Icma.az
close
up
RU
Şəhadətə ucaldan bir günlük döyüş yolu

Şəhadətə ucaldan bir günlük döyüş yolu

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bir atalar məsəli var: "Dərd xalvarla gələr, misqalla çıxar". O zaman cavabsız suallar içində o qədər itib-batmışdıq ki, dərdin necə gəldiyini, niyə gəlib bizi tapdığına inana bilmirdik. Bilmirdik ki, başımıza açılan oyun xalvarla gələn dərdin hələ başlanğıcıdır. Bilmirdik ki, uzun illər SSRİ kimi hegemon bir ittifaqın tərkibində üç qardaş deyilərək Zaqafqaziya adı ilə tanınan, "çörəyi, ürəyi, diləyi bir olan" illərin "dostu"nun qəlbindəki çiban yarası zaman-zaman deşilsə də, kinini, nifrətini, yırtıcılığını, iyrənc xislətini, həsədini, xəbisliyini sona qədər qusa bilməyib. Amma cidanı nə qədər çuvalda gizlətmək olar ki... 88-ci ilin fevral ayının sonuna yaxın yayılan bir xəbərlə tarixin keçmiş izləri yenidən görünməyə başlandı - Əsgəranda iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirilmişdi... Və bu hadisə xalvarla gələcək dərdimizin acı həqiqəti oldu. Olanlar bitmədi, olacaqlar bir zəncirin halqaları kimi ard-arda düzüldü. Ağıla gəlməzləri yaşamağa və buna dözməli oldu insanlar. Dözə-dözə inamlar azalmağa, ümidlər itməyə başladı... Sonunda isə fələk saydığını saydı, daşlar, qayalar lərzəyə gəldi və 44 günə hər kəs yerini bildi... Bir həftədən sonra şanlı Zəfərimizin beş ili tamam olur.

İlin-günün istənilən vaxtında şəhidlərimizin xatirəsi anılır, çünki onları unutmağa haqqımız yoxdur. İlin ağrı-acılı və xoş müjdəli oktyabr ayı ərzində biz də şənbə müsahibələrimizi şəhid ailələrinə həsr etdik. Onlarla hər görüşdən sonra düşünürdüm ki, vaxtilə bir-birini tanımayan bu anaların necə də bir-birinə bənzər taleləri varmış. Və bu bənzərlik tək şəhid anası adı daşımaqlarında deyildi... Onun döyüş yolu cəmi bircə gün oldu... Amma bircə gün yetdi ki, söz verdiyi intiqamı alsın. Bircə gün yetdi ki, adı bu torpağın nəfəsinə qarışıb əbədi yaşasın.

Müsahibimiz "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım Məmmədzadədir.

- Cəbrayıl təqvimdə faciə kimi xatırlanan bir gündə dünyaya gəlib. Yəqin ki, siz də fərqinə varmısınız...

- 11 sentyabr 2001-ci il... Sərnişin təyyarəsinin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin bir qülləsinə çırpıldığı gün. Mən İslama dərin ehtiram, əqidə, inam olan bir ailədə böyümüşəm və baş verənlərdə həmişə Allahın hikmətini görməyə çalışmışam. Mənim üçün həmin günün hikməti o oldu ki, Cəbrayıl günorta azanı vaxtı gəldi dünyaya. Özüm ixtisasca hüquqşünas olsam da, həssaslığım və inancım böyükdür. Cəbrayıl ailədə ikinci, lakin ilk oğul övladım idi. Adətən deyirlər ki, analar oğlan övladına daha bağlı olurlar. Amma məndə olan təkcə bağlılıq deyildi. Cəbrayıl həm də taleyimdə atamın mənə verdiyi bir sözün xilaskarı oldu.

- Bir ana üçün övladını xatirələrlə anmaq ağır da olsa, əksəriyyətə tanış olmayan qısa bir ömür yoluna boylanaq...

- Kökümüz Zəngilana bağlı olsa da, gözümüzü Sumqayıtda açmışıq. Mənim də, bacı-qardaşlarımın da, övladlarımın da üzərində "Sumqayıt uşaqları" deyə bir ad var. Bilmirəm bu şəhərin havasındanmı, ya suyundandırmı, Sumqayıt uşaqlarını həmişə mərd, cəsur, heç nədən çəkinməyən kimi görüb tanımışam. Cəbrayıl da belə bir mühitdə böyüdü. Onun xarakterini üç yaşından görməyə başladım. O yaşda uşaq nə anlayıb dərk edər ki? Amma Cəbrayıl o yaşından yalnız şalvar geyindi, başqa uşaq paltarı geyimini yaxına buraxmadı. Artıq anlamağa başladım ki, fərqli bir xarakter sahibidir övladım. Cəbrayılın doqquz yaşı olanda həyat yoldaşımla yollarımız ayrıldı, o zaman kiçik oğlumun iki yaşı vardı. Əlimdə üç uşaqla işləməli, onları böyütməli idim. Elə o vaxtdan Cəbrayıl qardaşına atalıq etməyə başladı. Qızım Məryəmlə ikisi demək olar ki, balacanı böyüdüb. Heç vaxt istəməzdi ki, mən nəyinsə fikrini çəkim. Kiçik yaşından o kişilk məktəbininin yolunu tanıdı.

- Cəbrayılın maraq dairəsi geniş olub - idman, rəsm, musiqi, rep... Və eyni zamanda dinə meyilli...

- Cəbrayıl gözünü açandan ailədə hamını ibadət əhli kimi görüb - oruc tutub, namaz qılan, İslami ayinlərə riayət edən. Evdə dini filmlərə daha çox baxıldığından, o da uşaq marağı ilə bizimlə bərabər izləyərdi və beləcə, altı yaşından namaza gəldi. Bu, Cəbrayılın öz ürəyinin istəyi idi və mən də ona qarşı çıxmadım. Amma uşağımın inkişafı, dünyagörüşünün artmasında da maraqlı idim və beş yaşında onu cüdoya qoydum. Böyük həvəslə doqquz il cüdo ilə məşğul oldu, daha iki il boksa, bir il isə qaydasız döyüşə getdi. Lakin sonuncuya razılığım olmadığı üçün oradan uzaqlaşdı. O ki qaldı bayaq sadaladıqlarınıza, onlar Cəbrayılın könüllü məşğuliyyətləri idi. Qəşəng şəkillər çəkirdi, plastilindən qardaşı üçün müxtəlif fiqurlar, heykəllər düzəldirdi. Kaş ki o zaman onlardan qoruyub saxladıqlarım olardı. Özü də Cəbrayıl solaxay idi. Yazmağı, şəkil çəkməyi sol əlilə idi.

- Bütün bunlara rəğmən, heç birinin ardınca getmədi...

- Cəbrayılın böyük ürəyi vardı, eyni zamanda da düşüncəli oğul idi. O görürdü ki, nə çətinliklə, əziyyətlə onları böyüdürəm və hər şeyə rəğmən, övladlarımın bütün ehtiyaclarını qarşılayıram. Elə bir dönəm oldu ki, ayağımdan xəsarət aldığımdan yarım ildən yuxarı yataqdan qalxa bilmədim. Həmin vaxtlarda dərslərinə kifayət qədər diqqət ayıra bilmədi, çünki işləyirdi. Lakin məktəbi bitirəndən sonra ona dedim ki, bir il hazırlaşsın, təhsil alsın. Cəbrayıl isə hərbi xidmətə getmək istədiyini bildirdi. Onu yola gətirməyə çalışsam da, razı olmadı. Dedi ki, əsgərliyimi çəkim, sonra təhsil alaram. Razılaşmaqdan başqa çarəm qalmadı. 2019-cu ilin oktyabr ayının əvvəlində onu hərbi xidmətə yola saldım. Cəlilabaddakı "N" saylı hərbi hissəyə düşmüşdü. Cəbrayıl hündür, cüssəli, irisümüklü idi, pəncə kimi iri əlləri vardı, illərlə idmanla məşğul olmağı öz işini görmüşdü və onu Xüsusi Təyinatlı Qüvvələrə seçmişdilər. Öz istəyilə kəşfiyyata düşmüşdü. Çox dözümlü, sözü deməyin yerini bilən, mərd oğul idi. Uşaqlığından bəri bir dəfə də görmədim ki, həyətdə oynayanda gəlib mənə kimdənsə şikayət etsin. Məktəb vaxtı görəndəki əl-qolunda, ya üzündə bir zədə var, ancaq bir cavab eşidərdim  - kişinin başına iş gələr. Lazım olandan artıq söz deməyi heç sevməzdi. Gözü qardaşının üstündə olardı və həmişə ona tövsiyə edərdi ki, oxusun. İnanın səmiyyətimə, oğlumdur deyə onu tərifləmək kimi anlaşılmasın. Onu tanıyanların hansı birindən soruşsanız, Cəbrayılın necə bir övlad, qardaş, dost, yoldaş olduğunu hamı çəkinmədən söyləyər. Onunla birlikdə itirdiklərim çox oldu.

- Danışdıqlarınızdan belə qənaətə gəlmək olar ki, Cəbrayıl laqeyd adam olmayıb. Yəni belə bir adam Vətənə sevgisini ilk olaraq ona borcunu ödəməkdə görüb...

- Cəbrayıl canlı olan nə vardısa, hamısına qarşı həssas idi. Atam Türkiyədə yaşadığından bir müddət orada qalıb işləməli olmuşdum. Bir gün gördü ki, pişiyin balası eyvanın aşağı hissəsinə düşüb. Belinə kəndir bağladı, o biri ucunu da mənə eyvanın dəmir hissəsinə bağlatdırdı. Üzümdəki qorxunu görüb dedi ki, qorxma, Allah məni qoruyar. Aşağı əyilib o körpə balanı oradan götürdü. Məktəb illərindən artıq ölkənin Qarabağ adlı problemini bilirdi və Xocalı faciəsi onu çox təsirləndirmişdi, xüsusən uşaqlara qarşı olan amansızlıqlar. Söz düşəndə həmişə deyərdi ki, onların intiqamı mütləq alınacaq. Bəlkə də hərbi xidmətdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmək istəyinin arxasında da elə özündə saxladığı çox mətləblər vardı.

- Əsgər anaları günlərin bitməyini səbirsizliklə gözləyir...

- Cəbrayılın hərbi xidmətinin bir ili ərzində onu dörd dəfə görə bildim. 2019-cu ildə andiçmədə və Yeni ildə, 2000-ci ildə Novruz bayramında və bir də avqustun 28-də. Sonuncu görüşümüz heç demə vida görüşü imiş. Onun xidməti pandemiya vaxtına düşdüyündən məzuniyyətə də gələ bilmədi. Cəbrayıla nə qədər bağlı olduğumu sözlə ifadə etmək çətindir. Beş ildir yoxluğuna inana bilmirəm, Cəbrayılı hələ də gözüm axtarır. Allahdan bir oğlan nəvəsi istəyirəm ki, həm onun adını, həm yarımçıq qalan arzularımı o uşaqda yaşada bilim. Çətinlik və sıxıntı içində yaşadığımdan mən uşaqlarıma doğum günü keçirə bilməmişəm. Əhd etmişdim ki, Cəbrayıl hərbi xidmətdən qayıtdıqdan sonra onun iyirmi illiyini keçirim. Sonuncu görüşə gedəndə ürəyi nə istədisə, apardım. Ən çox paytaxt salatını və yarpaq dolmasını sevərdi. Hazırlayıb apardım və öz əllərimlə onu yedizdirdim. Hər dəfə hazırlığımı elə görərdim ki, oradakı uşaqların hamısına pay çatsın. Heç vaxt məni kədərləndirə biləcək bir hərəkətini görmədim. Bacısını, qardaşını yeri düşəndə danlayanda, mənə deyərdilər ki, niyə bir dəfə də olsun Cəbrayılı danlamırsan? Deyrdim ki, səbəb olsun ki, onu da danlayım. O qədər saf baxışları vardı ki, gözlərinin parıltısı aydın görünürdü. O parıltı özü ilə birlikdə çırağımı da söndürdü. Sentyabrın on biri doğum günündə onunla görüntülü danışıb təbrik etdim. Sonuncu dəfə isə sentyabrın on doqquzu mənə şəkillərini göndərdi və yazdı ki, onları hələ paylaşmayım. Zəng vurmaq istədim, dedi ki, axşam özüm zəng vuraram. Nə qədər gözləsəm də, Cəbrayıldan zəng gəlmədi. Sonra öyrəndim ki, təlimdədirlər. Ayın iyirmi biri bacımın övladı dünyaya gəldi. Cəbrayıl o xalasını çox sevirdi. Xəbəri ona çatdırmaq istədim, amma alınmadı. Bir həftədən sonra isə Cəbrayıl artıq yox idi.

- Sonuncu görüşünüzdən bir ay sonra müharibə xəbəri yayıldı...

- Cəbrayıl hərbi xidmətə gedəndən içimdə bir narahatlıq vardı. Allahdan ancaq onu istəyirdim ki, övladımı sağ-salamat yanıma qaytarsın. Təlimlərdə olduqlarından tez-tez telefonla əlaqə saxlaya bilmirdim. Deyirdi ki, sən zəng vurma, imkan olan kimi özüm zəng edəcəyəm. Mən isə içimin narahatlığını onun səsini eşidəndən sonra bir qədər boğa bilirdim.

Tovuz hadisələrindən sonra Cəbrayılda bir məyusluq yaranmışdı və özünə gələ bilmirdi. Onunla telefon danışıqlarımızı indiyədək saxlamışam. Dedi ki, ana, xəbərin var da Tovuz döyüşlərində generalımız şəhid olub. Polad Həşimov elə bir general idi ki, əsgəri yemədən özü çörək yeməzdi. Elə bir insanın, üstəlik, generalın qanı yerdə qala bilməz. Ona təsəlli verməyə nə qədər çalışsam da, içindən bixəbər idim. Sonra bilmişəm ki, Polad Həşimovun qisasını alacağına söz verib. Müharibə xəbərini eşidəndə hiss etdim ki, içimdə nə isə qırıldı.

- Cəbrayılın döyüş yolu bir gün çəkdi...

- Həmin vaxtlar pandemiya dövrü idi, gediş-gəlişdə məhdudiyyət vardı deyə, elə işdə qalırdıq. Ayın iyirmi səkkizində hiss etdim ki, halım çox qarışıqdı, içim uçunur. İş yoldaşıma dedim ki, oğlum Murovdadır, çox narahatam. Məni sakitləşdirməyə çalışaraq dedi ki, narahat olma, onun yaşı azdır, ön cəbhəyə aparmazlar. Amma içimdə bir təlatüm vardı. Axşam saat yeddiyə qalmış telefonuma zəng gəldi, amma səs kəsildi. Bu, mənim təlaşımı daha da artırdı. Üç saatdan sonra yenə zəng gəldi. Cəbrayılın anası olduğumu soruşdular. Cavab verdim ki, bəli və qışqıraraq soruşdum ki, oğluma nə olub? Zəng çalan dedi ki, xanım, yanınızda kimsə var? Bunu eşidən kimi ayaqyalın aşağı yüyürdüm və telefonu iş yoldaşıma verib dedim ki, nəsə olub, amma mənə demirlər. Məlum oldu ki, müharibənin ilk günü axşam Cəbrayıl yaralanıb, səhər onu xəstəxanaya çatdıranda yolda şəhid olub. Güllənin biri qoluna, o biri ayağının şah damarına dəymişdi. Cəbrayıl müharibəyə könüllü olaraq gedib. Murovdağda Kəlbəcər istiqamətində düşmənin mövqelərini və xüsusi postları ələ keçirmək üçün hazırlanan əməliyyata on bir zabit göndəriləndə Cəbrayıl da onlarla birlikdə olub. Sonra bildim ki, Cəbrayıl düşmən postunda on erməni zabitilə üz-üzə qalıb. Aralarında polkovnik də olub, general da. Polkovnikin ürəyinə bıçaq vuraraq öldürüb, generalı isə əlbəyaxa döyüşdə boğub.

- Söz verdiyi intiqamı ala bilib...

- Cəbrayılın şəhadətindən on iki gün sonra onu yuxuda gördüm. Baş verənləri olduğu kimi mənə danışdı və zəncirə vurulmuş körpələri göstərərək dedi ki, ana, generalımızla bərabər, Xocalıdan olan bu uşaqların da qisasını aldım. Mənimlə fəxr edə bilərsən. Düşmənin üstünə gedəndə döyüş yoldaşlarına deyib ki, siz ailəlisiniz, uşaqlarınız var, gəlməyin, mən tək onların öhdəsindən gələrəm. Elə dediyi kimi də edib. Düşmənin işini bitirəndən sonra geri dönərkən Cəbrayılı minomyotla gülləyə tutublar. Yaralı olduğundan istifadə edərək düşmən onu əsir götürməyə cəhd göstərsə də, dostları Cəbrayılı ərazidən çıxarıblar.

- Amma bir günlük döyüş yolu ilə Cəbrayıl bir dastan yazdı...

- Arzuları isə yarımçıq qaldı. İki böyük arzusu vardı Cəbrayılın. Birincisi, çox istəyirdi ki, motosikleti olsun. Söz vermişdim ki, əsgərlikdən gələn kimi ona seçdiyi motosikleti alacağam. Biz bir müddət kirayədə yaşamalı olduq və hər dəfə Xırdalanda onun xoşuna gələn binanın yanından keçəndə deyirdi ki, ana, bu evin on birinci mərtəbəsində sənə ev alacağam. Doğum günü olduğundan on bir rəqəmini çox sevirdi. Onun da, özümün də telefon nömrələrinin sonu on bir idi. Mən güvənc yerimi, dayağımı itirmişəm. Mənə onun özündən sonra qoyub getdiyi addan çox Cəbrayılın varlığına ehtiyacım var. Heç kəs düşünməsin ki, üsyan edirəm. Buna haqqım yoxdur, çünki yanımda iki övladım var. Cəbrayıldan sonra ağır xəstəlik keçirdim, lakin Tanrı mənə qıymadı. Anladım ki, övladlarım üçün yaşamağa borcluyam. Və bir də Cəbrayılın adını yaşatmaq kimi bir öhdəliyim var.

- Deyirlər ki, şəhidlər demək istədiklərini yuxularda bəyan edirlər...

- İnanın ki, elədir... Bayaq qeyd elədim ki, şəhid olandan on iki gün sonra Cəbrayıl olanları mənə necə danışmışdısa, döyüş yoldaşlarından, komandirindən də eynilə onu eşitdim. Müşahidə etmişəm ki, Cəbrayıl baş verəcək narahatlıqlardan əvvəl məni xəbərdar edir. Kiçik yaşlarından Cəbrayılda bir xüsusiyyət vardı. Yanımda yatanda başını qolumun üstünə qoyub yuxuya gedərdi. İndi adətən yuxumda onu elə görürəm, gəlir, başını qoyub yatır. Ayılanda isə qolumda həmişə ağrı hiss edirəm, çünki bilirəm ki, Cəbrayıl gəlmişdi, yuxusunu alıb sonra gedir. Əminliklə deyirəm ki, həqiqətən şəhidlər ölmür.

- Yəqin ki, Cəbrayılın şəhid olduğu yeri ziyarət etmisiniz...

- Ola bilsin ki, təəccüblü gələcək sizə, amma mən hələ o yerə getməmişəm. Mən övladlarıma görə buna hazırlıqlı deyiləm. Cəbrayıldan sonra iki dəfə insult keçirmişəm və o yerə gedib qayıdandan sonra nələr yaşayacağımı bilmirəm. Övladlarımın hər ikisi tələbədir, Türkiyədə təsil alırlar. Məryəm İstanbulda Beykoz Universitetində oxuyur. Sahib isə bu il İzmirin Ege Universitetinin stomatologiya fakültəsinə qəbul olub. Əziyyətlə böyütdüyüm övladlarımın gələcəyi naminə özümü qorumağa məcburam. Müharibədən bir il sonra Müdafiə Nazirliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə şəhid ailələrinin Şuşaya səfəri təşkil olunmuşdu. Şuşanı görmək nə qədər qürurverici olsa da, səfər mənim üçün çox ağır oldu. Baxmayaraq ki, Cəbrayıl orada şəhid olmayıb, lakin orada canını verən hər bir şəhid hamımızın balasıdır. O yerlərə gedəndə hərə öz övladını düşünmür. Lakin zamanında Cəbrayılın şəhadətə ucaldığı yeri mütləq ziyarət edəcəyəm. Buna əminəm.

- Bir həftə sonra Zəfərimizin beş illiyidir...

- Dəfələrlə mənə sual veriblər ki, qələbə xəbəri eşidəndə nələr yaşadım. Bir şəhid anası üçün qələbə xəbərini eşitmək sevinc qarışıq bir ağrıdır. Bunu anlayışla qarşılamaq lazımdır. Hər bir ana öz övladını sağ-salamat yanında görmək arzusunda olub. Tanrının yazdığı qədəri pozmaq olmur. Zəfər tarixini yazan bütün şəhidlərin məkanı cənnətdədir, bundan uca bir məqam yoxdur. İstəyirəm ki, dünyanın başı üzərində hərlənən müharibə vahiməsi yox olsun və bir də analar gözü yaşlı qalmasın.

SÖZARDI: Bu torpağın hər qarışında qəhrəmanların addım səsi var... Bəzən bir ömür bir günə də sığa bilir. Cəbrayılın o bir günə Vətən sevgisini, andını, qürurunu sığdırdığı kimi. Həmin gün onun üçün son deyil, əksinə, bir başlanğıc oldu - adının tarixə yazıldığı, ruhunun ucaldığı gün. Bu gün Cəbrayıl Dövlətzadə intiqamını aldığı generalımızın məzarının bir neçə addımlığında uyuyur. Onun getdiyi yolun sonu şəhidliyə, şəhidliyin yolu isə əbədiyyətə ucalır. Ucaldığın məqamda rahat uyu, şəhidim!

Tamilla M-ZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see214

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see208

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see189

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see141

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see136

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see135

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see134

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see131

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see131

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see123

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see121

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri