Ticarət müharibəsi və bazar rəqabəti Telman Orucov yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Telman ORUCOV
Qloballaşma beynəlxalq ticarətə böyük təkan vermiş, ölkələr arasında iqtisadi əlaqələri xeyli möhkəmləndirmiş, genişlənən bazarın tələblərinə uyğun gəlmək üçün, həmçinin istehsalçı tərəfindən əmtəələrin keyfiyyətinə diqqətin artırılmasına səbəb olmuşdur. Bunlar isə öz növbəsində istehlakçıların mənafeyinin daha yaxşı ödənilməsinə şərait yaratmışdır. Əvvəllər özünü təmin etməyi ilə fərqlənən dövlətlər əcnəbi ölkələrdən idxal edilən malların daha ucuz qiymətə satılmasına görə, istehsalda gur inkişaf etməklə yanaşı, daha sərfəli məhsul buraxanların nisbi asılılığına düşmüşdür. İstənilən alıcıya psevdovətənpərvərlik hissləri yaddır, o, öz tələbatını ödəyən mallara üstünlük verməklə onları alır. Bəzi dövlət rəhbərləri bu vəziyyətlə razılaşmayıb, öz istehsal müəssisələrinə proteksionizm göstərməklə, idxal daşqınına mane olmaq istəsə də, alıcı öz prinsipinə sadiq qalmaqla, doğma dövlətinin siyasətinə də məhəl qoymur. Bazar münasibətləri, onun yaratdığı rəqabət həm də dünyada ölkələr arasında elan olunmamış əmək bölgüsünü də müəyyən edir.
XXI əsrin əvvəllərindən Çində sənayenin yüksək sürətli inkişafı, həm də ixracın miqyasının və coğrafiyasının böyüməsinə səbəb oldu. Özünü qısa müddətdə dünya istehsal fabrikinə çevirən bu ölkə ixrac ekspansiyasını həyata keçirmək üçün Amerikanın geniş bazarını da işğal etməyə başladı. İstehsalın inkişafı və mallarına tələbatın böyüməsi həm də Çinin keyfiyyət məsələlərinə diqqətinin artırılması ilə yanaşı, bazar axtarışında onu yorulmadan çalışmağa sövq etdi. Təkcə Asiyanın deyil, qismən Avropanı, həm də Cənubi Amerikanı da öz ixrac nəzarəti altına keçirməyi bacardı.
Birləşmiş Ştatlarda Çin geyim paltarları, uşaq oyuncaqları və məişət malları daha çox satılırdı, ölkə həm də oradakı bir sıra xammal növlərini, həmçinin nadir torpaq metallarının xeyli hissəsini, həm də uranı bu kommunist ölkəsindən idxal edilirdi. Bir sözlə, Çin öz mallarının ABŞ-ın nəhəng bazarına daxil olması ilə, bundan yaxşı mənfəət götürürdü. Həm də mikroçiplərin ABŞ-dan ixracını əsaslı qaydada azaltmaqla, qısa müddətdə onlardan tamamilə imtina etməyi planlaşdırır. Çünki sənayesində işlənən mikrosxemləri bütünlüklə özünün daha keyfiyyətli çipləri ilə təmin edə biləcəkdir. Bu isə Amerika şirkətlərinə on milyardlarla dollar həcmində ziyan vuracaqdır. Beləliklə, yüksək texnoloji məhsullar istehsalında da Amerikanın Çini izolyasiya etmək cəhdi baş tutmadı. Çünki Çin artıq ondan asılılıqda deyildir, ən müasir istehsal sahələrində də Birləşmiş Ştatlardan geri qalmır, yeni, lakin fərqli inkişaf yolunu seçmişdir.
Bir həqiqəti də qeyd etmək lazımdır ki, əgər amerikanların tələbatının daha sərfəli qaydada ödənilməsi şərtləri nəzərə alınmasa, əlbəttə, idxalın dominantlığı heç də Birləşmiş Ştatlar iqtisadiyyatının xeyrinə deyildi. İdxal, ixrac üzərində xeyli üstünlüyə malik olduğundan, ölkənin beynəlxalq ticarətində əmələ gələn disbalansın nəinki aradan qaldırılması, hətta ixtisarı belə, düşünülməmiş tarif siyasəti hesabına da heç cür mümkün olmayacaqdır. İqtisadi inkişaf əgər başqa istehsalçıya ziyan vurmaq üstündə qurulsaydı, onda onu əldə etmək o qədər çətin olmazdı. İqtisadi həyat belə zorakı müdaxiləyə tabe olmur, onu əsla qəbul etmir. İqtisadiyyatda komanda üsulunun tətbiqi panatseya rolunu oynasaydı, Sovet İttifaqı tarixində heç vaxt dəbdən düşməyən volyuntarizmin və onun digər eybəcərliklərinin hesabına zirvələrə qalxıb, özünü, heç olmasa dağılmaqdan qoruyardı, yaradıldığı əsrdə də onun məhv olması baş verməzdi.
Beynəlxalq ticarət üçün ən vacib sahədə də Amerika Çinlə rəqabətə girə bilməz, bu da ixrac üçün mühüm əhəmiyyət kəsb edən, məhsulun xarici ölkələrə ucuz qiymətə satılmasıdır. Çin istər məişət təyinatlı, istərsə də yüksək texnoloji malların istehsalında keyfiyyətə xələl gəlmədən, ucuz əmtəələrin bol mənbəyi olaraq qalır. Amerika bu sahədə onunla ayaqlaşa bilməz. Çıxış yolu kimi öz istehsalını Vyetnama, Hindistana, İndoneziyaya keçirə bilər, lakin bu da asan məsələ deyildir, həmin ölkələrdə müvafiq infrastruktur yaradılmalıdır. Bu isə böyük xərc və xeyli vaxt tələb edir və yəqin ki, istehsal edilən məhsulun bahalaşmasına da səbəb olacaqdır.
ABŞ-ın yeni prezidenti Donald Tramp keçmişi bütünlüklə inkar etmək prinsipinə sadiq qalaraq, bu vəziyyəti düzəltmək, yoluna qoymaq üçün çox asan vasitə saydığı tarifləri dəyişdirmək, idxal edilən malların gömrük rüsumlarını artırmaq yolunu tutdu. Bu tədbir, həm də heç şübhəsiz, pərakəndə satış qiymətlərinin də yüksəlməsinə, sadə amerikanların mənafeyinə zərbə vurulmasına səbəb olacaqdır. Mağazalarda artıq ərzaq mallarının, apteklərdə dərmanların qiyməti artır. Bütün məişət xərcləri yüksəlmişdir. İnflyasiya da böyüməkdə davam edir. Kiçik mağazalar idxalın yeni şərtlərinə görə bağlanmağa başladı. Pensiya təminatına inam azaldı. Fermerlərin isə malları alıcısız qaldı. Amerikan ailəsinin büdcəsinə benzinin qiymətinin yüksəlməsi də mənfi təsir göstərir. İpoteka kreditləri, ondan istifadə edənlərə xeyli baha başa gəlir. Orta amerikan ailəsi dünyada hamıdan əvvəl minik avtomobillərinə sahib olmağa başlamışdı. Tarif müharibəsi avtomobillərin qiymətinin 4 min dollardan 10 min dollara qədər yüksəldəcəkdir. Second hand mallarını almağa öyrənməmiş amerikan təzə maşın aldıqda, maddi çətinliklə üzləşməli olacaqdır. Bu, ölkədə baş verəcək fəlakət perspektivinin simptomları sayıla bilər, çünki tariflərin artması bumeranq təsiri bağışlayıb, milyarderlərə deyil, sadə amerikan əhalisinin büdcəsinə zərbə vuracaqdır.
Amerikanlar qiymətlərin artmasından meydana gələn sosial böhrandan qorxurlar. Bir əsr əvvəl, 1929-cu ildəki Böyük Depressiya amerikanların maddi vəziyyətinə ağır zərbə vurmuşdu, əhali görünməmiş ehtiyac girdabına düşmüşdü. Bu vəziyyətin sona çatmasına on ildən artıq vaxtı gözləmək lazım gəldi.
Prezident isə ancaq dövlətə ziyan dəyməsinin qarşısını almağa, onun gəlir götürməsinə çalışır. əks reaksiyanın da meydana gələcəyini, tətbiq etdiyi yüksək tariflərə cavab kimi, müştərək dövlətin də buna əl atacağını nəzərə almır. ABŞ-ın dünyada hegemonluq etməsi artıq arxada qaldığından, onun qarşısında təzim edənlərin sayı xeyli azalmışdır.
Ticarət müharibəsi ABŞ-ın özü üçün ağır bir hadisə olsa da, başqa ölkələrə də mənfi təsirini göstərmişdir. Bir neçə gündə dünya bazarı 6,2 trilyon həcmində ziyan çəkməli oldu. Ən başlıcası isə, bu fövqəldövlətin malik olduğu nüfuz eroziyaya uğramışdır.
Köhnə zavodların ölkəyə geri qaytarılması, yenidən işə salınması xilas vasitəsi kimi irəli sürülür, onun iqtisadi cəhətdən nə qədər faydalı olub-olmaması isə nəzərə alınmır Amerikanlar artıq ağır zəhmət tələb edən müəssisələrdə, mədənlərdə işləməkdən uzaqlaşmışdılar, onlar xidmət sahələrində işləməyə üstünlük verirlər. Amerika sənayesi də ciddi dəyişikliyə uğramışdır, yüksək texnoloji məhsulların istehsalına keçməklə, əvvəlki dövrlərdən daha artıq gəlir əldə edir. Amerikada bəzi zavodların bağlanması işsizlik probleminin yaranmasına da səbəb olmamışdır, burada işsizlik vur-tut 2 faizdən bir qədər artıqdır. Tarif tədbirlərindən sonra vəziyyət bu sahədə də mənfi tərəfə dəyişir.
Riskə onunla haqq qazandırılır ki, guya istehsalı geri qaytarmaq müəyyən dövr üçün retsessiya tələb etsə də, bu, yalnız guya gələcək böyük inkişaf naminə atılan addımdan başqa bir şey deyildir. Bu, Maonun Çində həyata keçirdiyi uğursuz "Böyük sıçrayışı" yada salır. İrəliyə sıçrayış cəhdi ölkə üçün ağır olan geriyə atılmaqla nəticələndi. O da üç illik ağır zəhmətin min illər üçün xoşbəxtlik gətirəcəyini vəd etmişdi.
ABŞ, mallarını idxal etdiyi bütün dövlətlərə tarifləri, gömrük rüsumunu artırsa da, az sonra bunu ləğv etmək məcburiyyətində qaldı. Təkcə Çinə qarşı olan tədbirlər daha da sərtləşdi və ondan idxal etdiyi malların tarifləri 145 faiz artdı. Hədəf seçilən ölkənin özünün sərt cavabı ilə yanaşı, bu tədbirdən ziyan çəkən yerli "Apple" şirkəti də kənarda qalmayıb, öz dövlətindən qisas almağa girişdi. "Apple" 600 ton çəkisində olan ayfonlarını Asiyadan çıxarmaq üçün yük aviasiyasından istifadə etməyə məcbur oldu. Hava logistikası böyük xərc tələb edir. Ayfonun ABŞ-da istehsalı az qala 1,5 dəfə baha başa gələcəkdir, çünki Çin alternativi olmayan infrastruktura malik idi. İstehslın Hindistana köçürülməsi baş versə, böyük xərc çəkməklə yeni infrastruktur yaratmaq lazım gələcəkdir. Bu isə məhsulun qiymətinin artmasına səbəb olacaqdır.
Ayfon yüksək texnoloji məhsul olmaqla yanaşı, heç də sadə telefon aparatı deyildir, çox funksiyalı olduğuna görə öz sahibinə də həmin sayda mühüm xidmətlər göstərir. Maliyyə məsələləri ilə, mühasibatla və informasiya fəaliyyəti ilə məşğul olan işçi ayfonsuz intellekt əlilinə çevrilir. Adamlar bu telefona elə öyrənmişdir ki, bunu, qəribə görünsə də, narkomaniyaya bənzətmək olar.
İqtisadi müstəqilliyi ilə öyünən, dünya ticarətində əzələlərini nümayiş etdirən Çin ABŞ-a daha ağrılı olan zərbələr vurmağa başladı, onun nisbətən sərfəli olan digər idxal kanallarını da bağlamaqla, bəzi qiymətli malları isə, məsələn, "Boinq" təyyarələrini ondan almaqdan imtina etdi. İri həcmdə olan və ABŞ-a ixracdan yaxşı gəlir gətirən soya və maye təbii qaz almağını da dayandırdı. İri amerikan şirkətləri milyard dollarla ziyana düşür. Çin isə texnoloji inkişafda, həmçinin süni intellektin tətbiqində rəqibindən geri qalmadığına görə. öz iqtisadi orqanizminə olan iynə batırılması həmləsinə, daha iri skalpellə cavab vermək yolunu tutdu. ABŞ tariflərlə Çinə ziyan vurmağa cəhd etsə də, ən ağır zərbəni özünə vurmuş oldu. Çünki Çin xeyli əvvəldən, onun ilkin təzahürlərini 2019-cu ildə gördüyündən, Amerikanın bu siyasətə daha geniş ölçüdə əl atacağını gözləyirdi və lazım olan hazırlığı görmüşdü. Digər dövlətlər də, məsələn Kanada və Meksika bütünlüklə, hətta daim onun farvaterində üzən Yaponiya isə qismən Amerikadan üz döndərdi.
ABŞ dolları da öz mövqeyini itirir. Çin dolları məhv etmək üçün dünya ticarətini öz valyutası olan yuana keçirir. Beynəlxalq maliyyə əməliyyatları aparan SWIT-ə artıq ehtiyac olmayacaqdır. ABŞ-ın borc bazarı etibarı itirdiyindən, Çin və Yaponiya Amerika qiymətli kağızlarını satmağa başlamışdır.
Avropa ölkələri də onlara qarşı yönəldilmiş diskriminasiya tədbirlərinə güzgü effekti şəklində cavab verməyə başladı. ABŞ tədbirini 90 günlük təxirə saldıqda, Avropa İttifaqı da parallel addım atdı. Lakin düşünülməmiş, əks amilləri nəzərə almadan görülən tədbirlər, gözlənilənlərin ziddinə olan nəticələrlə müşayiət olundu. Nasist Almaniyasına və militarist Yaponiyasına qarşı müharibədə birgə vuruşanlar artıq müttəfiqliklərini dayandırdılar. Yaxın qonşusu Kanada ona əyilməyəcəyini bildirdi. Müqavilələrə əməl etməmək, əslində xəyanət heç də başqa cür, müsbət bəhrə verə bilməzdi. Tariflərin yüksəlməsinin nəticələri ABŞ iqtisadiyyatını tənəzzülə uğrada bilər. Səhmlərin kursunun aşağı düşməsinin iqtisadi böhran xarakteri alacağına artıq elə bir şübhə yoxdur. Nəticədə ölkənin borcları arta bilər.
Amerikaya bəslənən etimad bir andaca yoxa çıxdı. Prezident Tramp çox sayda dövlət rəhbərlərinin, özünün dediyi kimi, əlini öpməyə gəlməsini gözləsə də, əksinə, çoxu ona hətta formal diplomatik təzim qılmağı da özlərinə rəva bilmədi. Yalnız Yaponiya və Cənubi Koreya bir qədər sonra ABŞ-la sövdələşmə bağlamaq arzusunda olduqlarını bildirdilər. Bütövlükdə maqiyaya bəslənən inam isə, böyük ölçüdə götürüldükdə, puç oldu. Amerikaya olan hörmət az da olsa yoxa çıxdı, artıq təxəyyül edilən düşmənlər yoxdur, onunla hesablaşmayanların real ordusu meydana gəldi. Mif, illüziya gerçəkliyə təsir göstərə bilmədi. ABŞ siyasi xadimlərinin qələbə raportları isə farsla nəticələndi, reallığı zarafata çevirmək acı nəticəyə səbəb oldu. Markiz de Sadın pyesini XXI əsrdə həyat səhnəsinə gətirmək, siyasətdə sadomazaxizmlə məşğul olmaq, ondan ağır əzab çəkməyə gətirib çıxardı.
XXI əsrin başlanğıcından gur start götürən avtomobil sənayesinin istehsalı hesabına, dünya bazarı Çin avtomobilləri və elektromobilləri ilə doldu. Bu isə Amerika üçün daha güclü hiss edilən bir zərbə idi. ABŞ istehsalçıları - "Ford", "Ceneral Motors" və "Kraysler" şirkətləri XX əsrin sonunda Yaponiyaya, yeni əsrdə isə Çinə uduzmalarını davam etdirdilər. Burada elə bir sirr də yoxdur, amerikan avtomobilləri texniki keyfiyyətlərinə və yüksək satış qiymətlərinə görə rəqib istehsalçılardan geridə qalırdı. Yaponlar öz maşınlarında yanacaq sərfini xeyli azaltmışdılar, çinlilər isə bu sahədə daha uzağa gedib, rəqiblərini ağır vəziyyətdə qoydular.
Birləşmiş Ştatlar, novator tədqiqatçı İlon Maskın "Tesla" elektromobillərinə böyük ümid bəsləyirdi, onu ikonaya çevirmişdi. Axı fantaziyanı real həyata keçirməyə çalışan bu ixtiraçı öz məhsulunu futuristik bir nəqliyyat növü, gələcəyə ünvanlanmış maşın kimi nəzərdə tutmuşdu və onda həqiqətən çoxlu yeniliklər öz əksini tapmışdı. Bu, təkcə onun texniki xüsusiyyətlərində deyil, görünüşündə də nəzərə çarpırdı. Lakin bu elementlər həm də ən müasir sayılan elektromobil üçün "ayı xidməti" rolunu oynadı. Maşının kuzası ənənəvi axarlı, elektrodinamik formada olmaq əvəzinə, iti bucaqlı panellərdən ibarətdir. Onlar dəydiyi adamlara ağır travma vurmaqla yanaşı, toqquşduğu avtomobilləri də sıradan çıxara bilər. Digər bir qüsur isə ondan ibarət idi ki, maşın saatda 75 mil sürətlə getdikdə, mexaniki cəhətdən bərkidilmək əvəzinə, yapışqanla yapışdırılmış panellər dağılmağa başlayır, arxadan gələn nəqliyyata da təhlükə törədir. Adi qəza vaxtı da elektromobil tam dağılmaya məruz qalır. Digər tərəfdən, panellər paslanmayan poladdan və digər metalların ərintisindən düzəldildiyindən, maşının çəkisi ağır olmaqla, 4 tona çatır. Bəzi ölkələrdə isə çəkisi 3,5 tondan ağır olan minik maşınlarının istifadə edilməsinə icazə verilmir.
(Ardı var)


