əsərlərindən fərqlənir, burada əksəriyyəti epizodik rol almış yetmişə yaxın iştirakçı var. Əbəs yerə Meterlink Avropa sənət arenasında yeni dramın banilərindən sayılmır. Bu, elə bir əsərdir ki, onu uşaqlar nəinki oxuya bilərlər, hətta mütləq oxumalıdırlar, ancaq burada qoyulan mətləblərin mahiyyətinə varmaq, sirrinə yetmək üçün uşaq bir az böyüməlidir.

Hadisələrin mərkəzində kasıb odunçu ilə onun özü kimi zəhmətkeş arvadının evində böyüyən bir cüt bacı-qardaş durur. Oğlanın adı Tiltil, qızın adı Mitildir. Bir otaqda yatan uşaqlar milad gecəsi çal-çağır səsinə oyanıb pəncərənin qabağına qaçırlar. Qarşı küçədəki varlı evdə bayram şənliyi keçirilir. Uşaqlar o şənliyə həsədlə baxırlar.

Bu vaxt odunçu komasının qapısı döyülür, içəri qozbel, axsaq, təkgöz, qarmaqburun bir qarı girir. Bacı-qardaşın qonşulardan birinə bənzətdiyi qarını uşaqlar qarşılayırlar, çünki yorğun ata-ana gecənin bu vədəsində ağır iş günündən sonra şirin yuxuya dalıb. Qarı deyir ki, nəvəsi ağır xəstədir, onun dərdinə yalnız Göy Quş çarə qıla bilər. Buna görə də bacı-qardaşı həmin sirli, möcüzəli quşun sorağına göndərmək istəyir.

Zahirən çox eybəcər görünən bu qarı əslində bir gözəl pəridir. Uşaqların hər şeyi yanlış, təhrif olunmuş şəkildə görməsi onu pəjmürdə eləyir. Qarı Tiltilə bir yaşıl papaq bağışlayır, papağın alnına bərkidilmiş almazın işığında aləm ona ayrı donda görünəcək.

***

Gerçəkdən də, Tiltil papağı başına qoyub almazı azca buranda dünya onun da, bacısının da gözündə tam dəyişir. Onlar Novalisin arzusunda olduğu ideal aləmə - mistik cənnətə düşürlər, canlı-cansız sayılan bütün əşyaların ruhunu görür, onlarla təmasa girirlər.

Sehirli almaz üçüncü göz, altıncı hiss orqanı adlandırılan bir fenomenin rəmzidir. Ona yiyələnəndən sonra Hüsserlin fenomenoloji reduksiya, intensionallıq dediyi metodlar işə düşür, insan şeylərin, hadisələrin mahiyyətinə nüfuz eləyən bir baxışla silahlanır, varlığın ruhuna dalır, mahiyyətin üstünü örtən, onu adi gözdən gizlədən cəhətləri, əşyaların real statusunu mötərizə arasına alır. Bu cür baxmaq qabiliyyətinə, belə gözə yiyələnməyən o gizli dünyanı, sirli aləmi də görməz.

Almazın kəraməti sayəsində hər kəsin, hər nəsnənin ruhu üzünə çıxır, eybəcər cadugər qarı gözəl bir şahzadəyə, kasıb koma işıqlı cənnət hücrəsinə, cansız əşyalar canlı varlıqlara cevrilir. Saatın, odun, suyun, çörəyin, südün, şəkərin, itin, pişiyin ruhu dil açır, insan ətraf aləmlə, təbiətlə mistik ünsiyyətə girir. Köpək sevincək olub “mənim balaca tanrım” deyə Tiltilin başına dolanır.

Pəri bütün dəstəyə Göy Quşun axtarışında uşaqlara yardım göstərməyi, axıracan onların yanında olmağı tapşırır. Ancaq bu tapşırıqdan heç də hamı razı deyil, Pişiyin başçılığıyla narazılar uşaqlara qarşı sui-qəsd hazırlamağa çalışırlar. Onların fikrincə, insana qədər bu dünyada hamı azad, şad-xürrəm gün keçirib, sehirli Göy Quşu tutandan sonra bəni-adəmin despotizmi görünməmiş miqyas alacaq, insan əşyaların da, heyvanların da, hadisələrin də ruhuna yiyələnəcək, dilini biləcək, daha onun asılılığından qurtulmaq olmayacaq. Köpək qəzəblə qiyamçılara qarşı çıxır, onun fikrincə, insan bütün varlıqlardan üstün varlıqdır, məxluqatın əşrəfi, təbiətin hamisidir, onun qulluğunda durmaq bütün yaranmışlar üçün şərəfdir.

Doğrudan da, təbiət özünü insanın gözüylə görməsə, tanımaz. Mineralların, bitkilərin, heyvanların ruhu özbaşına özünü dərk eləyən, özünü ifadə eləyən fəal ruh deyil, onu passiv vəziyyətdən aktiv hala gətirən insanın müdaxiləsidir. Təbiətdəki azadlıq yalançı, göstərmə azadlıqdır, düzünə qalsa, təbiətdə heç bir azadlıq yoxdur, ola da bilməz. Heyvanlar, quşlar, ağaclar, daşlar yalnız azad insan ruhunun çağırışıyla öz gövdələrini, təbiətlərini aşıb həqiqi azadlığa, qurtuluşa çata bilərlər...

Pəri, uşaqlar, bir də İşığın Ruhu - İşıq Cövhəri səhnəyə çıxanda xəyanət ortaqları sükuta dalırlar.

***

Tiltillə Mitil ilk növbədə Xatirələr Ölkəsini ziyarət eləməlidir, çünki orada onların babasıyla nənəsi yaşayır. Orada onlar ölmüş bacı-qardaşlarını da görürlər. Bəlli olur ki, ölənlərin yuxulu ruhu dirilər onları yada salanda ayılır. Keçmiş günlərin xatirəsinə nənə-babalarıyla birgə nahar eləyəndən sonra uşaqlar İşıq Cövhərinin görüşünə tələsirlər. Nəvələrin xahişiylə baba onların gözünə göy rəngdə görsənən qaratoyuğu xoşbəxtlik quşunun sorağına çıxmış uşaqlara bağışlayır. Xatirələr ölkəsini geridə qoyanda onlar baxırlar ki, babanın verdiyi quşun rəngi qapqaradır.

Uzaqdan Gecənin qəsri görünür. Gecə bu quşqonmaz qalada təbiətin sirlərini insandan qoruyub saxlayır. Xain Pişik özünü qəsrə hamıdan qabaq çatdırıb, onu gözləyən təhlükədən Gecəni xəbərdar eləyir. Ancaq ülyahəzrət Gecə qoruduğu sirr xəzinəsinin qapılarını insanın üzünə bağlamaq iqtidarında deyil. Köpəyin, Çörəyin, bir də Şəkərin müşayiətiylə uşaqlar qəsrə girirlər. Əvvəl-əvvəl Gecə onları yanıldıb azdırmağa, bu da alınmayanda qorxutmağa, saraydakı otaqların açarlarını onlardan gizləməyə çalışır. Tiltil bütün qapılara açar salıb otaqları bir-bir gözdən keçirir: bir otaqda kabuslar, o birində xəstəliklər, üçüncüdə müharibələr... Kabuslar havalanıb, xəstəliklər xəstə düşüb, müharibələr qapını qırıb azadlığa çıxa bilmir.

Nəhayət, otaqların birində uşaqları Gecənin qoruduğu yanar ulduzlar, sevimli qoxular, şeh, bülbül nəğməsi qarşılayır. Buradan başqa aləmə açılan qapıdan keçəndə uşaqlar ay işığına bələnmiş ecazkar bağa düşürlər, bağda sehirli göy quşlar ulduzların, planetlərin arasıyla aramsız uçuşurlar. Tiltil yoldaşlarını haraylayır, hərə bir neçə quş tutub bağdan çıxır. Ancaq quşlar bağdan kənarda sağ qalmır, onlar gecənin sahilində ələ gəlməyən qanadlı xəyallardır.

***

Sonrakı səhnə meşədə vaqe olur. Pişik ağaclara dil töküb onları bacı-qardaşın əleyhinə qaldırmağa çalışır. Əlbəttə, ağaclar hamısı odunçudan yanıqlıdır, nə qədər qohum-əqrəbaları, doğmaları bu uşaqların atasından - əlibaltalı cəlladdan ziyan çəkib. Hələ özlərinə balta dəyməyibsə də, doğranmaq təhlükəsi hər vaxt başlarının üstündədir.

Ağaclar insana qarşı qiyama qalxır, təbiət bəni-adəmin onun daxili işlərinə qarışmasına sərt müqavimət göstərir. İçində yaşadığı cəmi məxluqatla birgə meşə insan övladına edam hökmü kəsir: donuzlar körpə Mitili necə ləzzətlə yeyəcəklərini xəyallarına gətirib adam ətinə yerikləyirlər, buynuzlu qoçlar kəsilmiş qohumlarının qisasını almağa hazırlaşırlar. Yalnız İşıq Cövhərinin müdaxiləsi, bir də Tiltilin alnındakı almazı işə salması qana susamış meşə əhlini - vəhşi heyvanları, ağacları sükut, zülmət səltənətinə qaytarır. Avropa xalqlarının folklorunda İblisin məiyyətindən sayılan Pişik (“Master və Marqarita”nı xatırlayaq) yenə xəyanətin altından təmiz çıxır.

Göy Quşu uşaqlar məzarlıqda da axtarırlar. Sehirli almazın qüdrətiylə qəbirlər çat verir, o çatlardan ağ çiçəklər boy göstərir. Quşlar Günəşin, Həyatın şəninə himn oxuyurlar. “Bəs ölülər haradadır? - bacı-qardaş bir-birindən soruşur. - Məzarlıqda ölü yoxdur”. Bununla müəllif, əlbəttə, çürümüş cəsədlərin torpağa qarışıb itməsinə deyil də, ölümün yoxluğuna işarə vurur. Ruhlar aləmində, əbədi dünyada ölüm nə iş görəcək?..

F.Uğurlu

Davamı növbəti sayımızda...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see418

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see350

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see345

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see314

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see252

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see227

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see200

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see189

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see175

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see174

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see156

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri