Sosial media trendi iqtisadi gücə çevrildi: Koreya kosmetikasının yüksəlişi
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İlbizdən hazırlanan zərdabların bütün dünyada dəriyə qulluq rutinlərinin ayrılmaz hissəsinə çevriləcəyini kim təsəvvür edərdi? Yaxud "Jeju” deyildikdə ağlımıza ada yox, göz altı kremi gələcəyini kim düşünərdi?
"K-beauty" adı ilə də tanınan Cənubi Koreya kosmetikası qlobal miqyasda yayıldıqca ilbiz zərdabı (serum) kimi məhsullar vanna otaqlarımızda daha tez-tez görünməyə başlayıb. Məsələn, bu zərdab "TikTok”da yayıldıqdan sonra istehsalçısına böyük gəlir qazandırıb.
Qaynarinfo xəbər verir ki, "CosRX” kiçik bir kosmetika şirkəti ikən qlobal miqyasda böyüyən Koreya markalarından yalnız birinə çevrilib. Şirkət son illərdə Cənubi Koreyanın ən böyük kosmetika istehsalçısı olan "Amorepacific” tərəfindən satın alınıb.
Bu yapışqan zərdabın sürətlə yayılması əslində Koreya kosmetikasının necə nəhəng uğurlar qazandığının da göstəricisidir. Qüsursuz görünüşə ciddi təzyiqin olduğu və rəqabətin yüksək səviyyəyə çatdığı Cənubi Koreyada kosmetika sektoru ölkənin ən böyük sənaye sahələrindən birinə çevrilib. Sektorun viral sosial media məzmunları və trendləri ilə qidalandığını ayrıca qeyd etməyə ehtiyac yoxdur.
Təkcə Cənubi Koreya deyil, bütün dünya "K-beauty"yə eyni dərəcədə maraq göstərir. Kosmetika sektorunun "K-pop" və Koreya seriallarını qlobal fenomenə çevirən Koreya dalğasının bir hissəsi olduğu nəzərə alınsa, bu maraq təəccüblü deyil.
Bu gün iri beynəlxalq kosmetika mağazalarından tutmuş adi market rəflərinədək hər yerdə Koreya mənşəli dəriyə qulluq məhsullarına rast gəlmək mümkündür. Cənubi Koreya 2025-ci ilin ilk yarısında müasir kosmetikanın vətəni sayılan Fransanı geridə qoyaraq gözəllik məhsulları ixracında dünyanın ikinci ən böyük ölkəsi olub. Birinci yerdə isə Amerika Birləşmiş Ştatları qərarlaşıb.
"TikTok”, "Instagram” və "YouTube” platformalarında "Korean skincare” axtarışı etdikdə, bəziləri milyonlarla izləyiciyə malik influencer-lər tərəfindən hazırlanmış saysız-hesabsız videolarla qarşılaşmaq qaçılmazdır. Bu videolarda influencer-lər "şüşə dəri”, parça maskalar və ilbiz zərdabı kimi anlayışlar ətrafında formalaşan məhsul təqdimatları, qutu açılışları və hazırlanma proseslərini nümayiş etdirirlər.
ABŞ mərkəzli Koreya kosmetikası markası "Krave Beauty”nin qurucusu və influencer Liah Yu BBC-yə açıqlamasında bildirib ki, bazarda çoxlu məhsul və marka var və istehlakçı kimi onlara daim məruz qalırsınız: "Bazar olduqca doymuş və rəqabətlidir”.

Yüksəlişin arxasında duran formul
"K-beauty"nin arxasında son dərəcə sərt innovasiya tempi dayanır. Demək olar ki, hər bir neçə ayda yeni formula ortaya çıxır və bu formula sosial medianın növbəti maraq obyektinə çevrilir. On addımlı qulluq rutinləri, nəmləndirici gecə maskaları və qızılbalıq sperması kimi qeyri-adi tərkiblər bir vaxtlar qəribə və xoşagəlməz hesab edilirdi.
Bu gün isə dünyanın dörd bir tərəfindəki vanna otaqlarında bu tip məhsullar mövcuddur. Bu dəyişimin mərkəzində sosial media dayanır. Seulda satılan məhsullar ABŞ, Böyük Britaniya, Hindistan və Avstraliyanın "TikTok” və "Instagram” lentlərində görünür.
Digər tərəfdən, gözəllik anlayışlarının xüsusilə gənclər üzərindəki sosial təsiri ilə bağlı narahatlıqlar da artır. Mütəxəssislər bildirirlər ki, internetdə davamlı şəkildə gözəllik məzmununa məruz qalmaq narahatlığı və həddindən artıq istehlakı təşviq edə bilər.
"Amorepacific”in baş icraçı direktoru Kim Sınq-hvan sosial mediadan həddindən artıq və yanlış istifadənin əks reaksiya yarada biləcəyini bildirdiklərini qeyd edərək deyib: "Brendlər onlayn platformalardan necə istifadə etdikləri mövzusunda diqqətli tarazlıq qurmalıdırlar”.
Sektor Qərb mənşəli transmilli şirkətləri də əhatə etdikcə bu çətinliklərin daha da artacağı şübhəsizdir. "L'Oréal” ötən il "Dr. G” markasına da sahib olan bir holdinqi öz tərkibinə qatıb. Şirkət bu addımın effektiv və münasib qiymətli "K-beauty" məhsullarına artan tələbi qarşılamaq məqsədi daşıdığını açıqlayıb.
Digər qlobal şirkətlər də "centella asiatica” (cica) və düyü suyu kimi Koreya markaları ilə eyniləşən məşhur tərkibləri öz məhsul çeşidlərinə getdikcə daha çox daxil edirlər. Cənubi Koreyadakı iri kosmetika şirkətləri isə əsasən ölkənin ən güclü holdinqlərinin tərkibində fəaliyyət göstərir.
"Amorepacific” yerli bazarın təxminən yarısına nəzarət edir. Portfelində "Sulwhasoo” kimi premium brendlərdən tutmuş "Laneige” kimi qlobal kütləvi bazara yönələn və ya ekoloji prioritetləri olan "Innisfree”yə qədər geniş çeşid mövcuddur. Buna baxmayaraq, holdinq yeni ideyalar üçün kiçik müstəqil brendlər axtarışını davam etdirir.
Kim bildirib ki, qurucu komanda və "CosRX” ilə birlikdə innovasiya formullarını və istehlakçı ehtiyaclarına daha sürətli cavab vermə yollarını öyrənirlər və bu təcrübə artıq təşkilata daha geniş şəkildə inteqrasiya olunub.
"Amorepacific” ötən il 3,2 milyard dollar dövriyyə əldə edib. Digər iri holdinqlərdən "LG Household & Health Care” isə 2,1 milyard dollarlıq satış qeydə alıb.
Sektorun miqyası Cənubi Koreyanın ixrac göstəricilərində də aydın görünür. 2025-ci ilin ilk yarısında kosmetika ixracı 15 faiz artaraq 5,5 milyard dollara çatıb və rekord səviyyə müəyyənləşdirib. Artımın əsas dayağı ABŞ və Avropadakı güclü satışlar olub. Ölkə illik kosmetika ixracında 10 milyard dollar həddini keçməyə yaxınlaşır.

Yaponiyada dəriyə qulluq, Avropada parfümeriya satılır
Kimə görə, hər ölkənin müştəri profili fərqlidir: "Yaponiya, Koreya və Çin kimi ölkələrdə insanlar qüsursuz dəriyə sahib olmağa daha çox önəm verirlər. Avropada əsas maraq parfümeriyaya, ABŞ-da isə makiyaja yönəlib”.
Onun sözlərinə görə, Qərb istehlakçıları arasında iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın və günəşə məruz qalmanın artması daha gənc görünən dəriyə və günəşdən qorunmaya marağı gücləndirib.
Rəqabətə ayaq uydurmaq mümkündürmü?
Cənubi Koreyada təxminən 30 min kosmetika markası mövcuddur. Bu markalar artan tələbi qarşılamaq üçün tədqiqat, formula hazırlanması və istehsalla məşğul olan "orijinal inkişaf istehsalçıları” (ODM) tərəfindən dəstəklənir.
Böyük şirkətlər bəzi istehsal xətlərini kənardan təmin edərkən, kiçik şirkətlər sürətli hərəkət etmək və xərcləri azaltmaq üçün ODM-lərə güvənir.
"Cosmax” bu ODM-lərdən biridir. Ölkənin ən iri istehsalçılarından olan şirkət Cənubi Koreya, Çin, ABŞ və Cənub-Şərqi Asiyadan tədarük etdiyi məhsulları 4 500 brendə satır. Şirkət 2024-cü ildə Cənubi Koreyanın 10 milyard dollarlıq kosmetika ixracının dörddə birindən çoxunu təkbaşına həyata keçirib. Məhsullar ideya mərhələsindən istehsala altı ay kimi qısa müddətdə keçə bilir. Qərb brendlərində isə bu proses bir ildən üç ilə qədər uzanır.
Avtomatlaşdırma da xərclərin azaldılmasında mühüm rol oynayır. BBC-nin reportajında Seul yaxınlığındakı bir "Amorepacific” zavoduna edilən səfərdən bəhs olunur. Bildirilir ki, zavodda az sayda işçi çalışır və onlar əsasən "Laneige”in nəmləndirici gecə maskasının və "CosRX”in C vitamini zərdabın qablaşdırılmasına nəzarət edirlər.
Sürətin əvəzi
Avtomatlaşdırma xərcləri azaltsa da, sürətin öz qiyməti var. Sektordakı güclü rəqabət mənfəət marjlarının aşağı, iflas edən şirkətlərin sayının isə yüksək olmasına səbəb olur.

Sidni Svini "Laneige"in qlobal reklam siması
Cənubi Koreya hökumətinin məlumatına görə, son illərdə 8 800-dən çox kosmetika markası bazarı tərk etmək məcburiyyətində qalıb. Liah Yu bu barədə deyib: "Cənubi Koreyada çox sürətlə marka yaratmaq üçün lazımi infrastruktur var, lakin markanı uğurla böyütmək tamam başqa məsələdir. Bu, şirkətinizin dəyərləri, sizin şəxsiyyətiniz və məhsullarınızın bazarda nə dərəcədə fərqləndiyi ilə bağlıdır”.
Artıq məşhur dəstəyi də kifayət etmir
Rəqabət artdıqca brendlər şəffaflıq, tərkib və məhsulun effektivliyi mövzularında daha ciddi təzyiqlərlə üzləşirlər. Bu nöqtədə məşhurların dəstəyi də yetərli olmur.
Məşhur gözəllik influencer-i Mia Çen bildirib: "Artıq təkcə böyük brendlərin məhsullarını almırıq. Eyni zamanda məhsulun tərkibi və nə işə yaradığı barədə də danışırıq”.
Çin artıq ən böyük alıcı deyil
Sektor dəyişən bazar şərtləri ilə də formalaşır. Vaxtilə Yaponiya və Cənubi Koreya məhsullarına böyük maraq göstərən Çin artıq ən böyük alıcı mövqeyində deyil. Ölkədə yerli brendlər getdikcə daha çox güclənir.
Kim qeyd edib ki, 80 ildən sonra ilk dəfə ötən il "Amorepacific”in Şimali Amerika satışları Çini ötüb. Şirkət Yaponiya, Avropa, Hindistan və Yaxın Şərqdə də artım gözləyir.

Cənubi Koreya kosmetika şirkətləri üçün ABŞ hələ də əsas bazardır, çünki ən çox kosmetikanı Koreyadan idxal edən ölkə məhz ABŞ-dir. Lakin ABŞ prezidenti Donald Trampın Cənubi Koreyadan idxala tətbiq etdiyi 15 faizlik gömrük rüsumu müəyyən qeyri-müəyyənliklər yaradıb.
Cənubi Koreyanın ən böyük kosmetika mağazalarından biri olan "Olive Young” ABŞ-dən verilən sifarişlərə 15 faiz gömrük rüsumu əlavə etməyə başlayıb. Şirkət bu il ABŞ-də ilk mağazasını açmağı planlaşdırır. "Amorepacific” isə qiymət artımlarını yalnız "Sephora” və "Walmart” kimi pərakəndə tərəfdaşlarla aparılan danışıqlardan sonra və vəziyyətə uyğun olaraq dəyərləndirəcəyini bildirib.
Digər tərəfdən, yerli şirkətlər ötən ay "K-beauty"ni milli miqyasda strateji aktiv kimi tanıyan və istehsal ilə idxalı dəstəkləyəcəyini vəd edən Cənubi Koreya hökumətinin dəstəyini alırlar. Bu isə viral trend kimi başlayan və bu gün iqtisadi gücə çevrilən sektora olan inamın göstəricisi kimi qiymətləndirilir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















