Icma.az
close
up
RU
Sazın səsində yaşayan ömür

Sazın səsində yaşayan ömür

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İlqar İmamverdiyevin 70 yaşına

İlqar İmamverdiyev – Azərbaycan musiqi yaddaşını araşdıran, qoruyan və dünyaya tanıdan sənətşünas alimdir. Onilliklər boyu elmi araşdırmalar, yüzlərlə məqalə, onlarla beynəlxalq konfrans, dünyanın müxtəlif ölkələrində çıxışlar, tələbələr, kitablar, musiqi nümunələrinin toplanması, nota köçürülməsi, saz və tarın səsinin müxtəlif auditoriyalara çatdırılması...

Bəzən bir insanın ömrünə baxırsan və düşünürsən: görəsən, bu qədər işi bir ömrə necə sığdırmaq olar? İlqar Cəmil oğlu İmamverdiyevin həyat və yaradıcılıq yoluna nəzər salanda məhz belə bir sual yaranır. Ancaq onun ömrünün sirri, əslində, gördüyü işlərin çoxluğunda deyil. Sirr ondadır ki, o, ömrünü bir işə – Azərbaycan musiqisinin yaşadılmasına həsr edib.

Sazın simlərində xalqın yaddaşını, tarın səsində Azərbaycanın ruhunu görən İlqar müəllim üçün musiqi heç vaxt yalnız səhnə sənəti olmayıb. O, musiqini xalqın tarixini, dünyagörüşünü, sevincini, kədərini, mənəvi yaddaşını yaşadan böyük bir xəzinə hesab edib. Bu xəzinənin ayrı-ayrı incilərini toplamaq, araşdırmaq, sistemləşdirmək və gələcək nəsillərə çatdırmaq isə onun ömrünün əsas amalına çevrilib.

İlqar İmamverdiyev 23 sentyabr 1956-cı ildə Gəncə şəhərində dünyaya gəlib. Musiqiyə marağı və istedadı erkən yaşlarından üzə çıxıb. 1967–1972-ci illərdə Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbində, 1972–1976-cı illərdə Qənbər Hüseynli adına Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar ixtisasını bitirib. Bu təhsil ocaqlarının hər biri onun sənət dünyasının formalaşmasında mühüm mərhələ olub.

Bu təhsil mərhələlərinin hər biri onun sənət dünyasının formalaşmasında mühüm rol oynayıb. Fikrət Əmirov, Qənbər Hüseynli, Üzeyir Hacıbəyli kimi böyük sənətkarların adı ilə bağlı olan musiqi məktəblərində yetişmək, təbii ki, yalnız peşə hazırlığı demək deyildi. Bu, həm də Azərbaycan musiqisinin böyük ənənələrini mənimsəmək, milli sənətin məsuliyyətini dərk etmək idi. İlqar müəllim sonrakı həyatında həmin məktəbdən aldığı bilikləri yalnız ifaçılıqla məhdudlaşdırmadı. O, milli musiqi irsinin tədqiqatçısına çevrildi.

Musiqini elmi düşüncə ilə birləşdirən alim

1981-ci ildə Bakı Musiqi Akademiyasında fəaliyyətə başlayan İlqar İmamverdiyev burada uzun illər Xalq Çalğı Alətləri kafedrasında çalışdı. Səhnədə tar çalan sənətkarın elmi araşdırmaya gəlməsi bəzən təbii görünməyə bilər. Lakin İlqar müəllimin yaradıcılıq yolunda bu iki istiqamət bir-birindən ayrılmadı. Əksinə, ifaçılıq təcrübəsi onun tədqiqatlarına canlılıq gətirdi, elmi araşdırmaları isə ifaçılıq dünyasını daha dərindən dərk etməsinə imkan yaratdı.

1994-cü ildə sənətşünaslıq namizədi elmi dərəcəsini, 2009-cu ildə isə sənətşünaslıq doktoru elmi dərəcəsini aldı. 2015-ci ildə professor diplomuna layiq görüldü. Beləliklə, tar ifaçısı tədricən Azərbaycan milli musiqisinin ciddi tədqiqatçılarından birinə çevrildi.

Onun elmi yaradıcılığının miqyası, ilk növbədə, əsərlərinin sayında və mövzu müxtəlifliyində görünür. İllər ərzində 200-dən artıq elmi məqaləsi Azərbaycan və Türkiyə mətbuatında dərc olunub. Yetmişdən artıq kitabın müəllifi və həmmüəllifidir.

Bu rəqəmlər sadəcə statistika deyil. Hər bir kitabın, hər bir məqalənin arxasında araşdırma, musiqi nümunələrinin dinlənilməsi, müqayisə edilməsi, sistemləşdirilməsi, sənətkarlarla söhbətlər və uzun illərin zəhməti dayanır.

Sazın itməkdə olan yaddaşını qorumaq

İlqar İmamverdiyevin yaradıcılığında saz xüsusi yer tutur.Saz Azərbaycan xalqının yalnız musiqi aləti deyil. Sazın səsində dastanlarımızın nəfəsi, aşıqlarımızın sözü, el məclislərinin yaddaşı, tariximizin müxtəlif dövrlərinin izləri yaşayır.Lakin şifahi şəkildə nəsildən-nəslə ötürülən hər bir sənət nümunəsi kimi saz havaları da zamanın sınağı qarşısında həssasdır. Bir hava unudula bilər, bir ifaçılıq üslubu sıradan çıxa bilər, bir bölgəyə məxsus musiqi nümunəsi yalnız yaşlı nəslin yaddaşında qala bilər.

İlqar İmamverdiyevin mühüm xidmətlərindən biri də məhz belə nümunələri toplamaq, araşdırmaq və yazılı şəkildə qorumaqdır. “Azərbaycanın 20 saz havası”, “Azərbaycanın 40 saz havası”, “Aşıq Mikayıl Azaflının saz havaları”, “Şirvan aşıqlarının saz havaları”, “İran-Azərbaycan aşıqlarının 40 saz havası”, “Koroğlu havaları”, “Saz havaları antologiyası”, “Dədə Şəmşir ifaçılığı sənətində ənənəvi saz havaları” və digər əsərlər bu istiqamətdə görülən böyük işin ayrı-ayrı nümunələridir.

Bu əsərlərə yalnız musiqi kitabı kimi baxmaq doğru olmaz. Onlar Azərbaycan folklorunun, aşıq sənətinin və milli musiqi yaddaşının qorunduğu mənbələrdir.Bir vaxtlar bir ustadın barmaqlarından süzülən və yalnız qulaqdan-qulağa keçən bir saz havası artıq kitab səhifəsində özünə yer tapır. Bu isə həmin havanın gələcəyə gedən yolunun açılması deməkdir.

Azərbaycan musiqisinin böyük xəritəsi

İlqar müəllimin yaradıcılığını yalnız saz sənəti ilə məhdudlaşdırmaq da düzgün olmaz.Onun əsərlərində Azərbaycan xalq mahnıları, muğamlar, rəqs havaları, tar əsərləri, aşıq yaradıcılığı, bayatılar, zurna-balaban ifaçılığı və digər milli musiqi istiqamətləri geniş yer tutur.

“Azərbaycan xalq mahnıları”nın çoxcildli nəşri, “Azərbaycan muğam inciləri”, “Azərbaycan rəqs havaları”, “Azərbaycan instrumental xalq musiqi örnəkləri”, “Azərbaycan musiqi mədəniyyətində bayatılar – manilər”, “Azərbaycan zurna-balaban ifaçılığı sənətinin ustadı”, “Türk dünyasının kültürəl dəyəri, Tar” və digər əsərlər onun tədqiqatlarının geniş coğrafiyasını göstərir.Xüsusilə Azərbaycan rəqslərinin araşdırılması və “Azərbaycan rəqs havaları atlası” kimi  çoxcildli layihələr milli musiqi irsinin sistemləşdirilməsi baxımından diqqətəlayiqdir.

Qaytağıdan Yallıya, Diringidən qədim rəqslərə, müasir dövr rəqslərindən digər musiqi nümunələrinə qədər uzanan bu araşdırmalar Azərbaycanın rəqs və musiqi mədəniyyətinin zənginliyini ortaya qoyur.

Azərbaycanla Türkiyə arasında musiqi körpüsü

İlqar İmamverdiyevin yaradıcılıq yolunun mühüm mərhələsi Türkiyə ilə bağlıdır. 2000–2006-cı illərdə Ərzurum Atatürk Universitetində dosent kimi çalışan alim 2007-ci ildən Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında fəaliyyətini davam etdirib. 2011-ci ildən professor kimi burada elmi-pedaqoji və yaradıcılıq fəaliyyətini sürdürüb. Türkiyədə yaşadığı və işlədiyi illər onun yaradıcılığında yeni imkanlar açıb. Azərbaycan və Anadolu musiqi ənənələrinin müqayisəli şəkildə öyrənilməsi, ortaq türk musiqi mədəniyyətinin müxtəlif istiqamətlərinin araşdırılması onun əsərlərində xüsusi yer tutub.

“İran Türklərində aşıq toy mərasimləri”, “Azərbaycan və İran Türklərinin aşıq-ifaçılıq sənətinin qarşılıqlı əlaqələri”, “Azərbaycan aşıq ifaçılığı sənəti”, “Bir millət, iki dövlət, Azərbaycan–Türkiyə”, “Azərbaycan musiqi mədəniyyətində bayatılar – manilər” və digər əsərlər bu baxımdan xüsusi maraq doğurur. Bu fəaliyyət yalnız elmi araşdırma deyil, həm də iki qardaş ölkənin mədəniyyətləri arasında körpü yaratmaq missiyasıdır. Çünki Azərbaycan və Türkiyənin musiqi dünyasına diqqətlə baxanda görürük ki, bir çox melodiyaların, ritmlərin, saz havalarının, aşıq ənənələrinin və musiqi anlayışlarının kökündə ortaq yaddaş dayanır. İlqar müəllim bu ortaq yaddaşın müxtəlif səhifələrini araşdıraraq onları elmi dövriyyəyə gətirən sənətşünaslardan biridir.

Dünyaya yayılan saz və tar səsi

Onun yaradıcılıq coğrafiyası da gördüyü işlərin miqyasından xəbər verir. Azərbaycanın Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Naxçıvan, Lənkəran, Astara, Bərdə, Ağcabədi, Qazax və digər şəhərlərində keçirilən tədbirlər...Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İtaliya, Moldova, İran, İraq... Türkiyənin Ankara, İstanbul, Ərzurum, Qaziantep, Bursa, İzmir, Sivas, Şanlıurfa, Antalya, Qars, Əskişəhər, Nevşəhər, Iğdır, Diyarbəkir və digər şəhərləri...

Bu coğrafiyada keçirilən beynəlxalq konqreslər, simpoziumlar, elmi toplantılar, dövlət tədbirləri və folklor proqramları onun yaradıcılıq yolunun müxtəlif dayanacaqlarıdır. İlqar İmamverdiyev həmin tədbirlərdə yalnız məruzələrlə çıxış etməyib. O, tar və saz ifaları ilə Azərbaycan musiqisinin canlı nümunələrini təqdim edib. Bu, çox mühüm məqamdır. Çünki Azərbaycan musiqisini anlatmağın bir yolu kitab yazmaqdırsa, digər yolu onun öz səsini dünyaya eşitdirməkdir.

Tarın bir səsi bəzən uzun bir məqalənin ifadə edə bilmədiyi hissi yaradır. Sazın bir havası insanı tanımadığı bir xalqın tarixindən xəbərdar edə bilər. İlqar müəllim də illər boyu bu iki dili – elmi sözü və musiqinin dilini bir arada yaşadıb.

Səhnədən ekrana, ekrandan yaddaşa

İlqar İmamverdiyev Azərbaycan və Türkiyə televiziya kanallarında da müxtəlif proqramlarda tar və saz ifaçısı kimi çıxış edib. AzTV, İctimai Televiziya, TRT İnt, TRT Gap və digər ekranlarda onun ifaları tamaşaçılara təqdim olunub.

Azərbaycan kinosunda da onun ifaçılıq izi var. “Qaçaq Nəbi”, “Papaq”, “Bəyin oğurlanması”, “Doğma sahillər” filmlərinin, “Aşığın arzuları” televiziya filminin, “Səkrəyin dastanı” cizgi filminin musiqilərinin lentə alınmasında tar, saz, bağlama və ud alətlərində ifa edib.

Beləliklə, onun sənət yolu yalnız kitabxanalardan və elmi auditoriyalardan keçməyib. Səhnə, televiziya, kino və beynəlxalq tədbirlər də bu yolun tərkib hissəsi olub. 2015-ci ildə “Klassik saz havaları” adlı 54 havadan ibarət SD albomunun yayımlanması da onun ifaçılıq fəaliyyətinin mühüm nümunələrindəndir.

Ustadlara ehtiram, gələcəyə məsuliyyət

İlqar İmamverdiyevin əsərlərində ayrı-ayrı sənətkarların yaradıcılığına müraciət etməsi də təsadüfi deyil. Aşıq Mikayıl Azaflı, Dədə Şəmşir, Aşıq Ələsgər, Aftandil İsrafilov və digər sənətkarların yaradıcılığının araşdırılması, onların irsinin sistemləşdirilməsi sənət yaddaşının qorunması baxımından əhəmiyyətlidir.Çünki hər bir böyük sənətkarın yaradıcılığı yalnız öz dövrünün hadisəsi deyil. O sənətkarın yaratdığı və yaşatdığı musiqi sonrakı nəsillərin mədəni  sərvətinə çevrilir.

Bu irsin qorunması isə təkcə arxiv işi deyil. Burada həm də mənəvi məsuliyyət var. İlqar müəllimin yaradıcılığında bu məsuliyyət hissi aydın görünür. Onun əsərlərinin əhəmiyyətini artıran əsas cəhətlərdən biri də budur.

Mükafatların arxasında böyük zəhmət dayanır

İllər ərzində İlqar İmamverdiyev müxtəlif mükafat və fəxri təltiflərə layiq görülüb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya Tələbə və Gənclər Festivalının diplomunu alıb. 1986-cı ildə Bakıda keçirilən Üzeyir Hacıbəyli adına I Beynəlxalq Şərq Alətləri Müsabiqəsinin laureatı olub.

2015-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə Motif Vəqfinin əməkdaşlığı ilə keçirilən 21-ci Motif Xalq Bilim Ödüllərində “Halk Müziği Hizmet Ödülü”nə layiq görülüb.2016-cı ildə “Avrupa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı elm adamı” qızıl medalı və diplomu ilə təltif olunub. 2018 və 2020-ci illərdə İKSAD Yayınevinin “Onur ödülü”nə layiq görülüb. Ümumilikdə səksəndən artıq təşəkkürnamə, plaket və müxtəlif mükafatların sahibidir.

Amma hər bir sənət adamı kimi İlqar müəllim üçün də ən böyük qiymətin kitabların yaşaması, musiqinin səslənməsi və tələbələrin öyrənməsi olduğunu düşünmək olar.

Çünki mükafatın ömrü sənəd üzərində, sənətin ömrü isə yaddaşdadır.

Bir ömrün kitablaşan izləri

İlqar İmamverdiyevin yaradıcılıq siyahısına nəzər salanda insanı heyrətləndirən yalnız kitabların sayı deyil. Bu əsərlərin mövzu zənginliyidir. 1997-ci ildə “Ansambl üçün pyeslər məcmuəsi” ilə başlayan nəşr yolu sonrakı illərdə saz, tar, muğam, aşıq sənəti, xalq mahnıları, rəqslər, bayatılar və digər istiqamətlər üzrə davam edib.

2021-ci ildə “Azərbaycan aşıq ifaçılığı sənəti”, “Aşıq Ələsgər-200”, “Ürəyimin nəğmələri”, “Fortepiano müşayiətli instrumental tar əsərləri” və digər əsərlər meydana çıxıb. 2022-ci ildə muğam dəramədləri və rəngləri ilə bağlı çoxsaylı əsərlər, “Azərbaycan muğam dəramədləri və rəngləri ensiklopediyası” nəşr olunub.

2024-cü ildə “Babək Qurbanov – 85”, “Azərbaycan Zurna-Balaban ifaçılığı sənətinin ustadı”, 2025-ci ildə “Türk Dünyasının kültürəl dəyəri, Tar”, 2026-cı ildə isə “Qədim aşıq havaları əsasında saz və f-no üçün transkripsiyalar” və “Fortepiano müşayiətli saz əsərləri”nin yeni cildləri bu yaradıcılıq yolunun hələ də davam etdiyini göstərir.

Bu gün də onun qələmi dayanmayıb, tədqiqatları davam edir, yeni əsərləri meydana çıxır. Deməli, İlqar İmamverdiyev üçün sənət keçmişdə qalmış bir mərhələ deyil. Sənət onun üçün bu gün də yaşanan, öyrənilən və gələcəyə ötürülən canlı bir dünyadır. Bu baxımdan onun yaradıcılıq yolu bir sənət adamının bioqrafiyasından daha geniş məna daşıyır.Bu, milli mədəniyyətə xidmətin bir nümunəsidir.

Sənətin yaşadığı yerdə zaman dayanır

Sazın simlərinə toxunan barmaqlar bir gün yorula bilər. Tarın tellərindən gələn səs bir anlıq susa bilər. İnsan ömrü də öz qanunları ilə irəliləyir. Amma nota köçürülən hava yaşayır. Kitaba düşən söz yaşayır. Öyrədilən sənət yaşayır. Tələbənin barmaqlarında davam edən ifa yaşayır. Və sənətkarın ömrü də məhz belə davam edir.

İlqar Cəmil oğlu İmamverdiyevin ömrünə nəzər salanda bunu aydın görmək olur. Onun ən böyük əsəri, bəlkə də, ayrı-ayrı kitabların heç biri deyil. Onun ən böyük əsəri Azərbaycan musiqisinin yaddaşına verdiyi uzunmüddətli xidmətdir.

Bu xidmətin içində Gəncənin uşaqlıq illəri də var, Bakının sənət məktəbi də, Türkiyənin universitet auditoriyaları da, beynəlxalq konqreslər də, televiziya ekranları da, səhnələr də, yüzlərlə məqalə və kitab da...Və əlbəttə, sazın səsi var. O səs ki, əsrlərdən gəlir. O səs ki, xalqın yaddaşını daşıyır.O səs ki, insanın içində qəribə bir duyğu oyadır və bizə kim olduğumuzu xatırladır.

İlqar İmamverdiyevin sənət və elm yolunun ən böyük mənası da bəlkə elə budur: xalqın yaddaşından gələn həmin səsin zaman içində itib-batmaması üçün ömrünü ona həsr etmək.Sazın səsi kəsilməsin deyə, tarın səsi susmasın deyə... Azərbaycan musiqisinin qədim nəfəsi gələcək nəsillərə çatsın deyə...Bir insanın ömrünü sənətə verməsi də elə bunun üçün deyilmi?!

Namiq Qədimoğlu

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see339

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see286

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see280

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see270

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see230

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see229

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see227

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see208

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see198

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see197

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see194

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see193

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see190

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see190

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see189

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see187

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see181

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri