Siyasi Qərəz və Yeni İmkanlar: Kallasın Səfəri Fonunda Azərbaycan Avropa Əlaqələri
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Təəssüflər olsun ki, Cozef Borel Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsini icra etdiyi dövrdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilirdi. O, ölkəmizə qarşı Avropada aparılan əsas anti-Azərbaycan kampaniyanın önündə gedən fiqurlardan biri idi. Doğrudur, Azərbaycan hər zaman yüksək səviyyədə Borelə cavab verib və onu yerində oturtmağı bacarıb. Lakin bu vəziyyət, ümumilikdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinə ciddi şəkildə zərər vurdu. Avropanın digər mühüm institutu olan Avropa Şurası Parlament Assambleyasında da Azərbaycana qarşı qərəzli mövqe məlumdur. Təəssüflə qeyd etməliyik ki, bu il də AŞPA-da olan Azərbaycan nümayəndə heyətinin mandatı təsdiq edilmədi”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ofisindən məlumat verilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq Baş naziri Kaja Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinin icrasına başlayıb. O, bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.
Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən nümayəndə heyətimiz hazırda Avropa Parlamentinin tədbirlərində iştirak edə bilmir və bu, Azərbaycan–Avropa münasibətlərinə ciddi maneələr yaradır.
“Halbuki, Azərbaycan hər zaman Avropa ilə tərəfdaşlığa xüsusi önəm verib. Bu münasibətlər ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır; nəzərə almaq lazımdır ki, Şərqi Avropanın bir çox ölkəsinin enerji təchizatı məhz Azərbaycanın vasitəsilə təmin olunur. Yəni, istər Avropanın enerji siyasətində, istərsə də digər sahələrdə Azərbaycan mühüm tərəfdaş kimi çıxış edir. Bütün bunlara baxmayaraq, Avropadan gözlənilən konstruktiv münasibətin şahidi olmuruq. Aprelin 25-də Avropa Komissiyasının yeni komissarı Kallasın Azərbaycana səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri şübhəsiz ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri olacaq. Qeyd etmək lazımdır ki, Kaja Kallas uzun müddət Avropa siyasətində və diplomatik dairələrdə təmsil olunub. O, Estoniyanın baş naziri vəzifəsində çalışdığı dövrdə ölkəsinin Azərbaycanla münasibətləri müsbət şəkildə inkişaf edib. Ümumilikdə, Azərbaycanın Baltikyanı ölkələrlə münasibətləri yüksək səviyyədədir. Bu baxımdan, hesab edirəm ki, Kallas baş nazir olduğu dövrdə yeritdiyi siyasəti Avropa Komissiyasının üzvü kimi də davam etdirəcək və Borel dövründə Azərbaycana qarşı sərgilənən haqsız yanaşmaların qarşısının alınması üçün səy göstərəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az


