Icma.az
close
up
RU
Tarixi kübarlıqdan milli ziyalılığa yüksəliş

Tarixi kübarlıqdan milli ziyalılığa yüksəliş

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət mükafatına təqdim olunub

Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov beynəlxalq aləmdə tanınan, sanballı nüfuz sahibi olan alimlərimizdəndir. Onun Avropa, Amerika, Avstraliya, Asiya qitələrində 10-dan artıq kitabının, Rusiya, Türkiyə, İran, Serbiya, Çin və Özbəkistanda 15-ə qədər məqaləsinin işıq üzü görməsi bunun əyani sübutudur. Tədqiqatçı alimin aparıcı dövlətlərdə əsərləri nəşr olunmuş dünyaşöhrətli alimlər – Boris Starkov, Rudolf İvanov, Bakke Qrrammon, Arno Laster və digərləri yaradıcılığını yüksək qiymətləndirmişlər.

Professor Ə.Zeynalovun Qərbi Azərbaycanla bağlı yazdığı əsərlərdən danışarkən akademik Nizami Cəfərov demişdir: "Əsgər müəllim xalqının təəssübkeş, milliyyətçi oğludur. Onun yazdığı elə əsərlər var ki, məsələn, "İrəvan ziyalıları" kitabı, onu heç kəs o səviyyədə yaza bilməz". Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, araşdırmaçı alimin "İrəvan ziyalıları" kitabı haqqında ən fundamental məqalə də akademik Nizami Cəfərova məxsusdur.

Müəllifin "İrəvan aristokratiyası" kitabı aktuallığı ilə mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycana qayıdışın beynəlxalq səviyyədə ortaya qoyulduğu belə əsərlərə ciddi ehtiyac duyulur. Rus dilində işıq üzü görən kitabın redaktoru, professor Cəlil Nağıyev, rəyçiləri akademiklər Nizami Cəfərov və Muxtar İmanov, tərcüməçiləri filologiya elmləri namizədi Heydər Orucov və filologiya üzrə fəlsəfə doktoru Zeynəb Qasımovadır.

Nəşrin üz qabığında fransız rəssam və səyyahı Dübua dö Monperönün çəkdiyi İrəvandakı Sərdar məscidinin şəkli və kitabın əvvəlində Prezident İlham Əliyevin "İrəvan xanlığı, Zəngəzur mahalı və digər bölgələr bizim tarixi torpaqlarımızdır" ifadəsi əsərin nədən bəhs etdiyi və ideya istiqamətindən xəbər verir.

Kitabda İrəvanın tarixinə ekskurs edilmiş və elmi qaynaqlar əsasında azərbaycanlıların bu ərazini idarə etməsi faktlarla göstərilmişdir. İrəvanda yaşayıb-yaratmış, 200 ildən artıq tarixi olan aristokrat – ziyalı nəsillər üzə çıxarılmışdır. İrəvanın vitse-qubernatoru olmuş İsmayıl bəy Qazıyev, Mirzə Cabbar bəy Qazıyev, Məmməd xan Erivanski, MirAbbas Mirbabayev, habelə İbadulla bəy Muğanlinski, Ələkbər bəy Qədimbəyov həmin nəsillərin nümayəndələridir.

Çox maraqlıdır ki, sonralar xarici ölkələrdə, ümumiyyətlə, müxtəlif yerlərdə təhsil alan gənclərin böyük əksəriyyəti məhz İrəvanın bu aristokrat təbəqəsinin övladları olmuşlar. Məsələn, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Mustafa bəy Topçubaşov, Mehdi xan Erivanski, Kübra xanım və Ruqiyyə xanım bacıları (Mirabbas Mirbabayevin qızları), Adil və Əslidar Muğanlinskilər və b.

Xüsusi vurğulamaq lazımdır ki, görkəmli dövlət və elm xadimi Əziz Məmməd oğlu Əliyevin anası irəvanlı İbrahim bəy Süleymanbəyovun qızı idi. Yəni Əziz Əliyev də İrəvanın bəy nəslindən idi. Akademik Heydər Hüseynov, professor Cəfər Xəndan da İrəvanın bəy nəslindən idilər. Bəli, zaman keçdikcə İrəvanın xan, bəy – aristokrat kökü ziyalı nəsillərlə əvəz edildi.

Kitabda ümummilli lider Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" 1997-ci il 18 dekabr və "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanları öz əksini tapmışdır.

Əsərdə erməni qaynaqları əsasında təsdiq olunur ki, XIV əsrin sonlarından XIX əsrin ortalarına qədər İrəvanı azərbaycanlılar idarə etmişdir. İrəvan xanlığının 1800-cü il tarixli xəritəsinə istinad edən tədqiqatçı onun 15 mahaldan – Qırxbulaq, Zəngibasar, Gǝrnibasar, Vedibasar, Körpübasar, Abaran, Dərəçiçək, Göyçə və s. ibarət olduğunu göstərir.

Müəllif vurğulayır ki, XI əsrin məşhur alimi Mahmud Kaşğarinin "Divanü Lüğət-it–Türk" əsərində İrəvan xanlığı ərazisində bir sıra yer adlarına rast gəlmək olur. Məsələn, Gǝrnibasar mahalındakı Yuva, Bayburd, Qaraqoyunlu, Muğanlı kəndləri, Vedibasar mahalında Əfşar, Abaran mahalındakı Bayandur, Bayat kəndləri. Bəs aşıq sənətinin bu günə çatmış izi Qırxbulaq mahalındakı Ozanlar kəndi?

Kitabda İrəvan xanlığının öz müstəqilliyi uğrunda apardığı mübarizəyə ayrıca diqqət yetirilir. Bəlli olur ki, təxminən 30 il öz müstəqilliyini qorumaq üçün İrəvan xanlığı dəfələrlə işğalçı rus ordusunu ağır məğlubiyyətə uğratmış, neçə-neçə rus generalını istefaya göndərmişdi. 1827-ci il oktyabr ayının 1-də İrəvan xanlığı süquta uğramışdı. Əsərlərdə işğalın səbəbi də faktlara söykənərək açıqlanır.

Tarixi araşdırmalar əsasında işğaldan sonra ermənilərin bu torpaqlara köçürülməsi, sonralar yaranmış İrəvan quberniyasında azərbaycanlıların tutduğu mövqeyə münasibət bildirilir. Göstərilir ki, İrəvanın xan və bəy nəsilləri quberniyada tutduğu vəzifələrdə bu titulunu ləyaqətlə daşımışlar.

Tədqiqatçı "Kavkazski kalendar" məcmuəsinin 1886-cı il nömrəsinə əsaslanaraq qeyd edir ki, bu dövrdə İrəvanda 8 məscid, bir kilsə fəaliyyət göstərirdi. Görkəmli rus alimi R.N.İvanov azərbaycanlı alimin yurd yanğısıyla yazdığı əsərinə müraciət edərək İrəvandakı məscidlərin (Göy məscid, Novruzəli məscidi, Günnüklü məscidi, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Şəhər məscidi, Zal xan məscidi), məhəllələrin (Təpəbaşı, Toxmaqgöl, Şəhər, Qırmızı, Dəmirbulaq, Gedərçay məhəlləri), bağların adlarını (Dərə bağları, Dəlmə bağları, Güllü bağ, Yoncalı bağ, Şəmistan bağları, Sərdar bağı, Xan bağı) sadalayaraq fikrini belə yekunlaşdırmışdır: "Şərh etməyə ehtiyac varmı ki, bura azərbaycanlıların şəhəri olmuşdur?" Dünyaşöhrətli rus aliminin bu sözləri, bu etirafı əsəri dəyərləndirən əsas amillərdən biridir.

Tədqiqatçı-alim 1881-ci ildə fəaliyyətə başlamış İrəvan gimnaziyası, İrəvan Müəllimlər Seminariyası, xanlığın keçmiş mərkəzinə ən yaxın mahallardan biri olan Zəngibasar mahalının Uluxanlı məktəbinin tarixinə ekskursiya etmiş, arxivlərdə dərin araşdırmalar aparmış, bir çox qaranlıq məsələlərə aydınlıq gətirmişdir. 1883-cü ildə İrəvan xanlığının Vedibasar mahalının Böyük Vedi, Gǝrnibasar mahalının İmanşalı kəndlərində məktəblərin açılması diqqətdən kənarda qalmamışdır.

Bildirilir ki, İrəvanda yetişmiş bir sıra sənət adamları vətənə bağlılığını, sadiqliyini göstərmək üçün "İrəvani" təxəllüsü götürmüşlər. Mirzə Qədim İrəvani, Axund Molla Məhəmməd İrəvani, Aşub İrəvani, Dəlil İrəvani, Əbülqasim İrəvani və s.

10 il İrəvan gimnaziyasında dərs demiş görkəmli ədəbiyyatşünas alim F.Köçərli yazır ki, "Şəhri İrəvan keçmişdə mərkəzi üləma, füzəla və şüara olubdur". Burada "Bəzmi" təxəllüsü ilə yazan Məşhədi İsmayıl Hacı Kazımzadə, "Mütəlli" təxəllüslü Mirzə Kazım Qazi Əsgərzadə, "Sabir" təxəllüslü Hacı Seyid Rza Əmirzadə, Mirzə Əlixan Şəmsül Hükəma, Ləli kimi şairlər yazıb-yaratmışlar.

İrəvanda XIX əsrin əvvəllərindən başlayaraq 200 illik tarixə malik güclü ziyalılar nəsli yetişmişdir. İrəvanilər, Mirbabayevlər, Qazıyevlər, Mirbağırovlar, Məmmədzadələr, Bağırbəyovlar, Erivanskilər, Topçubaşovlar, Muğanlinskilər nəslinin nümayəndələri İrəvan quberniyasında yüksək mövqe sahibi, o cümlədən Dumanın üzvü, hətta şəhərin vitse-qubernatoru olmuşlar.

O da məlum olur ki, 1881-ci ildə İrəvan gimnaziyası, İrəvan Müəllimlər Seminariyası, Uluxanlı məktəbinin, az sonra xanlığın mahallarında Gǝrnibasarda, Vedibasarda və digər yerlərdə məktəblərin fəaliyyətə başlaması bu ərazidən böyük ziyalı təbəqəsinin yetişməsinə güclü təkan verib. İrəvan gimnaziyasının yetirmələrindən Əziz Əliyev qaçqınlıq həyatını yaşamış, ali təhsil aldıqdan sonra Azərbaycan Tibb İnstitutunun, Azərbaycan Dövlət Universitetinin rektoru, səhiyyə naziri, Azərbaycan KP MK-nın katibi, Dağıstan vilayət Partiya komitəsinin birinci katibi, Azərbaycan Nazirlər Sovetinin birinci müavini vəzifələrində çalışmışdı.

1941-1945-ci illər müharibəsi dövründə Şimali Qafqaz xalqları – mehseti türkləri yer-yurdlarından sürgün edildilər. O zaman Dağıstan MK-nın birinci katibi Əziz Əliyevin sayəsində əhali bu bəladan xilas ola bildi.

Əfsanəvi cərrah, akademik Mustafa Topçubaşov, görkəmli dilçi alim Miryusif Mirbabayev də İrəvan gimnaziyasının məzunları idi. Ümumiyyətlə, XX əsrdə İrəvandan çıxan ziyalılar Ə.Şeyxülislamov, T.Makinski, M.Məmmədov, Ə.Əliyev, M.Topçubaşov, H.Hüseynov, Ə.Rəcəbli, M.Erivanski, M.Mirbabayev, H.Seyidov, B.Seyidzadə, H.Seyidzadə, S.Rüstəmov, C.Xəndan, F.Bağırzadə, B.Budaqov, Z.Budaqova, Y.Məmmədov, H.Həsənov, K.Kərimov, M.Kərimov və digərləri Azərbaycanın ictimai, siyasi, elmi və mədəni həyatında mühüm rol oynamışlar.

Müəllif kitabın hər səhifəsində inanır və oxucunu da inandırmağa çalışır ki, bu torpaqlar azərbaycanlıların vətənidir, onlar öz yerlərinə, öz doğma ocaqlarına, keçmiş İrəvan xanlığının ərazilərinə qayıdacaqlar. Dünyaşöhrətli rus alimləri B.Starkovun və R.İvanovun vaxtilə müəllifin bu mövzuyla bağlı nəşr etdirdiyi kitablarına yazdığı ön sözlərin burada öz əksini tapması əsəri dəyərləndirən əsas amillərdəndir.

Eləcə də fransız səyyah və rəssam Dübua dö Monperönün (1799-1851) 1834-cü ildə İrəvanda olarkən çəkdiyi və bu kitabda təqdim olunan şəhərdəki Sərdar və Göy məscidlərin şəkilləri də bu əraziniin azərbaycanlılara məxsusluğunu əyani sürətdə təsdiq edir.

44 günlük Vətən müharibəsində 30 il işğal altında qalmış torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun şücaəti nəticəsində azad olundu. Bu şanlı qələbə Qərbi Azərbaycana qayıdış üçün geniş imkanlar yaratdı. Qərbi Azərbaycana qayıdış konsepsiyası yaradılmışdır. İndi istiqamət əski Qərbi Azərbaycan torpaqlarına – İrəvan xanlığına, Zəngəzur mahalına, Göyçə, Dərəlǝyǝz mahallarınadır.

Belə bir vaxtda professor Əsgər Zeynalovun Qərbi Azərbaycanla bağlı yazdığı əsərin nə dərəcədə əhəmiyyətli olduğu aydın görünür və “İrəvan aristokratiyası” kitabı Azərbaycan Respublikasının Dövlət Mükafatına layiqdir.

İbrahim KAZIMBƏYLİ,
tarix elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri