Icma.az
close
up
RU
“Sosial şəbəkələrdə olmağımın məqsədi var” Rektorla MÜSAHİBƏ

“Sosial şəbəkələrdə olmağımın məqsədi var” Rektorla MÜSAHİBƏ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elmar Qasımov: “BANM daha çox imicə işləyir” deyənlərlə razı deyiləm
Ali təhsil sistemində aparılan islahatlar, ixtisaslaşmanın dərinləşdirilməsi və kadr hazırlığında yeni yanaşmalar daim diqqət mərkəzindədir. Universitetlərin bu proseslərə necə uyğunlaşması və prioritetlərini hansı istiqamətdə müəyyənləşdirməsi aktual məsələlər sırasındadır. Bakı Ali Neft Məktəbinin (BANM) fəaliyyəti və qarşıdakı dövr üçün planları da bu kontekstdə maraq doğurur.

Bu məsələlər ətrafında BANM-in rektoru Elmar Qasımov AzEdu.az-a geniş müsahibə verib.

Modern.az həmin müsahibəni təqdim edir:

- 2011-ci ildə Bakı Ali Neft Məktəbi yarandığı gündən rektor vəzifəsini icra edirsiniz. Bu vəzifəyə gələndə cəmi 39 yaşınız var idi. Maraqlıdır, 14 il əvvəl qarşısınızda duran əsas vəzifə nə idi, indi nədir? Ötən 14 ildə BANM sizi necə dəyişdi?

- Artıq 2025-ci ilin son günlərini yaşayırıq, yeni ilin ilk addımlarını isə demək olar ki, hiss edirik.

Sualınıza cavab olaraq bildirmək istərdim ki, BANM son 14 ildə dəyişmək yox, yaranmaqla böyük nəticələrə imza atıb. Adətən dəyişiklik uzun illər fəaliyyət göstərən ali məktəb və ya müəssisələrdə müşahidə olunur. Lakin biz sıfırdan yaranaraq, bu gün gördüyünüz uğurlara və yüksək göstəricilərə nail olmuşuq.

Təbii ki, ali məktəbin yarandığı gün ilk vəzifəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizə göstərdiyi etimadı doğrultmaq və qarşıya qoyulan öhdəlikləri yerinə yetirmək idi. Çünki cənab Prezident tərəfindən yeni nəsil universitet konsepsiyasına uyğun olaraq yaradılan BANM-in əsas missiyası müasir təlim texnologiyalarına əsaslanan tədris proqramları ilə mühəndislik ixtisasları üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq idi. Missiyamız ingilisdilli, yüksək bacarıqlara və praktik biliklərə sahib mütəxəssislərin beynəlxalq tədris standartları əsasında yetişdirilməsi ilə ölçülürdü. Əsas hədəfimiz də bu etimadı doğrultmaqdan ibarət idi.

Bu 14 illik yol ali məktəb quruculuğu baxımından qısa müddət hesab olunsa da, geri dönüb baxanda əldə olunan nailiyyətlərin miqyası görünür. Dünyanın nüfuzlu universitetlərinin tarixinin yüz illəri əhatə etdiyini nəzərə alsaq, Azərbaycan universitetləri arasında 80-100 illik tarixi olan ali məktəblərin olduğunu görərik. Onlarla müqayisədə 14 il çox qısa zaman kəsiyidir. Amma bu qısa müddətdə BANM sözün əsl mənasında yerli təhsil brendinə çevrilə bilib. İngilisdilli tədris, müasir proqramlar əsasında mühəndis hazırlığı ilə seçilən ali məktəb statusunu qazanıb.

BANM artıq beynəlxalq təhsil məkanında tanınır. Universitetimizin məzunları dünyanın nüfuzlu universitetlərində magistratura və doktorantura təhsili alır, həm yerli, həm də beynəlxalq şirkətlərdə, transmilli korporasiyalarda uğurla fəaliyyət göstərirlər. SOCAR-ın tərkibində olan sənaye universiteti kimi BANM milli iqtisadiyyatın aparıcı sahələri üçün yüksəksəviyyəli kadr hazırlığı həyata keçirməklə yanaşı, beynəlxalq şirkətlərə də rəqabətqabiliyyətli mütəxəssislər yetişdirir.

Beləliklə, BANM bu illər ərzində yeni yaranan universitet statusundan çıxaraq daha sanballı, nüfuzlu və gənclərin arzuladığı ali məktəbə çevrilmişdir.

- Az əvvəldə qeyd etdiyiniz kimi, 2025-ci ilin bitməsinə son günlər qalıb. Bilmək istərdik ki, 2025-ci il BANM üçün necə yadda qaldı? Hədəflərinizdən hansılarına çatdınız, hansılarına hələ çatmaq lazımdır?

- Bakı Ali Neft Məktəbi hazırda iki böyük kampusda fəaliyyət göstərir. Biri Bibiheybətdə, digəri isə Ağşəhərdə yerləşir. Möhtərəm cənab Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci ildə Qafqazın ən gözəl kampuslarından biri hesab olunan Bibiheybət kampusu istifadəyə verilib.

2025-ci il bizim üçün xüsusilə uğurlu il olub və bu uğurları mərhələli şəkildə diqqətinizə çatdırmaq istərdim.

Ən böyük nailiyyətlərimizdən biri ali məktəbimizin nəzdində Rəqəmsal Biliklər Liseyinin fəaliyyətə başlamasıdır. Bu liseydə ingilis dili yüksək səviyyədə tədris olunur və İT istiqamətləri üzrə ixtisaslaşma həyata keçirilir. Deyə bilərəm ki, ölkəmizin orta təhsil məkanına yeni bir konsepsiya ilə formalaşmış lisey daxil olub. Fərqli cəhət odur ki, universitetimizin professor-müəllim potensialı liseyin inkişafına dəstək verir. Texniki biliklərin tədrisinə üstünlük verən bu təhsil müəssisəsi fəaliyyətinin ilk ilində yüksək nəticələr göstərən şagirdlərin seçimi olub. Belə ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında ölkə üzrə ən yüksək bal (62.75) toplamış şagird məhz Rəqəmsal Biliklər Liseyini seçib. Bu seçim BANM-in illər ərzində formalaşdırdığı nüfuz və etimadın göstəricisidir.

İkinci böyük uğurumuz isə ondan ibarətdir ki, ölkədə ən yüksək bal toplayan abituriyentlərin seçimində lider mövqeni qoruyub saxlamışıq. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, ölkəmizin ali təhsil müəssisələri arasında ən yüksək balla qəbul olunan tələbələrin seçimi üzrə BANM birinci yerdədir. Bu il 102 Prezident təqaüdçüsündən 36 nəfəri Bakı Ali Neft Məktəbini seçib və bu, ölkə üzrə rekord göstəricidir. Mənə tez-tez “siz yüksək bal toplayanları seçirsiniz” deyirlər. Mən isə hər zaman bildirirəm: biz tələbəni seçmirik, tələbə bizi seçir. Əgər tələbə öz ailə üzvlərini, qohumlarını, dostlarını bizim ali məktəbə yönəldirsə, bu ən böyük keyfiyyət indikatorudur.

Qəbul planımız üç dəfə artsa da, planın 100% dolması ənənəsi hələ də davam edir. Bu il iki yeni ixtisas: Data analitikası və Maliyyə ixtisasları tədris olunmağa başlayıb. Data analitikası üzrə orta qəbul balı 658, Maliyyə üzrə isə 653 olub və yalnız Maliyyə ixtisasında 12 Prezident təqaüdçüsü təhsil alır. Bu isə tələbələrin yeni açılan ixtisaslara BANM markasına olan etimadla müraciət etdiyini göstərir.

İlk illər yalnız I ixtisas qrupu üzrə qəbul həyata keçirən Bakı Ali Neft Məktəbi artıq II ixtisas qrupu üzrə də lider mövqedədir. Bu il Dövlət Məşğulluq Agentliyinin açıqladığı statistika da bunu təsdiqləyir: işlə təmin olunan məzunların sayına görə ölkədə birinci yerdəyik.

BANM həm də startaplar və innovasiyalar universiteti kimi tanınır. 2025-ci ildə tələbələrimiz tərəfindən 30-dan çox startap layihəsi təqdim olunub, 20-dən çox hakatonda qalibiyyət əldə olunub. Bu il də Bakı Ali Neft Məktəbi “Teknofest 2025”də ən güclü ali məktəb elan olunub. Şimali Kipr və İstanbulda keçirilən festivalda komandalarımız ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat qazanıblar. Bu nəticə ölkə üzrə misilsizdir.

Universitetin beynəlxalq əlaqələri də genişlənir. 2025-ci ildə əcnəbi tələbələrin sayında 67% artım qeydə alınıb. Hazırda 25 ölkədən tələbə BANM-də təhsil alır. Ali məktəb ilk dəfə olaraq tədris proqramlarının ixracına başlayıb və Özbəkistan universitetləri ilə ikili diplom proqramı həyata keçirilir. 16 özbək tələbə Kimya mühəndisliyi ixtisası üzrə təhsil alaraq həm BANM-in, həm də öz universitetlərinin diplomunu əldə edəcək.

Eyni zamanda Konqodan olan tələbələrin də ali məktəbimizdə təhsil alması mühüm nəticələrdəndir. SOCAR və Konqo Milli Neft Korporasiyası arasında imzalanmış memorandum əsasında hazırda Bakı Ali Neft Məktəbində 17 konqolu tələbə təhsil alır. Onlardan 9 nəfəri bu il qəbul olan tələbələrdir. Onlar məzun olduqdan sonra həmin ölkənin neft sənayesində fəaliyyət göstərəcəklər.

2025-ci ildə BANM-in bütün akademik proqramları Almaniyanın ASIIN agentliyi tərəfindən beynəlxalq akkreditasiyaya cəlb olunub. Ali məktəb ilk dəfə iştirak etdiyi “Times Higher Education (THE) Impact Rankings 2025” reytinqində yüksək nəticə göstərərək ölkə üzrə 2-ci, dünya üzrə isə 801-1000-ci yerlər intervalında qərarlaşıb.

Bütün bu nailiyyətlər bir ili əhatə edir. Hər bir uğurun arxasında böyük zəhmət, enerji, peşəkarlıq və fədakarlıq dayanır. 2025-ci il Bakı Ali Neft Məktəbinin tarixinə inkişaf və uğur ili kimi daxil olub.


- Tədris, beynəlxalqlaşma və kadr hazırlığı istiqamətində çatmaq istədiyiniz əsas mərhələləri necə təsnif edərdiniz?

- Uğura heç vaxt tam çatmaq mümkün deyil. İnsan hər hansı nailiyyəti əldə etdikdən sonra növbəti uğur barədə düşünməyə başlayır. Yəni hədəflər heç vaxt yekunlaşmır. Daim yeni mərhələlər, yeni zirvələr meydana çıxır və onlara çatmaq üçün çalışırsan.

Əlbəttə, qarşıda yeni hədəflərimiz var. Məsələn, bu gün universitetdə xarici tələbələrin sayı 107 nəfər təşkil edirsə, biz bu göstəricinin daha da artmasını hədəfləyirik. Əgər beynəlxalq reytinqlərdə müəyyən nəticələr əldə etmişiksə, gələcəkdə daha yüksək pillələrə yüksəlmək üçün çalışacağıq. Bu həm məqsəd, həm də uğurun özüdür. Çünki hər hansı nailiyyəti təkrarlamaq, onu qoruyub saxlamaq və daha irəli aparmaq özü də yeni uğurdur.

Əgər 3 il bundan əvvəl 25 xarici tələbəmiz təhsil alırdısa, 2 il əvvəl 45, bu il 107 və 2026-cı ildə isə 200-ə çatdırmağı planlaşdırmışıq.

- Sizcə, bir ali təhsil müəssisəsinin uğuru əsasən idarəetmənin effektivliyindən, yoxsa orada fəaliyyət göstərən professor-müəllim heyətinin elmi potensialı və peşəkarlığından asılıdır? Yəni universiteti lider mövqeyinə gətirən əsas amil nədir? Strateji idarəçilik, yoxsa akademik heyətin gücü?

- Qazanılan uğurlarda rektorluq, idarəetmə, professor-müəllim heyəti, texniki xidmət əməkdaşları və tələbələr bir ailə olaraq hədəflərə doğru birlikdə irəliləməlidir.

Bundan başqa, bizim SOCAR kimi möhtəşəm bir şirkətimiz var. O, daim yanımızdadır və əldə etdiyimiz uğurların qazanılmasında böyük dəstək göstərir. SOCAR-ın prezidenti Rövşən Nəcəf, vitse-prezidenti Ziba xanım Mustafayeva və SOCAR ailəsinin BANM-in qazandığı hər bir uğurda dəstəyi var.

Tələbələrimizin sevimlisi ola bilən hər bir müəllim də bu ali məktəbin gələcəyi baxımından önəmlidir. Çünki bu o deməkdir ki, gələcəkdə savadlı və bilikli gənclər bizi seçəcəklər.

Ona görə də bu prosesdə hər kəsin rolu var və burada hamı eyni dərəcədə məsuliyyət daşıyır.

- Ali məktəblərin səviyyəsini müəyyən edən əsas meyarlardan biri də dünya reytinqlərindəki irəliləyiş, həmçinin beynəlxalq əməkdaşlıqlardır. Bu nüanslar universitetin imkanlarını genişləndirir və tələbələr üçün praktikada üstünlüklər yaradır. BANM bu iki istiqamətdə hansı konkret addımlar atıb?

- İlk növbədə qeyd etmək istəyirəm ki, Bakı Ali Neft Məktəbində praktik biliklər artıq kredit sisteminə daxil edilib. II, III və IV kurs tələbələrimiz 2 aylıq praktikalar və istehsalat təcrübələri keçirlər. Bu, tədris proqramımızın tərkib hissəsidir. Tələbələr praktikadan sonra hesabat təqdim edir və qiymətləndirilir.

Təbii ki, beynəlxalq reytinqlərlə yanaşı, birinci hədəfimiz ölkə daxilində yüksək nüfuza malik olmaq olub. Yəni ali məktəb olaraq ölkə təhsil ictimaiyyəti tərəfindən qəbul edilməliyik ki, beynəlxalq reytinqlərdə də iştirak edə bilək.

Bu ildən başlayaraq beynəlxalq reytinqlərdə göstəricilərimizi artırmaq məqsədilə müəyyən hesabatlar təqdim edirik. Hesab edirəm ki, ali məktəblər dayanıqlı və güclü nüfuz əsasında beynəlxalq reytinqlərdə iştirak etməli, nəticələri də etibarlı şəkildə qəbul olunmalıdır.

Yeri gəlmişkən, bəzən təhsil ictimaiyyəti tərəfindən eşidirik ki, BANM daha çox “imicə” işləyir, amma daxildə hələ də klassik sistem qalır. Siz ali məktəb daxilində “görünənlə” “gerçək” arasında fərq olduğunu düşünənlərə nə cavab verərdiniz?

- Məgər Harvardda mühazirələr yoxdurmu? Əlbəttə ki, var, sadəcə mühazirələrin saatları ilə praktik dərslərin saatları uyğunlaşdırılmalıdır. Təbii ki, tədrisdə 100% yalnız mühazirə ola bilməz. Nəzəri biliklər olmadan praktik bilikləri mənimsəmək mümkün deyil. Eyni zamanda, yalnız praktik biliklər olsa, nəzəri bilik olmadan tədqiqat işinə başlamaq da mümkün deyil. Buna görə müəyyən qədər nəzəri biliklərə ehtiyac var.

Məsələn, mexanika mühəndisliyinin əsaslarını bilmədən necə mexanika mühəndisi ola bilərsən? Yüksək səviyyəli mühəndis yetişdirmək üçün praktik biliklər nəzəri və laboratoriya dərsləri ilə birləşdirilməlidir.

İmic məsələsinə gəlincə, mən bu yanaşma ilə razı deyiləm. Biz tələbələrimizin uğurlarını yüksək səviyyədə təqdim edirik, onların nailiyyətlərindən qürur duyuruq və bunu Azərbaycan ictimaiyyətinə çatdırırıq.

- Rektorlar arasında sosial mediada aktiv olanlar içərisində demək olar ilk sıralardasınız. Sosial mediada aktiv olmanız universitetdə şəffaflığı artırmaq strategiyasıdır, yoxsa burada PR məqsədi də var?

- Mən sosial şəbəkələrə son 3-4 ildə daxil olmuşam. Bunu etməyimin əsas səbəbi bizim gənclərimiz və tələbələrimizin aktiv olaraq istifadə etdiyi platformalarda onların yanında olmaqdır. Tələbələrim haradadırsa, mən də orada olmalıyam ki, onların istəklərini, məlumatlarını dərhal görə bilim. Sosial şəbəkələrdə olmağımın məqsədi məhz budur. Üstəlik, biznes mühitində də LinkedIn vasitəsilə ictimaiyyətlə əlaqə qurmaq mümkündür.

Feysbukda əsasən müəllimlər, valideynlər və abituriyentlər aktivdir. İnstaqram isə gənclərimiz arasında daha populyardır. Buna görə müxtəlif platformalardan istifadə edərək tələbələrin yanında olmalıyıq.

Hansısa gəncin uğur hekayəsini paylaşanda, bu həm gənclər üçün motivasiya mənbəyi olur, həm də müəllimlər üçün diqqətə layiq bir nümunə təqdim edir. Biz hər bir vasitəni ondan səmərəli şəkildə istifadə etmək üçün nəzərdən keçirməliyik. Bu gün süni intellektin tətbiqindən danışırlar və hər kəs maraqlıdır ki, necə olacaq. Əgər insan bəşər övladı onu səmərəli, yaradıcı və uğur strategiyası üçün istifadə edərsə, süni intellekt inkişaf üçün əla bir vasitədir.

- Dövlət İmtahan Mərkəzinin bu il açıqladığı nəticələrə əsasən, Bakı Ali Neft Məktəbinin bir sıra ixtisasları ölkə üzrə ən yüksək keçid ballarını formalaşdırıb. Xüsusilə buna “İnformasiya təhlükəsizliyi” ixtisasının adını çəkə bilərik. Hansı ki, keçid balı 681 olub. Maraqlıdır, sizcə, yüksək bal toplayan abituriyentlər niyə məhz BANM-i seçirlər?

- Düşünürəm ki, bu sualın ən doğru cavabını tələbələrimizin özü verə bilər. Bir rektor kimi fikrim subyektiv ola bilər və tələbələrin yerinə danışmaq istəməzdim. Amma ümumi müşahidələrimə əsasən deyə bilərəm ki, yüksək bal toplayan abituriyentləri BANM-ə cəlb edən başlıca məqam şəffaf və yüksək səviyyəli təhsildir.

İkincisi, burada tələbələr üçün bacarıqlarını inkişaf etdirməyə imkan verən mühit formalaşıb. BANM-də tələbə yalnız təhsil almır, həm də fərdi inkişaf üçün geniş imkanlar qazanır. Hazırda 40-a yaxın tələbə klubu fəaliyyət göstərir. Tələbələr Azərbaycanda fəaliyyət göstərən yerli və transmilli şirkətlərlə əlaqə qurmaq imkanı əldə edirlər.

Bununla yanaşı, ali məktəbdə yüksək səviyyədə ingilis dili tədrisi həyata keçirilir və tələbələr dil bacarıqlarını peşə mühitində də tətbiq edə bilirlər. BANM tələbə yönümlü universitetdir və burada təhsil almaq tələbələrə arzularına çatmaq üçün real imkanlar yaradır.

Bizim bir şüarımız var: “Biz sizi həyata və dünyaya hazırlayırıq".

Biz heç vaxt qəbul planının 100 faiz dolması uğrunda mübarizə aparmırıq. Bu, bizim üçün nə prioritet, nə də hədəfdir. Biz hesab edirik ki, yüksək səviyyədə keyfiyyətli təhsil təqdim etsək, abituriyentlər onsuz da bizi seçəcəklər. Hədəfə çatmağın yolu da məhz keyfiyyətdən keçir. Əgər tələbələrin gözləntilərini doğrultmasaq, qəbul göstəricilərinin yüksək olması mümkün deyil.

BANM tələbə yönümlü ali məktəbdir, lakin bu o demək deyil ki, dərsə qarşı məsuliyyətsizlik və ya qiymətləndirmədə subyektivlik kimi hallara yol verilir. Əksinə, BANM-a qəbul olmaq da, burada oxumaq da, buranı bitirmək də çətindir. Amma tələbələr bilirlər ki, buranı bitirdikdən sonra karyera imkanlarını ən yüksək səviyyədə təmin edə biləcəklər.


- Yenidən ali təhsil almaq fürsətiniz olsaydı, hansı universiteti və hansı ixtisası üzrə təhsil almaq istəyərdiniz?

1990-cı illərin əvvəllərində Azərbaycanda yeganə universitet Bakı Dövlət Universiteti idi, digər ali təhsil ocaqları isə institut statusunda fəaliyyət göstərirdi. Mən 1990-cı ildə BDU-ya qəbul oldum.Həmin illərdə Azərbaycan qapalı bir mühitdə idi, Sovet İttifaqının dağılma ərəfəsi yaşanırdı. Mənim tələbəlik dövrüm isə ölkəmizin ən çətin, ağır illərinə təsadüf edib. O illər Azərbaycan tarixinin faciəli dövrü idi – biz Qarabağı itirdik, ölkə ciddi sınaqlarla üz-üzə qaldı.

İndiki illər isə Azərbaycanın qalibiyyət illəridir. Bu günün tələbələri ən xoşbəxt nəsildir. Çünki güclü, qalib dövlətin vətəndaşı kimi yaşayırlar. 1993-cü ildə xalqın istəyi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı isə bu günkü zəfərimizin əsasını qoydu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün tarixinin möhtəşəm dövrünü yaşayır.

Bu günabituriyent olsam, bir an belə tərəddüd etmədən Bakı Ali Neft Məktəbini seçərdim. Çünki BANM mənim bütün arzularımı reallaşdıra biləcək ali məktəbdir.

- Gələcək 5 il üçün BANM-in inkişaf planlarında nələr var?

- Bizim planımız ondan ibarətdir ki, 2026-2030-cu illər üçün Bakı Ali Neft Məktəbinin strateji inkişaf proqramının hazırlanmasına başlayaq. Bu proqram təsdiqləndikdən sonra qarşıdakı 5 ildə BANM-in hansı mərhələyə çatacağı, hansı hədəflərə yönələcəyi aydın şəkildə müəyyən olunacaq. Əsas məqsədimiz ölkə daxilindəki nüfuzumuzu qoruyub saxlamaq və istehsalat sahəsi ilə əməkdaşlıqları daha da gücləndirməkdir.

Lakin ən böyük hədəfimiz beynəlxalq arenada daha böyük uğurlar qazanmaqdır. Bizim üçün qlobal təhsil mühiti və dünya bazarının tələblərinə cavab verən mühəndis kadrlar hazırlamaq xüsusilə maraqlıdır. Hazırladığımız yüksək ixtisaslı mühəndislərə yalnız Azərbaycanda deyil, dünya bazarında da ciddi ehtiyac var.

Bu səbəbdən gələcək planlarımız arasında Afrika və Asiya ölkələrinin kadr hazırlığında həlledici rol oynamaq dayanır. Artıq bu istiqamətdə ilk addımlar atılıb: Özbəkistanda ikili diplom proqramlarımız mövcuddur, Konqo və digər Afrika ölkələrində fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq.

Ən böyük arzularımdan biri isə xarici ölkələrdən birində Bakı Ali Neft Məktəbinin filialını açmaqdır.

Məsələn, hansı ölkədə?

- Çox istərdim ki, ilk dəfə ikili diplom proqramına başladığımız ölkə - Özbəkistanda Bakı Ali Neft Məktəbinin filialını açaq. 

Təbii ki, texnologiyalar müasirləşdikcə tədris proqramlarımız da dəyişməlidir. Düşünürəm ki, bu proses 5 ildən bir yox, hər il yenilənməlidir.

Proqramların müasirləşdirilməsində bizə ən böyük dəstəyi məzunlarımız verir. Onlar istehsalatda, iş prosesində hansı bacarıqlara ehtiyac olduğunu görürlər və tədrisə hansı yeniliklərin daxil edilməli olduğunu bildirirlər. 10 il əvvəl tədris olunan bəzi fənlər bu gün artıq aktuallığını itirib. Onları proqramda saxlamağın mənası yoxdur. Çıxarılıb  yerinə yeni tələblərə uyğun fənlər əlavə edilməlidir.

- Qarabağda, işğaldan azad edilmiş ərazilərimizdə BANM-in layihələri olacaqmı? Ümumiyyətlə bu məsələ ilə bağlı fəaliyyət planınızda nələr var?

- Cənab Prezidentin Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Bakı Ali Neft Məktəbi olaraq biz həmin universitetlə çox sıx əməkdaşlıq edirik. SOCAR artıq Qarabağ Universiteti ilə müqavilə bağlayıb. Həmin müqavilə əsasında SOCAR, o cümlədən BANM, 2026-cı ilin əvvəlindən Qarabağ Universitetində bir sıra layihələrə başlayacaq. SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevanın rəhbərliyi ilə nümayəndə heyəti  Qarabağ Universitetinə oldu, Qarabağ Universiteti ilə əməkdaşlıq və inkişaf haqqında sənəd imzalandı. Qarşıdakı illərdə Qarabağ Universiteti ilə çox möhtəşəm praktik layihələr həyata keçirilməsi planlaşdırılır.

- BANM-in digər binası “Ağ şəhərdə”dir. Maraqlıdır ki, əvvəl burada neft zavodları yerləşirdi. Neft Azərbaycan üçün hələ də ən önəmli resurslardan sayılır. Amma zamanla da ayaqlaşmaq lazımdır. Yəqin ki, 20-25, bəlkə də daha qısa müddətdə bizə “nefti quyudan çıxaranlar” deyil, yeni texnoloji avadanlıqları idarə edənlər lazım olacaq. Bu baxımdan BANM gələcək əsas hədəfləri nələrdir?

- Akademik Xoşbəxt Yusifzadə hər zaman belə deyirdi: “1947-ci ildə Neft Daşlarında neft hasilatı başlayanda alim və geoloqlar qeyd ediblər ki, bu yatağın cəmi 10 il ömrü var”. Amma bu gün 2025-ci ildir və həmin yataq hələ də məhsuldarlığını qoruyur. Görün, aradan nə qədər zaman keçib. Buna görə də neft hasilatı bir gün tükənə bilər, bu təbiidir, lakin neft və qaz bizim üçün yalnız xammal deyil, həm də kimya sənayemizin əsas təməlidir.

Hazırda ölkənin neft və qaz yataqları istismar olunur, hasilat davam edir. Lakin bir məqamı unutmaq olmaz: BANM yalnız neft-qaz və kimya mühəndisləri hazırlamır. Bizdə informasiya təhlükəsizliyi, data analitikası, proseslərin avtomatlaşdırılması kimi ixtisaslar da mövcuddur. Mən tez-tez misal çəkirəm: məsələn, Türkiyənin neft-qaz ehtiyatları demək olar ki, yoxdur, amma Orta Doğu Texniki Universiteti neft-qaz mühəndisləri hazırlayır. Yaponiyada neft yoxdur, amma “Itochu” kimi dünyanın ən böyük neft şirkətlərindən biri məhz Yaponiyaya məxsusdur. Almaniya, Yaponiya kimi nefti olmayan ölkələrdin universitetlərində Neft-qaz mühəndisləri yetişdirilir. Bu kadrlar kim üçün hazırlanır? Dünyanın əmək bazarı üçün.

Bu baxımdan neft-qaz mühəndisliyi bizim milli peşəmizdir. Ona görə də bu sahəni əldən verə bilmərik. Əksinə, daha güclü neft-qaz mühəndisləri yetişdirməliyik ki, onlar dünya üzrə nüfuzlu neft şirkətlərində söz sahibi olsunlar.

bp hər il BANM-in 15-20 məzununu işə qəbul edir. Daha sonra həmin gənclər öz bilik və bacarıqları ilə irəliləyirlər. Mənim ən böyük arzularımdan biri budur ki, 10-15 ildən sonra transmilli şirkətlərin rəhbər heyətində azərbaycanlıların sayı artsın. Bu, həm universitetimizin, həm də ölkəmizin uğuru və qüruru olar.

Niyə də azərbaycanlı neft-qaz mühəndisləri dünyanın transmilli şirkətlərində həlledici rol oynamasın? Bizim buna potensialımız da var, şəraitimiz də.

- Əgər gələcəkdə neft-qaz mühəndisliyinə tələbat azalarsa və ya sıradan çıxarsa, BANM hansı addımları atacaq?

- Yeddi il əvvəl açdığımız Kibertəhlükəsizlik ixtisası bu gün ölkədə ən nüfuzlu ixtisaslardan biridir. Hazırda Azərbaycanda ən güclü kibertəhlükəsizlik mühəndisləri məhz BANM-də yetişdirilir. Sənaye varsa, biznesin idarə edilməsi də olmalıdır. Bu baxımdan BANM bu gün yalnız neft-qaz mühəndisliyi üzrə deyil, həm də İT ixtisasları üzrə ölkədə ən güclü təhsil müəssisəsidir. Bunu qətiyyətlə deyə bilərəm. Ona görə də narahat deyilik və düşünürük ki, 2030-cu illərdə də zirvədə olacağıq.

- Artıq ilk dəfə olaraq Data analitika və Maliyyə ixtisasları üzrə də tədrisə başlamısınız. Gələcəkdə hansı yeni ixtisasların açılması planlaşdırılır? Bunlar arasında hüquqşünaslıq ixtisası varmı?

- Xeyr, hüquqşünaslıq ixtisasını nəzərdə tutmuruq, çünki bu sahə üzrə ölkədə kifayət qədər universitet kadr hazırlayır. Biz daha çox süni intellekt sahəsini düşünürük. Gələcək planlarımızda bərpa olunan enerji mühəndisliyi, süni intellektin mühəndisliyə tətbiqi və həmin sahələrdə kadr hazırlığı dayanır.

- BANM-də müəllim olmaq üçün hansı üstünlüklərə sahib olmaq lazımdır? Təcrübəli kadrlarla yanaşı, yeni mütəxəssislərin də universitetə cəlb edilməsi prioritetdir?

- BANM-ə baxsanız, görərsiniz ki, çalışanların əhəmiyyətli hissəsi öz məzunlarımızdır. Məsələn, prorektorumuz və dekan müavinlərimiz bizim məzunlarımızdır. Biz öz məzunlarımıza xüsusilə önəm veririk. Şirkətlər bizim məzunlarımızı işə dəvət edirsə, niyə biz onlardan faydalanmayaq? Bu səbəbdən gənc müəllimləri universitetə cəlb edirik və çox yaxşı nəticələr əldə edirik. Onlar tələbələri daha yaxşı anlayır, tələbələr də onları. Bu baxımdan deyə bilərəm ki, bizim ali məktəb Azərbaycanın ən gənc heyəti olan universitetlərdəndir. Elə olur ki, müəllimlə tələbə arasında yaş fərqi belə hiss olunmur.

- Bakı Ali Neft Məktəbində doktorantura proqramı ilə bağlı işlər necədir? Ümumiyyətlə, gənc alimlərimizin müdafiə səviyyəsi nə yerdədir?

- Bakı Ali Neft Məktəbində bir neçə ildir ki, doktorantura səviyyəsində tədris həyata keçirilir. Doktoranların sayı 10-dan artıqdır.Bu yaxınlarda da bizim həm bakalavr, həm də magistratura məzunumuz Aida Aslanova doktoranturanı bitirərək müdafiə etdi və mühəndislik sahəsində fəlsəfə doktoru adını qazandı.Təkcə 2025-ci ildə 7 alimimiz fəlsəfə doktoru adını alıb. Xüsusilə vurğulamaq istəyirəm ki, Famil müəllim başda olmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası gənc alimlərin müdafiə prosesindən sənədləşmə işində bürokratik əngəlləri tam aradan qaldırıb. Artıq gənc alimlərimiz çox rahat və yüksək səviyyədə Ali Attestasiya Komissiyasına sənədlərini təqdim edərək müəyyən yoxlamalardan və araşdırmalardan sonra qısa müddətdə onlara diplomları təqdim olunur. Bu prosesdə Ali Attestasiya Komissiyasının şəffaflığı, çevikliyi, operativliyi diqqətəlayiqdir, təqdirəlayiqdir. Ali Attestasiya Komissiyasının bu fəaliyyəti gənclərin tədqiqatla məşğul olmasına motivasiyanı artırır. Bu da Azərbaycan elminin gəncləşməsində böyük rol oynayır.

- Maraqlıdır ki, ali təhsil müəssisələrinin adlarında adətən universitet və ya akademiya ifadəsi işlədilir. Lakin siz “məktəb” adından istifadə etmisiniz. Niyə məhz Bakı Ali Neft Məktəbi?

- Dünyada bir sıra nüfuzlu məktəblər var. Məsələn, keçmiş Sovet İttifaqında ən məşhur ali texniki təhsil ocaqlarından biri Bauman adına ali texniki məktəb adlanırdı və bu məktəb mühəndislik sahəsində yüksək nüfuz qazanmışdı. Bu gün Böyük Britaniyada London İqtisadiyyat Məktəbi fəaliyyət göstərir - nə universitet, nə də akademiya adı daşıyır. Bizim ali məktəb də sırf mühəndislik istiqamətində fəaliyyət göstərdiyi üçün “məktəb” adı ilə qeyd olunub. Həmçinin, yüksək bal toplayan tələbələrimiz göstərdi ki, ali məktəbin adı onlar üçün əsas deyil. Tələbələr akademiya və ya universitet adı ilə deyil, keyfiyyətli təhsil və müasir tədris proqramlarına görə bizi seçirlər. Bu baxımdan, BANM Azərbaycanın yeganə “məktəb” adlanan ali təhsil ocağıdır və TOP tələbələr arasında populyarlığını qoruyur.

- Digər maraqlı məqam tələbələrin köçürülmə (transfer) prosesinin olmamasıdır. Bunun səbəbi nədir?

- Biz hesab edirik ki, BANM-də təhsil alan tələbələr orta təhsildən etibarən çox çalışaraq yüksək bal toplayırlar. Burada təhsil almaq üçün ciddi zəhmət çəkirlər. Transferlə gələn tələbə, əgər bal məsələsi nəzərə alınsa belə, həm dil, həm də bilik baxımından fərqlilik göstərə bilər və hətta digər tələbələrdə demotivasiya yarada bilər. Ona görə də bizdə transfer yoxdur. Tələbə istəsə, ali məktəbdən gedə bilər, lakin xaricdən transfer yolu ilə gəlib təhsil almaq mümkün deyil. Sona qədər də bu siyasət davam edəcək.


- Tələbələrin etik davranış qaydalarını pozması halında hansı mexanizmlər tətbiq olunur?

- Cəza demək düzgün olmaz, lakin müəyyən sanksiyalar tətbiq olunur. Məsələn, biz antiplagiat sistemi tətbiq edirik. Əgər tələbə plagiatlıq edirsə və işin 25%-i plagiatdırsa, onun barəsində sanksiyalar tətbiq olunur. Eyni tələbə iki dəfə töhmət alarsa, ali məktəbdən xaric edilə bilər.

Plagiat həm də əqli mülkiyyət oğurluğudur. BANM Azərbaycanda Turnitin sisteminə qoşulan iki ali təhsil müəssisəsindən biridir. Bu keyfiyyətin qorunması üçündür. Bundan başqa, tələbələr üçün orientasiya proqramları keçirilir. I kurs tələbəsi proqramı oxuduğunu təsdiqləmək üçün qol çəkir. Beləliklə, 1 ildən sonra “bunu mənə niyə tətbiq etdiniz?” kimi şikayətlərə yer qalmır.

Həm ali məktəbdə, həm də kənarda siqaret çəkmək qəti qadağandır. Disiplin qaydaları ciddi tətbiq olunur və heç kim üçün güzəşt yoxdur.

- Bəs bu vaxta qədər qaydaları pozan tələbələrlə rastlaşmısınızmı?

- Tələbələr müxtəlif mühitlərdən gəlir və buraya korporativ mühitə hazırlanmaq üçün daxil olurlar. Burada onlar həm şəxsiyyət, həm də peşəkar bacarıqlar baxımından yetişirlər. Ən çox qayda pozuntuları I və II kurslarda baş verir. Lakin zamanla tələbələr daha da disiplinli olurlar.

Biz sadəcə bilik və bacarıq vermirik, həm də gələcəkdə korporativ mühitdə işləmək bacarıqlarını öyrədirik. Tələbə bilməlidir ki, o, dərsə deyil, iş mühitinə gəlir. Dərsdən yarımçıq getmək, işdən yarımçıq çıxmaqla eyni mənanı daşıyır.

Buna görə də məzunlarımız mənə deyirlər: “Biz ali məktəbdən şirkətə deyil, şirkətdən şirkətə işə gedirik”. Vaxtaşırı qayda pozuntuları olur, amma biz tələbələri xaric etmirik. Əgər tələbə qaydaları ciddi şəkildə pozursa, ona alternativ olaraq başqa universitetə transfer olunmaq təklif olunur. Yüksək bal topladıqları üçün onlar bu imkanlardan rahat istifadə edə bilirlər.

- Tələbələrin əmək bazarına uyğunlaşmasında praktik təcrübə mühüm rol oynayır. Universitet SOCAR-ın tərkibində yaradılıb. Bu, BANM-ə hansı öhdəlikləri verir?

- SOCAR-da çox yaxşı Gənc İstedadlar Proqramı var. Bu proqram təkcə BANM üçün deyil, Azərbaycanın bütün universitetləri üçün nəzərdə tutulub.

Həmçinin, BANM SOCAR-ın tərkibində olduğuna görə, II kursdan tələbələrimizi praktikaya göndəririk. Praktika tədris proqramının ayrılmaz hissəsidir. Biz nəinki ölkədə fəaliyyət göstərən yerli və transmilli şirkətlərlə əməkdaşlıq edirik və maraqlıyıq.

BANM ilə bağlı həyata keçirmək istədiyiniz ən böyük plan nədir?

- Ən böyük planlarımdan biri BANM-i dünyanın ən nüfuzlu reytinq sıralarına daxil etməkdir. Ölkəmizi yüksək reytinqdə təmsil etmək bizim əsas arzumuzdur.Təbii ki, digər prioritetimiz vətənimizə layiqli vətəndaşlar yetişdirməkdir. Biz tələbələrimizi yalnız bilikli deyil, həm də vətənpərvər, dövlətə sədaqətli və vətənini sevən kadrlar kimi hazırlayırıq. Onlara hər zaman deyirik: "Siz ölkəmizin intellektual əsgərlərisiniz”.

-  Azərbaycanda BANM-ə rəqib universitet varmı?

- Biz Azərbaycan universitetlərini rəqib kimi yox, tərəfdaş kimi görürük. Layihələrimizdə onları da cəlb edirik. Məsələn, Sumqayıt Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edirik. NDU ilə birgə Kibertəhlükəsizlik ixtisasını açmışıq. Bütün rektor həmkarlarımızla dostluq münasibətlərimiz mövcuddur. Rəqabəti isə daha çox dünyanın nüfuzlu universitetləri ilə aparırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri