Təhsildə islahatlar niyə nəticə vermir? Ekspertdən mühüm açıqlama KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda elm və təhsil sahəsində ardıcıl olaraq müxtəlif qərarlar qəbul edilsə, yeni mexanizmlər tətbiq olunsa da, cəmiyyətdə bu dəyişikliklərin real nəticələri ilə bağlı suallar qalmaqdadır. Xüsusilə məktəblərdə və ali təhsil müəssisələrində islahatların kağız üzərindəki qərarlardan praktik nəticələrə çevrilməsi əsas problemlərdən biri kimi diqqət çəkir.
Bəs Azərbaycanda elm və təhsil sahəsində əsas problem islahatların aparılmaması, yoxsa həyata keçirilən dəyişikliklərin icra mexanizmlərindəki çatışmazlıqlardır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Turan Hüseynov “Azərbaycanda elm və təhsil sahəsində real islahatlar aparılmır” fikri ilə tam razı olmadığını bildirib.
Ekspertin sözlərinə görə, son illərdə ölkə rəhbərliyi tərəfindən təhsil və elm sahəsinin inkişafı istiqamətində mühüm qərarlar qəbul edilib, müxtəlif proqramlar və institusional dəyişikliklər həyata keçirilib:
“Burada təhsil sisteminin idarə olunması, məktəbəqədər və ümumi təhsil, peşə təhsili, ali təhsil, müəllimlərin sertifikatlaşdırılması, kurikulum və qiymətləndirmə, rəqəmsallaşma, eləcə də elm və təhsilin inteqrasiyası istiqamətində müəyyən islahatlar aparılıb.
Ona görə də məsələni “islahat var, yoxsa yoxdur?” sualı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Məncə, əsas məsələ islahatların necə təşkil edilməsi, necə icra olunması və nəticələrinin necə qiymətləndirilməsidir”.
Turan Hüseynov qeyd edib ki, islahat yalnız sərəncamın, qərarın və ya yeni qaydanın qəbul edilməsi ilə yekunlaşmır. Onun sözlərinə görə, hüquqi və inzibati qərardan sonra daha mürəkkəb mərhələ – icra prosesi başlayır:
“Burada isə insan kapitalı həlledici əhəmiyyət daşıyır. Məsələn, hansısa sahədə yeni yanaşmanın tətbiqi ilə bağlı qərar qəbul edilirsə, həmin islahatı həyata keçirəcək kadrların peşəkarlığı, hazırlığı və dəyişiklikləri idarə etmək bacarığı yüksək səviyyədə olmalıdır.
Müəllim, məktəb rəhbəri, universitet əməkdaşı və digər təhsil işçiləri yalnız “nə etməliyik?” sualının cavabını deyil, həm də “niyə bunu etməliyik?” sualının cavabını bilməlidirlər. Çünki islahatın məqsəd və fəlsəfəsi icraçı tərəfindən anlaşılmırsa, yeni mexanizm formal şəkildə tətbiq edilə bilər. Belə olan halda sənədlərdə islahat görünür, amma onun real nəticəsi gözlənilən səviyyədə olmur”.
Ekspertin fikrincə, islahatların uğuru yalnız təhsil işçilərinin hazırlığından asılı deyil. Şagird və tələbələrin də dəyişikliklərə uyğunlaşdırılması vacibdir.
“İslahatın əsas iştirakçıları olan şagird və tələbələr də dəyişikliklərə hazırlanmalıdır. Təəssüf ki, bəzi hallarda şagird və tələbələrin yeni yanaşmaları qəbul etməsində çətinliklər müşahidə olunur. Bunun müəyyən səbəbləri var: uzun müddət formalaşmış öyrənmə vərdişləri, ənənəvi qiymətləndirmə gözləntiləri, dəyişikliklərə psixoloji hazırlığın kifayət qədər olmaması və s.”, – deyə o, bildirib.
Turan Hüseynov valideynlərin də bu prosesdən kənarda qalmamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, valideyn yeni təhsil modelinin mahiyyətini anlamadıqda, övladının qarşılaşdığı yeniliklərə şübhə ilə yanaşa bilər:
“Məsələn, əvvəllər qəbul edilmiş “çox test həll etmək = yaxşı nəticə” yanaşması ilə formalaşmış valideyn üçün tənqidi düşünmə, bacarıq əsaslı təhsil, layihə işi və ya fərqli qiymətləndirmə mexanizmlərinin mahiyyətini qəbul etmək müəyyən zaman tələb edir.
Bu baxımdan islahatın uğuru üçün üç əsas tərəfin – təhsil işçisinin, öyrənənin və valideynin hazırlanması vacibdir. Əgər bu üç tərəfdən biri prosesdən kənarda qalırsa, islahatın nəticəsinin zəifləməsi mümkündür”.
Ekspert hesab edir ki, təhsil islahatlarının nəticəsini qısa müddətdə qiymətləndirmək də düzgün yanaşma deyil. Çünki bu sahədə həyata keçirilən dəyişikliklərin nəticələri şagirdlərin bilik və bacarıqlarında, daha sonra isə məzunların əmək bazarındakı mövqeyində özünü göstərə bilər.
“Buna görə də islahatların qiymətləndirilməsində uzunmüddətli və ölçülə bilən göstəricilərdən istifadə edilməlidir”, – deyə Turan Hüseynov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda əsas problem islahatların olmaması deyil, bəzi hallarda onların təşkili və icra mexanizmlərində yaranan çətinliklərdir:
“Yeni qərarın qəbul edilməsi ilə onun məktəbdə, universitetdə və ya elmi müəssisədə real praktikaya çevrilməsi arasında böyük bir məsafə var. Həmin məsafəni isə peşəkar kadrlar, düzgün kommunikasiya, metodiki hazırlıq, resurs təminatı və davamlı monitorinq vasitəsilə keçmək mümkündür”.
Təhsil eksperti son illərdə islahatların təşkili və idarə olunması istiqamətində də müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. O, daha sistemli yanaşmaların formalaşmasını, rəqəmsal imkanların genişlənməsini, müəllimlərin peşəkar inkişafına diqqətin artmasını və nəticəyönümlü mexanizmlərin tətbiqini müsbət tendensiyalar kimi qiymətləndirib.
“Təhsildə islahat yalnız qərarın qəbul edilməsi deyil. İslahatın həqiqi nəticəsi qərarın sənəddə deyil, auditoriyada, sinif otağında və nəticədə görünməsidir”, – deyə Turan Hüseynov vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















