Icma.az
close
up
RU
Bəxti üzünə gülməyən gözəl...

Bəxti üzünə gülməyən gözəl...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Zöhrə Hüseynzadənin əziz xatirəsinə...

Bu dünyaya milyon oğul, qız gəlir,
Sevinc gəlir, kədər gəlir, naz gəlir.
Əsl insan az tapılır, az gəlir,
Vaxtsız əcəl yaxşılara qıymasın.

Hüseyn Arif


Bir ildir, əlimə qələm alıb bu yazını yazmaq istəyirdim. Amma, nədəndirsə bunu edə bilmirdim. Bu, heç də o demək deyildir ki, yazmağı bacarmırdım. Lakin, yazmağa əlim gəlmirdi. Dərindən köks ötürüb, qələmi yerə qoyurdum. Hər dəfə ürəyimlə danışırdım. Əslində, o xanımın ölümünü qəbul edə bilmirdim, onunla heç cür barışmırdım. Amma qəlbimdə daim bir hiss vardı. Sanki, yazını yazmadığım üçün onun ruhu məni nəhayət ki, qələmi götürüb buna son qoymağa çağırırdı...

Bu gün yazını qələmə alarkən, ilk növbədə bu gözəl, nəcib xanımın ruhu qarşısında baş əyərək, yazını gecikdirdiyim üçün ondan əfv diləyirəm.

Oxucularımı intizarda qoymaq istəmirəm.Bayaqdan haqqında söz açdığım xanım xalq şairi Hüseyn Arif ailəsinin üzvü Zöhrə xanım Hüseynzadədir.

Zöhrə Hüseynzadə çox şərəfli, eyni zamanda nisgilli, qəmli bir həyat yaşadı. Bəxti üzünə gülmədi. Taleli ikən talesiz bir ömür yaşadı. Vaxtsız qardaş dağı, dərd çəkən ana-ata acısı, bacı itgisi. Bu ağrı-acıları qəlbində yaşadı. Güldü, amma dərdini içərisində boğdu. Həyat sürdü, amma xiffəti içərisinə çəkdi. Gecələr yatarkən, göz yaşları ilə acısını azaltmağa çalışdı, həyatından, bəxtsiz taleyindən gileyləndi. Nə qədər acı olsa da, bu, onun həyat salnaməsi idi...

Zöhrə xanımı keçən əsrin 80-ci illərindən tanıyırdım. O zaman Oktyabr (indiki Yasamal) rayonunun səhiyyə şöbəsinin müdiri Tahirə xanım Hüseynova təqaüdə çıxdıqdan sonra onun yerinə gənc bir həkim – rayonun 3 №-li poliklinikasının kardioloqu Zöhrə xanım Hüseynzadə təyin olundu. Səhiyyə şöbəsinə gəlişi ilə orada yeniliyə imza atdı, bir canlanma yaratdı. Rayon tədbirlərində çıxışları, gözəl nitqi ilə diqqət çəkdi. Adı dildən-dilə düşdü. O zaman eşitdik ki, öz təbii, bənzərsiz gözəlliyi, ədəbi nitqi ilə hamını heyran qoyan bu xanım, şair Hüseyn Arifin qızıdır.

O zamanlar mən, Azərbaycan Politexnik İnstitutunda təhsil alırdım. Gənc bir oğlan idim, qəlbində gənclik eşqi olan bir gənc. Həm də gözəllik vurğunu. Tədbirlərin birində Zöhrə xanımı gördüm. Gözəlliyi ilə məni heyran elədi. Sonralar demək olar ki, hər gün keçmiş Qubanov küçəsində yerləşən səhiyyə şöbəsinə Zöhrə xanımı uzaqdan da olsa görməyə gedərdim. Sözün əsl mənasında ona valeh olmuşdum. Baxmaraq ki, aramızda təxmini 10 yaş fərq vardı...

İllər beləcə keçdi. Mən ali məktəbi bitirib müxtəlif sahələrdə çalışmağa başladım. Azərbaycan televiziyasında jurnalist kimi fəaliyyətə başladım. Ədəbi verilişlər, xüsusilə, ədiblərimizə həsr olunmuş portret verilişlər hazırlayırdım. Günlərin birində baş redaktor Mailə Muradxanlıya müraciət edərək, xalq şairi Hüseyn Arif haqqında veriliş hazırlamaq istəyimi ona bildirdim. Razılıq aldıqda çox sevindim. Çünki, Zöhrə xanımla birbaşa canlı ünsiyyətdə olacağıma görə çox sevinirdim. Nəhayət, vaxt təyin edib, Hüseyn Cavid prospektində yerləşən Yasamal rayon səhiyyə şöbəsinə getdim, Zöhrə xanımla görüşdüm.Verilişlə bağlı büütün detalları, ssenarini onunla müzakirə etdik. O gündən etibarən, ömrünün sonunadək onunla dost kimi ünsiyyətdə olduq. Sonradan bu dostluq ailəvi dostluğa çevrildi.

Verilişin hazırlanmasında və çəkilişində Zöhrə xanım çox köməklik etdi. O, demək olar ki, H.Arifin bütün şeirlərini əzbər bilirdi. Çəkilişlə əlaqədar, biz Ağstafaya H.Arifin ev-muzeyinə getməli olduq. Zöhrə xanım Bakı-Ağstafa qatarında bizi müşayiət edirdi. Qatarda çəkiliş qrupu ilə yanaşı, Akademik Teymur Bünyadov, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev bizimlə bir yerdə idi. Ağstafadakı ev-muzeyinin həyətində bir poeziya gecəsi keçirildi. Aşıqlar, şairlər bir-birini əvəz edirdilər. H.Arifin ömür-gün yoldaşı, gözəliyi ilə ad çıxarmış Məleykə xanımın sevinc göz-yaşlarını görməmək mümkün deyildi. O, o qədər sadə, utancaq idi ki, müsahibəni güclə verirdi.H.Arifin qızı Səhər xanım da xüsusi fəallıq göstərirdi. Orada H.Arif ailəsinin digər üzvləri ilə yaxından tanış oldum. Veriliş məni həm də Hüseyn Arif yaradıcılığına daha da yaxınlaşdırdı, başqa sözlə ona vuruldum, onun şer dünyasına baş vurdum. 

Əslində efirə gedən bu veriliş bizi Zöhrə xanımla daha da yaxınlaşdırdı. Zöhrə xanım ailəmin ən əzizlərindən biri oldu.

AzTV-də Hüseyn Arifə həsr olunmuş “Dünya fikir dünyasıdır” adlı veriliş efirə getdikdən sonra Zöhrə xanım bütün yaradıcı heyəti Füzuli küçəsində yerləşən mənzilinə dəvət etdi, orada ziyafət təşkil olundu. Hüseyn Arif ocağında gözəl bir unudulmaz görüş baş tutdu. Görüşdə mənimlə yanaşı, Mailə Muradxanlı, Məhərrəm Bədirzadə və xanımı iştirak edirdi. O gecə yaddaşlara həkk olunan bir tarixə döndü... 

Tez-tez Zöhrə xanımla müxtəlif tədbirlərdə, efirlərdə bir yerdə olur, çıxışlar edərdik. 

Əməkdar rəssam Hacıağa Nəzərli və professor Ədalət Nəzərliyə, eləcə də bacım Gültəkin Qafarova-Əsgərzadəyə həsr olunmuş televiziya verilişlərində etdiyi çıxışlar hamı tərəfindən rəğbətlə qarşılanmışdı. Zöhrə xanım aşıq yaradıcılığını, musiqisini mənə sevdirdi desəm, yəqin ki, yanılmaram.

Zöhrə xanım hər zaman qayğıkeş və diqqətcil idi. O, Akademik M.Mirqasımov adına Respublika klinik xəstəxanasında çalışanda da, ona müraicət edənlərə təmənnasız köməklik edərdi.

Toy və yubiley məclislərində gözəl rəqsi ilə də diqqət çəkirdi. Hər zaman üzündə ciddilik ifadəsi olurdusa belə, təbəssümü də heç zaman əskik olmazdı. O, dərdini ürəyində çəkərdi, ətrafındakıları sezdirməzdi. O, möhkəm, polad iradəli, həyatda şux, dik durmağı sevərdi. Bu, onun həyat kredosu idi.

Zöhrə xanım Hüseyn Arif yaradıcılığını əzbər bilirdi.O, sözün əsl mənasında bir ədəbiyyaçı-tənqidçi kimi H.Arif əsərlərinə münasibət bildirərdi. Onun yazıları əslində  bir elmi məqalə, dissertasiya işi idi. Yadımdadır ki, onunla birlikdə 2 elmi-təhsil ocağına müraciət etdik. Zöhrə xanım atasınının yaradıcılığından dissertasiya işi yazmaq fikrində idi. Lakin, həmin ocaqların elmi katibləri mədənicəsinə Zöhrə xanıma “yox” cavabı verdilər. Məncə, onlar çox bir böyük tarixi səhv etdilər. Çünki, dissertasiya işində Zöhrə xanım nə qədər elmi yenilikləri ilə Hüseyn Arifşünaslığına böyük töhfələr verə bilərdi. Heyhat...

Qardaşının avtomobil qəzasında vaxtsız vəfatından sonra Zöhrə xanım birdəfəlik ailə qurmaq məsələsinin üstündən xətt çəkdi. Ailə qurmadı, özündən sonra bir nişanə qoymadı.

Allahtəala Zöhrə xanıma gözəl tale nəsib eləmişdi. Gözəl bir monolit ailə, gözəllik, nəciblik, ali təhsil, müqəddəs həkimlik peşəsi, rəhbər vəzifə, hörmət, populyarlıq,Yeni Azərbaycan Partiyası İdarə Şurasının üzvü, Yasamal rayon təşkilatının sədr müavini... Lakin, bununla bərabər, Ulu Yaradan ona qəlbində sağalmaz ağri-acılarla dolu bir həyat yaşamağı da nəsib etmişdi. Taleli ikən talesiz, faciəvi bir həyat, başqa sözlə desəm, əks-qütblülük. Təzadlarla dolu bir ömür... 

Hər dəfə efirdə SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında Hüseyn Arifin şerinə bəstələnmiş “Heyifim gəldi” mahnısı səsləndikdə, Zöhrə xanım-“Söyün qağama olan oldu”-deyib, kövrələr, dərindən köks ötürərdi...

Sonucda da ağır xəstəliyə düçar olub, ağrı-acılar çəkərək, həyatını sonlandıran bir ömür. Həyatının son günlərində o, heç kimlə görüşmək istəmirdi. İstəmirdi ki, onu solğun vəziyyətdə görsünlər.Mən onun vəziyyəti ilə H. Arif yaradıcılığı ilə bağlı dissertasiya yazan filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyevdən xəbər alırdım. O, ailəyə yaxın idi. Onun həyat yoldaşı Zöhrə xanımla tez-tez ünsiyyətdə olurdu. Sonuncu dəfə mən ona telefonla zəng etdim. O, zəngə cavab verdi. Hal-əhvalını soruşdum – “yaxşıyam” dedi. Dilə gətirdiyi “yaxşıyam” kəlməsi bir daha bu mətin, dözümlü, möhkəm iradəli xanımın xəstəlik, ölüm qarşısında əyilmədiyini, ona təslim olmadığını, həmişəki kimi  şuxluğunu, qürurunu qorumağını göstərirdi. Az sonra o, gözlərini əbədi yumdu. Onun ölümünün mənə necə təsir etdiyini söz ilə ifadə etməyə çətinlik çəkirəm. O, ölümü ilə illərdir, yaşadığı o acı, əzablı həyatı son verdi. Hər yay o, Ağstafaya öz ata-baba ocağına, oradan da ata-anasının, bacı-qardaşının dəfn olduğu məzarlığa baş çəkərdi. Bu dəfə də belə oldu. Lakin bu, onun son və əbədi gedişi oldu. O öz doğmalarının yanında dəfn olundu, əbədi hüzura qovuşdu. Yan-yana 5 məzar-Arif, Hüseyn, Məleykə, Səhər, Zöhrə Hüseynzadələrin nəhayət ki, tam tərkibdə hüzur tapdıqları,əbədiyyətə qovuşduqları məkan... 

Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun.

Yazıma xalq şairi Səməd Vurğunun aşağıdakı misraları ilə bitirirəm:

“Ölüm sevinməsin qoy! Ömürünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər”.


Qafar Əsgərzadə
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri