TOY BAZARINDA XAOS DƏRİNLƏŞİR: İŞBAZLAR QAZANIR, HÖKUMƏT SEYR EDİR 200 300 manatlıq stullar, səs küy və borca düşən ailələr...
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın toy mədəniyyəti və gənclərin gələcəyi məhv edilir
Deputat Elşad Musayev: “Bəzi insanlar bahalı toylarla meydan oxuyur... Azərbaycanda toy siyasəti yenidən nəzərdən keçirilməlidir"
Ceyhun Məmmədov:"Dövlət tərəfindən tənzimləmə mexanizmləri barədə ciddi düşünməli və konkret addımlar atılmalıdır"
Son vaxtlar Bakıda fəaliyyət göstərən şadlıq saraylarında menyu qiymətlərinin nəzərəçarpacaq dərəcədə artması ictimai müzakirələrə səbəb olub.
Belə ki, əvvəllər daha münasib hesab edilən menyuların qiymətləri qısa müddətdə xeyli yüksəlib. Apardığımız müşahidələr göstərir ki, bir müddət əvvəl 50–60 manat aralığında təklif olunan menyular hazırda 70–80 manata, 60–70 manatlıq standart menyular isə 80–90 manat səviyyəsinə qalxıb. Banket menyularında da oxşar artım qeydə alınıb.
Maraqlısı isə odur ki, qiymətlərin artmasına baxmayaraq, müştərilərin əksəriyyəti menyu seçimində qənaət variantlarına üstünlük vermir. Nəticədə süfrəyə verilən yeməklərin hamısı istifadə olunmur, əhəmiyyətli bir hissəsi masada qalaraq israf edilir.

Hazırda paytaxtda fəaliyyət göstərən bir sıra tanınmış şadlıq saraylarında menyu qiymətləri aşağıdakı kimidir:
-“Bağçalı Saray” – 200 AZN-dən başlayır;
-“Meridian Palazzo” – 80 AZN-dən başlayır;
-“By Meridian” – 140 AZN-dən başlayır;
-“Meridian Park Luxury Zal” – 250 AZN-dən başlayır;
-“SS Hall” – 130–160 AZN arası;
-“Grand Opera” – Klassik zalda 110 AZN, Kristal zalda 170 AZN;
-“Sapfir Saray” – 130 AZN-dən başlayır;
-“Böyük Saray” – 250 AZN, 300 AZN və 400 AZN;
-“Monte Karlo” – 60 AZN, 70 AZN və 80 AZN;
-“Altun Saray” – 70 AZN-dən başlayır;
-“Flamingo Palazzo” – 60 AZN, 70 AZN və 80 AZN.
Ümumilikdə, şadlıq saraylarında menyu qiymətləri müxtəlif büdcələrə uyğun təqdim edilsə də, artım tendensiyası açıq şəkildə hiss olunur. Daha sadə və əlçatan menyular 45–70 AZN aralığında dəyişdiyi halda, lüks zallarda qiymətlər 200 AZN-dən başlayaraq daha yüksək səviyyələrə çatır.
Təbii ki, burada qazanan restoran sahibləri, menyuları süni şəkildə bahalaşdıran işbazlar, itirən əhalidir. Toy sahibi sanki işbazların onun qohumlarını, dostlarını, yaxınlarını "könüllü" şəkildə soymasına vasitəçilik edir.
Deputat Elşad Musayev “AzPolitika”ya açıqlamasında Azərbaycanda toy mərasimlərinin təşkili ilə bağlı ciddi problemlərin qaldığını bildirib və israfçılığı tənqid edib.

Deputatın sözlərinə görə, hazırkı toylar nə məkan, nə də məzmun baxımından səmərəli deyil: “Toylarda 5–10 dəqiqədən artıq oturmaq mümkün deyil. Həddindən artıq səs-küy, lazımsız yeməklərin çoxluğu və qiymətlərin kəllə-çarxa çıxması ciddi problemdir. Son vaxtlar hiss olunur ki, menyulardakı yeməklərin miqdarı bir qədər azaldılıb, amma bu yetərli deyil”.
Elşad Musayev qeyd edib ki, Türkiyə və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda toy və yas mərasimlərində israfçılıq daha qabarıqdır: “Qardaş ölkə Türkiyədə və Avropada belə israfçılıq yoxdur. Canlı musiqi də keyfiyyətli deyil, musiqi təhsili olmayan şəxslərə böyük məbləğlər ödənilir. Bu da doğru yanaşma deyil. Toy mərasimlərində ciddi xaos hökm sürür”.
Deputatın sözlərinə görə, bəzi rayonlarda yas mərasimlərinin artıq nizamlanması müsbət addımdır: “Bu yaxınlarda bir icra başçısı da zəng edib dedi ki, rayonda yaslardakı əlavə yeməklər ləğv olunub. Düşünürəm ki, eyni yanaşma toy mərasimlərinə də tətbiq edilməlidir. Bu gün toy xərcləri gənclər üçün ağır yükə çevrilib. 800–1000 nəfərlik toylar ailələri böyük maddi yük altına salır. Elə şərait yaratmalıyıq ki, gənclər evlənəndə ağır borca düşməsin. Rəsmi statistikaya görə, hər iki nikahdan biri boşanma ilə nəticələnir. Qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir. İsrafçılıq və bahalı toylar gənclərin evlənməsinə mane olur”.
E. Musayev bahalı toyların bir qisminin qanunsuz yollarla varlanan şəxslərin nümayiş xarakteri daşıdığını da qeyd edib: “Bəzi insanlar bahalı toylarla meydan oxuyur. Toya gedənlər də məcbur qalıb yüksək məbləğdə pul yazdırır. Azərbaycanda toy siyasəti yenidən nəzərdən keçirilməlidir. Bizim toy modeli ciddi problemlərlə üz-üzədir və bu sahədə düzgün, balanslı addımlar atılmalıdır”.
Deputat Ceyhun Məmmədov “AzPolitika”ya açıqlamasında bildirib ki, bu gün toy və yas mərasimlərində israfçılıq ən yüksək həddə çatıb və aparılan müzakirələrə baxmayaraq, vəziyyətdə ciddi dəyişiklik müşahidə olunmur.

Onun sözlərinə görə, problem getdikcə daha da mürəkkəbləşir: “Qiymətlərin həddən artıq artması, musiqinin səviyyəsi və səs-küy məsələsi normal və düzgün formada tənzimlənmir. Bu səbəbdən insanların narahatlığı tam başadüşüləndir”.
Deputat qeyd edib ki, problemin həlli üçün iki əsas yol mövcuddur: “Birinci növbədə insanlar özləri anlamalıdırlar ki, bu cür israfçılıq düzgün deyil. Bu gün elə bir vəziyyət yaranıb ki, insanlar sanki pula görə girov götürülür. Stolun üzərində bu qədər yeməyin olmasına real ehtiyac varmı? İnsanlar davranışlarında ciddi dəyişiklik etməlidirlər. İkinci yol inzibati mexanizmlərin tətbiqidir. İnzibati qaydada prosesin tənzimlənməsi müəyyən nəticələr verə bilər. Variantlardan biri də məhz budur, başqa yol qalmaya bilər. Amma bu yanaşma insanlar tərəfindən narahatlıqla qarşılanacaq”.
Deputat hesab edir ki, ideal variant məsələni elə formalaşdırmaqdır ki, proses öz-özünə tənzimlənsin: “Ümid edirik ki, bu problem həllini tapacaq. Əgər tapmasa, dövlət tərəfindən tənzimləmə mexanizmləri barədə ciddi düşünməli və konkret addımlar atılmalıdır. Çünki bu, cəmiyyətdə ciddi narahatlıq doğuran məsələdir və artıq həlli gecikdirilə bilməz”.
E. Bəyməmmədli
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Dekabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















