Icma.az
close
up
RU
Sığorta xidmətləri hər kəsi və hamını zərərlərdən qoruyur

Sığorta xidmətləri hər kəsi və hamını zərərlərdən qoruyur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Müsahibimiz İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyevdir

– Vüsal müəllim, yerli sığorta bazarında artıq ikinci dəfədir ki, ümumi yığımlar 1 milyard manatı ötür. Bu uğurlu tendensiya fonunda ölkənin sığorta bazarının inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

– Azərbaycanın sığorta sektorunda son illər dinamik inkişaf müşahidə edilir və bu sahədə mühüm islahatlar həyata keçirilir. Ölkəmizdə icbari sığorta bazarı böyük potensiala malikdir və biz onun daha da inkişaf etməsi üçün zəruri tədbirləri ardıcıl şəkildə davam etdiririk.

2024-cü ildə Azərbaycanda icbari sığorta sektorunda aparılan islahatlar uğurlu nəticələr verib və bu, sahənin perspektiv inkişafı üçün əlverişli zəmin yaradıb. İlin yekunlarına əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 milyon 920 min 921 müqavilə bağlanıb. Həmin müqavilələrin 1 milyon 480 min 51-i standart sığorta müqaviləsi, 400 min 832-si sərhəd sığorta müqaviləsi, 50 mindən çoxu isə “Yaşıl kart” sığorta müqaviləsi olub. Bundan əlavə, il ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 186 min 949, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 18 min 946 müqavilə rəsmiləşdirilib. 2024-cü ildə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə isə 42 min 688, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 122 müqavilə bağlanıb.

Hazırda vətəndaşların sığorta məhsullarına marağının artırılması üçün tədbirlər davam etdirilməkdədir. Sığorta sektorunda innovasiya və texnologiyaların rolu böyük əhəmiyyət kəsb edir. Çünki müasir dövrdə müştərilər texnoloji həllərlə təmin olunan çevik xidmətlərə üstünlük verirlər. İcbari Sığorta Bürosu olaraq sığorta sektorunda rəqəmsal transformasiyanın həyata keçirilməsini dəstəkləyir və yeni xidmət modelləri ilə məhsulların inkişaf etdirilməsi istiqamətində fəal iş aparırıq.

Rəqəmsal həllərin tətbiqinin təşviqi və sığortalıların ehtiyaclarına uyğun innovativ məhsulların yaradılması ilə sığorta bazarının potensialından tam istifadə olunmasına töhfə verməyə davam edəcəyik. Sığorta şirkətləri də vətəndaşlar qarşısında etimad qazanmaq üçün daha innovativ məhsullar təklif etməli, texnoloji inkişafa önəm verməlidirlər.

– İcbari Sığorta Bürosu 2024-cü ili hansı yaddaqalan uğurlarla, sektorial islahatlarla başa vurub?

– 2024-cü il icbari sığorta sektoru üçün bir sıra mühüm islahatlar və innovativ layihələrlə əlamətdar olub. Ötən il həyata keçirilən islahatlar sığorta bazarının şəffaflığını artırmaq, sığorta məhsullarının əlçatanlığını genişləndirmək, elektron xidmətləri inkişaf etdirmək və vətəndaş məmnuniyyətini yüksəltmək məqsədi daşıyırdı.

Elektron xidmətlərin inkişafı istiqamətində atılan addımlardan biri elektromobillərlə bağlı onlayn sığorta prosesinin təkmilləşdirilməsi olmuşdur. Artıq elektromobil sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə əldə edə bilirlər. Bu yenilik nəqliyyat vasitələrinin icbari sığortasını daha operativ və əlçatan edib.

Ötən ilin mühüm yeniliklərindən biri də aztəminatlı şəxslərə aid daşınmaz əmlakın icbari sığortası müqavilələrinin rəsmiləşdirilməsinin təkmilləşdirilməsi olub. Bu məqsədlə İcbari Sığorta Bürosu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında məlumat mübadiləsi qurulmuşdur. Layihənin məqsədi aztəminatlı şəxslərin güzəştli icbari sığorta prosesini daha şəffaf və əlçatan etmək, bu sahədə insan amilini minimuma endirməkdir. Məlumat mübadiləsinin qurulması sayəsində aztəminatlı şəxslərin məlumatları nazirliyin informasiya bazasından İcbari Sığorta Bürosuna avtomatik ötürülür və onların güzəşt hüququ yoxlanılır. Bundan əlavə, aztəminatlı şəxslər üçün sığorta haqqının ödəniş müddəti 48 saatdan 4 aya qədər artırılıb. Bu dəyişiklik sosial həssas kateqoriyaya aid şəxslərin sığorta müqavilələrini daha rahat və planlı şəkildə rəsmiləşdirməsinə imkan yaradır.

2024-cü ilin sonlarında daha bir layihəyə start verdik. Bu, ASAN Bridge platforması üzərindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə aid veb-servislərdən istifadə edərək dəmiryol nəqliyyat vasitələrinə münasibətdə Sərnişinlərin İcbari Fərdi Qəza Sığortası müqavilələrinin rəsmiləşdirilməsini daha sürətli, effektiv və şəffaf həyata keçirmək imkanının yaradılmasıdır. Bu yenilik vasitəsilə müvafiq məlumatların elektron qaydada ötürülməsi və emalı təmin edilir. Nəticədə, bu tip müqavilələrin rəsmiləşdirilməsi daha sistemli şəkildə həyata keçirilir və potensial gecikmələrin qarşısı alınır.

Ötən il İcbari Sığorta Bürosunun fəaliyyətində əhəmiyyətli yeniliklərdən biri Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi oldu. Yeni *9707 qısa nömrəsinin istifadəyə verilməsi ilə vətəndaşlar İcbari Sığorta Bürosu ilə daha rahat və sürətli şəkildə əlaqə saxlaya bilirlər. Çağrı Mərkəzi 7 gün 24 saat fəaliyyət göstərərək Azərbaycan, rus və ingilis dillərində xidmət təqdim edir. Burada vətəndaşlar icbari sığorta növləri, “Yaşıl kart” sistemi və kompensasiya ödənişləri ilə bağlı ətraflı məlumat əldə edirlər.

Sığorta sahəsində maarifləndirmə və əhali arasında sığorta savadlılığının artırılmasını da daim diqqət mərkəzində saxlamışıq. Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilib. Sığorta savadlılığının artırılması məqsədilə müxtəlif media nümayəndələri üçün təlimlər və məlumatlandırma kampaniyaları keçirilib. Xüsusilə son 2 ildə ölkədə genişmiqyaslı sığorta festivallarının təşkili sığorta maarifləndirilməsi baxımından əhəmiyyətli olub.

2024-cü ildə bir çox vacib texnoloji layihələrin hüquqi və biznes modelləri hazırlanaraq icrası üçün təməl qoyulub. “Insurebus Gateway” infrastrukturunun yaradılması, Müstəqil ekspertlərin İcbari Sığorta Bürosu sistemi üzərindən təyin edilməsi, könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında sığorta tarixçəsinin sığortaçıya ötürülməsi, təşkilatımızın üzvü olmayan sığorta şirkətlərinə “Forma 4” sənədinin elektron təqdim edilməsi, “Open Insure Data” sisteminin yaradılması, “Yaşıl kart”ların elektronlaşması, sərhəd sığorta müqaviləsinin qeydiyyatının yenilənməsi məqsədilə yeni tpl.az platformasının yaradılması işlərinə başlanılıb. Hazırda həmin layihələrin icrası davam etdirilir.

Bununla yanaşı, sektorumuz üçün vacib əhəmiyyət daşıyan bir sıra məsələlər gündəmə gətirilib və onların icrası təmin edilir. Buna misal olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərliliyin müəyyən edilməsi və səbəblərinin araşdırılması məqsədilə sığorta şirkətlərinin aktuarlarından və İcbari Sığorta Bürosunun analitiklərindən ibarət işçi qrupunun yaradılmasını, Azərbaycana münasibətdə təbii fəlakətlər üzrə analitik modelləşmənin qurulması üçün Türkiyənin “T RUPT” şirkəti ilə danışıqlar aparılması və tərəfdaşlıq müqaviləsinin imzalanmasını göstərmək olar.

Beləliklə, 2024-cü ildə bir çox vacib layihələrin tənzimləmə qaydaları və icra mexanizmləri də hazırlanıb və onların icrası üçün təməl yaradılıb. 2025-ci ildə isə bu layihələrin real nəticələrini görəcəyik.

– 2025-ci ildə icbari sığorta bazarının təkmilləşdirilməsi istiqamətində nə kimi yeniliklərin həyata keçirilməsini planlaşdırırsınız. Ümumiyyətlə, bu illə bağlı proqnozlarınız hansı yöndədir?

– 2025-ci ili bizim üçün bir növ “InsurTech” layihələrinin tətbiqi ili də adlandırmaq olar. Çünki müasir dövrdə dünya sığorta sektoru sürətlə texnologiya əsaslı həllərə keçid edir və ölkəmizin sığorta sahəsi də bu prosesdən geri qalmamalıdır. Rəqəmsal transformasiya təkcə şirkətlər üçün deyil, eyni zamanda, sığortalılar üçün də böyük üstünlüklər yaradır. Daha rahat, daha sürətli və şəffaf sığorta xidmətlərinin təqdim olunması həm bazarın inkişafını sürətləndirəcək, həm də vətəndaş məmnuniyyətini artıracaq.

Bu ildən süni intellekt, data-analitika və avtomatlaşdırılmış sistemlər sayəsində sığorta hadisələrinin proqnozlaşdırılması daha dəqiq aparılacaq, risklər daha optimal idarə olunacaq. Artıq xaricdə rəsmiləşdirilən “Yaşıl kart” sisteminin tam elektronlaşdırılması da tamamlanıb. Bu dəyişiklik xaricdə rəsmiləşdirilən bu tip kartların əlçatanlığını artıraraq sığorta sektorunda müasir texnoloji həllərin tətbiqini sürətləndirib. İndiyədək sığortalılara təqdim olunan kağız daşıyıcılarda olan sığorta müqavilələri tamamilə elektron formata keçirilib. Eyni zamanda, yeni sistem çərçivəsində sığorta müqavilələrinin QR kod vasitəsilə yoxlanılması da mümkündür. Elektronlaşdırma prosesi sənəd saxtakarlığının qarşısını almağa və əməliyyat sürətini artırmağa töhfə verəcək.

Daha bir yenilik isə sığorta hadisəsi zamanı dəymiş zərərin qiymətləndirilməsindən narazı qalan və ya qiymətləndirilməsi qanunla müəyyən edilmiş müddətdə tamamlanmayan zərərçəkənlər üçün nəzərdə tutulub. Belə ki, zərərçəkənlər İcbari Sığorta Bürosunun informasiya sisteminə daxil olaraq onlayn qaydada müstəqil ekspert təyin edə və qiymətləndirmə prosesini izləyə biləcəklər.

Sığorta bazarı üçün olduqca faydalı hesab edilən və şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatların sığortaçıya elektron qaydada ötürülməsinə imkan verən sistemin tətbiqi də 2025-ci ildə ərsəyə gətirəcəyimiz layihələr sırasındadır. Bu layihə reallaşdıqdan sonra sığortaçılar sığorta hadisələrinin hansı şirkətdə qeydə alınmasından asılı olmayaraq şəxsin tarixçəsini müəyyən edə və xüsusilə könüllü sığortalar üzrə risk əsaslı modellər hazırlaya biləcəklər.

Bundan əlavə, İcbari Sığorta Bürosu 2025-ci ildə sığorta bazarının inkişafına və şəffaflığın artırılmasına xidmət edən daha bir mühüm layihəni həyata keçirəcək. Bu layihə çərçivəsində təşkilatımıza üzv olmayan sığortaçılara bağladıqları könüllü sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə bağlı “Forma 4” sənədlərini İcbari Sığorta Bürosu informasiya sistemi vasitəsilə elektron qaydada sorğulamaq imkanı yaradılacaq.

Yeniliklərdən danışarkən “Insurebus Gateway” layihəsini də qeyd etmək yerinə düşər. Bu layihə istər sığorta müqavilələrinin rəsmiləşdirilməsi, istərsə də sığorta hadisələrinin qeydiyyatı proseslərini tamamilə “API” servislər vasitəsilə sığorta şirkətlərinə ötürülməsini hədəfləyir. Sığorta şirkətləri icra etdikləri əməliyyatları öz biznes proseslərinə uyğun aparmaqla yanaşı, bir çox mərhələdə məlumatların verifikasiyasını sektorumuzun informasiya sistemi üzərindən apara biləcəklər.

Bununla yanaşı, sərhəd sığorta müqavilələrinin qeydiyyatının yenilənməsi məqsədilə yeni www.tpl.az platformasının yaradılması planlaşdırılır. Bu platformanın yaradılmasında məqsəd sərhəd sığorta müqavilələrinin qeydiyyatını optimallaşdırmaq və xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sahiblərinə onlayn şəkildə sığorta müqaviləsi əldə etmək imkanı yaratmaqdır. Yeni platforma ödənişlərin birbaşa sayt üzərindən həyata keçirilməsini təmin etməklə yanaşı, sərhəd keçid məntəqələrində yaranan sıxlığın aradan qaldırılmasına dəstək olacaqdır.

2025-ci ildə həyata keçirməyə başladığımız mühüm layihələrdən biri də təbii fəlakətlər üzrə risklərin modelləşdirilməsidir. Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşdiyindən daşınmaz əmlakın icbari sığortasında risklərin dəqiq qiymətləndirilməsi və potensial zərərlərin proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Türkiyənin “T RUPT” şirkəti ilə əməkdaşlıq edərək ölkəmizə uyğun “CatMod Azərbaycan” zəlzələ modelini tətbiq edəcəyik. Bu layihə sayəsində sığorta şirkətləri zəlzələdən əvvəl müxtəlif bölgələrdə mümkün şiddətdə baş verə biləcək təbiət hadisəsinin potensial zərərlərini öncədən hesablaya biləcəklər. Qurulan bu modellər nəticəsində sığortaçılar riskləri düzgün proqnozlaşdırmaqla yanaşı, beynəlxalq təkrar sığorta bazarlarına da daha rahat çıxış əldə edəcəklər.

Əlbəttə ki, 2025-ci ildə yeniliklər yalnız bunlarla məhdudlaşmayacaq. İcbari Sığorta Bürosunun informasiya sisteminin həm dayanıqlığını, həm də təhlükəsizliyini artırmaq məqsədilə yeni texnoloji layihələr icra ediləcək. Bir sözlə, bu gün atdığımız addımlar və həyata keçirdiyimiz islahatlar sığorta sektorunun dayanıqlı inkişafı və rəqəmsal transformasiyanın dərinləşdirilməsi üçün möhkəm təməl yaradır. Strateji hədəflərimiz arasında vətəndaşların maliyyə təhlükəsizliyini gücləndirmək, onları potensial risklərdən qorumaq və həyat rahatlıqlarını artırmaq üçün yeni icbari sığorta növlərinin yaradılması da yer alır. Gələcəkdə sığortalıların maraqlarını ön planda tutaraq texnoloji yeniliklər vasitəsilə sığorta xidmətlərinin keyfiyyətini daha da artıracağımıza əminəm. İcbari Sığorta Bürosu olaraq hər bir vətəndaşın sığorta xidmətlərindən rahat, sürətli və şəffaf şəkildə faydalanmasını təmin etmək üçün fəaliyyətimizi davam etdirəcəyik.

Hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see137

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see122

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri