“TDT+” və “Şanxay+”: Turan platformasında “tarixi görüş”
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
I MƏQALƏ
“Turan platforması” XXI əsrdə
“Turan Platforması” milyon illər öncə dünya xəritəsində coğrafi ərazi kimi mövcud olmuşdur. 50 milyon il əvvəl Hindistan tavasının Avrasiya (o zaman Lavrasiya adlanırdı) ilə toqquşması nəticəsində yaxın ərazidə yerləşən Turan Platformasında relyef dəyişiklikləri baş verdi. Yeni düzənliklər və dağlar yarandı. Bu proses tədricən geniş bir ərazidə yeni coğrafi konfiqurasiya və canlıların yaranması prosesinə yön verdi.
Milyon illər gedən proseslərdə “Turan platforması” ərazisində insanların birgə yaşam formaları meydana gəldi. Coğrafi olaraq həmin Platforma əsasən Mərkəzi Asiya düzənliklərinə düşür [Qazaxıstan (cənub hissələri), Özbəkistan, Türkmənistan və qismən Qırğızıstan]. Onu Tyan Şan və Kopetdağ əhatə edirlər. Təbii ki, Platforma coğrafi olaraq Çin, Əfqanıstan və Hindistanla həmsərhəddir.
Tarixən həmin ərazidə yaşayan qövmlər bir-biri ilə sıx münasibətlərdə olmuşlar. Tarixi İpək Yolu bu prosesdə xüsusi rol oynamışdır.
Təbii ki, XXI əsrdə tarixi “Turan Platforması”ndan yalnız məcazi mənada danışa bilərik. Çünki artıq həmin coğrafiyada bir neçə müstəqil dövlətlər mövcuddur və onların hər birinin öz maraqları vardır. Ancaq məhz bu cür coğrafi, siyasi, geosiyasi, iqtisadi, mədəni vəziyyət “Turan Platforması”nı bir sıra məsələlərdə xeyli aktuallaşdırır.
Xüsusilə, böyük güclərin həmin region uğrunda mübarizəsi, yerli dövlətlərin inteqrasiya cəhdləri, geoiqtisadi və geosiyasi proseslərin qarşılıqlı əlaqəsi, yeni əməkdaşlıq formatlarının yaranması, regional təhlükəsizlik arxitekturasının formalaşması, nəqliyyat-logistika şəbəkəsinin yaradılması və başqa istiqamətlər üzrə qlobal miqyas üçün də aktual olan məsələlər dünya siyasətini çox maraqlandırır.
Burada müxtəlif regional təşkilatlarda birləşmiş dövlətlər qrupunun “Turan Platforması” hüdudlarında əməkdaşlıq və təhlükəsizlik aspektləri üzrə münasibətləri qurması cəhəti daha çox diqqət mərkəzindədir. Bu prizmada baxış “Turan Platforması” ifadəsinə yeni siyasi və geosiyasi anlam verməyə imkan yaradır. Yəni biz, “Turan Platforması”nın əsas olaraq o məkanda bir sıra təşkilatların qarşılıqlı münasibətlərində siyasi, geosiyasi, iqtisadi, energetik, nəqliyyat-logistika və digər sferalar üzrə konstruktiv münasibətlər qırmaq xüsusiyyətləri üzərində dayanacağıq. Bununla iki mühüm geosiyasi faktor üzrə nəticələr əldə edə biləcəyik.
Birincisi, konkret olaraq, “TDT+” və “Şanxay+” formatlarının “Turan Platforması”nda qarşılıqlı əlaqələrinin özəllikləri ilə bağlı qənaətlər əldə etmək imkanı yaranacaq.
İkincisi, bu prosesin yaxın regionlara təsirinin xüsusiyyətlərinə nəzər salmaq mümkün olacaq.
“Turan platforması”nın geosiyasi anlamı
Bu platformanın geosiyasi anlamı dörd faktorun qarşılıqlı təsirindən formalaşmışdır.
Birincisi, Çinin “Bir Qurşaq, Bir Yol” qlobal və uzun vədəli layihəni işə salmağa başlamasıdır. Həmin layihə Uzaq Şərqdən başlayaraq Avropa və Afrikaya qədər geniş geosiyasi və coğrafi məkanda çoxlu sayda dövlətləri əməkdaşlıq, nəqliyyat, logistika, energetika, iqtisadiyyat, informasiya, ekologiya və təhlükəsizlik istiqamətlərində vahid struktur və funksional müstəvidə birləşdirə bilər. Burada “birləşdirmək” anlayışı vurğulanan layihə üzrə əməkdaşlıq edən ölkələrin vahid infrastruktur şəbəkəsində konkret sferalar üzrə vahid platforma təşkil edə bilməsi mənasında işlədilir.
İkincisi, dünyanın böyük geosiyasi güc mərkəzlərinin “Turan platforması” istiqamətində fəaliyyətlərini xeyli dərəcədə intensivləşdirmələri. Bura Çin+Mərkəzi Asiya+Xəzər hövzəsi+Azərbaycan+Türkiyə daxildir. Vurğulanan məkanlar vahid geosiyasi mənzərə kimi qəbul edilir. Belə görünür ki, faktiki olaraq böyük güclər “Turan platforması+” formulu ilə mövcud vəziyyətə yanaşırlar. Həmin kontekstdə Azərbaycanın xüsusi fəallığı ilə formalaşmış “C6” platforması çox mühüm yer tutmaqdadır.
Üçüncüsü, təbii olaraq “Turan Platforması”na (həm coğrafi, həm də siyasi anlamlarda) bir sıra regional təşkilatlar arasında formalaşmaqda olan münasibətlərin ümumi dinamikası prizmasında yanaşırlar. Burada bizim üçün daha vacib olan formul “TDT+” və “Şanxay+” formatlarının qarşılıqlı əlaqələrində inteqrativ proseslərin perspektivi ilə bağlıdır. Səbəbini izah etməyə çalışaq.
Öncə, “TDT+”. Bu təşkilata Mərkəzi Asiyanın üç dövləti – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, tamhüquqlu üzv kimi daxildirlər. Türkmənistan hələlik müşahidəçi statusundadır. Azərbaycan isə həm Cənubi Qafqaz (Xəzərətrafı geosiyasi məkan) ölkəsi, həm də “C6”nın tamhüquqlu üzvü kimi inteqrativ proseslərdə aktiv iştirak edir. Macarıstan bu təşkilatda müşahidəçi üzvdür. “TDT+” kontekstində isə Pakistanın adı hallanmaqdadır.
“Şanxay+”da Qazaxıstan, Özbəkistan, Qırğızıstan tamhüquqlu üzv olaraq iştirak edirlər. Bununla yanaşı, Mərkəzi Asiya dövlətlərinə yaxın olan Pakistan və İran “Şanxay Əməkdaşlıq Təşkilatı”nın üzvləridirlər. Tacikistan region dövləti kimi ora daxildir. Tarixən bu regiona laqeyd olmayan Əfqanıstan və Monqolustan müşahidəçi statusunda “ŞƏT”də mövcuddurlar.
Nəhayət, daha geniş geosiyasi məkanı əhatə edən Çin, Rusiya və Hindistan da həmin təşkilata daxildirlər. Bunlardan başqa, bir neçə ölkə vardır ki, təşkilatla dialoq-tərəfdaş münasibətləri vardır. Onların sırasında Azərbaycan və Türkiyə də vardır.
Beləliklə, “TDT+” və “Şanxay+” formatları arasındakı münasibətləri ümumiləşdirsək, maraqlı qənaət əldə etmiş olarıq. Belə ki, müasir mərhələdə bu iki təşkilat Çindən başlayaraq, Avropaya qədər bir neçə istiqamətlər üzrə təbii tərəfdaş ola bilərlər. Müəyyən sayda dövlətlər hər iki təşkilatın üzvləridirlər. TDT-nin bütün üzvlərinin ŞƏT-lə konkret əlaqələri vardır. Ayrıca, Qazaxıstan, Özbəkistan və Qırğızıstan həm TDT-nin, həm də ŞƏT-in üzvləridirlər. Türkiyə indi ŞƏT-ə üzv olmaq imkanlarını nəzərdən keçirir. Azərbaycan həm TDT üzvü, həm də “C6”-nın tamhüquqlu üzvü kimi ŞƏT-lə əlaqələri olan ölkədir.
Bütün bunların fonunda, “Turan Platforması” kontekstində “TDT+” və “Şanxay+” formatları bir neçə aspektdə qarşılıqlı bağlantılara malikdirlər. Onlar struktur, funksional və infrastruktur özəlliklərini əhatə edirlər. Bu zaman hər iki təşkilat digər dövlətlərin də həmin əhatəyə daxil olmasına açıq olduqlarını bəyan edirlər. O halda geniş anlamda “TDT+” və “Şanxay+” birgə “Turan platforması”nı tam əhatə etmiş olurlar. Bu prinsipdən çıxış edərək daha konkret səviyyədə aktual geosiyasi məqamlar üzərində dayanaq.
“Tarixi görüş” məkanı
Tarixi təkamül prizmasında baxanda TDT və ŞƏT-i vahid geosiyasi məkanda qəbul etmək olar. Rusiya və Çin daha miqyaslı gücdürlər. Ancaq hər iki dövlətin taleyində türk faktorunun mühüm rol oynadığı faktdır. Bununla bağlı hər iki dövlətlə əlaqəli çoxlu sayda faktlar və onların tədqiqinə həsr edilmiş əsərlər mövcuddur. Bir neçə tədqiqatda Hun İmperatoru Mete Xanın Çin imperatoruna yazdığı məktub araşdırılmışdır. Həmin məktubdan bir fraqment: “Yay çəkə bilən bütün qövmlər bir ailə kimi birləşdilər. Quzeydəki ölkələrin hamısı hakimiyyətim altındadır. Ölkəmin nizam-intizamı və təhlükəsizliyini təmin etdim. Hər kəs dinclik şəraitində yaşayır. Göndərdiyim bir dəvə, iki cins at, dörd araba və səkkiz qoşqu atını qəbul etməyini xahiş edirəm. Əgər əlahəzrət mənim və hunlarımın Çin səddinə yaxınlaşmağımızı istəmirsə, elçimin oraya gəlişinə qədər geri çəkilsin”.
Rusiya tarixində də türklər ciddi rol oynamışlar. Bu barədə geniş tədqiqatlar tarixi faktlar əsasında aparılmışdır.
Deməli, Rusiya və Çin tam olaraq “Turan Platforması”na daxil olmasalar da, tarixdə sıx münasibətləri olmuşdur. Buna görə “Turan Platforması”na aid olan hər bir görüş müəyyən mənada “tarixin dirçəlişidir”. Əsrlərlə geniş və dərin əməkdaşlığı olmuş güclər indi müxtəlif təşkilatlarda qruplaşmış dövlətlər kimi, möhtəşəm münasibətləri bərpa etməyə istiqamətlənmişlər. Bu baxımdan, TDT ilə ŞƏT-in hər bir müzakirəsi “Turan platforması”nda tarixi görüş mənasına malikdir. Həmin xüsusiyyət Bişkekdə keçirilən son “Şanxay+” müzakirə formatında özünü daha aydın göstərmişdir.
Azərbaycan motivli güc
Bu vəziyyətin meydana gəlməsində Azərbaycanın xüsusi rolu vardır. Rəsmi Bakının çoxvektorlu xarici siyasəti Mərkəzi Asiya və Çin istiqamətlərində əməkdaşlıq və təhlükəsizliyin təmini üçün çox faydalı olmuşdur. Onun əsas xüsusiyyəti Çindən başlayaraq Avropaya qədər geniş bir məkanda enerji təhlükəsizliyi ilə ölkələrin milli təhlükəsizliyi arasında sıx bağlantılar yaratmaqdan ibarətdir. Azərbaycan Prezidenti məhz bunu yüksək səviyyədə bacarmışdır və bu proses indi də uğurla davam edir.
Burada əsas xüsusiyyət ondan ibarətdir ki, Azərbaycan vurğulanan istiqamətdə məqsədlərinə konkret layihələri həyata keçirmək sayəsində nail olmuşdur. Müxtəlif sferalar üzrə layihələr reallaşdırmaqla Bakı geniş bir məkanda infrastruktur şəbəkəsini formalaşdırmışdır. Özü də bu məqsədinə Mərkəzi Asiya və Çin də daxil olmaqla hər mərhələnin başlıca xüsusiyyətlərinə uyğun çatmışdır. Əgər keçən əsrin 90-cı illərində Mərkəzi Asiya ölkələrindən daha çox Çinlə əlaqələr inkişaf etdirilirdisə, sonrakı mərhələlərdə tədricən həmin region ölkələri ilə münasibətlərə də böyük diqqət yetirildi.
Məsələ onunla bağlıdır ki, Xəzərin statusu və orada yerləşən karbohidrat resurslarının bölüşdürülməsi məsələsində Aşqabadın fərqli yanaşmasının mövcud olması səbəbindən müəyyən ziddiyyətlər vardı. Eyni zamanda, həmin dönəmdə Mərkəzi Asiya ölkələri yeniləşmələri ləng aparırdılar və türk faktoruna elə də diqqət yetirmirdilər.
Lakin Prezident İlham Əliyev Mərkəzi Asiya və Çin istiqamətlərini mükəmməl olaraq qlobal geosiyasi dinamikanın xüsusiyyətləri ilə uzlaşdırmaqla bütövlükdə, vəziyyəti müsbətə doğru dəyişdi. Çoxlu sayda səfərlər, TDT-nin inkişafı ilə bağlı qəbul edilən mühüm qərarlar, qəbul edilən sənədlər “Turan Platforması”nın siyasi və geosiyasi aspektlərdə müasir şərtlərə uyğun aktual gündəmə gəlməsi ilə nəticələndi.
Məhz bu kontekstdə Azərbaycan Prezidentinin qətiyyət, yüksək iradə və dərin diplomatik məharəti sayəsində enerji strategiyasının iki mərhələsinin tam başa vurulması və üçüncü mərhələnin uğurla davam etməsi olduqca əhəmiyyətlidir. “Turan Platforması” bağlılığında bu mərhələlərin hər biri öz dönəmlərində özlərinə xas rol oynamışlar. O mənada ki, onların hər biri strateji məqsəd olan Türk Dünyasının birləşdirilməsində mövcud şərtlərə uyğun çox müsbət rol oynamışlar. Yəni birinci mərhələdə dünyanın müxtəlif böyük enerji şirkətlərinin Xəzərin Azərbaycan hissəsində mövcud olan yataqların istismarına və nəqlinə cəlb edilmələri gələcək türk birliyinin möhtəşəm təməlini yaratmaq demək idi. Çünki bununla Azərbaycan son iki yüz illik tariximizdə yeganə türk dövləti oldu ki, çağdaş müstəqil dövlətçiliyin kriteriyaları çərçivəsində Türk Dünyasının inteqrasiyası prosesini siyasi, geosiyasi və hüquqi aspektlərdə eyni bünövrəyə gətirə bildi.
Əlbəttə, bu, bir başlanğıc idi və onu ulu öndər Heydər Əliyevdən dərin və əhatəli dərk edən yox idi. 1993-2000-ci illər müddətində Azərbaycanın neft strategiyasını həyata keçirməsi ilə meydana gələn faktlar bunu tam olaraq sübut edir. Onun da bir neçə konteksti indi də Türk dünyası birliyi aspektində olduqca aktualdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Sentyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















