“Sülhün kəsişməsi”: İrəvanın manipulyasiyası
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Paşinyan iqtidarı öhdəlikdən yayınır, saxta təşəbbüslərlə oyunbazlıq edir
Ermənistan hökuməti 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini nəzərdə tutan bəndini yerinə yetirməkdən beş ilə yaxındır ki, imtina edir. Halbuki bəyanatın doqquzuncu bəndində Ermənistan Respublikasının vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi açıq-aydın qeyd olunub.
Eyni zamanda, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanlarının həyata keçirəcəyi, tərəflərin razılığı əsasında Naxçıvan MR-lə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də sənəddə öz əksini tapıb. Ancaq rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdənsə, müxtəlif səmərəsiz təşəbbüslər irəli sürür. Belə təşəbbüslərdən biri “Sülhün kəsişməsi” adlı layihədir.
İki həftə öncə – mayın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Şərqi Avropa və Mərkəzi Asiya dövlətlərindəki səfirlərinin İrəvanda keçirilən regional seminarının açılış mərasimində “Ermənistan–Avropa İttifaqı münasibətləri: ümumi gələcəyin qurulması” adlı açılış nitqində bu məsələyə bir daha toxundu. Bildirdi ki, ölkəsi sülh səyləri ilə yanaşı, “Sülhün kəsişməsi” layihəsində təsbit olunmuş prinsiplər çərçivəsində regionumuzda kommunikasiyaların açılmasını fəal şəkildə (?) təşviq edir. Onun sözlərinə görə, bu təşəbbüs Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya infrastrukturunun – avtomobil, dəmir yolu, enerji və ya kommunikasiya xətlərinin keçdikləri dövlətlərin suverenliyi və milli yurisdiksiyası altında, qarşılıqlılıq və bərabərlik prinsiplərinə uyğun fəaliyyət göstərməsini nəzərdə tutur: “Biz “Sülhün kəsişməsi”nin Avropa İttifaqının şəffaf, təhlükəsiz və suverenliyə hörmət edən əlaqəyə ehtiyacı getdikcə daha çox vurğulayan “Qlobal qapılar” və Orta Dəhliz layihələrinə tam uyğun olduğunu görürük. Ermənistanın bu çərçivədə iştirakı həm vaxtında, həm də zəruridir. İndi Ermənistanın Avropa ilə əlaqələrini dərin transformasiyaya məruz qalan regionun mərkəzində sadiq, proqnozlaşdırıla bilən, demokratik və prinsipial tərəfdaş kimi daha dərindən və strateji şəkildə möhkəmlətməyin vaxtıdır”.
Mirzoyan onu da bildirmişdi ki, rəsmi İrəvan bu məqsədlə Qara dənizi Xəzər dənizi ilə birləşdirən, Şərqə doğru artan bazarlara və Mərkəzi Asiyanın enerji resurslarına qədər uzanan multimodal dəhlizləri fəal şəkildə araşdırır: “Biz Aİ-nin Mərkəzi Asiya ilə artan əlaqəsini alqışlayırıq və onun Cənubi Qafqaz və Mərkəzi Asiyadakı strategiyaları arasında sinerjini təşviq edirik. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin haqlı olaraq qeyd etdiyi kimi, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması dönüş nöqtəsi olacaq. Bu, Avropa və Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq. Ermənistan bu regionlar arasında konstruktiv körpü rolunu oynamağa hazırdır və təkcə infrastruktur əlaqəsini deyil, həm də rəqəmsal, enerji və tənzimləyicilərin qarşılıqlı fəaliyyətini təşviq edir”.
***
Əlbəttə, A.Mirzoyanın həmin tədbirdə bu cür gəlişigözəl sözlər söyləməsi gözlənilən idi. Zatən, ondan başqa nəsə gözləməyə də dəyməzdi. Amma bu yerdə “Avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa...” atalar sözü yada düşür. Fakt budur ki, Mirzoyan və onun təmsil etdiyi hökumət öz öhdəliyini yerinə yetirməkdənsə, bundan yayınmaq üzrə “diplomatik məharət” nümayiş etdirir.
Yazının girişində Ermənistanın irəli sürdüyü “Sülhün kəsişməsi” layihəsinin səmərəsiz olduğunu qeyd etmişdik. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin layihə ilə bağlı dəyərləndirməsini xatırlatmaq yerinə düşərdi. Dövlətimizin başçısı 2025-ci il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə demişdi: “Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir”.
Prezident qeyd etmişdi ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq: “Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq, 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiya ilə məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz.
Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada, xüsusilə, dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”.
Beləliklə, aydın olur ki, Ermənistanın irəli sürdüyü bu təşəbbüsdə də məqsədi səmimi deyil. Rəsmi Bakının beş ilə yaxındır Zəngəzur dəhlizinin açılmasını təklif etməsinə, layihənin regionun bütün dövlətləri üçün faydalı olacağını bildirməsinə rəğmən Ermənistan layihənin reallaşmasına imkan verməməklə həm özünü iqtisadi blokadada saxlayır, həm də regionun tranzit potensialını məhdudlaşdırır. İndi isə “Sülhün kəsişməsi” adı altında eyni mahiyyəti dəyişdirərək, fərqli adla öz şərtlərini diktə etməyə çalışır. Azərbaycanın mövqeyi isə birmənalıdır: bütün kommunikasiya xətləri regionun suverenliyi, beynəlxalq hüquq və qarşılıqlı bərabərlik prinsipləri əsasında açılmalıdır. Bu, yalnız regional sabitliyin və iqtisadi inteqrasiyanın təmin olunması üçün deyil, həm də dövlətlərin daxili işlərinə müdaxilənin qarşısının alınması baxımından vacibdir. Ölkəmizin yanaşması beynəlxalq təcrübəyə və BMT Nizamnaməsinin əsas prinsiplərinə tam uyğundur.
Ermənistanın təklif etdiyi konsepsiya bir növ Zəngəzur dəhlizinə alternativ təqdim etmək cəhdidir. Bu yanaşma isə destruktiv mahiyyət daşıyır. Yəni, Ermənistan öz iradəsinə uyğun nəzarət mexanizmləri qurmaqla, Azərbaycanın əsaslı tələbini neytrallaşdırmaq niyyətindədir. Belə bir yanaşma, əslində, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş razılaşmalara ziddir və sülh prosesinə süni maneələr yaratmaq deməkdir.
İlyas HÜSEYNOV,
politoloq
– Ermənistanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası yönündə atdığı addımlar neqativdir. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatın doqquzuncu maddəsinin yerinə yetirilməsində problemlər var. Əvvəlki dövrlərdə də Ermənistan ayrı-ayrı güc mərkəzlərini prosesə qoşmaq niyyətini ifadə etmişdi. Bu niyyətin arxasında gizlənən məqam ondan ibarətdir ki, İrəvan ayrı-ayrı güc mərkəzlərini regiona dəvət etmək hesabına öz maraqlarını təmin etmək istəyir. Elə hazırkı proses də onu göstərir. Çünki İranın Zəngəzur vilayətinin inzibati mərkəzi olan Qafanda konsulluq açmasından sonra Fransa da vilayətin digər şəhəri Gorusda fəxri konsulluq açdı. Amma bütün bu diplomatik örtük altında regionda ayrı-ayrı dövlətlərin varlığını sübuta yetirən əsas məqam geopolitik amillərlə bağlıdır. Şübhəsiz ki, burada heç bir İran, Fransa vətəndaşının hüquqlarının qorunması, onların pasport-viza məsələlərinin həll edilməsi aktual deyil. Belə bir hal heç gözlənilmir.
Eyni zamanda Fransanın Gorusdakı fəxri konsulu Karmen Apunts “Gorus Frankofonlar İttifaqı” ictimai təşkilatının rəhbəridir və həmin bölgə üzrə frankofoniya siyasətini icra etməkdədir. Belə görünür ki, “yumşaq güc” və geopolitik amillər konsulun təyinatında əsas rol oynayıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan üçtərəfli Bəyanatda əksini tapan öhdəliyə uyğun deyil, öz narrativlərini genişləndirməyə çalışır. Hind okeanı, Fars körfəzi və İran–Ermənistan–Gürcüstan–Qara dəniz–Avropa üzrə keçən “Sülhün kəsişməsi” layihəsi irəli sürülür. Eyni zamanda, ölkəsinin Orta Dəhlizin inkişafında da maraqlı olduğunu bildirir. Amma Orta Dəhlizin Ermənistan vasitəsilə nəqliyyat yollarını şaxələndirə bilməməsini dərk etmək üçün xəritəyə baxmaq kifayətdir.
Digər tərəfdən hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması, hər zaman olduğu kimi, indi də aktuallığını qoruyur. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçından verdikləri qardaşlıq bəyanatları ona dəlalət edir ki, bizi qarşıdakı dövrdə böyük bir inteqrasiya gözləyir. Bu inteqrasiya, şübhəsiz ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə mümkündür.
Səxavət HƏMİD
XQ


