Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı ARTIB: Əsas faktor təhlükəsizlikdir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
2025-ci ilin yanvar-noyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 104.3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz çoxdur. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə noyabr ayında qeyd edilən regiondan ölkəyə 9.2 mindən çox xarici vətəndaş səfər edib. Bu, 2024-cü ilin noyabr ayının göstəricisini 16.1 faiz üstələyir.
2025-ci ilin noyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkədə Ukrayna, Belarus, Polşa, Macarıstan və Moldova yer alır.
Maraqlıdır, Şərqi Avropa ölkələrinin vətəndaşlarını Azərbaycanda cəlb edən əsas faktorlar nələrdir? Həmçinin, bu artım həm bu gün, həm də gələcəkdə hansı perspektivlər vəd edir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, ümumilikdə 2025-ci ildə turizm axını, gələn turistlərin sayı 2024-cü illə müqayisədə nisbətən daha az olub:
"Lakin burada regionlar üzrə vəziyyət bir qədər fərqlidir. Çünki əvvəlki illərdə, tutaq ki, Hindistandan, Pakistandan, Şərq və Körfəz ölkələrindən daha çox turist gəlirdisə, 2025-ci ildə bunun əksini müşahidə etdik. Orta Asiya, Şərqi Avropa və bəzi Orta Avropa ölkələrindən gələnlərin sayında artım baş verib. Bu rəqəmlər təkcə turistlərin ümumi sayındakı artımı deyil, həmin ölkələrlə birbaşa hava əlaqələrinin yaradılması, viza prosedurlarının sadələşdirilməsi, bəzi iri beynəlxalq tədbirlərin və layihələrin ölkəmizdə keçirilməsi ilə bağlıdır. Şərqi Avropa ölkələri ilə son dövrlərdə Azərbaycan arasında siyasi və iqtisadi yaxınlaşma, birbaşa aviareyslərin açılması bu dövlətlərdən respublikamıza səfərlərin sayına təsir edib. Həmin ölkələrdən gələnlərin sayı ümumilikdə çox deyildi, lakin hər hansı bir tədbir, layihə və ya əməkdaşlıq səfərlərin sayında artım yaradır. Hətta cüzi artım belə, ümumi statistikada faiz baxımından ciddi fərq göstərə bilir".
"Əlbəttə ki, Azərbaycan üçün turizm prioritet sahədir və biz ölkə olaraq daha çox turistin gəlməsini istəyirik. Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində Azərbaycanda mövcud olan sabitlik və təhlükəsizliyin turistlərin gəlməsi üçün əsas faktorlardan biri olduğunu qeyd etdi.
Amma buna baxmayaraq, biz hələ də turizm bazarını tam bərpa edə bilməmişik. Azərbaycanın potensialı hazırkı turist statistikasından qat-qat böyükdür. Hazırda ölkəmizə gələnlərin illik sayı təxminən 3 milyona yaxındırsa, əslində Azərbaycan üçün 5-6 milyon turistin qəbul edilməsi çox real və mümkündür. Bunun üçün müxtəlif işlər görülür, infrastruktur layihələri həyata keçirilir. 9 beynəlxalq hava limanımız var və onların gələcəkdə daha səmərəli işləyəcəyinə ümid edirik. Bu zaman biz dünyanın müxtəlif ölkələrindən, yeni bazarlardan - Çin, Mərkəzi Asiya və Avropa ölkələrindən də daha çox turist cəlb edəcəyik" - deyə, ekspert vurğulayıb.
Müsahibimiz onu da əlavə edib ki, turistlərin səfəri üçün ilkin faktor təhlükəsizlik, viza prosedurlarının asan olması və ya ümumiyyətlə olmamasıdır:
"Bundan əlavə səfərin əlverişliliyi, yəni beynəlxalq hava limanlarının, uçuş nöqtələrimizin sayının artması da vacib amildir. Ucuz aviadaşıyıcıların da regiona cəlb olunması və qiymətlərin daha əlverişli hala gəlməsi turistlər üçün vacib meyarlardan biridir".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















