Icma.az
close
up
RU
Rusiyada miqrasiya qaydaları sərtləşdirilir

Rusiyada miqrasiya qaydaları sərtləşdirilir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu, rəqəmsallaşma və yeni nəzarət modeli əsasında həyata keçirilir

Rusiya miqrasiya siyasətində yeni və daha sərt mərhələyə qədəm qoyub. 2026-cı ilin sonunadək vizasız rejimlə ölkəyə daxil olan əcnəbilər tam rəqəmsal uçot sisteminə keçəcək. Proses çərçivəsində illərdir istifadə olunan kağız miqrasiya kartları mərhələli şəkildə tarixi keçmişə qovuşacaq, onların yerini elektron profillər, rəqəmsal qeydiyyat və biometrik nəzarət alacaq.

Rəsmi açıqlamalarda bu dəyişikliklər inzibati prosedurların sadələşdirilməsi kimi təqdim olunur, lakin əsl məqsəd miqrasiya axınlarını tam nəzarət altında saxlamaqdır. Artıq dövlət üçün miqrantın ölkəyə daxil olduğu an kifayət etmir, məlumat səfər başlamazdan əvvəl toplanır.

Yeni qaydalara görə, əcnəbilər səfər etməzdən əvvəl məqsədini, ölkədə qalacaqları müddəti və şəxsi məlumatlarını “Qosuslugi” (dövlət xidmətləri) platforması və “RuID” mobil tətbiqi vasitəsilə təqdim etməlidirlər. “RuID” sistemi 2025-ci ildən sınaq rejimində işləyir və miqrantın Rusiya ərazisinə daxil olmadan əvvəl rəqəmsal qeydiyyatdan keçməsini təmin edir.

Bu sistem biometrik məlumatların toplanmasını əsas götürür. Miqrantların üz təsviri, səs nümunəsi və digər fərdi göstəricilər xüsusi bazalarda saxlanılır. Əvvəl sərhəddə doldurulan kağız kart yalnız giriş anını qeydə alırdısa, indi rəqəmsal profil miqrantın bütün qalma müddətini əhatə edir. Burada onun hüquqi statusu, yaşadığı ünvan, hərəkətləri və dövlət qurumları ilə münasibətləri əks olunur.

Yeni sistem miqrantlardan daimi diqqət və yüksək intizam tələb edir. Hər hansı texniki nasazlıq, məlumatın gec ötürülməsi və ya qaydanın pozulması ciddi hüquqi nəticələr doğurur. Bu isə miqrantların yalnız hüquqi deyil, həm də rəqəmsal savadlılığını artırmağı labüd edir.

Beləliklə, miqrasiya prosesi epizodik yox, davamlı izlənilən sistemə çevrilir. Əvvəllər diqqət yalnız miqrasiya axınının qeydiyyatına yönəlirdisə, indi əsas məqsəd təhlükəsizlik və intizamdır. Dövlət miqrasiyanı sosial-iqtisadi proses kimi deyil, milli təhlükəsizlik sahəsi kimi qiymətləndirir. Bu isə miqrantlardan qaydalara tabe olmağı və yüksək məsuliyyət tələb edir.

Artıq Rusiya paytaxtında və Moskva vilayətində tətbiq edilən “Amina” proqramı bu siyasətin real nəticəsini ortaya qoyub. Proqram əcnəbinin yalnız rəsmi qeydiyyatda olduğu ünvanını deyil, faktiki yaşadığı yeri də izləyir. Məlum olub ki, ünvan dəyişiklikləri üç iş günü ərzində sistemə daxil edilməlidir. Əks halda, cərimələr və bank əməliyyatlarına məhdudiyyətlər tətbiq olunur. Onu da qeyd edək ki, bank əməliyyatlarına nəzarət miqrantların gündəlik həyatında önəmli rol oynayır. Maaşın alınması, pul köçürmələri və gündəlik alış-veriş imkanlarının dayandırılması onları qanun çərçivəsində qalmağa təşviq edən güclü mexanizmə çevrilib.

***

Beləliklə, bu model Rusiyanın miqrasiya siyasətində nəzarət və təhlükəsizlik prioritetlərinin açıq şəkildə önə çəkildiyini göstərir. Həyata keçirilən dəyişikliklər artıq yalnız texniki yenilik və ya inzibati qərar deyil, ardıcıl və uzunmüddətli strategiyanın tərkib hissəsidir. Dövlət miqrasiyanı, sadəcə, əmək bazarını tənzimləyən mexanizm kimi deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Məhz bu yanaşma miqrasiya proseslərinin rəqəmsallaşdırılmasını, nəzarətin sərtləşdirilməsini və insan amilinin minimuma endirilməsini şərtləndirir. Yeni sistem miqrant üçün daha məsuliyyətli və diqqət tələb edən reallıq yaradır. Hazırda əsas vəzifə əcnəbilərin yeni qaydalara problemsiz uyğunlaşmasını təmin etməkdir. Konsulluqlar, diaspor təşkilatları və hüquqi yardım mərkəzləri bu baxımdan mühüm rol oynayırlar. Vətəndaşlara tətbiqlərin istifadəsi, məlumatların düzgün göndərilməsi və qaydaların pozulmasının mümkün nəticələri izah edilməli, çətin vəziyyətə düşənlərə operativ hüquqi və texniki dəstək göstərilməlidir.

Bununla yanaşı, bəzi qeyri-müəyyənliklər də mövcuddur. Rəqəmsallaşma miqrasiya axınlarının daha dəqiq izlənməsinə imkan versə də, şəxsi məlumatların qorunması, onlardan istifadə və dövlətin fərdi həyata təsir imkanları ilə bağlı suallar gündəmə gəlir. Xüsusilə biometrik məlumatların uzunmüddətli saxlanılması və müxtəlif qurumlar arasında paylaşılması potensial risklər yaradır. Praktiki tətbiq mərhələsində olan sistem hələ tam sabit deyil. “RuStore” platformasında istifadəçilərin rəyləri göstərir ki, “RuID” tətbiqi bəzən texniki nasazlıqlar səbəbindən donur, biometrik yoxlamadan keçmək çətinləşir və Rusiyaya gəlişlə bağlı bildirişlərin göndərilməsində problemlər yaranır. Bu cür texniki çatışmazlıqlar əcnəbilərin hüquqi statusuna birbaşa təsir göstərməklə yanaşı, onların əlavə yoxlamalara və inzibati çətinliklərlə üzləşməsinə səbəb olur. Bu isə miqrantlardan yalnız hüquqi deyil, həm də yüksək rəqəmsal bacarıqlar tələb edir.

Ümumilikdə, Rusiya modeli miqrasiyanın idarə edilməsində texnoloji nəzarətin gücləndirilməsinə əsaslanır. Bu yanaşma dövlət üçün effektiv monitorinq və təhlükəsizlik vəd etsə də, miqrantlar üçün sərt və şəffaflığı birmənalı olmayan sistem yaradır. Qarşıdakı illərdə modelin nə dərəcədə effektiv və davamlı olacağı həm texniki infrastrukturun təkmilləşdirilməsindən, həm də hüquqi və etik balansın qorunmasından asılı olacaq.

Bu yeniliklər Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün də xüsusi əhəmiyyət daşıyır. Minlərlə soydaşımız bu ölkədə əmək fəaliyyəti göstərir, ailəsinin dolanışığını təmin edir və qazancını Azərbaycana göndərir. Rəqəmsal nəzarət sistemi onların hüquqi statusunu, yaşayış yerini və maliyyə fəaliyyətini bir mərkəzdə birləşdirir. Artıq sənədlərin qaydasında olması kifayət etmir. Mobil tətbiqlərlə işləmək bacarığı, elektron bildirişlərin vaxtında göndərilməsi və texniki tələblərə əməl edilməsi əsas şərtlərə çevrilib. Azərbaycanın maraqları baxımından əsas məsələ vətəndaşlarımızın hüquqlarının maksimum qorunmasıdır. Konsulluq qurumları bu mərhələdə ön plana çıxır, diaspor təşkilatları və hüquqi yardım mərkəzləri vasitəsilə soydaşlarımıza yeni qaydalar izah olunur, tətbiqlərdən istifadə qaydaları öyrədilir və problem yarananda operativ dəstək göstərilir. Məlumatlandırma nə qədər aydın və vaxtında aparılırsa, risklər də bir o qədər azalır.

Sonda onu da qeyd edək ki, miqrasiyanın rəqəmsallaşdırılması yalnız Rusiyaya xas proses deyil, qlobal tendensiyadır. Dünyanın bir çox ölkəsi miqrasiya axınlarını daha effektiv idarə etmək üçün oxşar sistemlər tətbiq edir. Rəqəmsal nəzarət şəffaflığı artırır, dövlət orqanlarının işini asanlaşdırır və təhlükəsizlik risklərini azaldır. Lakin bu sistemlərin uğuru qaydaların aydın izahından, texniki problemlərin vaxtında aradan qaldırılmasından və insan amilinin nəzərə alınmasından asılıdır.

P.ƏFƏNDİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see231

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see221

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see192

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri