“Sandıqlarda mürgüləyən” milyardlar...
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
10 milyard dollarlıq yatırım niyə “ölü kapital”a çevrilib?
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, ölkə əhalisi, təxminən, 10 milyard dolları “yastıq altında” saxlayır. Onun sözlərinə görə, bu vəsait real iqtisadiyyata cəlb olunmadığı üçün “ölü kapital” hesab edilir və ölkənin maliyyə dövriyyəsinə mənfi təsir göstərir.
Mərkəzi Bankının sədri, eyni zamanda, “əllərdəki” nağd manatın çox böyük hissəsinin bank sisteminə daxil olmadığını vurğulayaraq, əhalini vəsaitləri evdə saxlamaq əvəzinə banklara, bazara və ya investisiya vasitələrinə yönəltməyə çağırıb: “Bu pulların iqtisadiyyata daxil olması həm bazar üçün, həm də ölkənin maliyyə sabitliyi üçün vacibdir”. Bəs bu narahatlıq nədən qaynaqlanır, əhali niyə böyük maliyyə vəsaitini evdə saxlamağa üstünlük verir, onları banklara və ya kapital bazarlarına yönəltmir?
Bu sualların cavabı ilə bağlı fikirləri diqqətə çatdırmazdan əvvəl Mərkəzi Bankın sədrinin ölkə əhalisinin, təxminən, 10 milyard ABŞ dolları həcmində vəsaiti bank sistemindən kənarda – “yastıq altında” saxlaması ilə bağlı açıqlaması bir daha göstərdi ki, bu, maliyyə məsələsi olmaqla bərabər, həm də dərin sosial-iqtisadi problemdir. Söhbət sadəcə dövriyyədən kənarda qalan puldan həhs etmir, eyni zamanda, iqtisadi artımın mühüm mənbəyinin fəaliyyətsiz vəziyyətdə qalmasından gedir.
Mərkəzi Bank rəhbərinin bu vəsaiti “ölü kapital” adlandırması da iqtisadi baxımdan tam əsaslıdır. Çünki iqtisadiyyatın mühərriki sayılan maliyyə resursları dövriyyədən kənarda qaldıqca, kreditləşmə zəifləyir, investisiya imkanları daralır, iqtisadi artım potensialı məhdudlaşır. Dünya təcrübəsi də göstərir ki, yığımın investisiyaya çevrilməsi mexanizmi iqtisadiyyatın inkişafı üçün əsas prioritetdir. Azərbaycanda əgər bu vəsaitin heç olmasa üçdə biri bank sisteminə cəlb olunsaydı, real sektorda kreditlər ciddi şəkildə arta, kiçik və orta sahibkarlıq üçün maliyyə əlçatanlığı genişlənə, iqtisadi artım tempi isə əlavə 1–1,5 faiz qazana bilərdi.
Lakin gerçəkdə bu ehtiyatlar dövriyyədən kənarda qalaraq iqtisadiyyata xidmət etmir. Bəs başqa ölkələrdə vəziyyət necədir? Sualın cavabı ilə bağlı xatırladaq ki, nağd pulun ÜDM-də payı beynəlxalq statistikaya görə, Avrozonada 7-9 faiz, ABŞ-da, təxminən, 8 faiz, Türkiyədə 10-12 faiz, Gürcüstanda 13-14 faiz civarındadır. Azərbaycanda isə bu rəqəmin 20 faizə yaxınlaşdığı müşahidə olunur. Bu, inkişaf etmiş maliyyə sistemləri ilə müqayisədə ikiqat yüksək göstəricidir.
Əhalinin banklarda saxladığı əmanətlərə gəldikdə, statistikaya əsasən, Almaniyada vətəndaş illik gəlirinin 40-45 faizini banklarda saxlayır, Polşada bu göstərici 30 faizdən yuxarıdır, Estoniyada isə rəqəmsal bankçılıq sayəsində əhalinin 90 faizə yaxını nağd puldan istifadə etmir. Azərbaycanda isə əhalinin mühüm hissəsi bank hesabı olsa belə, real yığımlarını bankdan kənarda saxlamağa üstünlük verir. Respublikamızda belə bir etimadsızlığın səbəbi ekspertlərin fikrincə, uzun bir dövr davam edən bank böhranlarının təsiri ilə bağlıdır. Belə ki, son 20 ildə ölkədə bir neçə bankın ləğv edilməsi, əmanətlərin geri qaytarılmasında gecikmələr və hüquqi mexanizmlərin zəif işləməsi kollektiv maliyyə yaddaşında dərin iz buraxaraq hələ də silinmir.
Dünya Bankının tədqiqatlarına görə, maliyyə böhranı yaşayan ölkələrdə banklara etimadın əvvəlki səviyyəyə qayıtması üçün ən azı 10-15 il vaxt tələb olunur. Azərbaycanda isə bu proses hələ də davam edir. Əmanətlərin sığortalanması isə psixoloji yox, hüquqi təminatdır. Düzdür, formal olaraq əmanətlərin sığortalanması mövcuddur. Lakin vətəndaş üçün bankın bağlanması ilə əlaqədar problem yaranacağı təqdirdə pulunu nə qədər tez və nə qədər asanlıqla geri ala biləcəyi sualına cavab tapa bilməməsidir. Bax, həmin suala tam və birmənalı cavab tapılana qədər “yastıq altı” ehtiyat variant kimi saxlanılır.
Bankda pul saxlanılmasına inflyasiya amili də mənfi təsir göstərir. Yeri gəlmişkən, son illərdə ölkədə inflyasiya göstəricilərinin 8-10 faiz həddində dəyişdiyi, manatla depozit faizlərinin isə orta hesabla 6-7 faiz təşkil etdiyi müşahidə olunur. Bu, bankda pul saxlayan vətəndaşın real gəlirlə yox, real itki ilə üzləşdiyi deməkdir. İnkişaf etmiş ölkələrdə isə depozitlər inflyasiyanı ya üstələyir, ya da dövlət alternativ investisiya vasitələrinə üctünlük verir. Azərbaycanda bu mexanizmlərin kifayət qədər güclənməsinə müəyyən zaman tələb olunur.
Yuxarıdakı fikirlə bağlı ekspertlər bildirirlər ki, həqiqətən, inflyasiya bankda saxlanılan pulun real dəyərini azaldır, çünki 8-10 faiz inflyasiya 6-7 faiz depozit faizindən yuxarıdır. Bu da pulun satınalma qabiliyyətinin ildə, təxminən, 2-3 faiz itirilməsi deməkdir. Buna görə də vətəndaş pulunu daha gəlirli investisiyalara, məsələn, valyuta və daşınmaz əmlaka yönləndirməyə, eləcə də istehlakı artırmağa meyil edir, çünki bank depozitləri isə inflyasiyadan qorunma təklif etmir.
İnflyasiyanın təsirinə gəldikdə isə, məsələn, 1000 manat pul varsa və illik inflyasiya 8 faiz olarsa, ilin sonunda bu pul 920 manatlıq (1000 - 80) real dəyərə düşür, əgər 6 faizlə depozitə qoyularsa, 1060 manat olar. Amma ilin əvvəlindəki 1000 manatın 1080 manatlıq (1000 + 80) gücündəki məhsulu almaq üçün vətəndaşa 1080 manat lazım gəlir, deməli, real olaraq pulun dəyəri azalıb. Bu səbəbdən vətəndaş inflyasiyadan qorunmaq üçün depozit yerinə dollar/avro kimi xarici valyutaya, qızıl, daşınmaz əmlak və ya səhm kimi investisiyalara maraq göstərir.
Bank vəsaitlərinin artmasında kapital bazarı da alternativ rol oynaya bilmir. Fond bazarının zəif olması maliyyə sektorunun ümumi inkişafını ləngidir. Halbuki beynəlxalq təcrübədə fond bazarının ÜDM-ə nisbətinin dinamik artımı daim diqqət çəkir. Məsələn, bu göstərici ABŞ-da 150 faiz, Böyük Britaniyada 120 faiz, Türkiyədə 35-40 faizdir. Azərbaycanda bu rəqəm 10 faizdən də aşağıdır. Bu isə əhali üçün səhm və istiqraz bazarının real seçim kimi formalaşmaması deməkdir.
Yuxarıda sadalananlarla yanaşı, maliyyə savadlılığı problemi də bankda pul saxlanılmasına mənfi təsir edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qiymətləndirmələrinə görə, maliyyə savadlılığı indeksi inkişaf etmiş ölkələrdə 65-70 bal, Azərbaycanda isə, təxminən, 45-50 bal səviyyəsindədir. Bu fərq investisiya davranışında açıq şəkildə hiss olunur.
Onu da qeyd edək ki, yüksək nağd dövriyyəsinin aparılması, böyük həcmdə vəsaitin bank sistemindən kənarda – “yastıq altında” saxlanılması nəticəsində yaranan “ölü kapital” kölgə iqtisadiyyatını genişləndirir, vergi daxilolmalarını azaldır və pul siyasətinin səmərəliyini zəiflədir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, nağd dövriyyənin yüksək olduğu ölkələrdə kölgə iqtisadiyyatının payı 25-35 faiz aralığında dəyişir. Azərbaycanda da bu risk daim ciddi narahatlıq doğurur.
Bu məsələdə vətəndaşın əski düşüncə ilə “pulun evdə saxlanmasının qorxusu yoxdur” məntiqi başa düşülür. Düzdür, bu düşüncə iqtisadi cəhətdən qeyri-səmərəli olsa da, psixoloji baxımdan təhlükəsiz görünür. Digər tərəfdən, vəsait banka yönəldilsə də belə, depozit faizləri inflyasiyanı üstələyə bilmir. Başqa sözlə, depozit gəlirliyinin aşağı səviyyədə olması inflyasiya həddini keçə bilmir. Bu isə o deməkdir ki, vətəndaş bankda pul saxladıqca real olaraq kasıblaşır. Nəticə etibarilə əhali üçün bankda vəsait saxlamaq nə yüksək gəlir gətirir, nə də inflyasiyadan qoruyur. Belə şəraitdə isə vətəndaşın bank sisteminə maraq göstərməməsi tamamilə rasional davranış kimi qiymətləndirilir.
Bəs çıxış yolları harada axtarılmalıdır? “Yastıq altında”, “sandıqlarda” saxlanılan “ölü kapital”ın “dirilib” önəmli yatırıma çevrilməsi üçün nə etmək lazımdır? Ekspertlərin fikrincə, problemin həllində çağırışa yox, stimullaşdırmaya üstünlük verilməlidir. Banklara olan etimadın bərpası məqsədilə, ilk növbədə, beynəlxalq təcrübəyə əsaslanan layihələr icra olunmalıdır. Əhalini banklara əmanət qoymağa çağırmazdan əvvəl bank nəzarətinin sərtləşdirilməsi, iflas risklərinin minimuma endirilməsi, depozitçilərin hüquqlarının real müdafiəsi önəmlidir. Bütün bunlarla bərabər, yeni maliyyə vasitələrinin tətbiqi də diqqətdə saxlanılmalı, inkişaf etmiş ölkələrdə geniş istifadə olunan pərakəndə dövlət istiqrazları, vergi güzəştli yığım hesabları, uzunmüddətli pensiya-investisiya fondları geniş şəkildə tətbiq olunmalıdır.
Beləliklə, “yastıq altı” pullar problemin nəticəsidir, səbəbini isə yuxarıda sadalanan amillər şərtləndirir. Azərbaycan əhalisinin evdə saxladığı milyardlar iqtisadi düşüncəsizlikdən yox, mövcud maliyyə sisteminin verdiyi siqnallardan qaynaqlanır. İnsanlar risk görmədikləri yerdə pul saxlayırlar. Əgər mövcud maliyyə sistemi banklara etibarın bərpası istiqamətində müəyyən layihələr gerçəkləşdirərsə, real gəlir təklif edə, şəffaf və sadə mexanizmlər yarada bilərsə “yastıq altı” vəsaitlər də təbii ki, iqtisadiyyata “axar”.
Əkrəm HƏSƏNOV,
bank-maliyyə eksperti
Ölkədə “yastıq altında” saxlanılan vəsaitlərin həcmi illərdir artmaqda davam edir və bunun əsas səbəblərindən biri əhalinin banklara inamının tam formalaşmamasıdır. Şübhəsiz ki, bu inamsızlığı sözügedən sektorun bir neçə dəfə, belə demək mümkünsə, sarsılması, çox sayda bankların bağlanması, əmanətlərə beynəlxalq səviyyədə yanaşılmaması və valyuta dəyişikləri aparılmasının insanlarda ehtiyatlılıq yaratması şərtləndirir.
İnsanlar hələ də hesab edir ki, bankda saxlanılan vəsaitin taleyi qeyri-müəyyəndir. Xüsusilə də 2015-ci ildə baş verən devalvasiyadan sonra bu düşüncə daha da dərinləşdi və müəyyən əhali kəsimi üçün riskdən qaçmaq vasitəsi oldu. Bu psixologiya hələ də qalır və insanlar pullarını evdə saxlamağı daha təhlükəsiz hesab edirlər.
Bu pulların iqtisadiyyatdan kənarda qalmasının zərəri çox böyükdür. Çünki həm dövriyyədəki likvidlik azalır, həm də bankların kreditvermə imkanları daralır. Əgər deyilən 10 milyard dollar ölkənin maliyyə sisteminə daxil edilərsə, kredit faizləri ilə bərabər, biznesin genişlənməsi də reallaşar. “Ölü kapital” iqtisadi inkişafı yavaşladan ən əsas amillərdən biridir.
İndiki şəraitdə üzən məzənnəyə keçid məsələsi də bu kontekstdə müzakirə oluna bilər, lakin problemin əsas səbəbi təkcə məzənnə rejimi ilə bağlı deyil. İnsanlarda məzənnə ilə bağlı narahatlıq var, həqiqətdir. Üzən məzənnə uzunmüddətli sabitlik yarada bilər, amma bank sektoruna inam bərpa edilmədən bu məsələ köklü şəkildə həll olunmayacaq.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















