Tamaşaçı teatra necə baş verir ə görə gəlmir, nə baş verir ə görə gəlir
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Budəfəki həmsöhbətimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Akademik Musiqili Teatrın aktyoru Şövqi Hüseynovdur. "Mən Feyerbaxam", "Şeyx Sənan", "Aydın", "Romeo və Cülyetta", "Kontrabas", "Daş qonaq" kimi 30-dan çox tamaşada rol alan aktyor "Günaydın, Mələyim", "Yaddaş", "Qeybdən gələn səs", "Almaz Yıldırım", "Aktrisa", "Qayınanamız", "Vicdan haqqı", "Vətəndaş A" kimi serial və filmlərdə də çəkilib.
Aktyor Şövqi Hüseynov ilə söhbəti təqdim edirik.
- "Bəzən teatr həddindən artıq süni və ucuz hisslərin nümayişinə çevrilir". Bunu Nitsşe XIX əsrdə deyib. Bəs Azərbaycan teatrının şouya xidmət etdiyi olubmu?
- Təbii ki, olub. Həmişə olub və hələ də var. Tək bizim teatrlarımızda yox, bütün dünyada var bu. Yetər ki, balansı qoruyub saxlaya bilək. O da vacibdir, lazımdır, onun da tamaşaçısı var, inkar edə bilmərik. Amma siz dediyiniz şou tamaşalar heç vaxt sənət nümunəsi olmayıb. Heç vaxt da mən onun tərəfdarı olmamışam. Həmişə çalışmışıq ki, klassik teatrla məşğul olaq. Müasir tamaşalar oynasaq belə, klassik yanaşmalara üstünlük vermişik. Əvvəla, tamaşaçının teatra gəlmə səbəbini bilməliyik, "Tamaşaçı nə üçün gəlib mənə baxmalıdır" sualına cavab tapmalıyıq. Onun cavabı da 40 illik təcrübəmə əsasən deyirəm ki, insandır. Başqa heç bir amil yoxdur, əgər insan varsa - istər səhnədə, istər ekranda - tamaşaçı səninlə gələcək. Tamaşaçı teatra "necə baş verir"ə görə gəlmir, "nə baş verir"ə görə gəlir. Söhbət əsl tamaşaçıdan gedir. Biz "necə baş verir" sualına cavab tapmaq üçün teatra bir dəfə gedərik. Onu da sosial media üzərindən də görmək olar. Teatrın ekrandan üstün cəhəti odur ki, teatrda plastik insan var və yetər ki, o canlı insan hər zaman olsun. Düzdür, yeni texnologiyalardan istifadə edilir, amma ora fokuslanıb insanı unutmaq olmaz. İnsanı unutsaq, yavaş-yavaş teatrımızın kökündən uzaqlaşmış olarıq. Hər biri lazımdır - şou da lazımdır, texnologiyalar da lazımdır, amma yetər ki, onlar səhnədə olan insana xidmət eləsin.
- Teatr da bir ailədir. Bu ailənin daxilində tarix boyu söz-söhbətlər olub, amma biz tamaşaçılar bu söhbətlərdən xəbərdar olmamışıq. İndi isə teatr daxilində baş verənlər qısa zamanda hamıya bəlli olur. Buna görə kimi qınamalıyıq - rəhbərliyi, ya kollektivi?
- Bilirsiniz, biz dəqiq bilə bilmərik ki, kimi qınayaq. Mən hər zaman neytral mövqedəyəm. Balanslı davranmağa çalışıram. Bu o demək deyil ki, mən kimisə müdafiə edib, kimisə etməyəcəm. Konfliktsiz teatr yoxdur, bu, mümkün deyil. Bu, təbii prosesdir. Bütün aktyorlar baş rol oynamaq istəyir, bütün aktyorlar səhnədə gözəl görünmək istəyir. Bu, faktdır. Amma ailədaxili söhbətlərin kənara çıxmasının tərəfdarı deyiləm. Sənətdən kənara çıxıb şəxsiyyətə toxunan söhbətləri teatrdan anlayışı olmayan insanlar edirlər. Həmin söhbətlər teatrın-ailənin daxilində qalsa, daha yaxşı olar. Belə hadisələr hər yerdə olur. Hansı teatr desə ki, bizim teatrda sakitlikdir, heç bir konflikt yoxdur, həmin teatr diri teatr deyil. Diri, canlı teatrda belə hadisələr çox olur. Amma yetər ki, sağlam olsun, şəxsiyyətə toxunmasın. Yaradıcı məsələlərdə biz mütləq sağlam konflikti yaşamalıyıq. Qeyd edim ki, söhbəti kənara çıxaranlar heç teatr işçiləri olmur, bunu yad adamlar edirlər. Hesab eləmirəm ki, bizim işimizə kimsə qarışmalıdır.
- Həm aktyorsunuz, həm də müəllim. Bu iki ağır sənəti daşımaq necə hissdir?
- Çox çətin və məsuliyyətlidir. Tələbələrlə birgə mən də yenidən nələrisə öyrənirəm. Sənətkarlardan birinin belə bir sözü var, gənclərlə işləmək qocalığın ən yaxşı dərmanıdır. Biz təkcə aktyor yetişdirməklə məşğul deyilik, istedad nisbi anlayışdır. Biz ilk növbədə vətəndaş və ziyalı yetişdirməklə məşğuluq. Bəzən qəbul imtahanlarında iştirak edəndə tələbəblərə ilk sualım teatrımız, mədəniyyət və incəsənətimizlə bağlı olur. Suallarıma cavab verə bilməyəndə çox narahat oluram. Həmin tələbə gələcəkdə aktyor, rejissor olmaya bilər, amma milli dəyərlərimizi bilməlidir. Mirzə Cəlili tanımamaq olmaz, Hüseyn Cavidi, Üzeyir bəyi tanımamaq olmaz. Deyir, bu, mənim sənətimə aid deyil. Elə şey yoxdur. Sən traktorçu da olsan, Mirzə Cəlili, Mikayıl Müşfiqi tanımalısan. Bunlar bizim milli sərvətlərimizdir. Teatrdan fərqli olaraq universitetdə biz bu istiqamətlə - gənclərin zövqlərinin formalaşması ilə də məşğuluq.

- Rüstəm Zal şagirdinə 39 fəndi öyrədir, amma 40-cı fəndi döyüş gününə saxlayır. Sizin 40-cı fəndiniz olurmu?
- Təbii ki, var. Hər zaman tələbəyə seçim, azadlıq şansı verirəm. Amma 40-cı variantı özümdə gizləyirəm. O vaxta qədər səbr edirəm, doğrunu tapana kimi ona heç nə demirəm. Gözləyirəm ki, onun fantaziyası 40-cı məqama gedib çıxa bilsin. Mənim bildiyim son düz variant da aksioma deyil, onun da üstü var. Amma indiki zamanda bildiyim doğru variant odur. Təhsilim də yüksək səviyyədə olub, ən azından zövq baxımından çox yaxşı bilirəm ki, doğru olan hansıdır. Tələbənin bilməmək hüququ var, buna görə narahat olmamalıdır. O, səhv də edə bilər, tərəfdarı deyiləm ki, tələbə hər gün əla iş göstərsin. Elə olmamalıdır. Mütləq səhv etməlidir. Müəllim də, rejissor da o səhvlər düzə çatana qədər tələbəyə şərait yaratmalıdır. Biz nə üçün tamaşanı 10 günə hazırlayıb bitirə bilmirik. Hansı ki, həmin vaxt ərzində bütün sözləri də bilirik, dekor da hazır olur, geyimlər də. Amma üç-dörd ay məşq edirik. Çünki səhvlər edib düz məqama çatmağa çalışırıq. Yaxşı rejissorun, yaxşı pedaqoqun düz variantı həmişə olur, amma onu sonda deyir.
- Tez-tez festivallarda olursunuz. Digər ölkələrdə tamaşalardan öyrəndikləriniz, tamaşalarımıza gətirmək istədiyiniz yeniliklər olurmu?
- Mənə sual verirlər ki, festivallara gedərkən tamaşaçılarda fərq görürsünüzmü? Mənim üçün tamaşaçı fərqi yoxdur, yetər ki, səhnədə insan olsun. İnsan bəzən yad dildə də tamaşa göstərə bilər. Elə olub ki, mən öz dilimizdə tamaşa göstərib birinci yerə layiq görülmüşəm. Siz dediyinizə gəldikdə isə, festivallarda iştirak eləmək həm də öyrənməkdir. Təkcə öz suyunda bişməklə heç nə əldə bilmərsən. Festivallarda iştirak eləmək yaradıcı insan üçün formatdır. Elə tamaşalar görürəm, deyirəm, Allah məndəmi aktyoram? Amma elə tamaşalar da görürəm ki, deyirəm, yox, aktyor elə mənəm. Kimlərinsə oyun tərzlərindən istifadə etdiyim olmayıb. Hansı tərəfə baxsaq, şərqliyik. Buna görə də Qərbə hər zaman maraqlıyıq. Onlar kimi davransaq, maraqlı olmayacağıq. Amma texniki cəhətdən onlardan çox şey öyrənirəm. Mən Musiqili Teatrın aktyorları ilə işləyirəm, onlar da tamaşada oxumalıdırlar. Libretto olmaya da bilər, amma mütləq oxumalıdırlar. Əvvəllər mən tələbələrimlə tamaşa hazırlayanda hansısa bir milli mahnını oxuyurduq. Bir dəfə xaricdə bir tamaşada oldum, Dostoyevskinin əsərini replə oynayırdılar. Narahat oldum, hər nə qədər müasir düşüncədə olsam da, xoşuma gəlmədi. Amma həmin gənclər o qədər dəqiq oynadılar ki. Mən onları tamaşanın əvvəlində görmüşdüm, geyimlərinə baxıb qəribə olmuşdum ki, axı bunlar aktyora bənzəmirlər. Amma səhnədə görəndə heyrətləndim. Oynadıqları personajın monoloqunu rep kimi deyirdilər. Əlavə musiqi və şeir yox idi. Dialoqları musiqi ilə deyirdilər. Bu, mənə maraqlı gəldi və tələbələrimlə bu üsulu sınamağa başladım, monoloqla musiqini birləşdirdim. Qısası, onlar bizdən, biz də onlardan nələrsə öyrənirik. Aktyor sənəti elədir ki, onun bir paraqrafı yoxdur, gedib oxuyasan. Yanlız kimdənsə nəsə öyrənirsən, "oğurlayırsan", özününküləşdirirsən. Bu proses bitmir. Belə davam etməlidir, bitsə, gərək pərdəni bağlayaq, səhnəyə çıxmayaq.
- Bəs öz səhnə yoldaşlarınızdan nələrsə öyrəndiyiniz olurmu? Bəzən olur ki, aktyorlar necə oynamaqlarından asılı olmayaraq təkcə özlərini bəyənir, digər həmkarından nəsə öyrənməyi özünə ar bilir.
- Onsuz da səhnəyə çıxanda görünür ki, kim yaxşıdır, kim pisdir. Tamaşaçını aldatmaq mümkün deyil. O, bizim gizlətmək istədiklərimizi belə, görür. Bu, çox vacibdir. Tamaşaçı bunu peşəkar şəkildə müzakirə eləmir. Ya tamaşanı bəyənəcək, ya da bəyənməyəcək. Niyəsin soruşsan, cavab verə bilməyəcək. Tamaşaçı hiss edir ki, onu teatrda gözləyirlər, yoxsa yox? Siz harasa qonaq gedəndə mühitdən artıq hiss edirsiniz ki, orada sizi gözləyirlər, gözəl süfrə açılıb, hamı sizi görüb sevinir. Biri də var, gedirsən, nə səni qarşılayan olur, nə başqa bir şey. Elə-belə deyiblər ki, bizə qonaq gələrsən. Artıq ora getmək istəmirsən. Tamaşaçı da elədir. Pərdə açılan kimi aktyorların aurasından hər şeyi hiss edir. Bu, mistika ola bilər, buna görə nə tamaşaçı, nə də aktyor hesabat verir. Həmin auranın nəticəsi tamaşaçının teatrdan necə çıxmasıdır. Ya teatra gəldiyi kimi gedir, ya da fərqli bir insan kimi. Niyə gəldiyinin cavabını da bilmir. Bəzən olur ki, biz tamaşaçını itiririk. O an mən dünyanın ən bədbəxt insanı oluram. Tamaşadan sonra hara gedəcəyimi də bilmirəm. Bəzən isə itirirəm, amma sonra tapa bilirəm. Bu, döyüşdür. Sonda ya tamaşaçı, ya da aktyor qalib gələcək. Canlı sənətdir. Teatr həmişə gözəl olmur.
Ləman İLKİN


