Icma.az
close
up
RU
Şəhərə girəndə həm sevinc, həm də nifrət hiss etdim 35 ildən sonra Xankəndiyə QAYIDIŞ

Şəhərə girəndə həm sevinc, həm də nifrət hiss etdim 35 ildən sonra Xankəndiyə QAYIDIŞ

Icma.az bildirir, Oxu.az portalına istinadən.

27 sentyabr - Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan gündür. Bu tarix Vətən müharibəsinin başlandığı, Azərbaycanın igid övladlarının torpaq uğrunda can verdiyi, tariximizin qürur və kədər dolu səhifələrinin yazıldığı gündür. Bu gün həm qəhrəman şəhidlərimizin xatirəsini anır, həm də azad edilmiş torpaqlarda birliyimizin, gücümüzün, qələbəmizin və qayıdışın təntənəsini yaşayırıq.

Tarix boyu ağır sınaqlardan keçmiş Qarabağ sakinləri üçün bu gün daha dərin mənalar daşıyır. 1988-ci ildə başlayan erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşən minlərlə soydaşımız kimi, Kamran Nəsirov da həyatının gedişatını dəyişən o dəhşətli günləri yaşayıb, sonralar isə ailə itkiləri, xüsusilə də İkinci Qarabağ müharibəsində şəhid olan oğlu Xəqani Nəsirova görə bu ağrı-acını bir daha hiss edib.

O, Oxu.Az-a müsahibəsində 1988-ci ilin məşum hadisələrindən başlayaraq qaçqınlıq illərinin çətinliklərini, ailəsinin yaşadığı ağrılı günləri, oğlunun qəhrəmanlıq yolunu, Vətən müharibəsində əldə olunan tarixi Zəfəri və nəhayət, illər sonra yenidən Xankəndiyə qayıdarkən yaşadığı duyğuları bölüşüb.

- Kamran müəllim, siz 1988-ci ildə doğma yurd-yuvasından didərgin düşən həmvətənlərimizdənsiniz. Birinci Qarabağ müharibəsinə gedən yol necə başladı?

- 1987-ci ildən etibarən separatçıların rəhbərləri bizi yaşadığımız ərazilərdən didərgin edib torpaqlarımızı işğal etmək üçün gizli iclaslar keçirməyə başladılar. Düzdür, məlumatımız olmasın deyə bütün bunları bizdən xəbərsiz edirdilər, lakin yenə də baş verəcəklərin ayaq səslərini eşidirdik.

Belə ki, 1988-ci ilin sentyabrında gecə saatlarında atəş açılmağa başladı. Evdən çıxanda gördük ki, azərbaycanlıların yaşadığı küçələrə doğru böyük bir kolon hərəkət edir. Kolonun irəlilədiyi ərazidə soydaşlarımızın yaşadığı 12-13 ev var idi. Həmin mənzillərə necə od vurdularsa, səhərə qədər yanıb külə döndü. Bir nəfər belə tapılmadı ki, bizə kömək etsin. Məcbur hamı evlərini tərk edib küçələrdə gecələdi.

Təsəvvür edin, kolonların arxasında yanğınsöndürən maşınlar gəlirdi. Biz də elə hesab edirdik ki, bizim evləri söndürmək üçün gəlirlər. Lakin məqsədləri erməni evlərini qorumaq imiş ki, yanğın erməni evlərinə sıçrasa, dərhal müdaxilə etsinlər. Kömək istəyəndə isə cavabları hazır idi: "Millət söhbəti etməyin". Amma etnik zəmində bizə divan tutan ermənilərə heç kim etiraz etmirdi. Bütün rəsmi qurumlar da onları müdafiə edirdi.

Həmin günün səhəri 366-cı alayın maşınları əraziyə gəldi və zərərçəkənləri ərazidən uzaqlaşdırdılar. Ardınca isə bizim digər evləri yandırmağa başladılar. Bizi də ərazidən uzaqlaşdırdılar. Özümüzlə heç nə götürə bilmədik. O zaman Xankəndidə yeddi fabrik-zavod var idi. Ermənilər necə təşkilatlanmışdılarsa, orada çalışan azərbaycanlıların hamısını mərhələli şəkildə işdən çıxarır, etiraz edənlərə isə öz üsulları ilə "cəza" verirdilər. Artıq elə bir vəziyyət yaranmışdı ki, evdən çıxıb çörək almağa belə gedə bilmirdik. Çünki bizi görən kimi hücum çəkir, təhqir edirdilər. Bizə də ən çox bu təsir edirdi. Beləliklə, cəmi üç gün ərzində bizə məxsus hər yeri yandırmağa başladılar.

- Bəs bu proseslərin başında ən birinci kimlər dayanırdılar?

- Prosesə əvvəlcə İrəvanda start verildi. Qarabağdakı separatçıları Ermənistanda qızışdırmağa başladılar. Elə bir təbliğat aparırdılar ki, hamısının gözü dönmüş, bizə düşmən olmuşdu. Bütün erməniləri bizim əleyhimizə aksiyalara çıxarır, hətta salamlaşmağa belə imkan vermirdilər. Bizimlə qonşu olan ermənilər də işarə edirdilər ki, onlara salam verməyək. Çünki separatçılar onlara qayda tərtib etmişdilər ki, bizdən uzaq dayansınlar, əlaqələri tamamilə kəssinlər. Əks halda bizə salam verən erməniləri öldürmək əmri vermişdilər. Halbuki ermənilərin qazancı bizdən idi. Onların əksəriyyəti usta idi, sayəmizdə pul qazanırdılar. Lakin separatçılar onları da bizə düşmən etdilər.

Onların ideoloqları beyinlərini yumuş, Mixail Qorbaçovu (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu baş katibi (1985-91) - red.) da öz əsirlərinə çevirmişdilər. O da onlara icazə vermişdi ki, bizə qarşı nə istəsələr, etsinlər, sonra yaddan çıxacaq.

Vitali Balasanyan, Robert Koçaryan, Serj Sarqsyan kimi əlindən heç bir iş gəlməyənləri irəli çəkib vəzifəyə gətirdilər. Çünki ideoloqlar təbliğat aparır, bu təbliğatı praktiki olaraq həyata keçirmək üçün ən qəddar, içində nifrət olan, avara adamlara şərait yaradırdılar. Yəni onlarda bu potensialı gördükləri üçün önə çəkirdilər. Halbuki bu proseslərdən əvvəl onlar hörmətsiz, əlindən bir iş gəlməyən, mühüm olmayan adamlar idilər.

- Azərbaycana və azərbaycanlılara qarşı bu əsassız nifrətin kökündə nə dayanırdı?

- İdeologiya elə bir şeydir ki, onu həyata keçirmək üçün çox sayda alim, akademik dayanmadan çalışır, insanların beyinlərinə nüfuz edir. Məsələn, uzun illər qonşu olduğumuz adamlar bu təsirə düşüb bizi düşmən saymağa başlamışdılar. Əslində, onlar bizi də ələ almaq istəyirdilər. Guya bizimlə heç bir işləri yoxdur, sussaq, onların hakimiyyəti altında yaşasaq, hər şey daha yaxşı olacaq. Yetər ki, öz istəyimizlə onların tərəfinə keçib bunu etiraf edək. Təbii ki, biz də etiraz edirdik ki, belə bir şey mümkün deyil, ümumiyyətlə ağlasığmaz bir şeydir.

Bu, imperiya təfəkkürünün nəticəsi idi. İki xalqı bir-birinə düşmən edib yaranan boşluqdan sui-istifadə etməyə çalışırdılar. Həmin ərəfədə Bakıdan bir xanım Xocalı hava limanına təyinat almışdı. Orada çalışırdı. Ona gəlib dedilər ki, Bakıdan Xocalıya təyyarə gələcək, geri qaytarın. Həmin xanım dedi ki, bunu edə bilmərəm. Çünki mən buraya təyinatla gəlmişəm və işimi yerinə yetirməliyəm. Gecə onun evinə bomba qoyub partlatdılar və geri qayıtmağa məcbur etdilər.

Bənzər hadisə bazarda da olmuşdu. Bazarın maşınını sürən bir erməni gəlib qışqırdı ki, onlar azərbaycanlıların sayəsində yaxşı yaşayırdılar, indi isə əllərində heç nə qalmayıb. Yəni separatçıları qınamağa başladı. Fikrini tamamlamamış başını linglə yarıb qətlə yetirdilər ki, bu düşüncədə olan digər ermənilərə də dərs olsun.

- Xankəndidən sonra hara getdiniz və bundan sonra hadisələr necə cərəyan etdi?

- Xocalıya getdik və dörd il yaşadıq. Düzdür, ermənilər iki-üç dəfə Xocalıya da hücum etdilər, lakin cavablarını alıb geri çəkildilər. Bizi isə silahlandıran yox idi. Sadəcə, özünümüdafiə dəstələri var idi. Bu isə o demək idi ki, hərə öz başına çarə qılsın. Hakimiyyətin boşluğu isə vahid ordu sisteminə keçidi ləngidirdi.

1992-ci ilin fevralında gecə saatlarında 366-cı alay şəhərə hücum etdi. Ardınca isə ermənilər gəlirdilər. Hər tərəfdən hücuma keçdilər. Əlacsız qalıb evlərimizi necə gəldi tərk etdik və meşəyə tərəf qaçdıq. Həmin vaxt dayım oğlu, xalam oğlu və qardaşımın həyat yoldaşı həlak oldular. İtkilərimiz çox oldu. Elə bir dəhşətli mənzərə idi ki, gözlərimin önündən getmir. Kimi görsələr, ya öldürür, ya da əsir götürürdülər. Heç kimə aman vermirdilər. Xankəndidən olan üç ailə meşədə yoxa çıxdı. Heç kim də başlarına nə gəldiyini bilmədi. Əsir düşməyən və öldürülməyənlər də donduqları üçün gələ bilmir, canlarını tapşırırdılar. Vəziyyət də elə idi ki, hamı canını qurtarmağa çalışırdı. Qadınlar ayaqyalın, qucaqlarında körpələri, başları açıq qışqırır, ölmək üçün dua edirdilər. İnanın, o meşələr elə vahiməli və təhlükəli idi ki, həmin qadınlara nə qədər də pul versən ki, qışda ayaqyalın, qucağında uşaq oraya get-qayıt, bacarmazdılar. Amma vəziyyət o həddə çatmışdı ki, o yolu qarı yara-yara irəliləyirdilər. Bədənləri al qanın içində idi. Öz-özümə dedim ki, "İlahi, bu nə faciədir? Bunun qarşısını niyə alan yoxdur?"

Yalnız üç gündən sonra meşədən çıxa bildik və Ağdam batalyonu bizi qarşıladı. Onlara dedik ki, meşəyə getsinlər, çox sayda insan qalıb, gələ bilmir. Daha bilmirdik ki, artıq faciənin qurbanı olublar. Nəhayət, Ağdama gəlib çatdıq və ordunu meşəyə göndərdik. Bir neçə gündən sonra isə 60 nəfər Xankəndi, həmçinin Xocalı və Ağdam sakinləri olaraq bizi Şirvan şəhərinə köçürdülər. Ancaq sonradan Qarabağa daha yaxın yerlərə getdik və Gəncədə yerləşdik.

- 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi bağlandı. Bundan sonra nə düşünürdünüz? Geri qayıdacağınıza ümid edirdiniz?

- Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə anladıq ki, bu problemlər öz həllini tapacaq. Çünki o, ölkəni yavaş-yavaş qurub, dirçəltməyə başladı. İqtisadi, siyasi və hərbi cəhətdən güclənməyə başladıq. Həmçinin güclü müttəfiqlər qazandıq və inkişaf etməyə başladıq. Onun davamçısı, Ali Baş Komandan İlham Əliyev isə "Nəyi necə və nə vaxt etmək lazımdır, mən bilirəm" deməklə və vədini yerinə yetirməklə əsl sərkərdənin necə olduğunu sübut etdi. Şükür ki, bu nailiyyətlər hədər getmədi. Bu gün Xankəndidəyik, torpaqlarımız işğaldan azad edilib.

- Sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başlayanda nə düşünürdünüz? Çünki az əvvəl haqqında danışdığımız 1994-cü ildə bağlanan atəşkəs sazişindən sonra Azərbaycanla Ermənistan arasında belə genişmiqyaslı qarşıdurma olmamışdı.

- Dünyanın heç bir yerində orduya bu dərəcədə dəstək verən ikinci bir xalq, bəlkə də, yoxdur. Əsgərlərə corab aparan, yemək daşıyan, pul göndərən və daha nələr-nələr, yəni xalqın ordunun yanında olması bizi daha ümidli edirdi. Allah şəhidlərimizə rəhmət eləsin! Mənim oğlum Xəqani də Vətən müharibəsində şəhid oldu. Düzdür, övlad itkisi çox ağırdır, amma bu gün qürur duyuram ki, mənim oğlum vətən uğrunda şəhid olub. Çünki onların sayəsində torpaqlarımız işğaldan azad edildi, vətəndaşlarımız dədə-baba yurdlarına qayıtmağa başladılar. Ümidimizi isə heç vaxt itirməmişdik, əksinə, dövlətimiz gücləndikcə inamımız daha da artırdı. Bu gün güclü ordumuz və siyasətimiz var.

- 35 ildən sonra Xankəndidə olmaq necə hissdir?

- Düzdür, bunu sözlə ifadə etmək mümkün deyil, amma şəhərə ilk dəfə daxil olanda içimdəki sevinclə yanaşı, həm də nifrət hissi oyandı. Çünki şəhəri pis hala qoymuşdular. Əvvəlcə uyğunlaşa bilmədim. Ermənilər yaşadığımız küçələri viran qoymuşdular. Özləri üçün tikdikləri də yarımtikili binalar idi. Normal adam heç vaxt elə şəraitdə yaşamazdı, amma onlar yaşayıblar. Bu gün isə bütün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri gedir, şəhərlər hər keçən gün daha da gözəlləşir. Mən bununla qürur duyuram.

- Anım Günü ilə yanaşı, həm də noyabrın 8-i Zəfər Günümüzü qeyd edirik. Artıq ərazilərimizin işğal tarixi yox, azad edildiyi günlər var. Bu, sizin üçün nə məna kəsb edir?

- Bu gün Xankəndidə mərkəzi meydanda gəzirəm, divarlara toxunuram və dərindən nəfəs alıram ki, qayıtmışam. Bizə o zaman heç göz açmağa imkan vermirdilər, indi isə öz torpağımda başıuca gəzirəm. Zəfər də elə budur. İstəyirəm ki, mən də Zəfər paradında qürurla addımlayım.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see291

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see219

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see196

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see146

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see144

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see141

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see138

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see138

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see135

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see133

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see132

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see131

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see129

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see129

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see129

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see127

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see126

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see126

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see118

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri