Icma.az
close
up
RU
Səfir: Çex Respublikası azad edilmiş ərazilərdə səyyar elektrik stansiyalarının yaradılmasında maraqlıdır MÜSAHİBƏ

Səfir: Çex Respublikası azad edilmiş ərazilərdə səyyar elektrik stansiyalarının yaradılmasında maraqlıdır MÜSAHİBƏ

Çex Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin APA-ya müsahibəsi

Azərbaycanda hər kəs ölkəmizi də, onun paytaxtı Praqanı, Karlovı-Varı şəhərini, çex pivəsini də yaxşı tanıyır

- Cənab səfir, ikitərəfli münasibətlərimizin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Hər iki ölkə bu əlaqələrin inkişafı üçün mümkün olan bütün tədbirləri həyata keçirib. Bilirsiniz ki, Çex Respublikası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsası 1993-cü ilin yanvar ayından etibarən qoyulub. Bu isə bir-iki il demək deyil. 2023-cü ildə Azərbaycanla Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini qeyd etdik. Ölkəmizin Bakıdakı səfirliyi 2010-cu ildən fəaliyyətə başlayıb, ilk səfiri isə Radek Matula olub. Elə həmin dövrdən də ölkələrimiz arasındakı münasibətlərin uğurla inkişaf etdiyinin şahidi ola bilərsiniz. Bu mənada mənim malik olduğum əsas üstünlük ondan ibarətdir ki, haradasa Çexiyadan olduğumu deyəndə ölkəmizi xəritədə axtarmırlar. Əksinə, Azərbaycanda hər kəs ölkəmizi də, onun paytaxtı Praqanı, Karlovı-Varı şəhərini, çex pivəsini də yaxşı tanıyır və ən əsası ölkəmizin istehsalı olan məşhur avtomobil markasının hansı olduğunu da bilir. Bizim ölkələrimiz zəngin ehtiyatlara malikdir. Ona görə də bundan sonra da Çexiya ilə Azərbaycan arasında münasibətlərin uğurlu inkişafının davam etdirilməsinə çalışacağıq. Çox şadam ki, ölkəmizi burada dördüncü səfir olaraq təmsil edirəm. İnanıram ki, əlaqələrimiz gələcəkdə də davam edəcək.

Çex Respublikasının neftə olan tələbatının 40-45 faizi Azərbaycandan idxal hesabına ödənilir

- 2015-ci il sentyabrın 15-də Bakıda Çexiya ilə Azərbaycan arasında “Strateji Əməkdaşlıq haqqında birgə Bəyannamə” imzalanıb. Bu sənədin imzalanmasından ötən müddətdə onun icrası istiqamətində görülən işlərə qısa nəzər salmağınızı istərdik.

- Çox doğru qeyd etdiniz. Bütün bu səpkili bəyannamələr nəzəri cəhətdən əhəmiyyətlidir. Onların icrası isə dövlət məmurları olaraq həm bizdən, həm də konkret şəxslərdən asılıdır. Mən düşünürəm ki, energetika, mədəniyyət və təhsil, eləcə də siyasi dialoq istiqamətlərində əməkdaşlıq məsələləri haqqında bəhs etdiyiniz hüquqi sənəddə öz əksini tapıb. Bütün bu sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq getdikcə irəliləyir. Biz də öz növbəmizdə yuxarıda adlarını çəkdiyim sektorlarda tərəfdaşlığın inkişafına çalışır. Mən istər siyasi rəhbərliyin təmsilçiləri arasında görüşləri, həm də energetika sahəsində əməkdaşlığı qeyd etmək istəyirəm. Azərbaycan əsas tərəfdaşlarımızdan biri olaraq ölkəmizi neftlə təmin edir. İndiki dövrə olan məlumata görə, Çex Respublikasının neftə olan tələbatının 40-45 faizi Azərbaycandan idxal hesabına ödənilir. Bizim haqqında danışdığımız bəyannamə gələcək əlaqələrinin qurulmasının təməlini təşkil edir. Onu da nəzərə çatdırmaq istəyirəm ki, Çex Respublikası – Azərbaycan Hökumətlərarası Birgə Komissiyası fəaliyyət göstərir və əlaqələrimizin inkişafına müsbət impuls verir. Komissiyanın sonuncu iclası ötən il keçirilib. Biz həmin komissiyanın builki iclasının Bakıda keçirilməsini planlaşdırırıq. Bütün bu işlər “Strateji Əməkdaşlıq haqqında birgə Bəyannamə”yə uyğun olaraq icra edilir. Kimsə bunu sadəcə siyasi sənəd adlandıra bilər, lakin biz həmin bəyannaməyə böyük önəm veririk. Ona görə də Azərbaycanla siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlığı, xüsusilə də siyasi dialoqu inkişaf etdirməkdə maraqlıyıq.

- Yuxarıda haqqında bəhs etdiyiniz sektorlar üzrə inkişafın hansı perspektivlərini görürsünüz?

- İlk növbədə onu deyim ki, yəqin siz də son günlər, həftələr, aylar və illər ərzində dünya siyasətində, xüsusilə də Avropa, ABŞ-da baş verən dəyişiklikləri müşahidə etmisiniz. Sözsüz ki, bu dəyişikliklər qarşılıqlı münasibətlərə də təsirsiz ötüşməyəcək. Mən inanıram ki, bizim diplomatiyamız bu dəyişikliklərə gerçək və adekvat reaksiya verəcək. Sözsüz, Avropada baş verənlər göstərir ki, həmin hadisələrin münasibətlərimizə pozitiv təsirləri də olacaq. Mən bunu sizə bir diplomat kimi deyirəm.

Praqa Qarabağda o zaman baş verənlərdən sonra tərəflər arasında keçirilən ilk görüşə şahidlik etmişdi

- Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya sonuncu səfəri 2022-ci il 6–7 oktyabr tarixlərinə təsadüf edib. Çex Respublikasından Azərbaycana Prezident səviyyəsində reallaşdırılan sonuncu səfər isə 2015-ci il 15–17 sentyabr tarixlərinə təsadüf edir. O zaman Bakıya keçmiş Prezident Miloş Zeman səfər etmişdi. Ötən 9 müddətdə münasibətlərimizin inkişafı üçün hansı addımlar atılıb?

- Siz bilirsiniz ki, Çex Respublikasında sistem bir qədər fərqlidir. Orada əsas fiqur Baş nazir hesab olunur. Ölkəmizin Baş naziri Petr Fiala ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında ardıcıl görüşlər keçirilir. Siz Prezident İlham Əliyevin Çexiyaya 2022-ci ilin oktyabrında Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində reallaşdırılan rəsmi səfərinə toxundunuz. Hər kəs xatırlayır ki, Prezident İlham Əliyevin o zamankı səfəri Azərbaycanla Ermənistan arasında münasibətlərin sonrakı gedişatında vacib rol oynamışdı. Çünki sonrakı müzakirələrin əsası məhz həmin səfər zamanı qoyuldu. Düşünürəm ki, Praqa Qarabağda o zaman baş verənlərdən sonra tərəflər arasında keçirilən ilk görüşə şahidlik etmişdi. Həm hökumət, həm də ölkəmizdəki siyasi xadimlərlə Azərbaycanda fəaliyyət göstərən siyasətçilər arasında yaxşı münasibətlər var. Bu isə çox vacib bir məsələdir.

Mən bu vaxtadək görülən bütün işlərdən məmnunam

- Azərbaycanla Çexiya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini əhatə edən 30 sənəd imzalanıb. Biz həmçinin 2011-ci ildən fəaliyyət göstərən Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinə də nəzər salmaq istərdik. İndiyədək sözügedən komissiyanın 5 iclası keçirilib. Sonuncu toplantı 2023-cü ilin mart ayında baş tutub. Ümumiləşdirsək, istər bu sənədlərin icrası, istərsə də komissiyanın fəaliyyəti ilə bağlı hansı yeniliklər və ya təkliflər var?

- Təəssüf ki, hazırda həmin komissiyanın həm Çexiya, həm də Azərbaycan tərəfdən həmsədrləri yoxdur. Azərbaycan tərəfdən olan keçmiş həmsədr Sahib Məmmədov hazırda başqa bir vəzifədə çalışır. Bu səbəbdən də indiyədək görülən işləri davam etdirə bilməmişik. Mən bu komissiyanın Rusiya və Qazaxıstanda keçirilən iclasları da daxil olmaqla, bir çox toplantısında iştirak etmişəm. Bu kimi işlər həm sahibkarlar, həm də rəsmi şəxslərin fəaliyyətinə böyük impuls verir. O ki qaldı komissiyanın işinə, bu zaman keçirilən görüş və tədbirlərin sayını dəqiq söyləmək çətindir. Onun fəaliyyətinin ən real nəticəsi ölkələrimiz arasında imzalanan və reallaşdırılmasına başlanılacaq biznes müqavilələridir. Mən bu vaxtadək görülən bütün işlərdən məmnunam. İnanıram ki, onların nəticələrini biz yaxın vaxtlarda görə biləcəyik.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artır

- Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 922 milyon 190 min, idxal-ixrac əməliyyatlarının ümumi həcmi isə təqribən 1 milyard 56 milyon 973 min ABŞ dolları olub. 2023-cü ildə isə qarşılıqlı ticarət dövriyyəmiz 684 milyon 215 min ABŞ dolları səviyyəsində qərarlaşıb. Hər iki ölkənin güclü iqtisadi potensiala malik olduğunu nəzərə alsaq, bu rəqəmlərin artırılması üçün nə kimi addımlar atılmalıdır?

- Həqiqətən də Çexiyanın Statistika İdarəsinin məlumatlarına əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artır. Bu, elə bir məsələdir ki, ona bəzi amillər təsir edə bilir. Məsələn, mən pandemiya dövrünü qeyd etmək istəyirəm. O zaman iki il ərzində dünya üzrə bütün proseslər dayanmışdı. Hər şey sıfırdan başlanmalı oldu. Məsələn, əvvəl Bakıdan Praqaya təyyarə reysləri var idi. Əvvəlcə, 2022-ci ildə bir reys həyata keçirilirdi, sonradan bu reysin sayı iki oldu. İndi isə üç təyyarə reysi icra edilir. Biz hazırda AZAL rəhbərliyi ilə bu reyslərin sayının artırılması istiqamətində danışıqlar aparırıq. Çünki bu istiqamətdə yüksək tələbat var. Əgər Praqaya səfər etmək istəsəniz, görəcəksiniz ki, təyyarələrdə sərnişin sayı çox olur. Əsasən də Bakıdan Karlovı-Varı istiqamətinə birbaşa reysə tələbat olduqca yüksəkdir. Hesab edirəm ki, bu son dərəcə yaxşı haldır. Dünyada elə bir vəziyyət formalaşıb ki, neft bizim üçün vacib elementə çevrilib. Bildiyiniz kimi, yanvarın 1-dən etibarən Rusiyadan neft və qaz idxalını dayandırmışıq. Buna görə də ölkəmiz üçün energetika sahəsində əməkdaşlıq çox mühüm əhəmiyyətə malikdir. Bu məsələ dövlət rəsmiləri arasında keçirilən görüşlərin, eləcə də telefon danışıqlarının əsasıdır. Çexiya həmçinin Azərbaycana yaşıl enerji sahəsində birgə layihələrin icrasını, habelə kiçik həcmli hidroelektrik stansiyalarının qurulmasını təklif edir. Ölkəmiz Qarabağın enerji resurslarının genişləndirilməsi üçün həmin ərazilərdə səyyar elektrik stansiyalarının yaradılmasında maraqlıdır. Biz ümid edirik ki, bu məsələ danışıqlar və nəhayət, müqavilə mərhələsinə qədəm qoyacaq. Hazırda bu məsələ üzərində iş gedir.

Hazırda dünyada gedən dəyişikliklərin kökünü 90-cı illərdə axtarmaq lazımdır

- İstərdik ki, dünya gündəminə də toxunaq. Baxmayaraq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralında başlayıb, gərginliyin yaranması dövrü 2014-cü ilə təsadüf edir. Həmin dövrdən dünyanın siyasi oxu da dəyişib. Hazırkı vəziyyət təkcə Avropaya deyil, daha geniş areal üçün də təhlükələr yaradır. Belə bir vəziyyətdə ölkələrimiz arasındakı əməkdaşlıq qlobal təhlükəsizliyə hansı töhfələri verə bilər?

- Bilirsinizmi, bu çox ciddi və vacib bir sualdır. Çünki bəşər tarixi boyunca dünyada baş verən hadisələrin vektorları mütəmadi olaraq dəyişir. Təəssüflər olsun ki, biz bu tarixi olaylardan nəticə çıxarmırıq. Mən düşünürəm ki, hazırda dünyada gedən dəyişikliklərin kökünü 90-cı illərdə axtarmaq lazımdır. O zaman çoxqütblü dünya təkqütblü dünya ilə əvəzləndi. Bu faktor bir çox siyasətçi tərəfindən nəzərə alınmamışdı. İndiki dövrdə qlobal məcrada baş verənlər həmin bu yanlış qiymətləndirmənin nəticəsidir. Yəqin ki, Kristofer Klarkın “Lunatiklər: Avropa 1914-cü ildə müharibəni necə başladı?” kitabını oxumusunuz. Dünyanın bir çox siyasətçiləri məhz lunatiklərə oxşayır. Onlar hazırda dünyada baş verən hadisələrin nəticələri haqqında düşünmürlər. Mən düşünürəm ki, artıq baş verənlərin nizama salınmasının vaxtı çatıb. Çünki təəssüflər olsun, bütün bu hadisələr insanların düşüncəsinə təsir göstərir. Dünyanın təməli bir neçə nəsilə parçalanıb. Bizə isə bunun öhdəsindən gələcəyimizə və tarixin çarxının yenidən daha az gərginliyin mövcud olduğu dövrə qayıdacağına ümid etmək qalır. Təəssüf ki, bu da müəyyən bir müddətə qədər belə olacaq. Çünki çarx hər dəfə fərqli istiqamətlərə dövr edir. Biz inanırıq ki, insanlar danışıqlar masası arxasında müzakirələr aparacaqlar. Bir diplomat olaraq mənim üçün kompromisin tapılması çox vacibdir. Diplomatiya elə əslində güzəştə getmək sənətidir. Belə olmasaydı, diplomatiya sizə nə üçün lazım olardı? O zaman ancaq müharibələr baş verərdi. Hesab edirəm ki, indi masa arxasında oturub razılığa gəlməyə çalışmaq zamanıdır.

Foto - Rüfət Mustafayev © APAGROUP
seeBaxış sayı:44
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri