Sağlam siyasət sağlam cəmiyyət və uğurlu gələcək ANALİZ
Icma.az, Sia Az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Sağlam siyasət sağlam cəmiyyət və uğurlu gələcək ANALİZ.
Bəhruz QULİYEV,
"SƏS" Media Qrupun rəhbəri,
fəlsəfə üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist
Sağlam cəmiyyətin formalaşdırılması bütün dövrlərin aktual problemlərindən olub. Məsələnin həllində ağırlıq, əlbəttə hakimiyyətin, dolayısı ilə həm də hakim partiyanın üzərinə düşüb. Müasir müstəqil Azərbaycan 34 illik tarixində həm xarici, həm də daxili təsirlərdən təlatümlər yaşanıb, dövlətçiliyimizə qəsd edənlər də az olmayıb. Amma müdrik xalqımız bütün bu çətinliklərin öhdəsindən gəlməyi bacarıb, zamanında atılan ağıllı addımlar sayəsində dövlətçiliyini itirməkdən xilas ola bilib. Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi isə Azərbaycanın siyasi sistemdə yeni konfiqurasiyanı formalaşdırdı. Xaricdən maliyyələşən partiya və cəmiyyət institutları adına iddia edən bəzi qrupların şəxsi maraqları siyasət düşərgəsində parçalanmaya hesablansa da Ulu Öndərin xalqın iradəsinə söykənərək atdığı addımlar bütün şər qüvvələrin neytrallaşdırılması ilə nəticələndi.
Siyasi islahatlar və uğurlu estafet
Prezident İlham Əliyevin apardığı siyasi islahatları da uğurlu estafetin məntiqi davamı kimi qəbul etmək olar. Cəmiyyətin müasirləşən siyasi həyatında partiyaların təşəbbüslərlə, yeni təkliflərlə çıxış etməsini də dövlətin aidiyyəti qurumlarının sağlam siyasi mühiti formalaşdırmaq istəyindən irəli gəldiyini deyə bilərik. Siyasi sistemin komponentləri arasında dialoq, anlaşma, ümumi məsələlərdə birgə fəaliyyət çox önəmlidir. Bunlar olmadan cəmiyyətin birliyini təmin etmək mümkün olmaz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkə daxilində sabitliyin, sağlam siyasi mühitin yaradılmasında məqsədi cəmiyyətdə birliyi, partiyalar arasında anlaşmanı təmin etməkdir. Bu birlik həm də ölkənin iqtisadi inkişafı, xarici əlaqələrin genişlənməsi, tərəfdaşların etimad və etibarını qazanmaqdır.
...Azərbaycan 26 il “atəşkəs rejimi”ndə yaşadı, torpaqlarının işğalı cəmiyyətimizdə münasibətlərə təsirsiz ötüşmədi. Bəzi qruplar bundan istifadə edib cəmiyyəti parçalamağa, insanlarda ölkənin gələcəyinə inamsızlıq yaratmağa, nəticədə işğalla barışmağa, ən sonda isə işğal altındakı torpaqlardan ermənilərin xeyirinə imtina etməyə çağırışlar edirdilər. Bunu açıq şəkildə deyə bilməsələr də, əməldə ermənilərin dəyirmanına su tökürdülər. Amma yanılırdılar, torpaqları üzərində suverenliyini müvəqqəti itirən xalqımız döyüş qabiliyyətinin hələ tükənmədiyini sübut etmək üçün məqam gözləyirdi. Və o məqam gəldi. Ermənilər, onların havadarları və bəzi qüvvələr içimizdəki bir ovuc destruktiv, marginal, xaricdən yemlənən və onların ağızları ilə danışan ünsürlərin hesabatlarına etimad edərək cəbhə xəttində gərginliyi artırmaqla, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutmaqla daxili qarşıdurmaların artacağını, hətta dövlətçiliyin itirilməsinə qədər ağır proseslərin baş verəcəyini güman edirdilər. 27 sentyabr tarixində başlanan ikinci Qarabağ müharibəsinin ilk günündə Prezident İlham Əliyevin xalqa müraciəti cəmiyyətinin bütün sahələrində mövqeləri müharibəyə fokusladı.
29 sentyabr 2020-ci ildə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın birgə bəyanatı Azərbaycanda xalq-dövlət həmrəyliyi ilə yanaşı siyasi təfəkkürün formalaşmasından xəbər verir. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Ermənistanın işğalçı siyasəti şiddətlə qınandı, mülki əhalinin hədəfə alınması faktı insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Ermənistanın 30 ilə yaxın bir müddət ərzində beynəlxalq normalara məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri bunun Azərbaycana qarşı ikili standartlar olduğunu beynəlxalq təşkilatların diqqətinə çatdırdılar.
Birliyə aparan yol
Bəyanatda siyasi partiyaların rəhbərləri dövlət başçısının bu əsasda dünya dövlətlərin qarşısında söylədiyi fikirləri dəstəkləyərək “status-kvo”nun dəyişməsinin vacibliyini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Cənubi Qafqazda sabitliyin təmin olunmasında böyük rol oynayacağını xüsusi olaraq qeyd ediblər. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqeyinin haqq işinin dəstəklənməsi kimi qiymətləndirilməlidir. Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin yanında olması həm də onu deməyə əsas verir ki, ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulması ücün münbit zəmin yaradılıb.
Siyasi partiyaların bəyanatı və ondan sonrakı dövrlərdə ümummilli xarakterli məsələlərdə bir araya gələrək ortaq addım atmaları, milli məsələlərdə partiyaların bir mövqedən çıxış etmələri artıq ənənə şəklini alıb. Şuşa Bəyannaməsi də həmin ənənənin müsbət tərəflərindən qaynaqlandı. Şuşa Bəyannaməsi tarixi qərardır və bu sənədin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəyə qalxdığını göstərən hadisədir və partiyalar Bəyannamənin siyasi dəyərini anlayaraq, öz mövqelərini ortaya qoydular.
Bütün bu hadisələr bir daha sübut edir ki, sağlam düşüncəli insanlarımız haqq və ədalət naminə şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlardan çıxış edərək vahid qüvvə halına gəlməyi bacarırlar. Əlbəttə, dövlətimiz tərəfindən formalaşdırılan sağlam siyasi mühit, etimad və etibar cəmiyyətimizin iqtidar və müxalifət cəbhələrinə bölünməsinə mane olan ən böyük amillərdir. Əksini düşünənlər isə bizə yad, düşmən olan qüvvələrdir. İkinci Qarabağ müharibəsi cəmiyyətin birliyinə, bütövlüyünə, düşmənə qarşı bir yumruq kimi birləşməsinə etinasız qalan partiyalar isə ümummilli dəyərlərə sahib çıxmaq imtahanından kəsildilər. Səbəb bəllidir, xaricdəki ağaları onlara bu fürsəti dəyərləndirməyə imkan vermədilər. Tarixi məqamda siyasi dialoqdan uzaq duranlar xalqın adından necə danışa bilərlər?
Siyasi partiyaların maliyyələşməsinə yeni baxış
Bu gün Azərbaycanda seçkilərdə iştirak edən və parlamentdə təmsil olunan partiyalara maliyyə dəstəyi göstərilir ki, bu da müsbət haldır. Əlbəttə, bu addım ona görə atılır ki, siyasi partiyalar inkişaf edə bilsin. Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində də bu məsələ əksini tapıb. Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.
Siyasi partiyaların fəaliyyəti isə şəffaf olmalıdır. Onlar maliyyələşmədən sonra daha dinamik olmalıdırlar ki, cəmiyyətin inkişafına töhfə verə bilsinlər. Əgər partiyalar siyasətdə şəffaflıqdan danışırlarsa, əlbəttə ki, maliyyə məsələlərində də şəffalıq olmalıdır. Digər maliyyə mənbələrindən vəsaiti cəlb edirlərsə, hesabat verməlidirlər. Yeni qanunla partiyaların maliyyə şəffaflığı daha da aydın olacaq.
Dialoqda yeni forma
2019-cu ildən başlanan siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiya, yeni münasibətlər sistemi yaradıb. İqtidar-müxalifət görüşləri qlobal çağırışların həllində mühüm rol oynayır. Ənənəyə çevrilmiş siyasi dialoq isə sağlam mühitinin gücləndirilməsinə yol açır. 2019-cu ildə yaradılan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti isə partiyalar arasında uğurlu əlaqələrin güclənməsində əsaslı rola malikdir. 2020-ci il Vətən müharibəsi dövründə olduğu kimi, 2023-cü ildə antiterror tədbirləri zamanı da siyasi partiyaların dövlətçilik və milli maraqlar naminə bir araya gəlməsi, göstərdikləri birlik, həmrəylik nümayişi atılan addımların, görülən işlərin uğurundan xəbər verir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərləri arasında keçirilən görüşlər və aparılan konstruktiv müzakirələr öz effektini müsbət mənada göstərməkdədir. Artıq siyasi mühit yeni standartlara, yeni çağırışlara uyğun formalaşıb. Yeni qanunun qəbulu da siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərməkdədir. Siyasi dialoqun mövcudluğu şəraitində yeni əməkdaşlıq format yaranıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəflərə açıq və bərabərhüquqlu dəvət mesajıdır. Dövlətimizin başçısı çıxışlarının birində bildirib ki, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyac var: “Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Yeni dövr, yeni çağırışlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunur. Prezident Administrasiyası tərəfindən fevralın 25-də “Hilton Baku” hotelində keçirilən dəyirmi masa da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə təşkil olunmuşdu. Dəyirmi masada dövlət qurumlarının nümayəndələri ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən 24 siyasi partiyanın təmsilçiləri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər və media nümayəndələri də iştirak ediblər.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkənin siyasi həyatında görülmüş işlər haqqında danışaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə dünya azərbaycanlılarının qürur mənbəyidir və tarixə qızıl hərflərlə yazılıb. Yeni siyasi konfiqurasiyada, cəmiyyətin bu və ya digər taleyüklü məsələlərin həllində səfərbər olunmasında siyasi partiyaların rolu xüsusi qeyd edilməlidir. Sağlam əməkdaşlıq mühiti sabitliyi və tərəqqini təmin edən əsas amillərdir. 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən Ə.Vəliyev bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib. 2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı demokratik münasibətlərin təzahürü kimi dəyərləndirilə bilər.
Tədbirdə çıxış edənlər siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin müxtəlif aspektlərinə toxunaraq, dövlətin mövcud istiqamətdə gördüyü işlər, partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımları, bu yardımların xərclənməsi, hesabatlılıq, partiya sədrlərinin mediadakı fəaliyyəti, onların siyasi dialoqun dərinləşməsi prosesində rolu və digər bu kimi məsələlər barəsində ətraflı məlumatlar veriblər.
Uğurlu nəticə
Xalqın və dövlətin siyasi həyatında önəmli rol oynayan seçkilər ötən il Azərbaycanın suverenliyini bütün ərazisində bərqərar etdiyi vaxtda keçirildi. Ölkə tarixinin ən şərəfli və şanlı səhifəsi hesab olunan Zəfər seçkiləri zamanı bütün siyasi partiyalar parlamentdə yer qazanmaq uğrunda sağlam mübarizəyə qoşuldular. Bu, təkcə Milli Məclisin deputatı statusunu qazanmaq yox, həm də dünyaya birlik və bərabərlik nümunəsi göstərmək idi. Azərbaycan cəmiyyəti siyasi əqidəsindən, dini mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq vahid düşmənə qarşı Liderinin ətrafında bir yumruq kimi birləşdilər.Prezident İlham Əliyev ölkəmizin bütün sahələrini inkişaf etdirməklə,dövlətçiliyimizi möhkəmləndirməklə, beynəlxalq arenada nüfzunu artırmaqla milli və dövlət maraqlarımızı təmin edib, bununla hər kəsin maraq və mənafeyini təmin edib.
İnkişaf edən cəmiyyətimiz formalaşmış siyasi mədəniyyətə borcludur. Belə olan halda ziddiyyətlər yaranmır, fikir ayrılıqları diskussiyalarla, qarşılıqlı anlaşma ilə çözülür, ortaq mərkəzə gəlmək asanlaşır. Azərbaycan dövləti bütün sahələrdə, o cümlədən milli vəhdətin əldə edilməsində uğurlar qazanıb. Milli həmrəyliyin inkişafına xidmət edən demokratik təcrübə əldə edilib. Partiyalar arasında siyasi dialoqun genişlənməsi sağlam mühit, qarşılıqlı anlaşmanı təmin edib.

