Icma.az
close
up
RU
Sonuncu telefon zəngi

Sonuncu telefon zəngi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xosrov NATİL

Ölümündən bir neçə gün əvvəl zəng gəldi, geri çevirdim, həmişəki kimi: "Salam, Qərib müəllim, hər vaxtın xeyir".

Zəif səsdi: "Oxudum sənin hekayəni, - dedi, - elə bildim... oxuyuram (nöqtələrin yerinə adını çəkmədiyim ünlü bir yazıçının adıdı, bu, təvazökarlığa yozulmalıdı). Şəfa Vəlinin "Yaz dədə, yenə yaz" yazısına kövrək səslə münasibət bildirdi. Və sonda: "Sən nə yaxşı ki, bizim institutu bitirməmisən" - dedi. Gəncə Dövlət Universitetini nəzərdə tutur, elə bilirəm, yazılarımın mövzü müxtəlifliyinə işarə edirdi. Yaddaşında bir pərakəndəlik hiss edilirdi son vaxtlar.

Hər hansı yazısı çap edilməyəndə içdən inciməyi vardı, hərdən də "heç kimi qınamalı deyil, yaşamaq çətinləşib" deyirdi. Bilirdim nəyə işarə edir. Hətta yazılarının çapı aylarla gecikirdi və elə bilirəm ki, inciməkdə haqlı idi. Ağzımızın içində olan redaksiyaların bizə olan münasibətində bir laqeydlik vardı, o da olsun 400 km uzaqlıqda ötən yüzilliyin yazı makinasının səsinə gün qazanan qərib bir yazıçının məqaləsi, hekayəsi. Amma deyim ki heç vaxt yazılarının çapı üçün təkid etmirdi. Utanırdı. Utancaq idi. 60-da da beləydi, 70-də də belə gördüm, 80-də də, 85-də də. Çap üçün kimsədən xahiş etməzdi. Bircə dəfə sədrə çatdırdı ki mənim yazılarımı ya çap etmirlər, ya da gec çap edirlər. Amma sədri olduğu "İlham"ın köynəyindən çıxan birlik üzvlərinə hər gün AYB-nin ədəbi orqanlarının bütün redaksiyalarında rəsmi işdə və ya redaksiyaların foyelərində rast gəlmək olardı.

Bircə dəfə qəlbən sevindi, 80 illik yubileyi Bakıda AYB-nin Natəvan klubunda keçiriləndə. Bu təşəbbüs üçün Ramiz Rövşən və Rəşad Məcidə təşəkkür etməyi də unutmurdu. O gün Seyran Səxavət və Əjdər Olun da mənəvi və maddi dəstəyini tez-tez xatırladırdı.

Elçin İsgəndərzadənin aparıcılığı ilə Qərib Mehdinin 80 illik yubileyi ilk olaraq Bakıda, AYB-nin Natəvan klubunda keçirildi. Bu, bir tarixdir, amma bu tarixi tədbirin çox xırda detalları da var. Fikrət Qocanın, Nəriman Həsənzadənin (Anar Moskvada, Ramiz Rövşən Türkiyədə idi), Sabir Rüstəmxanlının, Seyran Səxavətin, Vaqif Yusiflinin... Qərib Mehdi haqqında fikirləri çox maraqlı idi.

Həmin gün Qərib müəllimin 80 illik yubiley dastanının "Bakı fəsli", özünün yazdığı kimi, "Çanaqqala" restoranında "badə döyüşləri" ilə sona çatdı.

Oxunmayan təbriklər

Amma 80 illik tədbirin Gəncədə keçirilməsi qərarı 2 il sonra gecikməklə şəhər rəhbərliyinin vədi nədənsə (?) yerinə yetirilmədi. Yazıçı taleyinin qisməti bu idi; Şəhərin bütün aidiyyəti qurumlarına yubiley tədbirinin keçirilməsi tapşırığı verildi, hazırlıqlar başlandı hər şey hazır idi, reklam, bukletlər, dəvətnamələr, teatrlaşmış səhnə hazırlığı, yerli filarmoniyanın məşqləri də başa çatmışdı, AYB Gəncə bölməsinin hədiyyəsi və sair - bu, 1 il sonra idi, 81 yaş keçdi, növbəti il gəldi - 2018-ci il, bütün yaradıcı qüvvələr öz hədiyyə təklifləri ilə, fəxri fərmanları, təbrik teleqramları və nə lazımsa, yubiley günü gözlənilirdi, axı yüksək səviyyədə qərar verilmişdi. Və nəhayət, küçədə AYB-nin Gəncə bölməsinin xətti ilə "daha yubiley olmadı" xəbəri yubileylər haqqında onun müsbət təsəvvürlərini alt-üst etdi. Yadda qalan isə təkcə özünün arxivində saralan, oxunmamış teleqramlar, təbriklər, xoş arzularla dolu məktublar oldu:

İlk təbrik Yazıçılar Birliyindən gəlmişdi ("Ədəbiyyat qəzeti", 18 iyun 2016-cı il), sonra Rəşad Məcid, Çingiz Abdullayev fərdi olaraq təbrik məktubları göndərmişdilər. Lerikdən rayon Ağsaqqallar Şurasının sədri, əməkdar jurnalist Həmzə Vəliməmmədov, AYB üzvləri, Xosrov Natil, Valeh Bahaduroğlu, AMEA-dan elmlər doktoru Vahid Fərzəliyev teleqramda xoş arzularını bildirmişdilər. Həmin oxunmayan məktublardan bir nümunəni təqdim edirəm.

"Əzizim Qərib!

Səni, 80 yaşlı, şair ruhlu yazıçı dostumu ürəkdən təbrik eləyirəm. Bu 80 yaşın azı 50 ili bizim dostluğumuzun payına düşür. Keçən il biz Bakıda görüşəndə səni 50 il bundan əvvəlki kimi şux, fikri, düşüncəsi aydın, ürəyi yazıb-yaratmaq eşqiylə dolu görəndə çox sevindim.

Sənin bütün ömrün və yaradıcılığın vətənimizin ikinci böyük şəhəri qədim Gəncəyə bağlı olsa da, paytaxtda yaşayan qələm sahibləri ilə müqayisədə sən heç vaxt ikinci dərəcəli yazıçı olmamısan. Sənin adın, uzun illərdi ki, rəhmətlik Altay Məmmədovla yanaşı, Nizami yurdu Gəncənin ədəbiyyatımıza bağışladığı ən ciddi yazıçı imzalardan sayılır. Sənə bundan sonra da uzun illər yaşayıb - yaratmağı poetik ruhlu nəsr əsərlərinlə səni sevən oxucuları sevindirməyi arzulayıram. Köhnə dostun, Ramiz Rövşən".

Beləcə, bu təbriklərin sırasında professor Qəzənfər Paşayevin dost arzuları xüsusi yer alırdı. Bu təbriklər yazıçının "Yubileynamə" ("Elm və Təhsil", 2018) kitabında xatırlanır.

Bu kitabın birinci hissəsində müəllif yazır: "Mən yubiley savaşı aparmıram. Mən taleyimi yazıram. Taleyindən qaçan yazıçı özündən qaçmış sayılır".

Zəng edirəm, Əvvəl-əvvəl hal-əhval və ədəbi danışıqlar, sonra dostlar haqqında sorğular. Daha sonra "Elçin İsgəndərzadə şəhərdədirmi?" soruşanda sözlərindəki məsumluq telefondan da sezilir. O, tələbələrini çox sevir. Tələbələrinin isə sayı az deyil - deputat da var, müəllim də, müdir də - hamısı da ədəbiyyat adamı, söz sahibidir. Qərib müəllimin bu gün "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə... neçə dürlü qəzet və jurnallarda çalışan, "İlham" ədəbi birliyinin şinelindən çıxmış uşaqları.

Sonra 85 illik yubiley yaşı gəldi. 2021-ci il. "85 yaşın qəribçiliyi" adlı yubiley yazısı ilə təbrik etdim.

Daha bir telefon zəngi: "Salam, Qərib müəllim, hər vaxtınız xeyir olsun".

Hal-əhvaldan sonra "Bir-iki günə Gəncədə olacağam, yəqin görüşərik" - deyib telefonu söndürürəm.

Pandemiya səbəbindən, axırıncı dəfə Gəncədə olmağımdan bir ildən artıq vaxt keçib.

Yayın son günlərindən birində Qərib müəllimlə Xan bağında görüşürük. Yerişində bir ləngər, ağayanalıq var. Üzünün nuru, bənizindəki məsumluq yerindədir.

Çayxanada oturub müxtəlif mövzulardan danışırıq, bütün tələbələrini soruşur, salam göndərir. Bu ara Kərim Kərimlinin ünvanına xoş sözlər söyləyir, məlum olur ki, Qərib Mehdinin bir hekayəsi 44 günlük Vətən müharibəsinə aid 44 ədəbi nümunə toplu kitabına daxil edilib və çap edilib.

Söhbətləşib ayrılırıq. Ertəsi gün şair Əbülfət Mədətoğluya telefon açıram. Sən demə, Qərib Mehdi haqqında yazısı artıq hazırmış. İlk təbrik yazısı də elə Əbülfət Mədətoğlunun "Ədalət" qəzetində çap edilən "Gəncədəki halal kişi" məqaləsi olur.

Sonra "Ədəbiyyat" qəzeti yubilyarın ünvanına təbrik ünvanlayır. Sonra AYB sədri Anarın Qərib Mehdiyə məktubu çap olunur.

lll

İsti yay günlərindən biridir, Bakının xudmani kafelərindən birində oturmuşuq. Şair Əlisəmid Kür Qərib Mehdidən söz salır, onun şərəfinə badə qaldırır, arzusunu dilə gətirir. "Qərib müəllimin 90 illik yubileyini elə bu balaca kafedə qeyd edəcəyik" - deyib arzusunu telefon vasitəsi ilə Qərib müəllimin diqqətinə çatdırır və badəni xoşluqla başına çəkir: "85 yaşın mübarək olsun, Qərib müəllim".

Çox təəssüf ki, indi nə Əlisəmid Kür var, nə də Qərib Mehdi. "Xudmani" kafesini isə çoxdan söküblər.

lll

2025-ci il, payız gəldi, Gəncəyə soyuq yağışlar yağdı, sevimli qadınının təptəzə məzarına da, Qərib Mehdinin adına olan bütün rəngli və rəngsiz kağız parçalarına da yağdı, yağdı, hər şeyi saraldıb Gəncə tarixinin utanclı bir səhifəsinə atdı. O səhifəyə ki, Seyid Əzim Şirvani Nizami Gəncəvinin qəbri üstündə acı-acı demişdi:

Ey şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan...

Və indi də mənə elə gəlir ki, onsuz da Qərib Mehdi bu dünyada bütün yaşlarında qəribdi.

lll

2026-cı ilin ilk ayıdı, yanvarın soyuq günləri qardaşıma Qərib Mehdinin səhhəti ilə maraqlanıb mənə xəbər etməyi tapşırıram. Həmin 20 yanvar günü günorta yanından mənə zəng edir, yaxşıdı deyir, oksigen qəbul edir, danışırlar, yenə məni soruşur, bir xatirə yazısını xəbər alır. Üzü axşama sosial şəbəkədən acı xəbər gəlir. Xəstəliyim üzündən Gəncəyə gedə bilmirəm, qardaşımın telefon zəngindən məlumatlar alıram...

lll

Hərdən elə bilirəm ki, yenə bir sabah telefon açacağam, həmişəki kimi deyəcəyəm: "Salam, Qərib müəllim, hər vaxtınız xeyir olsun".

Sonra 90 illik yubileyi münasibətilə təbrik edib, sağlamlıq və yaradıcılıq uğurları arzulayacağam, deyəcəm ki: "Qərib müəllim, "İlham" ədəbi birliyinin ilk və şəriksiz rəhbəri kimi Sizin fəaliyyətiniz Gəncə ədəbi mühitinə yeni nəfəs gətirdi və bütün bunlar danılmazdır. Bu münasibətlə Nizami yurdunun oxucularını - ədəbiyyatsevər gəncəliləri təbrik edirəm".

Və pis-yaxşı bu misraları pıçıldayıram:

Soyuq torpağın bəridi

Cavidin Sibir yeridi

Qəbrin min ilin qəbridi

Məzarını qar bürüdü, dədə.

Bu qəbiri qazana bax

Bu qurana, əzana bax

Qapıya, darvazana bax

Dərd üstünə dərd yürüdü, dədə.

Kimə deyim, bu dərdi, ha -

Unutdum sən dura-dura

Salam denən Bahadura

Yaradanın əmiridi, dədə.

Qərib eldən gəldin açıq,

Dur gəl indi qapıya çıx

Şumun təzə, vərindi çağ

Bu vər Tanrı vəridi, dədə.

Dədə Qərib, kim sınana,

Göz dikdilər ad-sanına

Nə qalmışdı doxsanına

Bu yaş, halal sinnindi, Dədə.

Mənə şeir yazmağı Qərib öyrətdi

Mənə müəllimlərim dil öyrətdilər

İsim öyrətdilər, feil öyrətdilər

"Şeir sənlik deyil, bil" öyrətdilər

Mənə şeir yazmağı Qərib öyrətdi.

Dilini öyrəndim hər dürüst yolun

Allahın dilbilməz ağacın kolun

Dedilər, sonu yox sən girən kolun

Mənə şeir yazmağı Qərib öyrətdi.

Öyrəndim çox şeyi, yaxşını pisi

Uzaqdan yaxından aldım bu dərsi

Gördülər öyrətmək çətindir tərsi

Mənə şeir yazmağı Qərib öyrətdi.

Ağlımda-canımda nə görmüşdüsə

Qafamda-qabımda nə görmüşdüsə

Görüb inanmışdı nə görmüşdüsə

Mənə şeir yazmağı Qərib öyrətdi.

Hərdənbir yoruldum - dözümdən iraq

Bəzən oğurlandım gözündən iraq

Allahım, şeirin üzündən iraq

əstəgfürullah

Mənə şeir yazmağı Qərib öyrətdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see219

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see170

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see169

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see167

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see166

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see166

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see165

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see165

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see162

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see161

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see161

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see156

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see154

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see152

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see151

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see151

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see150

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see145

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see142

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri