Suqovuşan fatehi: Şəhid Məhəmməd Quluzadənin doğum günüdür REPORTAJ
Biləsuvar rayonu qədimliyi ilə odlu-alovlu bir düzəngahda abad bir məkan kimi duruşu ilə , zəhmətsevər, vətənsevər insanları ilə hər zaman adı hörmət-izzətlə çəkilən rayonlarımızdan biri olub.
Biləsuvar rayonu Muğan düzündə yerləşən qədim diyardır. Biləsuvarlılar hər zaman tarixin bütün dövrlərində öz qəhrəmanlığı, zəhmətkeşliyi ilə seçilib, bu torpaq neçə-neçə alimlər, ziyalılar yetişdirib, dövlətinə sadiq, xalqına sədaqətlə xidmət edən gənclər yetişdirib, bu torpaq qəhrəmanlar yurdu, igidlər oylağıdır.
Biləsuvar xalqı hər zaman gücü torpaqdan alaraq böyüyüb, qəlblərində hər zaman torpaq, vətən sevgisini yaşadıblar.
Təsadüfi deyil ki, Biləsuvarlılar bu gün torpağa bağlı vətənpərvərlər yetişdirib, bu torpağın azadlığı və müstəqilliyi uğrunda zaman-zaman tarixin bizə yaşatdığı müharibələrdə məğrur döyüşüb, şəhid olublar. Biləsuvar bir deyil, 150-uə qədər mübarizlər yetişdirib, vətən uğrunda şəhidlər verib . Bu gün o igid oğullardan biri ilə sizi tanış edəcəyik
Şəhid Məhəmməd Quluzadə
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi Məhəmməd Cəlal oğlu Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlib. Sadə, maddiyyatca bir az da kasıb bir ailənin oğlu olsa da, ailədə zəngin mənəviyyatın, yüksək əxlaqın və xüsusi vətənpərvərlik tərbiyyəsinin şahidi oldum. Məhəmmədin fotoları, orta məktəbdə, gizir kursunda, işdə aldığı təşəkkürnamələr, hərbi geyimi, özünə aid olan şəxsi əşyaları bir guşədə əziz bir xatirə kimi qorunub saxlanır.
Hamı bilir ki, Məhəmməd şəhid olub, getdiyi yoldan bir daha geri dönməyəcək. Amma nə şəhidimizin anası Nailə xanım, nə də atası Cəlal bəy onun haqqında bir dəfə də olsun keçmiş zamanda danışmadı. Sanki, Məhəmməd lap yaxında, əl çatan bir yerdədi və ola bilər ki, bir gün qapını açıb gülə-gülə içəri girə bilər, atasının , anasının qucağına atlanıb onları öpə -öpə, qoxulaya-qoxulaya “yaman eynimə düşmüşdünüz” deyə bilər... Nailə xanım oğlu haqqında fəxrlə danışır, ana ürəyidi, dözə bilmir ara-bir xəlvəti gözündən yumrulanıb süzülən yaşları silir, bir daha qəhərlənir, amma yenə də, yenə də o fəxarət duyğusu üz-gözündən əskik olmur:
- Məmi, (uşaq vaxtından belə çağırırdıq) hələ lap balaca vaxtından hamının sevimlisiydi, üzüyola (buyruğa baxan) olması, verdiyi sözü tutması, zəhmətkeşliyi, ehtiyacı olana yardım etməsi onu evdə də, məktəbdə də, kənddə də bir başqa tanıtmışdı. Böyük övladım idi. Ona görə də, gözünü açandan, həyatı dərk edəndən həmdə edvin əsas köməkçisiydi. Məhəmməd, malları otarmağa apar, heyvanların pəyəsini kürü, suvar, tez gəl gedirik ot çalmağa,Məhəmməd, otu çevir o biri üzü də qurusun...Ağacların dibini qaz, sula... Bir dəfə dönüb deməzdi ki,axı yoruldum! Bir dəfə nəyəsə etiraz etdiyini, gileyləndiyini görmədim.
2006-ci ildə cı ildə Bəydili kənd tam orta məktəbinin birinci sinfinə daxil oldu. Orta təhsili 2017-ci ildə bitirdi. Elə həmin ili də Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət başladı. Əsgərlikdə olanda bir dəfə bizi incitmədi, yerindən, çətinlikdən gileylənmədi, pul tələbeləmədi. Zəngləşib danışanda Cəlal deyirdi ki, yanına gəlmək istəyirəm , deyirdi ay ata, bir də o boyda yolu qət eliyib nəyə gəlirsən ki bura, xidmət yaxşı, burda təbiət gözəl, bir batalyon da Mahir kimi qardaşım var!” Gəlmə, yaxşıyam, hər şey qaydasındadır. Balam kişilik məktəbində bütün çətinliklərə kişi kimi dözürdü!”
Oxucuları nigaran qoydum, bağışlasınlar. Şəhidimizin bir məktəbli bacısı var, adı Məryəmdi. Məryəmlə azacıq həmsöhbət oldum. Dedi ki, məktəbdə də, məhlədə də hamı mənə mehriban münasibət göstərir. Sinif yoldaşlarım məni tanımayan olanda belə təqdim edirlər:” Qəhrəman şəhidimiz Məhəmməd Quluzadənin bacısıdır. Adı Məryəmdi”. Mən də elə sevinirəm... Məhəmməd yoxdu, amma adımın qarşısından birinci qardaşımın adı gəlir”
Şəhidimizin qardaşının adı isə Mahirdi. Mahirlə görüşmək mümkün olmadı . Cəlal bəy dedi ki, Azərbaycan ordusunun tərkibində, hərbi xidmətdədir. Talış istiqamətində vətənin keşiyini çəkir.
Bu dəfə söhbətə Cəlal bəylə davam edirik. O deyir ki, Məhəmməd 2019-cu ildə hərbi xidmətdən təxris olundu, gəldi, sevindik, məclis qurduq, el bizə gözaydınlığına gəldi. Gözaydınlığına gələnlərin hamısı deyirdi ki, tez elə evləndir, yarlı-yaraşıqlı oğlan olub. Anası harda qarşısına qəşəng bir qız çıxsa ona “müştəri gözü ilə baxırdı”. Elə sevinirdik ki.. Artıq planlarımızı da Məhəmmədə açmaq istəyirdik.
Amma o, elə bütün günü əsgər yoldaşlarının adı , xidmətdə olduğu hərbi hissə, elə o gözəl rayonun özü dilindən düşmürdü. Televiziyada əsgər adı, həmin rayonun adı, yaxudda o ərazidə atəşkəsin pozulması haqqında bir xəbər yayınlananda Məhəmmədin ürəyi atdanırdı. Özünü orda hiss edirdi. Bir gün deyəndəki, mən MAXE-yə (Müddətdən artıq xidmət edən hərbi qulluqçu- red ƏR) yazılacağam, nə anası etiraz etdi, nə mən. Özü ağıllı balaydı, nə edəcəyini, necə edəcəyini hamıdan yaxşı bilirdi. Biz ona “Allah xeyirli-uğurlu eləsin” deyəndən sonra onun necə sevindiyini təsəvvür eləməzsiniz...
Uşaq elə bil Tərtərə vurulmuşdu. 2020-ci ildə könüllü şəkildə yenidən Tərtər rayonu N saylı hərbi hissəyə qayıtdı. Hər dəfə onunla telefon əlaqəsi saxlayanda bizə elə minnətdarlıq edirdi ki... Bilirdim ki, ona “getmə”desəm sözümdən çıxmayacaqdı, bəlkədə getməyəcəkdi. Amma onu heç vaxt xoşbəxt görməyəcəkdim. Bu üzdən “get” dedim. O, bunu bilirdi, bildiyi üçün də minnətdarlıq duyğusunu dilinə gətirirdi”.
Hamımız susuruq... Bilmirəm bəlkə də Nailə xanımın da, Cəlal bəyin də gözünün qarşısından Məhəmməd Tərtərə getdiyi gündən keçirdikləri narahatçılıq, ayrılıq, bal kimi şirin olan bala qoxusunu duymaq həsrəti, ana ürəyinin” görəsən acdı, susuzdu, görəsən xəstələnmiyib?”, “kaş burda olaydı bişirdiyim bu yeməkdən yeyədi” nigarançılığı keçir... bilmirəm... xeyli susuruq.
Nailə xanım sükutu pozur: 25-də, axşam üstü zəng elədi. Dedim, ana qurban nətərsən, yaxşısanmı, dedi narahat olma lap yaxşıyam. Atasıynan, bacısıynan, qardaşıynan danışdı. Sabahı günü televiziyadan eşitdik ki, müharibə başlayıb. Ürəyimdən bir ağrı başladı, yerimdən qalxa bilmədim. Dedim Cəlal bu dəqiqə neyniyirsən elə balamla danışdır məni. Amma həmin vaxt bütün qohum əqrəbalar, tanışlar bizə zəng vurdu ki, bəs axşam Məhəmməd hamımıza bir-bir zəng vurub bizimlə halalaşıb. Xüdafizləşib. Hərə bir tərəfdən təsəlli, toxdaqlıq verdi mənə, özümə gəldim. Cəlal haralara zəng vurdu bilmirəm, axır ki gecənin bir aləmi məni oğlumla danışdırdı. Dedi ana, narahat olma, biz təzə gəlmişik gizir kursundan ona görə bizə deyirlər ki, siz arxada qalın... Bizi müharibəyə hələ 15 gündən sonra buraxacaqlar.Məndə inandım. Nə bilim ki, hələ 25-indən onlara müharibə əmri verilib və yaxınları ilə danışmaq üçün şəraitdə yaradıblar.Məhəmmədin sözünə elə inanmışdım ki...29 sentyabrda bütün kənd Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu bilirdi, bir məndən başqa. Gecədən kürəyimin arası yanırdı, ürəyimin başınna elə bil közlər qoyulmuşdu. Su içirdim, əl-üzümə su vururdum, görürdüm keçmir. Dedim qonşuya gedim görüm varsa mənə bir ürək dərmanı versin atım. Həyətdən çölə çıxanda gördüm bizim küçədən çoxlu maşın şütüyür, çamaat gəlib keçir. Ağlıma heç nə gəlmədi. Getdim qonşuya. Qonşu mənə bir təhər baxırdı, fəlakət vardı gözlərində. Dərmanı verdi atdım.bir az durdum gördüm yox dərman da xeyir eləmədi. Bu heyndə qonşunun oğlu anasını evə çağırdı nə dedisə , qonşu gəlib mənimlə üz-üzə durdu, dedi: Nailə get evinə!
- Biixtiyar - Allaha and olsun o sözün mənim ağzımdan necə çıxdığın hələdə anlaya bilmirəm- Məhəmməd ölüb?
Qonşu qorxacaq, təlaşlı bir halda: Yox ee, deyirlər , yaralanıb, evə gətirirlər...
-Boy, yaralını evə niyə gətirirlər, həkimə aparsınlar də... dedim və dəli kimi qapıdan çıxdım. Cəlalı çağırdım, həyətdə axtardım tapmadım. Bu dəfə özümü telefonun üstünə atdım, nə qədər fikirləşdim ki, kimə zəng vurmalıyam, tapa, fikrimə gətirə bilmədim. Nəhayət bir təhər Cəlala yığdım götürmədi. Qardaşım oğluna zəng vurdum. Adboy verdi. Birdən fərq elədim ki, küçəmizlə insan seli bizim həyətə sarı axışır. Bayrağa bürünmüş Məhəmmədimi çiyinlərdə gətirirdilər.... Elə bir haray çəkdim ki, ağrıda getdi, yanan kürəyimin arasıda yadımdan çıxdı.
Cəlal bəy: Ərazi icra nümayəndəliyindən məni ora çağıranda, əslində nə baş verdiyini təxmin eləmişdim. Mən bunu gözləmirdim desəm yalan olardı. Mənim oğlum Mübariz İbrahimovu özünə ideal seçmişdi. Deyirdi, düşmənlərimizin heç olmasa, beş-onun öldürsəydim dərdim olmazdı. Həmişə deyirdi ki, Mübariz bəxtəvər adamdı, dedi ki, ermənini məhv edəcəm, ondan sonrada ölsəm dərdim olmaz, məndə ermənini məhv edəcəm, ondan sonra mən də ölsəm dərdim olmayacaq. Bilirdim ki, Məhəmməd də Mübarizin yolunu keçəcək. Bilirdim , mütləq keçəcək. Ona görə də, Məhəmmədi şəhid kimi qəbul etməyə müharibə başlayan gündən hazır idim!Təsəllim odur ki, cəsur, ağıllı, vətənpərvər, dostcanlı oğlum olduğunu əvvəllər təkcə Bəydili camaatı bilirdi, indi bütün Azərbaycan bilir. Təsəllim odur ki, məni də, Nailəni də Məhəmmədə görə tanıdılar. Bax, siz düz Bakıdan bura Məhəmmədin adını tutub gəlmisiniz!
Xalqın şəhidinə verdiyi qiyməti görürəm. Təsəllim odur ki, balam yüz il də keçsə yaddaşlarda, qəlblərdə yaşayacaq.Şəhidi yetişdirən valideyn olaraq bizdə xatırlacağıq. Bir sözlə, Vətənimizin başı sağ olsun!
Bəli Cəlal bəy, Məhəmmədin izləri əbədi olaraq Tərtər rayonununda da Suqovuşan kəndində də qalacaq. Nəinki tək Tərtərlilər eləcə də Azərbaycan xalqı , Azərbaycan dövləti Məhəmməd Quluzadənin simasında vətən üçün həyatını qurban verən heç bir igidimizi unutmayacaq!
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid