SAYIB QURTARA BİLMƏYƏCƏK QƏDƏR ÇOX Rafael Hüseynov yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Rafael HÜSEYNOV
Akademik
O, indi kimya elmində, azərbaycançılıqda, cəmiyyətşünaslıqda söz sahibi olan əhəmiyyətli simalardan birinə çevrildiyi vaxtlardan da çox-çox əvvəl, yolunun başlanğıcında, tələbəlik illərində də eyni qəliblərlə və meyarlarla düşünürdü, amma indiki kimi, o vaxtlar da nə qəliblərin, nə meyarların danışıqsız tabeçiliyində idi. Sakit, dinc təbiətinə rəğmən, həmişə nadinc, yenilikçi, bir qədər də sabaha baxan qənaətləri həmişə vardı.
Hacalı Nəcəfoğlunun ömründəki uşaqlıq və yeniyetməlik illərindən sonra gələn son yarım əsrlik müddətdə onun elm, mədəniyyət, cəmiyyət həyatının ən müxtəlif məsələləriylə bağlı alim və ziyalı mövqeyi və çöhrəsi ilə bağlı belə qəti kimi görünən, qiymətverici mülahizələri ifadə edərkən bunca inamlı olmağıma səbəb bütün bunlara bilavasitə şahidliyim, ömrün bu iri və əsas parçasının yalnız müşahidəçisi deyil, yaxın iştirakçısı olmağımdır.
Hacalının qatıldığı hər sahədə danışıqsız və iddiasız fərqliliyi və üstünlüyü həmişə onunlabirgə olub və həmin sakitliyi, qədərindən də çox təvazökarlığı, birinci ola-ola həmişəözünü qabağa atmağa deyil, bir qədər qıraqda dayanmağa təbii mailliyi ona İlahinin bağışladığı qoruyucu vasitə, özünəməxsus zirehmiş ki, istedadından başqa ayrı köməyi, arxası olmayan bu gənci daim bədxahlardan, paxıllardan, layiq olduğundan daha irəli sıçramağa pərgarların badalaqlarından mühafizə edib.
Sən fitrətdən parlaq olub həm də bunu gizlətməyəndə, üstəlik həm də o seçkinliyindən qürurlanaraq bunu aşkar nümayiş etdirməyə ixtiyarsız cəhdlər edəndə hökmən istəməyənlərinin, sənə həsəd aparanların, tələ qurmaq həvəsinə düşənlərin, sənin sürətini azaltmaqçın açıq, ya üstüörtülü, icazəli, ya yasaq üsullardan istifadə ilə yüyənini çəkənlərin sayı mütləq artır. Hələ müəyyən sadədilliklə bir qədər özündəndeyən olsan, ürəyi qibtəylə soyumayan rəqiblər kin də bağlayır, düşmənçilik həddinə də çatır, irəli gedəni vurmaq üçün hər münasib girəvədən istifadə edirlər.
Belə insan naqisliklərinin o qədər qüssəgətirən, ürəksıyıran örnəklərinə şahid olmuşuq. Böyük şərqşünas alimimiz professor Rüstəm Əliyev erkən parlamış, cavankən dünya şöhrəti qazanmışdı və 1960-70-ci illərdə dünyanın aparıcı elm mərkəzlərindən hesab edilən SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda əsas simalardan birinə çevrilmişdi. Rüstəm Əliyev kim olduğunu, nəyə qadirliyini hər kəsdən daha yaxşı bilirdi, parlaqlığı, bunu dilə də gətirməsi Moskvada yan-yörəsində olanları daha da qıcıqlandırırdı və bir azərbaycanlının belə yüksəlişi, həm də digərlərindən üstünlüyünü hər məqamı düşəndə qabartması bunu həzm edə bilməyən bədxahları tədbirlər tökməyə şitəndirirdi. Mənhus niyyətlərinə çatdılar da, ona elə çuxur qazdılar ki, sovet dövründəki cəzaların ən müdhişlərindən olan kommunist partiyası sıralarından çıxarıldı, həbsin də lap astanasında idi və o dövrdə Azərbaycan rəhbərliyi işə qarışaraq nəcib havadarlığını etməsəydi, nurlu bir zəka elə yarı yoldaca söndürüləcəkdi.
Bu həmlələr elə əks-səda doğurmuşdu ki, hətta Məhəmmədhüseyn Şəhriyar da Rüstəm Əliyevə təsəlliverici bir şeir həsr etmişdi:
Hizb-i şeytandan olan
qoy səni ixrac eləsin,
Başda yazmış səni öz
Hizbinə Rəhman, Rüstəm!
Bu, insanlığın elə xislətidir ki, əsla təzə söhbət deyil, bütün zamanlarda və dünyanın hər yerində həmişə olub, bundan sonra da olacaq. Bu gümandayam ki, son hədəfi adamı əvəz edən və insana hər cəhətdən bənzər olacaq məxluq yaratmaqdan ibarət süni intellektin gec-tez dünyanı dolduracaq robot-adamlarında - Candəmirlərində də insana xas qayğılanmaq, xiffət çəkmək, qəhərlənmək, ürək dolusu gülmək, fəxr etmək və həsrət çəkmək kimi incə duyğulardan daha əvvəl elə o rəqabət əlaməti köhnəlməz hiss - özündən daha üstünü gözügötürməzlik, ağ, ya qara həsəd bəsləmək ehtirası əmələ gələcək.
1960-cı illərdə Hacıqabulda ibtidai və orta təhsil alarkən şagird yoldaşları arasında yalnız əla qiymətlərlə oxuması ilə deyil, məktəb tədbirlərində fəal iştirakı ilə fərqlənməsi, müəllimlərinin və rayonun artıq peşəkarlaşmış aktyorlarının köməyi ilə hazırlanan tamaşalardakı təqdirlə qarşılanan və onu göz qabağına çıxaran xoşagələn ifaları, həmin çağlarda hər bir azərbaycanlı məktəbli üçün şirin xəyal kimi gələn "Artek" Ümumittifaq pioner düşərgəsinə yüksək vəzifəli kiminsə havadarlığı olmadan göndərilən yeganə hacıqabullu məktəbli olması, Azərbaycan Dövlət Universitetində oxuyarkən müəllimlərin ən təriflədiyi tələbələr cərgəsində yer almasından savayı qəzetlərdə tez-tez imzasının görünməsi, Tələbə Elmi Cəmiyyətində ilk müstəqil araşdırmalarının xüsusi dəyərləndirilməsi, o dövrün ən yüksək tələbə mükafatı hesab edilən və hər fakültədə bir nəfərə verilən "Lenin təqaüdü"nə layiq görülməsi, universiteti bitirincə tezliklə dissertasiyasını müdafiə etməsi və elmi-pedaqoji həyatının sonrakı onillərində qazandığı bu qəbil silsilə uğurları, hətta taleyin yazısı ilə Türkiyəyə köçərək orada universitetlərdə çalışanda çevrəsindəki kimyaçı alimlərin əksərindən bir və neçə baş ucalığı, məlum məsələdir ki, gendən bunları seyr edənlərin beşini sevindirəndə birini də daxilində qayğılandırmamış olmurdu ki, "niyə o, mən yox?" Amma uşaqlıq, yeniyetməlik illərindən heç vaxt tərk etməmiş başıaşağılığı, başqalarından hansısa üstünlüklərini heç vəchlə nümayiş etdirməyə can atmaması, ən öndə olanda da yetərincə təvazölü davranması ilə Hacalı əslində daim həm də özünü qorumuş olub, daha başqa irəliləyişlərinə yaradıla biləcək maneələrdən müəyyən qədər sığortalanıb.
"Müəyyən qədər" ona görə ki, sən parlaq olaraq bunu çox üzə vurmamağa, bacardıqca nəzər nöqtəsindən nisbətən aralıda durmağa ha çalışsan da, sənə qibtə gözü ilə baxanlar onsuz da gördüklərini görürlər və içərilərində nəsə dəbərir. Yəqin, Hacalının da yolu boyunca bucürlər az olmayıb. Ancaq məhz parlaq ola-ola kölgədə qalmağa meyilliliyi səbəb olub ki, hətta o qəbil adamlar da çəkdiklərini üzə vurmadan içərilərində çəkiblər, qızışaraq hərəkətə keçməyiblər.
Hacalı bütün bunları adlayaraq indiki zirvəyə gəlib çatıbsa, demək, həmişə göründüyündən də daha səfərbər, daha məsuliyyətli, çalışmalarında daha inadkar olmağı, nəfsini iradəsi ilə toxtatmağı bacarıb!
Hacalı sovet dönəmində doğulub boya-başa çatsa da, əqidəcə, ruhca heç vaxt o zəmanənin adamı olmadı, tələbəykən az-az gəncə nəsib olan "Lenin təqaüdçüsü" titulunu qazansa da, heç vaxt zəmanənin hökm etdiyi kimi leninçiyə çevrilmədi. Milli düşüncə daşıyıcılarından olması, lap başlanğıcdan milli maraqlara xidmətə köklənməsi bir tərəfdən ailə tərbiyəsindən və öz təbiətindən gəlirdisə, digər yandan bu duyğuların onda daha da dərinləşməsi və varlığının səciyyəvi xətlərindən birinə çevrilməsi çevrəsinin, qaynayıb-qarışdığı mühitin, özünə əsas müəllim saydığı insanların sayəsində baş verdi. Bu təsiredənlər və ustadlar sırasının ən ucasında isə unudulmaz Xudu Məmmədovun adı dayanır.
Xudu müəllimin bilavasitə yetirmələrinin sayı çox deyil. Hərçənd onun cazibə dalğası uzaqdan-uzağa da ona bənzərduyub-düşünən sıra-sıra aydınımızın yetişməsinə meydan açdı. Ancaq Xudu müəllimin yanında olan, onun mütəmadi təsirini hiss edən Hacalı kimi sayca yetişdirmələri də var ki, hər biri Xudu işığının daşıyıcısına çevrildi, onun elmdə, sənətdə, ziyalılığımızda, ictimai düşüncəmizdə etməyə macal tapmadıqlarını yerinə yetirmək yükünü çəkdi. Biri və elə ən barizi Hacalı Nəcəfoğlu!
1977-ci ild? o zaman Azərbaycanda tək olan və ən aparıcı ali təhsil ocağı sayılan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Hacalı Nəcəfoğlunu oçağkı ənənəyə uyğun olaraq təyinatla azı 3 il işləməli olduğu hansısa orta məktəbə kimya müəllimi yox, Az?rbaycan Milli Elml?r Akademiyasının Qeyri-üzvi v? Fiziki Kimya İnstitutuna (indi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) gənc mütəxəssis kimi elmlə məşğul olmaqçün göndərdilərsə, səbəb arxada qalan 5 illik təhsil boyunca artıq özünü sabahın ümidverən bir araşdırıcısı kimi tanıda bilməsi idi.
Buna adətən bəxtin gətirməsi deyirik, amma hər halda alın yazısındandır ki, instituta ilk qədəm basan yeni universitet məzunu Hacalını bir başqa şöbəyə deyil, birbaşa Quruluş Kimyası Laboratoriyasında iş? təyin etdilər. Bu isə onun yolunun müstəqil elmi həyatının başlanğıcından Xudu Məmmədov kimi böyük alimlə rəsmən qovuşması deməkdi.
Əslində isə Hacalı bu sehrə daha öncələrdə düşmüşdü. Yəni indi vaxtın hündürlüyündən baxarkən aydın olur ki, bu, qədərin onu addım-addım məqsədə doğru aparmasıymış - 1971-ci ildə Hacalı hələ orta məktəb şagirdi idi, onu sonralar Hacıqabula çevriləcək Qazıməmməd rayonundan Bakıya, respublika məktəblilərinin kimya olimpiadasına göndərmişdilər, haqqında mətbuatdan oxuduğu, radio-televiziyadan eşitdiyi görkəmli alim Xudu Məmmədovla canlı olaraq ilk dəfə burada rastlaşmışdı. Olimpiada çərçivəsində gənc kimyaçılarla görüşü əsnasında Xudu Məmmədov Azərbaycanın qədim və orta əsr abidələrinin naxışları ilə kristal quruluşlarının eyniyyəti və qohumluğundan söz açanda indiyədək eşitmədiyi belə gözlənilməz yanaşma Hacalını valeh etmişdi. Bunun üstündən az keçincə Xudu Məmmədovla daimi təmaslara doğru aparan daha bir qapı açılmışdı. 1972-ci il idi, artıq Hacalı universitet tələbəsi idi və günlərin birində onlara dərs deyən müəllim növbəti mühazirəsini özü oxumamış, bunu həmin gün dəvət etdiyi qonağın oxuyacağını bildirmişdi. Hacalının artıq ötən ildən, məktəblilərin kimya olimpiadasında gördüyündən yaddaşına parlaqlığı ilə həkk olunmuş tanınmış alim Xudu Məmmədov o gün atomun quruluşu haqqında danışmış, sonra bir neçə dərsdə də həmin mühazirələr silsiləsini davametdirmişdi. Elə o gedişatda da uşaqların proqram çərçivəsindən kənara çıxan marağı və verdikləri suallardan həvəslənən Xudu müəllim təklif etmişdi ki, bəlkə belə görüşlərin və mühazirələrin təsadüfdən-təsadüfə baş verməməsi, müntəzəmləşməsindən ötrü kimya fakültəsində tələbə elmi seminarı yaradaq. Elə bir seminar tezliklə təşkil edilmişdi, Hacalı da həmin seminarlardakı ən fəal tələbələrdən olmuşdu və Xudu Məmmədovun o seminarlardan birində söylədiyi "Elmi öyrənib sonra elmlə məşğul olmaq həyatı öyrənərək sonra həyatı yaşamağa başlamağa bənzəyir" fikri onun ürəyinə ömrünü gələcəkdə elmə bağlamaq hərarətini salmışdı.
Onda Hacalı hələ vur-tut birinci kurs tələbəsi idi. 5 il sonra isə taleyin avand püşkü onu artıq hər gün görüşmək, hər gün bir yerdə olmaqçün Xudu Məmmədovun rəhbərlik etdiyi laboratoriyaya apardı.
Qismət elə gətirmişdi ki, o illərdə mən də həmin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirərək Elmlər Akademiyasında işləməyə göndərilmişdim, əvvəlcə Fəlsəfə və Hüquq, daha sonralarsa Yaxın və Orta Şərq Xalqları institutlarında çalışsam da, həmin Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna, məhz o Quruluş Kimyası Laboratoriyasına tez-tez gedib-gəlirdim. Məni ora çəkən kimya elmi yox, professor Xudu Məmmədovun cazibəsi idi. O dövrdən başlayaraq ömrünün son günlərinədək də Xudu müəllimlə mehriban ünsiyyətlərimiz davam etdi və o misilsiz insan və alimlə həmsöhbət olaraq ötən illər mənim də, onunla o vaxt eyni laboratoriyada çalışmış cavanların hər birinin də həyatının unudulmaz, işıqlı, universitetdən sonra ayrı bir universitetkeçmə mərhələsi idi. O vaxt Xudu müəllimin laboratoriyasında elm mülkünün kandarına doğru ilk addımlarını atan o cavanların hər biri sonradan tanınmış alimə çevrildi, onlarla o vaxtdan başlanan səmimi dostluğumuz indiyədək davam edir və Hacalı da onlardan biri idi.
Əlbəttə, Xudu müəllimin öz laborantları, gənc elmi işçiləri ilə onlara aid elm sahəsi ilə bağlı özəl söhbətləri və müzakirələri vardı ki, bunların mənə - orta əsrlər müsəlman coğrafiyası ədəbiyyatı və mədəniyyətini araşdırmağa başlayan cavan tədqiqatçıya aidiyyəti yoxdu. Ancaq axı dünyamız quruluşların dünyasıdır. Xudu Məmmədov kristalloqrafiya elmində yeni söz deyən, quruluşun yalnız özünü yox, fəlsəfəsini açan, bunu həm elmin, həm həyatın hər səmtində görməyi bacaran bəsirət sahibi idi. O, saçdığı qığılcımla ağıllı müsahibinin içindəki çırağı yandırmağı bacaranlardan idi və həmin heç vaxt yaddan çıxmayan 1970-ci illərdə pərvanə kimi Xudu Məmmədovun başına yığılıb söhbətlərini, mülahizələrini, tövsiyələrini dinlədikcə dünyaya, hadisələrə daha əvvəlki kimi yox, fərqli münasibət bəsləməyə başlayırdıq, büsbütün müxtəlif elmi istiqamətlər üzrə ixtisaslaşsaq da, hamımız dönüb onun kimi quruluşçu olurduq. Həyatın başdan-başa təkrarlananların bənzərsiz düzümlərinin doğurduğu naxışlardan ibarət olması düşüncəsi hər yöndə gözəlliklər arayıb-tapmağa yönəldirdi.
Hacalıdakı yorulmadan, bıqmadan məşğul olduğu yaradıcılıq xətlərinin hər birində müdam yeniliklərə can atması, tapıntılara da müvəffəq olmasının ən ümdə təməllərindən biri məhz əvəzsiz Xudu müəllimlə birgəlik illərində qoyulandır.
Xudu Məmmədovla sıx əməkdaşlıq əyyamlarının içərisini onunla həmritm etməyi bacaranlara bağışladığı bir məziyyət də hadisələrə, cəmiyyətə, araşdırdığın istənilən sahəyə ucalardan, miqyaslı baxmaq və fəlsəfi düşünmək, həm də sadiq, ardıcıl yurdçu, millətsevər olmaq məziyyətidir.
Hərdən-hərdən ürəyini şeirlə də boşaltmağı xoşlayan Xudu müəllimin dua kimi səslənən və həm özü, həm sadiq ardıcıllarından ötrü qəlib kimi gələn bir bayatısı da vardı:
Əlim köməyim olsun,
Elim köməyim olsun,
Elə gərək olmasam,
Ölüm köməyim olsun!
Xudu müəllimin ruhunu yaxından duyduğumdan ikinci misradakı "elim" sözünü mən həm "vətənim", həm də "elm" kimi qavrayıram. Çünki o, həyatı boyu zəhmətkeş oldu, usanmadan işlədi, qüvvəti bir tərəfdən elindən, obiri yandansa elmdən aldı və özü də həm elinə, həm elmə əlavə güc verməkçün əlindən gələni əsirgəmədi.
Onunla mütəmadi təmaslarda olub xalqının, vətəninin aşiqinə çevrilməmək, qaynar azərbaycançı olmamaq mümkünsüzdü.
Yalnız qəlbindəki məhəbbətlə deyil, həm də bu eşqi əməllə təsdiqləyən azərbaycançılıq sevdası Hacalı Nəcəfoğlunun içərisində bir nəbz kimi ilk gəncliyindən bugünədək çarpmaqdadır. Əlbəttə, bu sevginin dairəsi bir qədər də əhatəlidir, əslində Türk dünyasını, türklüyü çevrələyir. Lakin həmişə tən mərkəzdə dayanan Azərbaycandır, türkcəmizdir, milli maraqlarımızdır və tam duran da özəkdə azərbaycançılıqdır.
Bunun dünən-bugün yaranıb şəkillənən, bir para insanlarda olduğu kimi, dəyişən vaxtın və siyasətlərin təsiri ilə müəyyən dövrdən sonra üzə çıxan xüsusiyyət deyil, son 50 ili də aşan müddətdə daim Hacalıyla olmuş bir dəyişməz, il-ildən də artaraq qüvvətlənən təbii istək olduğunu isbat edən onun bir-birindən qiymətli yazılarıdır.
Hacalı Nəcəfoğlu yüksək peşəkarlıqlı və oturuşmuş kimyaçı alimdir, ancaq ciddi tarixi araşdırmalarını mütaliə edən hər kəs onun tarixçi alim olmasına şəkk etməz. Türkcəmizin müqəddəratı və çağdaş durumu ilə bağlı linqvistik təhlillərini oxuyanlar, hazırladığı lüğətləri vərəqləyənlər onu dilçi alim kimi qəbul edər, beynəlxalq münasibətlərlə bağlı çoxsaylı mənbələrə və dərin təhlillərə söykənən məqalələrini nəzərdən keçirənlər politoloq sayar.
Azərbaycanın Avropa tipli çağdaş mətbuatı 150 yaşına çatdı. Bu şərəfli tarixin son 50 ilində Hacalının imzası var. O nə jurnalistdir, nə publisist, ancaq son yarım əsrdən də uzun müddətdə müxbirlik Hacalının zövq ala-ala yerinə yetirdiyi daimi və sevimli işlərindən olub. 1969-cu ildə sanki möcüzə içindəymiş kimi Krıma yola düşməsinin, uşaqlıq həyatında ən işıqlı səhifələrdən biri kimi qalacaq "Artek"ə gedib çıxmasının da səbəbi elə yazı-pozusu olmuşdu - Hacalını ora məhz məktəbli müxbir kimi göndərmişdilər. Tələbəlik həyatı başlandı, müxbirliyini Universitet qəzetində davam etdirdi, Akademiyada çalışdı, "Elm" qəzetinin etibarlı müəlliflərindən birinə çevrildi, 1991-ci ildə Azərbaycan istiqlalına yenidən qovuşdu və dövlət müstəqilliyinin bərpasından sonra yaranan ilk azad qəzetlərin ən itiqələmli və məhsuldar təmsilçilərindən biri də alim-müxbir Hacalı Nəcəfoğlu idi, Türkiyəyə köçdü, yenə qəzetçiliyindən əl çəkmədi, "7 gün" qəzetinin xaricdəki müxbiri kimi oradan da mütəmadi yazılar göndərməyə başladı. Bir sözlə, axırıncı yarım əsrdə o, əsla fasilə etmədənAzərbaycan mətbuatına daim saf qan verənlərdən olub. İrili-xırdalı nə yazıbsa, hamısı ortadadır. Başqaları haqqında, özünün də çoxsaylı iştirakçılarından biri olduğu hadisələr barədə, günün cərəyan edən təmayülləri haqda yazdıqlarının hərəsi ayrılıqda və hamısı birlikdə bu gün hər mətləbdən daha öncə Hacalı Nəcəfoğlunun özünün qeyrətli vətəndaş, dövrün rüzgarlarından asılı olmayaraq sağlam və dayanıqlı ziyalı mövqeyini əks etdirən dəqiq portretidir.
Hacalının qələmindən və klaviaturasından çıxan belə yazılar silsiləsini izləyən tərəddüdsüz təsdiq edər ki, o, həm yetkin jurnalistdir, həm mahir publisistdir.
Orta çağ Azərbaycan və müsəlman coğrafiyası aydınına bir neçə əcnəbi dili sərbəst bilmək, çoxşaxəli biliklərə sahiblik və yiyələndiyi elm sahələrinin hər birində qələm çalmaq, tutarlı risalələr yaratmaq, üstəlik şairlikdə özünü sınamaq xas idi. Bizim zamanlarda artıq əski universallıq xatirəyə çevrilib, indi eyni bir elm sahəsinin iki-üç istiqamətində səriştəli olmaq artıq universallıq kimi qəbul edilir. Bu baxımdan da Hacalı Nəcəfoğlu,təəssüf ki, tükənmiş ənənənin yaşayan örnəyi - universal klassik Şərq ziyalısı və aliminin zəmanəmizdə tək-tək təsadüf edilən qədri bilinməli örnəklərindəndir.
(Doğrudur, Hacalı elmdə İbn Sina ola bilmədi, zatən, bu, tarixdə bircə nəfərin payına düşən səadətdir. Amma hər halda Hacalı gənckən "Əbu Əli" olmaq xoşbəxtliyinin sevincini də daddı. Bir ara - 1990-cı illərin əvvəllərində Bakıda çıxan və müxbiri olduğu "Tanıdım" qəzetindəki bəzi yazılarını elə bu imza ilə də çap etdirirdi. Maşallah, övladları Əli də, Türkan da ağıllı böyüdülər, ata yolunu tutdular, elmə bağlandılar).
Eyni bir kökdən yaratdıqları sözlərlə biliklər şəbəkəsinə "elm", öyrədənə "müəllim", araşdırıcıya "alim" deyən ulular sanki həmin səsləniş və məna birliyi ilə bu təfəkkür üçbucağının bölünməzliyi və bütövlüyünə riayəti də gələcəkdəkilərə nəsihət və vəsiyyət etmişlər.
Elm, alimlik və müəllimlik Hacalı Nəcəfoğlunun da ömrünün mənasına, başlıca yol xəritəsinə çevrildi. Ancaq onun müəllimliyinin də, alimliyi kimi, bir para özəllikləri var ki, o barədə düşüncə bölüşməyin yeri var.
...Müəllimlik nə qədər nəcib iş olsa da, elmlə təhsilin yanaşı, qovuşuqda irəliləyişinin uğurlu model olduğu nə qədər təsdiqlənsə də, bu, bir ürəkdə iki sevgi gəzdirmək kimidir. İkisindən birinə mütləq daha artıq bağlanmağın qaçılmazdır. Yəni böyük alimin həm də dərs deməsi üçün (əlbəttə, bu da çox vacibdir. Təcrübələr, biliklər hökmən ötürülməlidir) gərək elə şərait yaradıla ki, bu onun elminə mane olmaya, onu araşdırmaçılığından çox ayırmaya. Yəni dərs deməyə cəlb edilən dəyərli alimləri əsas işi müəllimlik olan digərləri kimi dərs cədvəllərinin sərt məhdudiyyətləri çərçivəsinə salmaq yox, daha asudə iş qrafiki yaratmaq məsləhətdir. Dərs izdihamlı təması, davamlı canlı ünsiyyətləri umursa, ciddi elmi araşdırmaçılıq tənhalığa çəkilməyi daha artıq istəyir.
Hacalı yolunun əvvəlindən dərs də deyib, elmlə də məşğul olub və o azlardandır ki, hər ikisini yüksək səviyyədə aparmağı bacarıb.
Həm də onun elmi araşdırmalarını daim yeni nəsə olanı tapmaq səmtində tənzimləyən ümdə bir səbəb var - onillər öncədən beynəlxalq elmi simpozium və konfranslarda iştirak etməyi özü üçün əsas xətlərdən biri kimi götürüb.
Yaradıcılığın sirli bir özünəməxsusluğu var. Bir tərəfdən azadlığı, buxovsuzluğu sevir, digər tərəfdən də daha yaxşı irəliləyə bilməsi üçün maneələrə ehtiyac duyur. Sanki məntiqsiz olan bir məntiqlə azadlıq genişləndikcə yaradıcılıq imkanları daralır. O səbəbdən də yaradıcı insan hansısa maneələr olmayanda belə daha yaxşı işləyə bilməkçün özü süni də olsa maneələr qurur, hüdudundan mütləq hansısa vaxt ərzində çıxmalı olduğu çərçivələr axtarıb tapır.
İrəlicədən elan edilən elmi məclislərin hər birinə qatılmağın müəyyənləşmiş vaxt hüdudları və şərtləri olur - çatdırmasan, əməl etməsən, kənarda qalırsan.
Və hər belə toplantıya artıq imzası tanınan alim kimi qoşulursansa, gərək hər dəfə də yeni olan, maraq doğuran, diksindirə bilən təzə mövzu və fikirlər təqdim etməyə qadir olasan. Beləliklə, bir tərəfdən səni sıxan vaxt, o biri tərəfdən növbəti dəfə üstün görünə və ola bilməkçün yerinə yetirilməli zəruri şərtlər hərəsi özünə görə bir maneədir. İnsan zəkası və ilhamı sanki belə darmacallarda daha artıq səfərbər olur, axtarıb tapmağa daha qətiyyətlə yönəlir və ola bilsin ki, asudəlikdə iki-üç dəfə uzun vaxtda edə biləcəyini daha gödək vaxt ərzində yerinə yetirməyi bacarır.
Hacalı Nəcəfoğlu uzun illərdir ki, məhz bu çətin, amma bəhrələri özünə zövq və yeni yaradıcılıq həvəsi gətirən, elmə də töhfələr verən üsulla işləməkdədir.
Mütəmadi qatıldığı beynəlxalq elmi simpoziumlar Hacalıdan ötrü illərcə bütün başqa faydalarından əlavə həm də bu yöndə yardımçı olubdur.
1980-ci illərdə Bakı Dövl?t Universiteti Kimya fakült?sindəki Qeyri-üzvi kimya kafedrasında çalışanda da, 1990-cı illərdə Türkiy?d?ki Ərzurum Atatürk Universiteti F?nn-Əd?biyyat Fakült?si Kimya Bölümünd? mü?llimlik edəndə də, sonrakı çox illər ərzində Qarsdakı Kafkas Universiteti F?nn-Əd?biyyat Fakült?si Kimya Bölümünd? işləyəndə də, dərs saatlarıyla nə qədər yüklənməsindən asılı olmayaraq, Hacalı həmişə elmə sədaqətini, elmi araşdırmalarla fasiləsiz məşğulluğunu qoruyub saxlaya bilibsə,belə sabit formasaxlamanın əsas səbəblərindən biri elə yerli və beynəlxalq elmi yığıncaqlara hər dəfə yeni mövzular, təzə axtarışlarla qatılmasıdır.
Sadəcə, onun qatıldığı simpoziumların, hazırladığı məruzələrin, gördüyü işlərin, etdiyi səfərlərin statistikasına baxsan, rəqəmlər özü dil açıb ən mötəbər şahid kimi danışar. ABŞ, İngiltərə, Fransa, Finlandiya, Slovakiya, Əlcəzair, Misir, İordaniya və onlarca başqa ölkədə keçirilmiş beynəlxalq konqres, konfrans və simpoziumlarda 120-yə yaxın məruzə qətiyyən sadə və hər kəsə nəsib olan göstərici deyil.
Elə il olmaz ki, bir neçə dəfə hansısa sanballı elmi tədbirlərə qatılmasın, məruzələr etməsin, yüksək reytinqli jurnal və toplularda yeni məqalələri dərc edilməsin. Heç biri də köhnənin nə şəkildəsə təkrarı deyil, hamısında hansısa tapıntılar, yeniliklər, təzə söz var. Məhz belə ritm əsl alimiqocalmağa qoymur, daim gənc saxlayır, onun gərəkli işləkliyini hifz edir. Alim oxumaqdan, öyrənməkdən, yeni yaradıcılıq axtarışlarından, təzə tapıntılara sevinə bilmək gücündən məhrum olanda fəaliyyətdə olan alimlik keyfiyyətini itirərək keçmiş və qocalmış alimə dönür.
Dünənədək çempion, lider kimibərq vurub pərəstiş edilən, ancaq məşğul olduğu sahədən ayrılandan, mütəmadi məşqlər etməyi tərgidəndən sonra qəfilcə çəkisi artıb ixtiyarlaşan, görkəmi dəyişən, qocalar cərgəsinə düşən keçmiş idmançı ilə dünənki tədqiqatları ilə kifayətlənərək yeni araşdırmalara meyil etməyən və sabiqləşən alim bir-birinə çox oxşayır. Əksinə, beyni işləməkdə davam edən, yeni və dəyərli əsərləri ilə sevindirməyi bacaran alim, yaşının üstünə nə qədər yaş gəlməsindən asılı olmayaraq, hər yeni baharda təzədən pöhrələnən, yenə çiçək açan, yenə bar gətirən və yenə gənc qalan ağac kimi olur.
Hacalı Nəcəfoğlunun son bir neçə onil ərzindəki elmi simpozium və konfranslardakı məruzələrinin hər biri ayrı-ayrı məqalələr məcmuəsində ya çap, ya elektron versiyada hamınınkılaşıb. Amma onların bütününün illər üzrə ardıcıllıqla ayrıca bir kitabda birləşməsinə də lüzum var və belə bir məcmuə həm də dayanmayan, axtarışlarını durmadan davam etdirən alimin boyunun ildən-ilə necə artdığını, yaradıcılıq imkanları və tapıcılıq gücünün nə təhər yüksələrək yeni üfüqlərə çatdığını göstərərdi.
Hacalı Nəcəfoğlunun alimliyi ilə yanaşı müəllimliyini də fasiləsiz olaraq davam etdirməsinin mən onun ömür yolunun doğru seçimlərindən biri olması qənaətindəyəm.
Şübhəsiz ki, auditoriyalarda ötən saatlar da onun ömür möhlətindən gedib və həmin saatları da tədrisə deyil, sırf elmə həsr etsə idi, bəlkə yazmış olduğu məqalə və monoqrafiyaların da siyahısı qat-qat sıxalınardı, elm də daha artıq zənginləşərdi.
Çox illər öncə mən doktorluq dissertasiyamı müdafiə edərkən həmin məclisə qatılan və çıxış edənlərdən biri də universitetdə dərs aldığım sevimli müəllimlərimdən biri idi. O, həmin vaxt artıq canlı klassik kimi etiraf edilən tanınmış alim idi və bir çox kitabların müəllifi idi. Söylədi ki, cavanlıq illərimdən başlayaraq universitet müəllimi olmasaydım, bəlkə də mənim əsərlərimin sayı indikindən bir neçə dəfə çox olardı. Ancaq peşman da deyiləm. Çünki elmdə, yaradıcılıqda sözünü deməyi bacaran hər keçmiş tələbəmi də özümün daha bir və bir neçə yeni kitabım hesab edərək iftixar duyuram.
Hacalı Nəcəfoğlu bir kimyaçı alim olaraq mükəmməl məktəb keçib. Həm də bu, yalnız onun bilavasitə dərs aldığı müəllimlərdən ibarət deyildir.
Hacalının gənclik illəri vətəni Azərbaycanın müstəqil yaşamadığı, Sovet İttifaqı tərkibinə daxil olduğu illərə təsadüf etdi. Söz yox, bir millət və yurd üçün istiqlalından ali nemət ola bilməz. Azərbaycan da itirilmiş müstəqilliyinin yenidən dönüşü haqqında daim düşünürdü, bu yolda mübarizələr açıqda və gizlində daim aparılırdı, Hacalı da həmin saf niyyəti hər an qəlbində gəzdirənlərdən idi. Ancaq ötülmüş keçmişin içərisində həmişə mütləq yaxşı olan nələrəsə də rast gəlinir və belə məqamların da qiyməti gərək verilə. Yəni fəlsəfədəki zərbülməsəlləşmiş o məşhur deyimdəki kimi, körpənin çimizdirildiyi artıq çirklənmiş suyla bərabər gərək uşağın özünü də atmayasan.
Azərbaycanda sovet onillərində fundamental elmlər qısa zaman kəsiyində böyük uğurlar qazanmış, fizika, riyaziyyat, kimya, biologiya və digər elm sahələrində dünya səviyyəli görkəmli alimlər yetişmişdi. Bunun əsas səbəblərindən biri SSRİ boyda müştərək elm və təhsil məkanının olması idi. Azərbaycan o dövrdə həmin nəhəng elmi müstəvinin tərkib hissəsi idi, ortaq elmi məktəblərin təcrübələrindən yararlanırdı, son dərəcə faydalı tədris və tədqiqatçılıq mübadilələri ümumi inkişafa müstəsna dərəcədə müsbət təsir göstərirdi. Hacalı Nəcəfoğlu da bir güclü kimyaçı alim olaraq yalnız Bakı məktəbinin deyil, ən müxtəlif xalqların seçmə alimlərinin doğurduğu və dünyada ən qabaqcılları sırasına qalxmış ortaq sovet kimya elm məktəbinin yetirmələrindən biridir. Öz istedadı, qabiliyyəti, çalışqanlığı ilə qovuşan bu kamil məktəb və təcrübələr Hacalını da, onun kimi bir çox başqalarını da nadirləşdirib. Çünki daha nə həmin ortaq elm məkanı var, nə o məktəb. Həmin ənənəni yaradan böyük alimlər hamısı keçmişdə qalıb, həyatdan gedənləri gedib, qalanları da hərəsi dünyanın bir tərəfinə yayılıb.
Kim ki o məktəbdən keçib, götürdüyünü götürüb, bu, onların hər birinə taleyin qismət etdiyi müstəsna qazancıdır. Çünki həmin unikal elmi-mədəni müstəvi və mühitin təklif etdiklərindən gərəyincə yararlanmağı bacaranların hər biri daha heç vəchlə əyalət səviyyəsinə sığmırdı. Sovet İttifaqı o çağlarda dünyanın iki əsas super dövlətindən biri idi və elmin, mədəniyyətin ayrı-ayrı sahələrində məhz İttifaq səviyyəli səriştə və bilikləri qazananlar da mənsub olduqları respublikaların da elmi və mədəni nüfuzunu müasir dünya səviyyəsinə qaldırırdı. Ona görə də SSRİ çökəndə, onillərcə qapalı sərhədlər yumşalmağa başlayanda Azərbaycandan digər ölkə universitetlərinə və elm mərkəzlərinə, o cümlədən elə Türkiyəyəən müxtəlif elm və mədəniyyət sahəsi üzrə gedən mütəxəssislərin hər biri açıq qucaqla qarşılandı - çünki bunların hər biri ortabab yox, çox yüksək çəkili alimlər, müəllimlər, sənətkarlar idi.
Bu həqiqətə mən, bir yox, bir çox nümunələrdən bələdəm. Asılılıqdan yenicə qurtulmuş Azərbaycandan xarici ölkələrə, o sıradan elə qardaş Türkiyəyə də Vətəndəkindən daha artıq (amma yerlilərə veriləndən xeyli az) məvacib dalınca gedən mütəxəssislərə əvvəl-əvvəl bir qədər üstdən aşağı, köydən gələnə şəhərdəkinin baxışına oxşayan yanaşmalar da olmuşdu. Lakin asta-asta həyat özü hər şeyi yerinə qoymuşdu və görmüşdülər ki, bu "kənddən gələnlər"ə çatmaq, tay olmaq heç də asan deyil. Elə Hacalının özü. O, qardaş ölkə universitetində Türkiyədən doqquz-on dəfə kiçik bir ölkənin deyil, Türkiyədən qat-qat böyük bir elm məkanının yetişdirməsi sanbalında işə başlayırdı.
Türkiyəyə yenicə köçdüyü çağlarda Kafkas Universitetində müəllimliyə başlayan Hacalı Nəcəfoğlu ixtisas üzrə müəllimlərin olmaması ucbatından bir məvacib ala-ala dördnəfərin əvəzinə - ta növbəti illərdə müvafiq fənlər üzrə xaricdən bir-bir müəllimlər gələnədək - həm qeyri-üzvi, həm üzvi, həm analitik, həm fiziki kimyadan dərs keçmişdi. Bunlar tam ayrı-ayrı fənlər idi və təbii ki, hər biri müvafiq biliklər, səriştələr tələb edən həmin işi Hacalının çətinlik çəkmədən rahatca yola verməsi fakültənin də, Universitetin də rəhbərliyinə anlatmışdı ki, bu təzə müəllim nə qədər hündürdən uça bilir.
Bu gün Hacalı Nəcəfoğlu bilikləri, keçdiyi elmi yol, ortaya qoyduğu nəticələrə görə Türkiyə Cümhuriyyətinin qeyri-üzvi kimya sahəsində dünyaya çıxarılası barmaqla sayılacaq qədər seyrək və çox üstün alimləri sırasında sabit bir məqama yüksəlibsə (bunu kiminsə görüb, ya görməməsi, etiraf edib, ya etməməsindən asılı olmayaraq. Çünki kişinin, yəni ki, elm adamının rütbe-yi əqlinin onun əsərindən bilinməsi gün kimi aydın gerçəkdir),bunu hər yeri düşdükcə açıq söyləmək, bununla qürur duymaq borcdur!
Bizdə - Azərbaycanda da, orada - Türkiyədə də!
Odur ki, daha heç vaxt təkrarlanmayacaq və artıq mövcudluğunu çoxdan başa vurmuş, amma vaxtında dünyada aparıcılardan sayılmış bir möhtəşəm elm məkanı və məktəbinin yetirməsi olan, bilavasitə də böyük alimlərdən dərs almış Hacalı Nəcəfoğlu o qədər zəngin və xeyirli təcrübəni dərs deməklə yeni nəsillərə ötürməsəydi, bu həm təhsil, həm elm şəbəkəsi üçün itki olardı.
İllərcə onunla dərs otaqları və laboratoriyalarda baş-başa olmuş tələbələr də çox qazanıblar, onların arasından da yeni-yeni elm adamları çıxıb və Hacalıyla birgə işləyən mütəxəssislər də bu təmaslardan yetərincə faydalanıblar.
30 ildən artıqdır ki, Hacalı Nəcəfoğlu Türkiyədədir, müxtəlif universitetlərdə və elmi mərkəzlərdə çalışdığı bu illərdə yorulmaz professor daim mötəbər körpü olmağa, Türk dünyasını daha yaxın, daha vəhdətdə etməyə, türk xalqlarının bir-birini daha gözəl tanıyıb sevmələrinə, cümhuriyyətlərimiz və xalqlarımız arasında səmərəli işbirliyinin daha da dərinləşməsinə vicdanla xidmət yolunda fədakarlıqla çalışıb. Kimdənsə təşəbbüs və tapşırıq gözləmədən, daha artıq bəzən üzləşdiyi biganəliklərə və diqqətsizliklərə bənd olmadan bu vəzifəni yerinə yetirib.
Hacalı yol adamıdır və necə yol yoldaşı olması sualına ən dürüst cavabı onunla yola çıxmış, ya qürbətdə olmuşdan yaxşı verən olmaz. Yaddançıxmaz dostumuz, Osman Sarıvəlli yadigarı, bir vaxtlar mənimlə də iş yoldaşı olmuş filosof Babək Qurbanov 1990-cı illərin əvvəllərində Hacalıyla Ərzurumda eyni universitetdə çalışmış, eyni binada, eyni lojmanda yaşamış, hər gün birgə olmuşdular, saatlarca dərdləşmiş, bir-birini lap yaxından tanımaq imkanında olmuşdular. Vaxtsız vəfatından az qabaq Hacalı haqqında yazdığı bir essesində Babək onu "yüksək mənəviyyatlı şəxsiyyət" adlandırırdı. Haqq sözdür - ləyaqətlə yaşadığı ömür və keçdiyi şərəfli yolla Hacalı həm yaxşı alim, həm də elin nəzərincə, fəth edilməsi alim rütbəsinə çatmaqdan da çətin olan insanlıq yüksəkliyinə yetişmişlərdəndir. Söz sözü gətirmişkən, elə Hacalı Nəcəfoğlunun dilçilik və terminoloji ilə bağlı dəyərli əsərlərindən birinin yaranmasına səbəb Babək Qurbanovun başına gələn bir hadisə olub. Əslində isə bu qəziyyə hər Türkiyə və Azərbaycan türkünün qarşısına vaxtaşırı çıxdığından ona adətən olduğu kimi gülüb keçmək yox, bir əncam çəkmək yolunda düşünmək gərəkdir. Hacalı hamının etdiyi kimi etməyərək, hamı üçün gərəkli olan işi görüb. Güney Azərbaycandakı 40 milyondan artıq, Quzey Azərbaycandakı 10 milyondan çox insanın hamısı eyni qanı və eyni dili daşıyan türklərdir. Ancaq "gümrah" deyəndə güneydəkilər "yolunu azmış" adamı, quzeylilər "sağlam" insanı düşünür. Quzeydə "xəstə" deyəndə səhhəti yerində olmayan adam, Güneydə sadəcə "yorğun" şəxs ağla gəlir.
Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin arasındasa belə fərqliliklər daha boldur. Türkiyədə dərs deməyə yenicə başladıqları vaxtlarmış. Babəklə Hacalı eyni mənzildə yaşayırmışlar. Bir axşam Babək təəccüblə söyləyir ki, bu gün cinsi şalvar geyinən qızlara tövsiyə etdim ki, milli adətlərimizi də unutmayın, universitetə üç gün kotla gələndə, iki gün də donla gəlin, nədirsə, hamısı başladı qəhqəhə ilə gülməyə. Babək belə deyəndə Hacalı da şaqqanaq çəkir və fağır lap heyrətlənir. Hacalı izah edir ki, biz "don" deyəndə xanımların üst geyimini nəzərdə tuturuq, Türkiyə türkcəsində isə "don" alt paltarı deməkdir.
Bu dəfə Babəki gülmək tutur.
Həmin hadisə, daha sonra isə Türkiyədə yaşadıqca səslənişi eyni, fəqət mənaları uyuşmaz ortaq kəlmələrlə bağlı həm eşitdiyi, həm qəzetlərdən oxuduğu lətifəvari söhbətlər Hacalını sövq edir ki, bir kitab hazırlasın. Geniş ön sözlə müşayiət edilən həmin araşdırmasını ayrıca kitab şəklində nəşr edilməkçün Türk Dünyası Araşdırmalar Vəqfinə yollayır. Ancaq Vəqf "Türkiye ve Azerbaycan Türkçelerinde Eşsesli ve Eşköklü Kelimeler Sözlüğü" adlı bu əsəri ayrıca kitab kimi buraxmasa da, 1999-cu ildə öz dərgisində dərc edir. Həmin kitab hər halda 2013-cü ildə Bakıda "Azərbaycanda və Türkiyədə türkün sözü" sərlövhəsi ilə işıq üzü gördü.
Hamımız deyirik qardaşıq, hamımız razılaşırıq ki, türk xalqları və dövlətləri gərək birlikdə ola, hamımız təsdiqləyirik ki, türkcəmizi ortaqlaşdırmaq naminə çalışmalıyıq. Hamımız gözəl sözləri çox söyləsək də, bu birliyi gerçəyə döndərmək yolunda iş görməkdə ləngiyirik. Hacalı Nəcəfoğlununsa "Ortaq türkcə açısından kimya terminolojisi" başlıqlı araşdırması və həmin tədqiqatına əlavə etdiyi lüğət, fikrimcə, sözdən işəkeçmənin ən diqqətəlayiq nümunələrindən sayılmalıdır. Türkiyədəki və Azərbaycandakı kimya terminlərini qarşılaşdıraraq təhlil edib. Baxırsan ki, hansısa bir terminin azərbaycancada çox gözəl qarşılığı tapılıb, Türkiyədə isə bunun əvəzinə bir əcnəbi kəlmə işlənməkdədir. Ya hansısa terminin Türkiyə türkcəsində çox uğurlu ifadəsi var,Azərbaycanda isə onun yerinə bir rus, yaxud Avropa sözü işlənir. Bu qarşılaşdırma kimya terminologiyasında həm Türkiyə, həm Azərbaycan üçün məqbul ola biləcək ortaq bir variant hazırlamağa zəmin yaradır. Və özünün tərtib etdiyi lüğəti də əlavə etdiyi araşdırmasının yekununda Hacalı Nəcəfoğlu Özbəkistana, Türkmənistana, Qazaxıstana, Qırğızıstana səslənir ki, gəlin səylərimizi birləşdirək, eyni işi görək ki, kimyaçı alimlərimizin ortaq elm dili daha mütənasib biçim qazansın.Üzdən baxanda dilçilik məsələsidir, kimya elminin mövzusu olan sualdır, amma mahiyyətcə sırf siyasi mənalıdır. Çünki hədəfi sözün vasitəsilə bizləri bir-birimizə sözdə yox, əməldə daha məhrəm, daha yekdil, daha bütöv etməkdir.
Bu, qoca Qaspıralının o əsrdən bu əsrə çatanacan nimdaşlaşmayan, bəlkə əksinə, yeni zamanda daha əzəmət və gərəkliliklə səslənən "dildə, işdə, fikirdə birlik" çağırışına əməletmənin bir tərəfi. Ancaq Hacalının Türkiyə təhsil və elm şəbəkəsi ilə Orta Asiyanın (daha Azərbaycanı demirəm) uyğun təsisatlarının uzaq gələcəklərə hesablanmış çoxtelli bağlantılarını yaratmaq səmtində əvəzsiz xidmətləri və verdiyi töhfələr də az deyil axı.
Bu gün azərbaycanlılar dünya boyuncadır. Bir qədər az, bir qədər çox - hər qitədə soydaşlarımız yaşayır. Aralarında elm adamları da az deyil. Çox məşhurları var, az tanınanları var. Bəs onların neçəsi Azərbaycanladır, millətlədir, onlardan neçəsi ömrün hansısa mərtəbəsində vicdanı və tarix qarşısında açıq alın və təmiz ürəklə hesabat verə bilər ki, öz taleyini yaşaya-yaşaya hərdən ona qanbir-canbir ata-anası kimi doğma olan xalqıvə yurdu haqqında da düşünüb, Vətən üçün nələrisə edib?
Professor Hacalı Nəcəfoğlu millət şərqisi oxuyurmuş kimi, Qutsal Kitaba əl basırmış sayaq əlini ürəyinin üstünə qoyaraq arxayınca söyləyə bilər ki, yarım əsrdir bu yoldadır.
Vətən və millət, türk ailəmiz və türklüyümüz qarşısında belə bəxtiyar sevgi hesabatı verə biləcək daha neçə nəfərimiz var?
Arzumdur ki, sayıb qurtara bilməyəcək qədər çox olsun!
7 iyun 2025


