Icma.az
close
up
RU
Tarixin sınağından çıxan qardaşlıq

Tarixin sınağından çıxan qardaşlıq

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından qurtulmasında göstərdiyi xilaskarlıq missiyası haqqında istər Türkiyədə, istərsə də Azərbaycanda kifayət qədər tədqiqat aparılmamışdır. İki qardaş xalqın övladlarının ağır günlərdə bir-birlərinin yardımına yetmələrini özündə əks etdirən tariximizin müştərək və şanlı səhifələri var. Lakin Azərbaycan türklərinin Türkiyənin istiqlal mücadiləsində göstərdikləri xidmətlər barəsində ayrı-ayrı məqalələr yazılsa da, indiyədək ayrıca elmi-tədqiqat işi ərsəyə gətirilməmişdir.

Azərbaycan türkləri istər Balkan müharibəsində, istər Birinci Dünya müharibəsində, istərsə də milli mücadilə illərində Türkiyənin ərazi bütövlüyünün qorunmasında və işğalçı ordulara qarşı mübarizəsində fəal iştirak etmişlər. Azərbaycanlı könüllülər Türk ordusunun Çanaqqala cəbhəsində Antanta qüvvələrinə qarşı, İraq cəbhəsində ingilislərə, Şərqi Anadoluda ermənilərə qarşı canlarını fəda etmişlər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakının erməni-bolşevik işğalından və Sentro-Kaspi diktaturasından azad edilməsi zamanı Nuru paşanın komandanlığı altında türk zabit və əsgərlərinin qanı Azərbaycan torpağında axdığı kimi, azərbaycanlı əsgər və zabitlərin qanı da Türkiyənin düşmən işğalından qurtuluması zamanı axmışdır.

Qarsın Rusiya işğalı dövründə hərbi məktəbdə oxuyaraq rus ordusunun zabiti rütbəsini qazanan, əslən Gümrü şəhərindən olan İbrahim bəy Cahangirovun (Cahangirzadə) rəhbərliyi altında təşkil edilmiş azərbaycanlı əsgər və zabitlərdən ibarət ilk könüllü dəstə hələ XX əsrin əvvəllərində Osmanlı ordusunun köməyinə getmişdir.

1905–1906-cı illәrdə ermәnilərin Qarabağda törətdikləri qırğınlar zamanı İbrahim bəy könüllülərdən ibarət dәstә toplayaraq erməni quldurlarına qarşı mübarizəyə qoşulmuşdu. İbrahim bəyin dəstəsi 1906-cı ildә Qarabağdan Tәbrizә getmiş və Məşrutə inqilabında (1906-1911) iştirak etmişdi. 1912-ci ilin oktyabrında o, mücahidlərlə birgə Cənubi Azərbaycandan Türkiyәyә qayıtmış, 1913-cü ilin martında isə ittihadçılar onu könüllülәri ilә birlikdә İstanbula dəvət etmişdilər. Orada üç ay yarım tәlim keçәn və “Qafqaz könüllü taboru” adlandırılan silahlı dəstə İbrahim bәyin komandanlığında Әdirnәnin işğaldan azad olunmasında iştirak etmişdir. 1914-cü ilin noyabrında hәrb naziri Әnvәr paşa İbrahim bәyi könüllülәri ilә birlikdә İraq cәbhәsinә göndәrmişdi. 1917-ci ildә ingilislərin fitvasına uyan ərəblərin qaldırdıqları üsyan nəticəsində Bağdad türklәrin әlindәn çıxmış və bundan sonra İbrahim bәyin könüllülәrinə evlәrinә qayıtmağa icazә verilmişdi. Fəxri alay komandanı sifətilə İbrahim bəyin ətrafında qalan dəstə Qarsdakı 9-cu ordunun tabeçiliyinə keçmişdi.

Hüseyn Baykara Azərbaycan könüllüləri haqqında yazır ki, müsəlmanları Balkan müharibəsi zamanı Rusiya ərazisindəki türk xalqlarına məxsus mətbuat üstüörtülü şəkildə qardaş Türkiyəyə yardıma çağırırdı. Bu səbəbdən 1912-ci ildə Rusiyanın işğalı altında olan türk ellərindən İstanbula axın başlamış və onlardan təşkil edilən birlik “Qafqaz könüllü qitəsi” adlandırılmışdı. Şair Əhməd Cavad və Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadə də həmin könüllülər arasında idi.

Balkan müharibəsi qurtardıqdan sonra yaşlı könüllülər tərxis edilmiş, gənclər isə zabit hazırlayan məktəblərə göndərilmişdilər. Birinci Dünya müharibəsi başlayanda “Qafqaz könüllü qitəsi” əsasən azərbaycanlılardan ibarət olmaqla yenidən təşkil edilmiş və Çanaqqala zəfərindən sonra Kütüləmmarə cəbhəsinə göndərilmişdi. Bu könüllü birlik Bəsrə cəbhəsinin Kurna qəsəbəsi uğrunda gedən döyüşdə böyük itkiyə məruz qalmış, mülazim (leytenant) Bahadur Hüseynzadə, onun zabit və əsgər yoldaşları həlak olmuşdu.

Fətəli xan Xoyskinin böyük qardaşı general-leytenant Cahangir xan Xoyskinin oğlu Əmiraslan xan Xoyski 1915-ci ildə Gəncədən Ərzuruma getmiş, 1916-cı ildə Mosulda yaradılan könüllü süvari alayına komandir təyin edilmişdi.

Birinci Dünya müharibəsinin sonunda türk ordusu Mudros sazişinə əsasən geri çəkilmək məcburiyyətində olduğu üçün İbrahim bəy müdafiəsiz qalan Qars vilayətini ermənilərin və gürcülərin hücumlarından qorumaq məqsədilə yerli özünümüdafiə dəstələrinin yaradılması işinə rəhbərlik etmişdir. Qısa müddət ərzində onun başçılığı ilə Anadoluda qurulan ilk cümhuriyyətin - Cənub-Qərbi Qafqaz Cümhuriyyəti ordusunun tərkibindəki əsgər və zabitlərin sayı 8 min nəfərə çatmışdı. Onların mütləq əksəriyyəti azərbaycanlılar idi.

1919-cü il yanvarın 27-də Cənub-Qərbi Qafqaz Hökuməti Azərbaycan hökumətinə müraciət edərək zabitlər, məmurlar və pul göndərilməsini xahiş etmişdi. Azərbaycan hökuməti müraciəti cavabsız qoymamış, Vedibasar, Zəngibasar və Ağbaba milli şuralarının yerli özünümüdafiə dəstələrinin təliminə zabitlər və silah-sursat alınması üçün diplomatik toxunulmazlığı olan şəxslərin vasitəsilə xeyli miqdarda qızı pul göndərmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta yetirildikdən sonra sovet-bolşevik işğalını qəbul etməyən Azərbaycan ordusunun əsgər və zabitləri yerli əhalinin dəstəyi ilə bolşeviklərə qarşı mübarizəyə qalxmışdılar. 26 may 1920-ci ildə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanan üsyan mayın 31-də böyük qəddarlıqla yatırılmışdı.

Qarabağın bolşevik işğalından azad edilməsində polkovnik Nuh bəy Sofiyevin komandiri olduğu 1-ci Tatar süvari alayı, Cavanşir piyada alayının bölmələri, polkovnik Mahmud bəy Zeynalovun tabeçiliyində olan qüvvələr, Cəbrayıl bölgəsində yaradılan 20-yə yaxın könüllü silahlı dəstə və qaçaq dəstələri də iştirak edirdilər. Ümumiyyətlə, həmin dövrdə Qarabağda olan Milli Ordunun tərkibində 6 min əsgər və zabit var idi.

Cahangir bəy Kazımbəyovun rəhbərliyi ilə başlanan Gəncə üsyanı yatırıldıqdan sonra, təqribən, 2000 nəfər üsyançı bolşevik ordusunun mühasirəsini yarmış, Qarabağa gələrək Nuru paşanın hərbi birləşmələrinə qoşulmuşdu.

Qafqaz İslam ordusunun keçmiş komandanı Nuru paşa iyunun 3-dən 4-nə keçən gecə Şuşaya getmiş, ertəsi gün sovet hakimiyyətinin devrildiyi elan edilmişdi. İyunun 5-də Xankəndi və Ağdam sovet hərbi qüvvələrindən təmizlənmişdi. Lakin qırmızı ordu Bakıdan göndərilən əlavə qüvvələrin köməyilə iyunun 11-də Ağdamı, 14-də Xankəndi və Şuşanı ələ keçirmiş, Qarabağ üsyanı qəddarlıqla yatırılmış, yerli dinc əhaliyə divan tutulmuşdu.

Cümhuriyyət ordusunun əsgər və zabitləri, Qarabağ süvari alayı, Cavanşir piyada alayı, 15 millimetrlik qısalüləli səhra və dağ batareyasından ibarət bölüklər nə vaxtsa Azərbaycanı işğaldan azad etmək ümidi ilə iyunun 15-də Qaryagin (indiki Füzuli) və Cəbrayıl istiqamətində çəkilərək, Xudafərin körpüsündən Cənubi Azərbaycana keçərək, Araz çayı boyunca Türkiyəyə doğru irəliləmişdilər.

Milli Ordunun əsgər və zabitlərinin bir qismi və Nuru paşanın tabeliyındə olan bir süvari alay, Milli Ordunun baş qərargah rəisi, irəvanlı general Həbib Səlimov tabeçyində olan əsgər və zabitlərlə birlikdə Təbriz yolu ilə Naxçıvana gəlmişdi. İyul ayının əvvəllərində artıq Naxçıvana gələn Cümhuriyyət ordusunun heyəti bir süvari alaydan, bir piyada taburundan, bir dağ batareyasına daxil olan əsgər və zabitlərdən ibarət idi.

Şahtaxtıda 11-ci tümənin 1-ci taborunun iki bölüyü və Məmməd Ağpoladın komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalmışlar. Qeyri–bərabər döyüşlərdə türk birlikləri savaşa-savaşa geri çəkilərək Araz çayı üzərindən İrana keçmişlər. Məmməd bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək iyulun 12-də Bəyazidə çatmış, özləri ilə gətirdikləri 2 səhra topunu 11-ci topçu alayına təhvil verərək, 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət etmişlər. Bir həftə sonra isə Ərzuruma daxil olub, özləri ilə gətirdikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılmışlar.

Türkiyə sərhədinə yaxınlaşdıqdan sonra Azərbaycan hissələrinə komandanlıq edən polkovnik Nuh bəy komandanlığı polkovnik Səməd bəy Rəfibəyova təhvil verərək Doğu Bəyazid istiqamətindən Hasanqalaya, oradan da Ərzuruma gəlmişlər.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü 8 iyul 1920-ci il tarixdə Türkiyə Böyük Millət Məclisində ümumi hərbi vəziyyətlə bağlı çıxış edərkən Azərbaycandan yardımçı qüvvənin gəlməkdə olduğunu bildirmişdi Azərbaycan birliyinin ilk hissəsi 31 iyul 1920-ci il tarixdə Hasanqalaya gəlmişdi.

Qarabağ süvari alayı əvvəlcə 12-ci diviziyanın tabeliyinə verilmiş, Qars şəhərini ermənilərdən azad edən vaxt 9-cu piyada diviziyasının tərkibinə keçirilmişdi. Azərbaycan süvari alayı türk qoşunları ilə birlikdə 1920-ci ilin oktyabrında Gümrü şəhərinin azad olunmasında iştirak etmişdil.

Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşanın 20 oktyabr 1920-ci il tarixli məlumatına görə, Azərbaycan süvari alayı 9-cu diviziyanın tərkibində Qarsın şərqindən Yahnılar-Vəzniköy-Mağaracıq xəttindən Gümrü üzərinə hücum etmişdir.

2 dekabr 1920-ci ildə Türkiyə hökuməti ilə Ermənistan hökuməti arasında Gümrü (Aleksandropol) müqaviləsinin imzalanmasından sonra Gümrü yaxınlığındakı Düzkənd kəndində (Sovet hakimiyyəti illərində Axuryan rayonunun mərkəzi - N.M.) ehtiyatda saxlanan bu hissələr Gümrü şəhərini tərk edən türk ordusu ilə birlikdə Qarsa çəkilmişdilər.

O dövrdə Tiflisdə ermənicə dərc edilən “Haraç” (“İrəli”) qəzeti “Qarabəkir ordusunun tərkibi” adlı məqaləsində azərbaycanlı əsgər və zabitlərin Türkiyə ordusundakı fəaliyyətinə dair yazırdı: “9-cu diviziyanın tərkibinə keçmiş tatar süvari polku daxildir, hansı ki, müsavatçıların hakimiyyəti dövründə general Yadigarovun hissələrində Nuru paşanın ümumi komandanlığı altında Qarabağda fəaliyyət göstərmişdi. Bolşevik çevrilişindən sonra polk Bəyazidə gəlmişdi. Burada zabit və əsgərlərin tələbi ilə polk komandiri Səfiyev istefa vermiş, bu işi rota komandiri Məlikbəyova (əslində, Rəfibəyov olmalıdır - N.M.) həvalə etmişdi. O da polku Ərzuruma gətirmiş, burada polk yenidən təşkil edilmiş, silahlandırılmış və Azərbaycan süvari polku adlandırılmışdı. Əksəriyyətini ləzgilər təşkil edən bu polk həmişə ön cərgələrdə olmuş və Sarıqamışa birinci daxil olmuşdur.

“Haraç” qəzeti noyabrın 16-da yazırdı: “Ermənistana hücum edən Türkiyə ordusunda Azərbaycandan qaçan Müsavat hissələri və ləzgilər var. Bu müsavatçılar və ləzgilər bolşeviklərin qəddar düşəmənləridirlər. Şübhəsiz, onlar Azərbaycana daxil olacaq və orada bolşeviklərə qarşı üsyan qaldıracaqlar”.

Azərbaycan ordusunun keçmiş əsgər və zabitlərinin Qarsda cəmləşməsi sovet Azərbaycanın rəhbərliyini narahat edirdi. 1921-ci ilin sentyabrında İbrahim Əbilov Azərbaycanının Türkiyədəki səlahiyyətli nümayəndəsi – səfir təyin edilmişdi. Həmin ilin sonunda Azərbaycanın Qarsda baş konsulu təyin edilən irəvanlı İslam Hacıbəyli (Hacıbəyov) Qarsa yola düşməzdən əvvəl Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovdan bir sıra tapşırıqlar almışdı: Azərbaycan vətəndaşlarının qeydiyyatı aparmalı; Qarsda və ətraf rayonlarda yaşayan Azərbaycandan qaçmış əks-inqilabçı elementləri aşkar etməli; bu şəxslərin adı, familiyası, anadan olduğu yer haqqında Ankarada ona və Bakıda Xarici İşlər Komissarlığına məlumat verməli, müvəffəq olarsa onları Qarsdan uzaqlaşdırıb Azərbaycana göndərməli.

İslam Hacıbəyli bu tapşırığın icrası ilə əlaqədar 1922-ci il yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubda yazırdı: “Agentura məlumatları əsasında müəyyən edilmişdir ki, Qarsda “Başçılar” (“Vojaki”) adı altında komitə fəaliyyət göstərir. Onun əsas iştirakçılarından müəyyən edə bildiyimiz şəxslər bunlardır: Ağdamdan Bayram bəy Əhmədov, Qazax qəzasından Gülağa Gülməmmədov, Aleksandropoldan (Gümrüdən) Məmməd ağa Allahverdi oğlu, Ağdaşdan Hacı Səfər Məhərrəm oğlu, Gəncədən Qafar bəy Rəfibəyov, Qarabağdan olan mülkədar, Müsavat ordusunun keçmiş zabiti Baba Mustafa oğlu Fərhadov.

İslam Hacıbəyli yazırdı ki, əgər sovet ordusu ilə müharibə olsa, bu şəxslər və “Vojaki” (“Başçılar”) Türkiyə korpuslarına bələdçilik edəcəklər. Onlar sovet respublikalarından informasiyalar alır və Şərq cəbhəsinin siyasi şöbəsinə məlumat verirlər. Onların Qarsda qərargahı - konspirativ mənzilləri vardır. Burada özünü evindəki kimi hiss edən daşnak hökumətinin keçmiş sosial təminat naziri Babalyan (Əslən Şuşa ermənisi olan, ixtisasca həkim Artaşes Babalyan 1919-cu ilin oktyabrından 1920-ci ilin mayınadək sosial təminat naziri olmuşdu. Türk ordusunun Qarsı azad etməsindən öncə daşnak hökuməti onu səlahiyyətli nümayəndə kimi Qarsa ezam etmişdi və o zaman türklərə əsir düşmüşdü. Babalyan bir il Qarsda yaşadıqdan sonra İrana getmiş, ömrünün sonunadək Tehranda yaşamışdır – N.M.). Babalyan sonralar demişdir: “Qarşılıqlı mənasız qarayaxmalar yenidən Rus ayısını gətirdi və bizim boynumuza mindirdi. Gəlin çalışaq, öz vətənlərimizi bu qəsbkarların əlindən xilas edək”.

“Başçılar” adı altında fəaliyyət göstərən bu komitə əvvəllər Bakı polismeysteri olmuş və son vaxtlar Qars əks-kəşfiyyatının rəisi işləyən Bahəddin bəyin yetirmələridir. O, Qarsdan ona görə uzaqlaşdırılmışdır ki, sovet respublikalarına, xüsusən də Ermənistana qarşı aşkar düşmənçilik münasibəti göstərirdi.

1922-ci il fevralın 22-də İslam Hacıbəyli Qarsdan göndərdiyi digər məktubunda bir daha göstərirdi ki, “Başçılar” komitəsinə Müsavat ordusunun keçmiş zabitləri rəhbərlik edirlər. O, Əhməd bəy Ağayevin Malta sürgünündən qayıtmasından sonra bu zabitlərdən çoxunun Türkiyənin təbəəliyini qəbul etdiklərini və 6-cı diviziyanın zabitləri olduqlarını yazırdı. İslam Hacıbəyli Azərbaycan ordusunun keçmiş zabitlərindən Səməd bəy Rəfibəyovun, Gülağa Gülməmmədovun, Baba bəy Fərhadovun, Əhməd bəy Əhmədovun, Qafar bəy Rəfibəyovun, unter-zabitlər Bəkir bəyin, Adil bəy Tarxovskinin, idmançı-kavalerçi Mirzə bəyin, Səfər bəyin və Məmməd bəyin adlarını çəkir və bütün bunların Kazım Qarabəkir paşanın qərargahında qulluq etdiklərini, vəzifələrinin sovet respublikalarının orduları haqqında məlumat toplamaqdan ibarət olduğunu göstərirdi.

Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilov 6 mart 1922-ci ildə Xalq Xarici İşlər Komissarlığına göndərdiyi məktubunda qeyd edirdi ki, o, azərbaycanlı zabitlərin Kazım Qarabəkir paşanın ordusunda xidmət etmələrindən narahatlığını ifadə etmək üçün Mustafa Kamal Atatürklə görüşmüş, o da öz növbəsində Şərq cəbhəsində qulluq edən və rusca bilən bütün zabitlərin Qərb cəbhəsinə göndərilmələri üçün Kazım Qarabəkir paşaya təlimat göndərmişdir.

Hüseyn Baykaranın verdiyi məlumata görə, Türkiyə Milli Ordusunda azərbaycanlı zabitlərin sayı 56 nəfər olmuşdur. Onlardan bəziləri yüksək hərbi rütbələr almış, Ferudun Daryal albay (polkovnik), Səməd bəy Sayqın (Rəfibəyov) və Cahangir Berker general rütbəsinə yüksəlmişlər.

Azərbaycanın işğalından sonra Türkiyəyə gələrək qurtuluş savaşına qatılan azərbaycanlı zabitlərdən savayı kiçik bir qrup da var idi. Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında bağlanmış hərbi müqavilə əsasında İstanbula bir qrup azərbaycanlı göndərilmişdi ki, hərbi məktəblərdə təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq milli orduda xidmətlərini davam etdirsinlər. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra onlar təhsillərini başa vursalar da, sonra Türkiyədə qalmış və türk ordusunda zabit kimi xidmət göstərmişdilər. Həmin zabitlərdən bir neçəsi türk ordusunda general rütbəsinədək yüksəlmişdi. Əslən Şəkidən olan ordu generalı Mahmud Bərköz (1895-1989), onun qardaşı, Jandarma (Daxili Qoşunlar) baş komandanı general Nuri Bərköz (1889-1975), hava qoşunları generalı Hüseyin Turqut (1900-1971), bir dönəm seçkilərdə Ağrıdan və iki dönəm Qarsdan millət vəkili seçilən albay (polkovnik) Hüsaməddin Tuğaç (1889-1975) türk ordusunda yetişən yüksək rütbəli azərbaycanlılardandır.

Türkiyə Hərbi Hava Qüvvələri generalı Hüseyin Turqut (1900-1971) İrəvan xanlarının törəməsi Abbasqulu xan İrəvanskinın nəvəsi, Həsən xanın oğlu idi. Orta təhsilini İrəvan gimnaziyasında almışdı. Ailəsi 1918-ci ildə ermənilərin İrəvan şəhərində azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımı zamanı Naxçıvanın Şahtaxtı qəsəbəsinə, 1920-ci ilin yayında isə Şahtaxtı Ermənistan ordusu tərəfindən işğal edilən zaman Cənubi Azərbaycana keçmişdi. Turqut isə Naxçıvandakı Cümhuriyyət ordusunun əsgər və zabitlərinə qoşularaq Türkiyəyə getmişdi. Türk ordusunun tərkibində Sarıqamışın, Qarsın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmiş, “İstiqlal” medalı ilə təltif olunmuşdu.

Türkiyənin istiqlal savaşında Azərbaycanın göstərdiyi yardımlara görə Mustafa Kamal Atatürkün göndərdiyi minnətdarlıq məktubuna Azərbaycan Sovet hökumətinin başçısı Nəriman Nərimanov 23 mart 1921-ci il tarixində belə cavab vermişdi: “Paşam, türk millətinin bir ənənəsi vardır, qardaş qardaşa borc verməz. Qardaş һәr durumda qardaşın əlindən tutar... Biz qardaş xalqlarıq. Нər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz, bir qardaşın, öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir”.

Azərbaycanın azadlığı uğrunda şəhid olmuş türk zabit və əsgərlərinin xatirəsini xalqımız hər zaman hörmətlə anır. Türkiyəli rəsmi qonaqlar Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət edirlər. Milli mücadilə illərində türk torpaqlarının işğaldan azad edilməsi zamanı şəhid olmuş qəhrəmanlıq göstərmiş azərbaycanlı əsgər və zabitlərin həyat və fəaliyyətlərinin də dərindən araşdırılmasına ehtiyac var.

Nazim MUSTAFA,
AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri