Tarixi əhəmiyyətli sənəd Musa Qasımlı yazır...
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalamaları ilə ikitərəfli münasibətlərdə tarixi hadisə baş verdi və yeni bir tarix yaradıldı. Məlumdur ki, hər hansı bir ikitərəfli və ya beynəlxalq sənədin imzalanması mərasimi bir gündə baş versə də, hazırlanması bir gündə olmur, bəlli zaman aparır. Ortaq maraqlar olmasa sənədlər hazırlanmır və imzalanmır. Ona görə də dövlət rəhbəri tərəfindən müəyyənləşdirilən vahid xarici siyasət xəttini həyata keçirən diplomatiya danışıqlar zamanı ortaq maraqları və onların reallaşdırılması yollarını müəyyənləşdirir. Bunda əsas rolu dövlət və hökumət başçılarının siyasi iradəsi oynayır. Bəs strateji tərəfdaşlıq özündə nəyi ehtiva edir?
Strateji tərəfdaşlıq nə deməkdir?
Dövlətlər arasında adi əməkdaşlıqdan fərqlənən strateji tərəfdaşlıq iki ölkə arasında qısamüddətli deyil, uzunmüddətli qarşılıqlı maraqlara və ortaq niyyətlərə əsaslanan əməkdaşlıq münasibətlərinin yaradılmasıdır. Bu tərəfdaşlıq qarşılıqlı maraq və faydaya, etimad və qarşılıqlı hörmətə, ortaq strateji məqsədlərə, siyasi, iqtisadi, təhlükəsizlik, hərbi, elmi və digər sahələrdə ümumi hədəflərə, vacib məsələlərdə qarşılıqlı yardıma, bütövlükdə müxtəlif sahələrdə geniş əməkdaşlığa əsaslanır.
İki dövlətin prinsiplərini, məqsədlərini və niyyətlərini elan edən hüquqi-siyasi əhəmiyyət daşıyan bəyannamənin hazırlanmasını və imzalanmasını hansı amillər zəruri edib?
Nə üçün Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə?
Dərin tarixi köklərə dayanan qarşılıqlı münasibətlərə bir növ yekun vuran və yeni keyfiyyət mərhələsinin başlanğıcını qoyan bu sənədin imzalanmasını bir sıra amillər zəruri edib.
İlk növbədə, sənəd iki ölkə arasında təməlləri möhkəm olan uzunmüddətli münasibətlərə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və əməkdaşlıq, 1998-ci il 21 iyul tarixli Dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamələrə əsaslanır. Bu, xronologiya münasibətlərin davamlı inkişafının göstəricilərindən biridir. Şübhəsiz, münasibətlər inkişaf edib dərinləşməsəydi, tərəflərin maraqlarına cavab verməsəydi və üst-üstə düşməsəydi belə bir sənəd də imzalanmazdı. Deməli, bu sənəd məntiqi olaraq qarşılıqlı maraqlardan, zərurətdən meydana çıxıb.
İkincisi, sürətlə dəyişən, mürəkkəb və ziddiyyətli proseslərin baş verdiyi, Avropada gedən müharibənin və Yaxın Şərqdə münaqişənin nə zaman, necə bitəcəyi və nəticələrinin necə olacağının bilinmədiyi bir zamanda bir sıra dövlətlər, o cümlədən Böyük Britaniya dünyanın ürəyi hesab edilən Avrasiyaya gedən yol zəncirində təkcə əsas həlqə deyil, eyni zamanda qeyri-adi ustalıqla yürüdülən xarici siyasəti və yüksək mədəniyyəti ilə birləşdirici güc, nümunə olan
Azərbaycanla əməkdaşlığa ehtiyac duyur. Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmadan dünyanın ürəyinə getmək çətindir.
Üçüncüsü, sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının bəyənilməsi rəsmi Bakı və Londonun Cənubi Qafqaz siyasətlərinin üst-üstə düşdüyünü göstərir. Qarşılıqlı ehtiyac və maraqlardan irəli gələn bu bəyannamə üçüncü dövlətə qarşı yönəlməyib.
Münasibətlərin təməllərini nə təşkil edir?
İmzalanan sənədin təməlində ilk növbədə beynəlxalq hüquq və bərabərhüquqluluq dayanır. Tərəflərin BMT Nizamnaməsinə, xüsusən beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət edəcəklərini bəyan etmələri beynəlxalq münasibətlərdə ümumi qəbul olunmuş norma və prinsiplərə sədaqətini göstərir.
Hansı sahələrdə əməkdaşlıq ediləcək?
Bəyannamədə əməkdaşlığın sahələri də müəyyənləşdilirib. Bilindiyi kimi, müasir qarmaqarışıq dünyada ən vacib məsələlərdən biri dövlətlərin müdafiəsinin və təhlükəsizliyinin etibarlı təmin edilməsidir. Bu sənədlə Azərbaycan və Böyük Britaniya regional sülh və sabitliyi dəstəkləməkdən ötrü müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri qəbul edirlər. Bu o deməkdir ki, bir dövlətə qarşı olan hər hansı təhdidə və onlara cavab vermək üçün qabiliyyətlərini birgə artıracaqlar. Həmin məqsədi həyata keçirməkdən ötrü tərəflərin yüksək səviyyəli fəaliyyətinin davam etdirilməsi, qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlərə
dair müzakirələrin əlaqələndirilməsi, təlimin, potensialın artırılması, qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarının araşdırılması, təhdidlərinə cavab olaraq müxtəlif istiqamətlərdə təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın və sərhəd idarəçiliyinin, eləcə də məhkəmə və hüquqi əməkdaşlığın formalaşdırılması başlıca istiqamətlər olaraq bəyan edilir. Göstərilənlərin həyata keçirilməsinin müdafiə və təhlükəsizlik sahələrində böyük faydalar verəcəyini indidən təxmin etmək olar.
Müasir dünyanı qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıqsız təsəvvür etmək çətindir. Bəyannamədə ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək bəyan edilir. Amma etibarlı bağlantılar olmadan ticarət-iqtisadi əlaqələri davamlı həyata keçirmək mümkün deyildir. Ona görə də sənəddə regional və beynəlxalq bağlantıların vacibliyinin vurğulanması, Orta Dəhlizin inkişafının dəstəklənməsi Böyük Britaniya və Azərbaycanın ortaq mövqedən çıxış etdiyini göstərir. Bu, Azərbaycanın müvafiq məsələdə beynəlxalq mövqelərinin gücləndirilməsi deməkdir.
Bəyannamədə təhsilin, elmin, tədqiqatların və innovasiyaların uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunun qəbul edilməsi o deməkdir ki, təhsil, elm və tədqiqatlar nəzəri biliklər kimi qalmamalı, bilavasitə cəmiyyətin rifah halının daha da yaxşılaşdırılmasına, dövlətin qüdrətinin daha da gücləndirilməsinə xidmət etməlidir.
Bəyannamənin həyata keçirilməsinin nə kimi faydaları olacaq?
Bəyannamənin həyata keçirilməsinin böyük əhəmiyyəti olacağı şəksizdir. Bu sənəd ilk növbədə, ölkələrimizin arasında qurulmuş və tərəflərə qarşılıqlı fayda verən sıx münasibətləri daha da möhkəmləndirəcək, bütün sahələrdə əməkdaşlığı genişləndirəcək, xarici təhdidlərə qarşı birgə mübarizəni gücləndirəcəkdir. Ortaq fəaliyyətlər regionda hələ kövrək olan sülhün davamlı olmasına və yeni münaqişələrin başlanmasının qarşısını almağa kömək edəcəkdir. Ticarət-iqtisadi, elm, təhsil və innovasiyalar sahəsində əməkdaşlıq ölkələrimizi bir-birinə daha sıx bağalayacaq və yeni keyfiyyət gətirəcək.
Musa Qasımlı, Milli Məclis sədrinin müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















