SÜLH ŞURASI: AZƏRBAYCANIN STRATEJİ QALXANI Tarixi analogiyalar, hədəflər və mümkün təhdidlər
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İbrahim Məmmədov, Tarix üzrə fəlsəfə doktoru
• Azərbaycanın Sülh Şurasında təhlükəsizlik, siyasi və iqtisadi dividendləri mümkün xərclərdən qat-qat böyükdür;
• Azərbaycan yeganə ölkədir ki, Yaxın Şərq nizamlamasının bütün əsas tərəfləri ilə birbaşa diplomatik dialoq kanalları var. Bakı üçün həm Təl-Əviv, həm Tehran, həm də Ankara və Vaşinqton, habelə Körfəz ölkələri ilə ünsiyyətə girmək, istənilən məsələni müzakirə etmək hər hansı çətinlik yaratmır;
• “Əsrin müqaviləsi”, TANAP-TAP, "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə", 2013-cü il Prezident seçkiləri və İkinci Qarabağ müharibəsi, lokal antiterror tədbirləri, COP-29 kimi böyük əhəmiyyət kəsb edən hadisələr ərəfəsində qazandığımız təcrübələrin ümumiləşdirilməsi göstərir ki, bəşər tarixinin bu həlledici mərhələsində çox uğurlu bir siyasi mövqedə qərar tutmuş dövlətimizə qarşı yeni təzyiq dalğaları başlana bilər;
• Azərbaycanın daxili siyasi vəziyyəti də dayanıqlı olduğu üçün Ermənistanda anti-Azərbaycan qruplarını hakimiyyətə gətirməklə xarici hərbi-siyasi təzyiq rıçaqları yaratmaq planlarının cizgiləri görünməkdədir.
Yanvarın 22-də Davosda təsis olunmuş Sülh Şurasının mahiyyəti, onun beynəlxalq siyasətdə yeri və rolu, təhlükəsizlik üçün hansı mexanizmləri yaratdığına dair müzakirələr hər kəsi düşündürməkdədir.
Ən mühüm olan 3 məqam var:
1. Bizim nəslin yaşadığı dövrdə, eləcə də dövlət müstəqilliyi tarixində ilk dəfədir ki, Azərbaycan belə böyük bir beynəlxalq koalisiyanın təsisçisi olur.
2. Bu koalisiya ABŞ-nin liderliyi ilə yaradılır və onun planlarının nədən ibarət olmasını dərk etmək, gələcəyini proqnozlaşdırmaq çox vacibdir.
3. Sülh Şurasında iştirak Azərbaycana nə verə bilər?
Qeyd etdiyimiz kimi, Azərbaycanın regional çətir altında belə bir qlobal təsir gücünə malik beynəlxalq koalisiyada iştirakı ilk dəfə olduğu üçün, onu anlamağın yeganə yolu tarixi analogiyalar və müqayisələr metodudur.
Sülh Şurası tarixi kontekstdə
Bu gün baş verməkdə olan tarixi hadisələr özündən əvvəlki oxşar qlobal transformasiya mərhələlərində müşahidə olunmuş proseslərlə qafiyələnməkdədir. Kimin bu Şuranı necə adlandırmasından asılı olmayaraq, o, bir Beynəlxalq Koalisiyadır (iki və daha çox dövlətin ümumi məqsədə çatmaq üçün siyasi birliyi – İ.M.).
Belə koalisiyalar bütün tarixi mərhələlərdə, həlledici qlobal və hətta regional qarşıdurmalar ərəfəsində formalaşıb, “güc tarazlığının yaradılması” kimi təqdim olunub və onların qurduqları masalar dünyanın yenidən formalaşdırılmasının müəllifi olublar.
• 18-ci əsrin sonlarında Britaniya, Hollandiya, İspaniya, Portuqaliya, Prussiya və Avstriya Fransanın ekspansionist siyasətini və inqilab ideologiyasını cilovlamaq üçün koalisiya yaratmışdılar.1815-ci ildə “Avropa Konserti” adlanan koalisiyanın məqsədi ümumi təhlükə olan Napoleonu hakimiyyətdən uzaqlaşdırmaq, ortaq maraqlara nail olmaq idi.
• 1882-ci ildə Üçlər İttifaqı, 1907-ci ildə isə ona qarşı olan Antanta koalisiyaları yaradılmışdı. Birinci Dünya müharibəsi də elə bu iki koalisiya arasında münasibətlərin aydınlaşdırılması idi. İkinci Dünya müharibəsi ərəfəsində Almaniya, İtaliya və Yaponiya bir tərəfdə, Böyük Britaniya, Fransa, Çin və daha sonra Sovet İttifaqı ilə ABŞ əks tərəfdə ittifaqlar yaradaraq dünya hökmranlığı uğrunda mübarizə aparırdılar.
• 1884-1885-ci illərdə Otto fon Bismarkın liderliyi ilə Almaniya, İngiltərə, Fransa, Portuqaliya, Belçika, ABŞ və Osmanlı İmperiyası da daxil olmaqla 14 dövlət Afrikanın taleyini müzakirə etmək məqsədilə Berlin Konfransında toplaşmışdı.
İndiki mərhələdə də, əlbəttə ki, mahiyyətcə XIX əsr və XX əsrin əvvəllərində mövcud olanlardan fərqli koalisiyaların yaradılması prosesi gedir və Sülh Şurası da bu prosesin növbəti mərhələsidir.
Ancaq sadaladığımız dövrlərin koalisiyalarından fərqli olaraq, indiki koalisiyaların məntiqi fərqlidir. İndiki şərait İkinci Dünya müharibəsinə qədərki dövrdə - 1920-30-cu illərdə - Millətlər Liqasının kollektiv təhlükəsizliyə cəhdlər etsə də, qərarları icra etdirmək üçün məcburetmə mexanizmlərinin olmaması üzündən fəaliyyətsiz duruma düşdüyü, ABŞ-nin 9 dövlətin dəniz qüvvələrini idarə etmək məqsədilə Vaşinqton hərbi-dəniz konfransını çağırdığı zamanı xatırladır.
Sülh Şurası bu günün qlobal kontekstində: ABŞ və 6 regional koalisiya
"Yeni Atlantik Xartiyası"
Köhnə dünya nizamının pozulmağa başlamasından indiyədək olan dövrdə, daha konkret 2021-ci ildən başlayaraq ABŞ 6 müxtəlif regionda hər regionun reallıqlarına uyğun olan koalisiyalar yaratmağa üstünlük verir. Yeni koalisiyaların yaradılması prosesinin başlanğıcında ABŞ-Böyük Britaniya "Yeni Atlantik Xartiyası" (The New Atlantic Charter – iyun 2021) dayanır. Maraqlıdır ki, bu Xartiya 1941-ci ildə, İkinci Dünya müharibəsinin başlanğıcında Ruzvelt və Çörçill tərəfindən imzalanmış sənədin yenilənməsidir. Sənəd demokratiyanın müdafiəsi, kollektiv təhlükəsizliyin bir daha təsdiqlənməsi və dayanıqlı qlobal ticarət sisteminin qurulması da daxil olmaqla 8 əməkdaşlıq sahəsini əhatə edir.
AUKUS
Bunun ardınca 2021-ci ilin 15 sentyabrında yaradılmış, ABŞ-nin Uzaq Şərq və Hind-Sakit okean hövzəsində Çin ilə rəqabət üçün formalaşdırdığı koalisiyanın nüvəsini Avstraliya, Böyük Britaniya və ABŞ təşkil edir. Kanada, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya AUKUS-un əsas regional tərəfdaşları və potensial üzvləridir.
QUAD
ABŞ, Yaponiya, Hindistan və Avstraliyanı QUAD adı altında birləşdirən daha bir qrup 2025-2026-cı illərdə Hind-Sakit okean regionunda siyasi bəyanatlardan aktiv operativ birgə fəaliyyətə keçməyi planlaşdırır. Bu qrup Cənubi Çin dənizində ərazi mübahisələri ilə bağlı ritorikanı gücləndirir. QUAD “azad və açıq Hind-Sakit okean regionu” konsepsiyası vasitəsilə Çinin təsirinin yayılmasının qarşısında çəkindirici platforma olmaq niyyətindədir.
«The Squad»
ABŞ, Yaponiya və Avstraliyanın bu dəfə Hindistansız, əvəzində Filippinlə birlikdə yaratdıqları «The Squad» qrupu Çinin Cənubi Çin və Şərqi Çin dənizlərində təsirinə qarşı tarazlıq yaratmaq planları üzərində formalaşdırılıb. Geniş spektrə aid məsələləri əhatə edən QUAD-dan fərqli olaraq, “Squad” təhlükəsizlik və müdafiə sahələrinə fokuslanıb. Yeni Zelandiya və Cənubi Koreya, habelə Hindistanın da “Squad”a cəlb olunmasının mümkünlüyü müzakirə olunur.
"Ramştayn" qrupu
2022-ci ildə Ukrayna müharibəsi ətrafında Avropa–Rusiya qarşıdurmasında, Şərqi Avropa məsələləri üzrə ABŞ-nin liderliyi ilə NATO və Aİ üzvləri də daxil olmaqla 57 ölkəni birləşdirən "Ramştayn" qrupu yarandı.
ABŞ-nin Latın Amerikası koalisiyası
ABŞ-nin Latın Amerikası siyasətindəki tərəfdaşlarının dairəsi isə Venesuela əməliyyatı gedişində və ondan sonrakı şəraitdə müəyyənləşdi. Onları 3 qrupa bölmək olar: Venesuela əməliyyatına bilavasitə, o cümlədən logistik dəstək verənlər (Britaniya, Dominikan Respublikası, El Salvador, Trinidad və Tobaqo), ABŞ-yə siyasi dəstək verənlər (Argentina, Ekvador, Peru, Qayana, Panama, Paraqvay) və ABŞ-nin keçirdiyi əməliyyatın əleyhdarları (Braziliya, Meksika, Kolumbiya, Kuba, Rusiya, Çin, İran).
Şimali Afrikada “Dördlük”
Bu ilin yanvar ayında ABŞ Misir Prezidenti Əs-Sisi ilə danışıqlar zamanı ABŞ, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-dən ibarət olan “Dördlük” (The Quartet) yaradılması məsələsini müzakirə edib. Şimali Afrika regionunu əhatə edən bu koalisiyanın məqsədi regional sabitlik, Sudanda barış və Nil çayının su ehtiyatları ilə bağlı Efiopiya və Sudanla mübahisə məsələləridir.
Artıq təsis edilmiş Sülh Şurası isə ABŞ-nin Yaxın və Orta Şərq üzrə tərəfdaşlarının koalisiyasını formalaşdırdı. Bu koalisiyanın gələcəyini proqnozlaşdırmaq üçün tarixin transformasiya dövrlərində formalaşmış koalisiyaların təcrübəsinə baxmaq doğru olardı.
Koalisiyalar tarixinin dərsləri
Məsələn, 1815-ci il Avropa Konserti Napoleonu məğlub etdikdən sonra Avropanı yenidən şəkilləndirən bir dövlətlər qrupu oldu. Antanta Birinci Dünya müharibəsindən, ABŞ, SSRİ, Böyük Britaniya isə başqa kiçik tərəfdaşları ilə İkinci Dünya müharibəsindən sonrakı qlobal düzəni formalaşdırdılar. Yəni, koalisiyada olanlar qərar qəbul edən və maraqlarını qoruya bilən dövlətlər sırasında yerlərini təmin edənlərdir.
Böyük yeddilik (G7) və NATO koalisiyası SSRİ-nin dağılmasından öz qlobal maraqlarını təmin etmək üçün istifadə etdilər. O zaman biz koalisiyalarda olmadığımız üçün məğlublar siyahısına düşdük, torpaqlarımız işğal olundu. Ancaq sonrakı mərhələdə iki mühüm proses getdi: biz gücləndik, G7 isə genişlənərək G20-yə çatdı, dünya çoxqütblü olaraq Azərbaycanın beynəlxalq manevr imkanlarını genişləndirdi. Çoxqütblülüyün yaratdığı imkanlardan və daxili gücdən maksimum səmərəli istifadə edən Azərbaycan 2026-cı ildə Yaxın və Orta Şərqin taleyini həll edən koalisiyaya təsisçi kimi üzv oldu.
Bu, Azərbaycanın regional gücünün, liderliyinin və qlobal siyasətə təsir imkanlarının ABŞ tərəfindən etirafı, tanınması deməkdir. İndi Azərbaycan dünyanın mövcud olan ən güclü koalisiyalarından birinin təsisçisidir. Bu, ölkəmizin indiyə qədər heç vaxt olmamış ən yüksək diplomatik, xarici siyasət və beynəlxalq statusudur.
Əvvəlki belə güclü koalisiyaların təcrübəsi göstərir ki, Sülh Şurasında üzvlük Azərbaycanı 1990-cı illərdəki kimi siyasi masanın müzakirə obyekti deyil, müzakirə edən üzvü statusuna yüksəldir. Məsələn, Birinci Dünya müharibəsinin qalib koalisiyasının - Antantanın kiçik müttəfiqləri ərazilərini genişləndirmək imkanı qazandılar, reparasiya və beynəlxalq tanınmaya nail oldular. Bəzi hallarda sanballı milli dövlətlərə çevrildilər. Rumıniya öz ərazisini iki dəfə genişləndirdi. Serbiya Çernoqoriyanı, Bosniya və Herseqovinanı, Xorvatiyanı, Sloveniyanı və s. özünə birləşdirdi. Belçika Almaniyanın bəzi ərazilərinə sahib çıxdı. Yunanıstan ərazilərini şərq və şimal istiqamətində genişləndirdi. Portuqaliya Kionqa limanına sahibləndi. Bu ölkələr müstəqil dövlətlər kimi Millətlər Liqasına daxil oldular və Almaniya ilə müttəfiqlərindən müxtəlif formalarda kompensasiya aldılar.
İkinci Dünya müharibəsi gedişində “Böyük üçlüyün” kiçik müttəfiqləri:
1. Öz müstəqilliklərini bərpa etdilər;
2. Bütün bu ölkələr BMT-nin təsisçisi oldular və dünya siyasətində səs hüququ qazandılar. Məsələn, Yuqoslaviya İtaliyadan İstriya yarımadasını, Adriatik adasını və liman şəhəri Zadarı alaraq regionun lideri oldu. Yunanıstan isə İtaliyadan Rodos da daxil olmaqla Dodekanes adalarını əldə etdi. Polşa qərb və şimalda Almaniyanın geniş ərazilərini özünə birləşdirdi və s.
Birinci və İkinci Dünya müharibələrindən gətirilmiş bu nümunələr heç də o demək deyil ki, Sülh Şurasının təsisçisi və üzvü olmaqda Azərbaycanın məqsədi yeni ərazilər hesabına genişlənməkdir. Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə elan etdiyi strategiya – “Etik Realpolitik” konsepsiyası, beynəlxalq hüquq və etik dəyərləri beynəlxalq siyasətin təməl prinsipləri kimi qeyd etməsi indiki dövr üçün fəaliyyət düsturudur.

Azərbaycanın Sülh Şurasında təhlükəsizlik, siyasi və iqtisadi dividendləri
Təhlükəsizliyin əlavə sığortalanması Azərbaycanın Sülh Şurasına üzvlükdə əsas hədəfi qlobal təhlükəsizlik şərtlərinin pisləşməsi fonunda ölkənin təhlükəsizliyinin, ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunub saxlanmasıdır. Buraya 44 günlük müharibədən sonra regionda formalaşmış geosiyasi reallığın, Azərbaycanı Cənubi Qafqazın lideri kimi təsdiqləmiş mövcud status-kvonun saxlanması da daxildir. Üçüncü hədəf, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsidir.
İqtisadi dividendlər
Sülh Şurasında iştirakda daha bir hədəf Orta Dəhlizin təhlükəsizliyi ilə yanaşı, onun iqtisadi rentabelliyinin təmin olunması və daha da inkişaf etdirilməsidir. Məhz Orta Dəhlizin inkişafının yeni səviyyəyə yüksəlməsi Sülh Şurasından götürəcəyimiz çox mühüm iqtisadi dividend ola bilər.
Hətta Azərbaycanın Tramp marşrutunda da ABŞ ilə birgə iştirakı planları da müzakirə mövzusu ola bilər. Azərbaycan şirkətlərinin belə potensialı və ABŞ şirkətləri ilə əməkdaşlıq təcrübəsi var. Sülh Şurasında iştirak Qəzzanın bərpasında Azərbaycan şirkətlərinin iştirakı üçün əlverişli siyasi şərtləri təmin edir. Sülh Şurasında iştirak Azərbaycanı və Cənubi Qafqazı dünyanın təhlükəsiz bölgələrindən birinə çevirir. Bu da xarici investisiyalar üçün regionun cəlbediciliyini artırır.
Geosiyasi dividendlər
Azərbaycan hər şeydən əvvəl bu ağır dövrdə müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyub saxlamaq üçün özünü ciddi şəkildə sığortalayır. Başqa tərəfdən, yeni dünya düzəninin formalaşmasında özünü əlverişli şərtlərlə təmin edir. Sülh Şurası koalisiyasında iştirak Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasındakı körpü rolunu gücləndirdi. Həm ABŞ ilə münasibətlər, həm də Sülh Şurasında üzvlük regiona olan təhdidlərin qarşısının alınmasında Prezident İlham Əliyevin “qüvvələr nisbətinə uyğunluq” və “tarazlaşdırma” kimi vacib beynəlxalq siyasət prinsiplərindən çıxış edərək, yeni formalaşan mexanizmlərdən istifadə etdiyini göstərir. Bu, xarici siyasətdə “Realpolitik”in çeviklik və adaptivlik prinsiplərinin təcrübədə uğurlu tətbiqidir.
Davosda 20 dövlətin rəsmən qoşulduğu Sülh Şurasında TDT-nin – Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan olmaqla 4 üzvünün, Macarıstanın və Pakistanın simasında ən yaxın müttəfiqlərimizin olmasını da nəzərə alsaq, 6 dövlətlə çox ciddi bir fraksiyaya malik olduğumuzu deyə bilərik. Bu sıraya Türkiyə və Azərbaycanla yaxşı münasibətlərdə olan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Kosovonu da əlavə etsək, diplomatik potensialın xeyli artdığını görə bilərik.
Doğrudur, Sülh Şurasında qərarlar konsensus əsasında qəbul olunmur, ancaq ABŞ-nin Türkiyə ilə Suriya məsələsində, Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı danışıqlarında D.Trampın kompromisli “win-win” prinsipindən çıxış edərək Ankaranın və Bakının maraqlarına hörmətlə yanaşması təcrübəsi deməyə əsas verir ki, Ağ Ev Sülh Şurasında “real gücü olanlar”la ortaq məxrəcə gələcək.
Əslində görünən odur ki, Şura ABŞ ilə TDT-nin Yaxın Şərq məsələlərinin həlli üçün qurduğu ortaq bir koalisiyadır. Azərbaycan və Türkiyə isə bu koalisiyanın ön cəbhəsini təşkil edirlər. Yaxın və Orta Şərqi əhatə edən Sülh Şurasında iştirak TDT-ni, xüsusilə də əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan İran ətrafında çox ciddi söz sahibinə çevirir. Belə ki, Azərbaycan və Türkiyə, Qazaxıstan, Özbəkistan və İranla çox böyük sərhədə malik olan Pakistanın bu mərhələdə əhəmiyyəti xüsusilə artır.
İran məsələsinə təsir üçün Sülh Şurası əlverişli bir platforma, real mexanizmdir. Azərbaycan və Türkiyə Sülh Şurası platformasından İrana qarşı radikal tədbirlərin görülməsinin qarşısını ala, İran əhalisinin təhlükəsizliyinə töhfə verə, problemlərin danışıqlar yolu ilə həlli üçün aparıcı faktor ola bilərlər. Bunun üçün bütün resurslar var. İranın islahatçı Prezidenti M.Pezeşkian da proseslərin belə dinc yola yönəlməsinə təkan verəcək potensiala malik siyasətçidir. Azərbaycan isə İranla olan dərin tarixi, milli, dini, məzhəb və insanlararası şəxsi əlaqələr (qohumluq bağlarının olması) baxımından ən əhəmiyyətlilər sırasında ön cərgədə dayanır. Azərbaycan yeganə ölkədir ki, Yaxın Şərq nizamlamasının bütün əsas tərəfləri ilə birbaşa diplomatik dialoq kanalları var. Bakı üçün həm Təl-Əviv, həm Tehran, həm də Ankara və Vaşinqton, habelə Körfəz ölkələri ilə ünsiyyətə girmək, istənilən məsələni müzakirə etmək hər hansı çətinlik yaratmır. Sülh Şurasında real təsir rıçaqları ilə belə siyasi-diplomtik potensialı birləşdirmək imkanı olan ikinci ölkə demək olar ki, yoxdur.
Sülh Şurasında İrana münasibətdə ABŞ və Şuraya qoşulacağı gözlənilən İsrail ən radikal, Türkiyə və Azərbaycan isə barışdırıcı mövqeləri təmsil edirlər. Bu mövqe Türkiyə və Azərbaycana körpü rolunu oynamaqla İran ətrafında yaranmış vəziyyəti dinc yolla həll etmək üçün təsirli rıçaqlar verir. Yaranmış şərtlərin İranı Azərbaycan və Türkiyə ilə yaxınlaşdıracağını deməyə əsas verir. İranı vəziyyətdən çıxara biləcək yeganə qüvvə Türkiyə və Azərbaycandır. Sülh Şurasında təsisçilik və üzvlük isə Azərbaycan və Türkiyəyə, TDT və Pakistanın dəstəyi ilə çox güclü diplomatik meydan verir.
Beləliklə, Azərbaycanın Sülh Şurasında iştirakla əldə edə biləcəyi təhlükəsizlik, geosiyasi və iqtisadi dividendlər mümkün xərclərdən qat-qat böyükdür. Təkcə münaqişələrə cəlb olunmamaq, regionun təhlükəsizliyini qorumaq çoxmilyardlıq fondlara qənaət deməkdir. Əlverişli geosiyasi mövqe həmişə təhlükısizliklə yanaşı iqtisadi ölçülərə də malikdir.

Böyük hədəflər və maneələr
Bu faktorlar Azərbaycana üstünlüklər yaratmaqla yanaşı, ölkəmizə təzyiqlərin də artmasına səbəb ola bilər. “Əsrin müqaviləsi”, BTC-nin inşası, TANAP-TAP müzakirələri və qərarların qəbul olunması, 2011-ci ildə imzalanmış "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə", 2013-cü il Prezident seçkiləri, "Avroviziya" müsabiqəsi, Avropa Oyunları və İkinci Qarabağ müharibəsi, lokal antiterror tədbirləri, COP-29 kimi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən hadisələr ərəfəsində Azərbaycana olan xarici və daxili siyasi təzyiqlər, dövlət başçısının hədəfə alındığı zamanlarda qazandığımız təcrübələrin ümumiləşdirilməsi göstərir ki, bəşər tarixinin bu həlledici mərhələsində çox uğurlu bir siyasi mövqedə qərar tutmuş dövlətimizə qarşı yeni təzyiq dalğaları başlanacaq.
Ancaq artıq Ermənistanla münaqişənin həlli Azərbaycanı geosiyasi və hərbi təzyiq rıçaqlarını gündəlikdən çıxarıb. Ölkəmizə xaricdən təzyiq üçün hər hansı iqtisadi və maliyyə alətləri də yoxdur. Odur ki, daxili siyasi şərtlərin pisləşdirilməsi üçün cəhdlərin göstərilməsi, təzyiqlərin, xüsusilə də dövlət başçısına təzyiqlərin artması Azərbaycanın mövqelərini zəiflətmək üçün planlar qurula bilər. Biz anti-Azərbaycan düşərgələrdəki gərginliklərin bəzi əlamətlərini görürük. Hətta Ermənistanın daxilində müşahidə olunan proseslərin də son məqsədi Azərbaycandır. Belə ki, Azərbaycanın daxili siyasi vəziyyəti də dayanıqlı olduğu üçün Ermənistanda anti-Azərbaycan qrupları hakimiyyətə gətirməklə xarici hərbi-siyasi təzyiq rıçaqları yaratmaq planlarının cizgiləri də görünməkdədir.
Odur ki, cəmiyyət olaraq səfərbərlik çox mühüm, hətta taleyüklü bir məsələdir. “Gəmi” təhlükəli sualtı qayaların da olduğu, qasırğalı və burulğanlı hövzədən keçir. Belə vəziyyətlərdə həm heyət, həm də gəminin texniki vəziyyəti üçün ciddi təhlükəsizlik protokolları tətbiq edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















