Tarixi reallıq və doğru seçim
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan–Çin münasibətlərində dostluq və tərəfdaşlıq mərhələsi
Həm Qərb, həm də Şərqlə balanslaşdırılmış siyasətə üstünlük verən Azərbaycanın hazırda Çinin dominantlıq etdiyi Şərqə yaxınlaşmasını görürük. Ölkəmizin bu istiqamətdə atdığı addımlar geostrateji, geoiqtisadi, eləcə də siyasi-mədəni mövqe və inkişafla birbaşa bağlıdır. Güc mərkəzlərinin təmərküzləşməsi prosesinin getdiyi çağdaş dünyamızda dəyərlərdən daha çox qarşılıqlı maraqların ön plana keçdiyi danılmaz faktdır. Rəsmi Bakının ermənipərəst Fransanın rəhbərliyində “kollektiv Qərb”dən uzaq durması, Rusiya və Türkiyə treklərində balanslaşdırılmış siyasətə üstünlük verməsi, hər ikisi ilə müttəfiqlik sazişi imzalaması, eyni zamanda, Çinlə tərəfdaşlıq münasibətlərinin perspektivinə hesablanmış əlaqələr qurması məhz həmin amillərlə izah olunmalıdır.
Azərbaycanın Yeni Şərqin yeni lideri Çinlə strateji münasibətlər qurmağa başlaması gələcəyə hesablanmış strateji plan kimi qəbul edilə bilər. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) özünün hüquqi statusunu yüksəltmək, BRICS-ə üzv olmaq yolunda müəyyən addımları atmaqla həmin planı mərhələ-mərhələ həyata keçirməyi hədəfləyir. Hazırda ŞƏT-də və BRICS-də aparıcı ölkə hansıdır? – sualının cavabı birmənalı olaraq – ÇİN-dir.
Bakı və Pekin daim bir-birinə dəstək verib
Çin və Azərbaycan ölkələrin ərazi bütövlüyü prinsipini qarşılıqlı şəkildə daim dəstəkləyiblər. Nə Pekin Xankəndidəki separatçı “dqr”ı tanıyıb, nə də Bakı Tayvanı Çindən ayrı təsəvvür edib. Yəni, bu məsələdə ölkələr bütün müstəvilərdə bir-birinə qarşılıqlı dəstək nümayiş etdiriblər. İndi isə Azərbaycan–Çin münasibətlərinin müsbət dinamikasını özündə əks etdirən son 10 ilin rəsmi xronikasına nəzər yetirək. 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bu sənəd Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin yaxın və uzaq perspektivlərini özündə ehtiva etməklə yanaşı, çox böyük siyasi əhəmiyyət kəsb edir.
Buna qədər isə 2015-ci il dekabrın 11-də Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Pekində geniş tərkibdə görüşdən sonra Azərbaycan və Çin arasında 9 sahə üzrə əməkdaşlığa dair sənədlər paketi imzalandı. “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə Prezidenti İlham Əliyev və ÇXR-ın Sədri Si Cinpin imza atdılar.
Bu sənədlər Prezident İlham Əliyevlə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada söykənən yüksəksəviyyəli dostluq münasibətlərindən xəbər verir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə İlham Əliyev II “Bir kəmər, bir yol” Forumunda iştirak etdi, 2022-ci il sentyabrın 15-də isə Səmərqənddə ŞƏT Sammiti çərçivəsində iki ölkə lideri arasında görüş baş tutdu. Həmin görüşlər ölkələr arasında ortaq maraqların dəyərləndirilməsinə, eləcə də dövlət başçılarının şəxsi münasibətlərdə hörmət və səmimiyyətin yaranmasına zəmin oldu.
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə qeyd olunub ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan və Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlərin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətə, daxili işlərə qarışmama prinsiplərinə əsaslanması xüsusi vurğulanmalıdır.
Bu gün Çin vətəndaşları Azərbaycana vizasız gəlmək imkanına malikdirlər. Artıq onlar elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Tezliklə Azərbaycan vətəndaşlarının da bu fürsətdən yararlanacağına ümid edirik. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və ictimai diplomatiya öz rolunu oynamağa başlayacaq.
Tam əminliklə deyə bilərik ki, sağlam və möhkəm zəminə malik Azərbaycan–Çin münasibətləri dinamik şəkildə inkişaf edir. Bu tendensiya iqtisadi sahədə özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın Çin məhsullarının ixracında önəmli rol oynaması rəsmi Pekin üçün böyük əhəmiyyətə malikdir. Azərbaycandan keçən Trans–Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz bu gün Çin üçün alternativ ixrac baxımından həyati zərurətə çevrilib.
“Yaşıl texnologiyada heç kim Çinlə rəqabət apara bilməz”
Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Azərbaycanın hazırda Çin şirkətləri ilə səmərəli əməkdaşlıq müstəvisində çoxsaylı layihələr gerçəkləşdirdiyini, müxtəlif sahələrdə, o cümlədən “yaşıl” enerji sahəsində strateji tərəfdaş olmağa dəvət edildiyini bildirib. Prezident İlham Əliyev forumdakı çıxışında bir məqama da toxunub: “Orta Dəhlizə – ÇXR Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. “Biz “Bir kəmər, bir yol” layihəsini ilk gündən dəstəkləmişik”
Cari il fevralın 12-də İlham Əliyev Davosda Çinin CGTN telekanalının jurnalistinə müsahibəsində Çin iqtisadiyyatının indiki vəziyyəti barədə danışarkən deyib: “Sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”.
Bir daha qeyd edək ki, iqtisadi və siyasi baxımdan önəm daşıyan Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçasıdır, eyni zamanda, tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu marşrutun sürətli inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır.
Sonda onu da qeyd etməyi zəruri sayırıq ki, ÇXR Sədri Si Cinpin Novruz bayramı münasibətilə martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyi vurğulanır. Məktubda deyilir: “Hazırda Çin–Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir”. Cənab Si Cinpin məktubunu bu sözlərlə bitirir: “Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram”.
Azərbaycan Qlobal Cənubun fəal ölkəsi kimi Çinin bu coğrafiyada vacib rolunu düzgün qiymətləndirir, seçimini də buna uyğun edib. Çin həm də Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvüdür. Yəni, Azərbaycanla Çin arasında inkişaf yoluna düşmüş çoxşaxəli münasibətlər hər iki ölkəyə uğurlu gələcək vəd edir.
Vüsal QULİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya üzrə eksperti
– Azərbaycan uzun illərdir Şanxay Əməkdaşlıq Təşkilatı və “Bir kəmər, bir yol” təşəbbüsü kimi Şərq əsaslı beynəlmiləl platformalar vasitəsilə Çin ilə çoxşaxəli və konstruktiv əlaqələrini gücləndirir. 2024-cü ildə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında daha sıx inteqrasiyanın formalaşmasına zəmin yaratdı. Hazırda bu strateji tərəfdaşlıq iqtisadi və ticarət əlaqələrindən başlayaraq enerji, nəqliyyat-kommunikasiya sahələrinə, eləcə də yeni nəsil texnologiyalar və rəqəmsal infrastrukturun inkişafına qədər geniş spektri əhatə edir.
Diplomatik münasibətlərin möhkəmlənməsi kontekstində də irimiqyaslı iqtisadi layihələrin icrası iki ölkə arasında prioritet məsələlərdən birinə çevrilib. İqtisadi siyasətin əsas istiqaməti kimi xarici sərmayə axınının təşviq edilməsi fonunda Azərbaycan ərazisində Çin mənşəli şirkətlərin iri investisiya və texnologiya layihələrində iştirakı üçün optimal şərait yaradılır. Çinin Azərbaycanla alternativ enerji mənbələri üzrə əməkdaşlıq qurması üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə zəngin Günəş və külək enerjisi ehtiyatları Çin şirkətlərinin investisiya və texnologiya layihələrini burada da həyata keçirməsinə şərait yaradır. Beynəlxalq nəqliyyat və logistika sahəsindəki əməkdaşlıqlar ikitərəfli əlaqələrin strateji istiqamətlərindən birinə çevrilib. Xüsusilə, Orta Dəhliz Azərbaycan–Çin strateji tərəfdaşlığında vacib rol oynayır.
Şərqi Avropada yaranmış kritik geosiyasi mənzərə fonunda Çin mənşəli məhsulların Avropa bazarlarına təhlükəsiz və sürətli nəqli üçün alternativ və etibarlı tranzit kanal kimi Orta Dəhlizin əhəmiyyəti günbəgün artmaqdadır. İkitərəfli güclü diplomatik və kommersiya əlaqələrinin formalaşması bu çoxmodullu beynəlxalq qatar–bərə yolunun özünü iqtisadi və siyasi cəhətdən doğrultması baxımından önəmlidir.
Orta Dəhlizin optimallaşdırılması və ötürücülük potensialının artırılması Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması baxımından deyil, həm də onun beynəlxalq ticarətdə strateji mövqeyinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və regional inteqrasiyanın dərinləşməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Orta Dəhliz vasitəsilə Çinin Avropaya çıxışını təmin edən ən vacib ölkələrdən birinə çevrilir. Bu yol həm də marşrut üzərindəki digər dövlətlər üçün də iqtisadi baxımdan əhəmiyyətlidir.
Bununla yanaşı, Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də Bakı Limanı kimi quru və dəniz əsaslı fiziki və rəqəmsal infrastruktur layihələri vasitəsilə regional logistik qovşaq kimi mövqeyini daha da möhkəmləndirir. Bütövlükdə, Azərbaycan–Çin strateji tərəfdaşlığı iki ölkənin milli maraqları ilə yanaşı, Avrasiya regionunda iqtisadi sabitliyin və inkişafın təmin edilməsinə töhfə vermə potensialına malikdir.
XQ-nin analitik qrupu


