Icma.az
close
up
RU
Rustavi 2 nin məşhur şousunda məşhurlaşan Leyla: Elə səhnədəcə sözlərin yarısı yadımdan çıxdı

Rustavi 2 nin məşhur şousunda məşhurlaşan Leyla: Elə səhnədəcə sözlərin yarısı yadımdan çıxdı

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bu günlərdə həmyerlimizin Gürcüstanın "Rustavi 2" telekanalında məşhur "Bizə səsini göstər" müsabiqəsində iştirakı sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu.

Qərara aldıq ki, Leyla xanımı yaxından tanımaq üçün onun özü ilə həmsöhbət olaq.

Oxu.Az-a müsahibəsində Leyla Əliyeva uşaqlığından, ailəsindən, vətən sevgisindən, həmçinin Azərbaycan mədəniyyətinə olan sonsuz bağlılığından danışdı.

- Leyla xanım, "Rustavi 2" telekanalındakı çıxışınız maraqla qarşılanıb. Səmimi olsam, telefonun o başında belə aydın və təmiz Azərbaycan dilində danışan şəxs olacağını təxmin etməmişdim. O səbəbdən söhbətimizə belə bir sualla başlamaq istəyirəm - harada doğulmusunuz?

- (gülür) Atam Tbilisidəndir. Təmiz azərbaycanlıdır, amma gürcülərdən seçilmir. Gürcü məktəbində oxuyub. Yəni dədə-babaları da Tbilisidən olublar. Bizim kəndimiz yoxdur, elə belədir - Tbilisi.

Anam isə Qazaxıstanın Almatı şəhərindəndir. Özüm Qazaxıstanda anadan olmuşam. Atam oraya gedəndə anamı sevib, evləniblər, mən doğulmuşam, sonra isə dönüblər buraya, yəni Tbilisiyə.

- Gürcüstana gələndə sizin neçə yaşınız var idi?

- Mən 1989-cu ildə anadan olmuşam. Mən anadan olandan sonra gəliblər buraya.

- Bəs Azərbaycan dilini bu qədər təmiz harada, necə öyrənmisiniz?

- Bir az özümü tanıdırammış kimi alınacaq, amma deyim. Demək, anamın cehizliyi Bakıda idi. O vaxt babam anama Bakıda ev hədiyyə etmişdi və atama demişdi ki, Tbilisidə qalmayın, Bakıda yaşayın, bu da sizin eviniz. Evimiz bulvarın düz yanında, beşmərtəbəli binada idi. Ora mənim üçün çox özəl bir yerdir. Hərdən Bakının şəkillərində o yeri görəndə gözlərim dolur.

Gah gedirdik Bakıya, gah gedirdik Qazaxıstana, gah da qayıdırdıq Tbilisiyə. Hər yeri gəzsək də, atamın dədə-baba yurdu burada idi deyə başqa yerdə qala bilmirdi.

- İlk dəfə məktəbə harada getmisiniz bəs?

- Məktəbə ilk dəfə Azərbaycanda getmişəm. Üçüncü sinfə kimi Bakıda təhsil almışam.

- Neçə nömrəli məktəbdə?

- Düzü, məktəbin nömrəsi yadımda deyil, amma bağçam yadımdadır. (gülür) Bilirəm ki, bağçamız "Cücələrim" ansamblı olan yerin yanında idi.

- Bəs sonra nə oldu?

- Sonra atam dedi ki, mən Bakıda yaşa bilmirəm. Ata-anamın yanına getmək istəyirəm, yəni nənə-babamın yanına. Beləcə, qayıtdıq Tbilisiyə və anam patriot biri olduğu üçün məni burada da Azərbaycan məktəbinə qoydu. Ona görə də Azərbaycan dilini bilirəm. (gülür)

- Ali təhsiliniz bəs?

- Tbilisidə Xarici Dillər Universitetinin Filologiya fakültəsini bitirmişəm. Yeri gəlmişkən, ali təhsilim gürcü dilindədir. Evdə də uşaqlıqdan atamla gürcü dilində danışırdıq. Yəni gürcü dilini Azərbaycan dilindən də yaxşı bilirəm.

- Leyla xanım, gələk əsas məsələyə - musiqi təhsiliniz varmı?

- Xeyr. Qəti e, qəti. (gülür) Sadəcə, yadımdadır ki, uşaq olanda gürcü qonşularımıza blokumuzda konsert verirdim. Təsəvvür edin, onlar pilləkənlərdə tamaşaçı kimi otururdular, mən də onlar üçün oxuyurdum.

- Bəs niyə musiqi ilə məşğul olmadınız?

- Çünki 18 yaşında nənəmlə babam məni ərə verdilər, ailə həyatı qurdum və təbii ki, yoldaşım oxumağa icazə vermədi. (gülür)

- Həyat yoldaşınız gürcüdür, yoxsa azərbaycanlı?

- Azərbaycanlı. Yoldaşım Tbilisidə xalçaçılıqla məşğul olan yeganə tacir nəslindəndir. Təmiz azərbaycanlıdır, amma Gürcüstanda doğulub, gürcü dilində oxuyub. Azərbaycan dilində bir az çətin danışır.

- Leyla xanım, musiqi təhsiliniz yoxdur, mahnı oxumaqla məşğul deyilsiniz, bəs necə oldu ki, "Rustavi 2" telekanalındakı "Bizə səsini göstər" müsabiqəsinə qatıldınız?

- Musiqini çox sevirəm. Xalalarım Qazaxıstanda əməkdar artistdirlər. Bir xalam orada həm tanınmış bəstəkar, həm də Qazaxıstanın Fəxri vətəndaşıdır - Elmira Dehqani.

Yəqin, musiqi sevgisi onlardan keçib mənə. Anam tərəf, demək olar ki, hamısı oxuyandırlar. Mən də uşaqlıqdan çox sevirəm oxumağı, sadəcə, tez ailə qurduğum üçün oxumağa meyilli olmamışam. Səbəbi də məlum.

Sonra Tbilisi şəhərində M.F.Axundov adına muzeydə işləmişəm. 2008-ci ildən muzeyin direktoru nənəmdir. Deyim ki, mən nənəmin adını daşıyıram, o, Azərbaycanın Əməkdar mədəniyyət işçisidir.

- Bəs hazırda nə işlə məşğulsunuz?

- Hazırda muzeyin nəzdində olan Mədəniyyət mərkəzinin rəhbəriyəm. O, Tbilisidə yeganə mədəniyyət mərkəzidir. Tbilisidə olan N.Nərimanov muzeyi də bizə tabedir, ona da biz baxırıq. Ümumilikdə, Azərbaycan mədəniyyətini təbliğ etməyi çox sevirəm.

- Müsabiqəyə qatılma səbəbini izah edəcəkdiniz...

- Hə, indi onu deyirəm. (gülür) Demək, bizim muzey Gürcüstan Dövlət Muzeyinin nəzdindədir axı. Mən də işimə görə hər zaman gürcü şou-biznesində olan insanlarla əlaqələr qururam. Əlimdən gələn hər şeyi edirəm ki, Azərbaycanı gözəl şəkildə tanısınlar. Çünki gürcülər bizi tam başqa cür tanıyırlar. Mən də istəyirəm onlara göstərim ki, Azərbaycan mədəniyyəti nədir, rəqslərimiz nədir, musiqimiz nədir. Hətta gürcülərə bizim musiqilərlə rəqs etməyi öyrədirəm, gürcü müğənnilərə Azərbaycan dilində Rəşid Behbudovun repertuarındakı mahnıları ifa etdirirəm, konsertlər təşkil edirəm. Bütün mədəni tədbirləri özüm təşkil edirəm.

- Leyla xanım, müsabiqədə Sara Qədimovanın repertuarından olan "Küsüb getdi" mahnısını oxudunuz. Bu, öz seçiminiz idi, yoxsa təklif elə olmuşdu?

- Elə bunun üstünə gəlmək istəyirdim ki, niyə müsabiqəyə qatıldım və niyə o mahnı? Deməli, "Rustavi 2" televiziyasındakı heyətin əksəriyyəti dostumdur. Əslində, hər il televiziya kanallarına çıxıram, amma oxumaq üçün yox, mədəniyyət haqqında danışan qonaq kimi. Bu dəfə də efirə gedəndə dostlarım dedilər ki, Leyla, bəlkə, sən gəlib o üç min larini (təxminən 1 800 AZN - red.) qazanasan? Axı sən qalib ola bilərsən. Dedim, üç min larini qazansam, nə olacaq ki? Dedilər, sən azərbaycanlı bir xanım kimi gürcü müğənnisi ilə gürcü mahnısı ifa edəcəksən. Dedim, bəs Azərbaycan mahnısı olmayacaq? Dedilər ki, yox. Dedim, onda istəmirəm sizin üç min larinizi, (gülür) sadəcə, siz elə edin ki, mən o müsabiqədə Azərbaycan dilində mahnı oxuya bilim. Onlar da sağ olsunlar, nə etməli olduğumu izah etdilər.

- Bəs niyə məhz "Küsüb getdi"?

- Əslində, o mahnı olmamalı idi. İlk mahnım Əzizə Mustafazadənin repertuarından "Laçın" mahnısı idi. Onu seçmişdilər və möhtəşəm ifa etmişdim. Sonra dedilər ki, Leyla, bu, bir az şou tipli verilişdir, gəl mahnını dəyişək. Dedim, yaxşı, onda olsun "Sarı gəlin". Dedilər, yox, bu da verilişə uyğun gəlmir, gəl hansısa bir estrada musiqisi olsun.

Təsəvvür edin, artıq çəkiliş gedir və mən mahnı seçməliyəm. Birdən bu mahnı ağlıma gəldi. Düşündüm ki, hərçənd sözlərini də tam bilmirəm, amma bunu necəsə oxumalıyam. Nə isə, mahnının minusunu verdilər və elə səhnədəcə sözlərin yarısı yadımdan çıxdı. Çünki həm çox həyəcanlı idim, ilk dəfə səhnəyə çıxırdım, həm də hazırlaşmamışdım o mahnıya.

İndi sosial şəbəkədəki şərhləri oxuyuram, görürəm yazırlar ki, sözləri əzbərləmək lazım idi. Bilmirlər axı əslində olanları. (gülür)

- Demək, siz o mahnıya əvvəldən hazırlaşmamısınız, ekspromt alınıb. Düz anladım?

- Bəli. Qətiyyən hazırlaşmamışdım. Əvvəldən oxuyacağım "Laçın" mahnısı idi. Onun da, "Sarı gəlin"in də sözlərini əzbər bilirdim. Bu mahnını oxumaq məsələsi isə məhz həmin çəkiliş günü baş verdi. Özüm də şokda idim ki, necə oldu, ifa edə bildim? Heç bir dəfə də olsun məşq etməmişdim.

Gürcülərin olduğu zalı coşduran Leyla: "Dostlarıma dedim ki, məni yarışdan birinci çıxartsınlar"

- Nəticə necə oldu - növbəti mərhələyə keçdiniz, yoxsa bitdi yarış?

- Baxın, bu veriliş həftədə bir dəfə olur və iştirakçı üç min lari qazanır. Münsiflər tapmalıdırlar ki, mahnını oxuyan müğənnidir, yoxsa müğənni deyil? Dostlarıma dedim, elə edin ki, məni yarışdan birinci çıxartsınlar, çünki oraya pul qazanmağa yox, milli Azərbaycan xanımının mədəniyyətinin necə olduğunu göstərməyə çıxıram. Geyindiyim paltarın parçalarını gedib özüm tapıb almışam, dizaynını özüm vermişəm və bizim azərbaycanlı modelyerimiz, sağ olsun, mənim üçün onu yarada bilib. Hətta qolbağım belə Azərbaycan bayrağı idi.

- Leyla xanım, maraq məni boğdu - üç min larini qazandınız, yoxsa yox?

- Yox, qazanmadım. Qazanmağı seçməmişdim axı əvvəldən. (gülür) Çünki qazanmağı seçsəydim, Azərbaycan mahnısı ifa edə bilməyəcəkdim. Mənə də bu lazım deyildi. Tək istəyim o idi ki, səhnəyə çıxım və gürcülər inanmasınlar ki, mən azərbaycanlı ola-ola gürcü mahnısını ifa edə bilərəm. Yəqin ki, bilirsiniz, proqramın formatı bir az intriqayönümlüdür. Yəni iştirakçılar arasında həm həqiqi vokalçılar, həm də sadəcə, musiqi istedadına malik olduqlarını inandırmağa çalışanlar var. Münsiflərin əsas vəzifəsi də kimin həqiqi müğənni olub-olmadığını müəyyən etməkdir.

Mən gürcü dilində bir mahnını fonoqramla təqdim etdim, münsiflər nəsə şübhəli qaldılar. Çünki inanmırdılar ki, azərbaycanlı ola-ola gürcü dilində mahnı ifa edə bilərəm. Sonra canlı ifa oldu, mən də öz mahnımızı oxudum və bütün zal coşdu, hamı başladı əl çalmağa. Beləcə, öz sözümü demiş oldum. (gülür)

- Övladlarınız da Azərbaycan dilində sizin kimi təmiz danışırlar?

- Üç övladım var. Birinin 15, birinin səkkiz yaşı var, sonbeşiyim isə bir yaş üç aylıqdır. Dilimizi bilməkdən savayı, mən onları özüm kimi patriot böyüdürəm. Hətta qızlarımın otağında milli geyimlərimizdə olan kuklalar belə var.

Ümumiyyətlə, biz, yəni dünyada yaşayan azərbaycanlılar, vətənimizə çox bağlıyıq. Hətta Qazaxıstana gedəndə də görürəm ki, bizimkilər Azərbaycanı necə sevirlər.

- Leyla xanım, bu qədər vətənpərvərliyiniz məcbur edir ki, soruşum - valideynlərinizin ixtisası nə olub?

- Anam xarici dil üzrə təhsil alıb, atam isə bizneslə məşğul olub.

- Bacı-qardaşınız varmı?

- Bir bacım var, o da mənim kimi qürbətdədir. Fransada yaşayır.

- Valideynləriniz işləmirlər artıq?

- Bilirsiniz, valideynlərim yoxdur. Hələ on yaşım olanda atam dünyasını dəyişib. Onu Tbilisidə qətlə yetiriblər. Anam da sonra getdi Qazaxıstana. Məni nənəmlə babam böyütdülər. Ona görə də nənə-baba 18 yaşında məni ərə verdilər və sonra da muzeydə nənəmin yanında çalışmağa başladım.

- Belə final gözləmirdim, doğrusu. Bu sualı ona görə verdim ki, bilim, görüm bu qədər vətən sevgisi sizdə haradandır?

- Dediyim kimi, nənəm Azərbaycanın Əməkdar mədəniyyət işçisidir - Leyla Hüseyn qızı Əliyeva. Yəqin, nənəmə oxşamışam, nənəmdən gəlir bu qədər vətən sevgisi. Çünki nənəm də eynən mənim kimidir. Ya da mən onun kimiyəm.

- Bu dərəcədə sevgi dolu, emosional...

- Əzizə xanım, inanın, çox, lap çox sevirəm Azərbaycanı... (gülür) Hər zaman mədəniyyətimizi təbliğ edirəm və bundan zövq alıram. İstəmirəm, bu barədə bütün Azərbaycan danışsın, istəyirəm, bu barədə gürcülər danışsınlar və bu məndə alınır. Gürcülər gəlib mənə deyirlər ki, Leyla xanım, elə edin ki, biz R.Behbudovun mahnısını oxuya bilək.

Yadınıza gəlirsə, gürcü müğənni Veriko Turaşvili "Sarı gəlin" ifa etmişdi Azərbaycana gələndə. İnternetdə axtarsanız, görəcəksiniz. Ona o mahnının sözlərini də mən öyrətmişəm. Yəni nə qədər kənarda da olsam, həmişə varam, baxmayın ki, görünmürəm.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see254

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see233

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see183

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see126

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see125

Joze Mourinyo və Okan Buruk cəzalandırıldı

27 Fevral 2025 23:37see118

Bakıdan Ermənistan XİN in əsassız iddialarına cavab...

27 Fevral 2025 21:26see116

Deputatdan hökumətə ÇAĞIRIŞ: Ağsu rayonunda...

28 Fevral 2025 13:09see114

Abdullah Öcalan PKK terror qruplaşmasını özünü ləğv etməyə çağırıb

28 Fevral 2025 11:29see113

KİV: Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib

28 Fevral 2025 10:47see113

Kuk adaları ilə Çin razılaşması müttəfiqləri qıcıqlandırır, çünki Qərbin nəzarəti zəifləyir

28 Fevral 2025 10:28see112

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

28 Fevral 2025 10:24see112

Astma xəstələrinə xəbərdarlıq: Soyuq hava tutmaları sürətləndirir

28 Fevral 2025 14:15see112

Zatulinin erməni sevgisi hələ bitməyib ŞƏRH

28 Fevral 2025 06:25see112

Ramazanda Novruz süfrələri necə açılacaq? VİDEO

28 Fevral 2025 03:09see112

XİN: İrəvanın Sumqayıt hadisələri ilə bağlı bəyanatı tarixi faktların saxtalaşdırılmasıdır

27 Fevral 2025 21:22see111

“Futbolçularımın hər birinə təşəkkür edirəm” “Sabah”ın baş məşqçisi

27 Fevral 2025 22:47see111

Tramp Starmerə Ukraynada sülh razılaşmasına nail olacağını deyir

28 Fevral 2025 05:08see110

Separatçıların məhkəməsi davam etdirilir

27 Fevral 2025 21:59see109

Tramp Zelenski ilə müqavilə imzalayacağını təsdiqlədi

27 Fevral 2025 23:00see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri