“Tramp yolu”na qarşı “Putin yolu”?
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Nikol Paşinyan iqtidarı tələsməlidir
Ermənistan “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu”nun, yaxud “Tramp marşrutu”nun reallaşması üçün daha konkret əməli addımlar atmalıdır. Özü də gecikmədən, tez bir zamanda. Təkcə ona görə yox ki, TRIPP kimi səciyyələndirilən və regional kommunikasiyaların, habelə Cənubi Qafqazda barış mühitinin simvolu olan bu layihə İrəvanın üzərinə götürdüyü öhdəlikdir. Həm də o səbəbdən ki, onun həyata vəsiqə alması Baş nazir Nikol Paşinyan iqtidarının taleyini müəyyənləşdirən amildir. Fikrimizə sonda aydınlıq gətirəcəyik. Hələlik isə...
Deməli, İrəvanda “Cənubi Qafqazda nəqliyyat dəhlizləri” adlı beynəlxalq konfrans keçirilib. Əvvəla, onu deyək ki, diqqətimizi toplantının təşkilatçı qurumlarının adları çəkdi. Yəni mövzu həm də həmin qurumlara görə maraq doğurdu. Əlbəttə, İrəvan Dövlət Universiteti o qədər təəccüblü deyil. Ancaq bu təhsil ocağının nəzdindəki Rusiya Araşdırmaları Mərkəzi dramatikliyi artırır. Şərqşünaslıq İnstitutunun Rusiya–Ermənistan Münasibətlərinin Araşdırılması Mərkəzi də həmçinin. Siyahıda Rusiya Milli Kommunikasiyaların İnkişafı Elmi-Tədqiqat İnstitutunun adının yer alması isə ümumi mənzərəni tamamlayır. Mənzərə budur: Ermənistan paytaxtındakı rusbaşlılar Rusiyadakı dostları ilə birləşib müştərək konfrans düzənləyiblər və tədbirə hər iki ölkənin ekspert dairələrini dəvət ediblər. Əlbəttə ki, dəvətlilər Ermənistanın nicatını Rusiyada görənlərdir və onlar bir araya TRIPP-i, bir növ, lənətləmək üçün gəliblər.
“Cənubi Qafqazda nəqliyyat dəhlizləri” konfransının başlıca müzakirə predmeti yeni siyasi və iqtisadi şəraitdə Cənubi Qafqazın nəqliyyat infrastrukturunun inkişaf perspektivləri, həmçinin Ermənistanın regional və beynəlxalq nəqliyyat əlaqələrinin formalaşdırılmasındakı imkanları olub. Ən maraqlı məqam isə tədbir iştirakçılarının “Putin yolu” təşəbbüsünün həyata keçirilməsindən söz açmaları və onun Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsü ilə uzlaşdırılması imkanlarının ətrafında diskussiya aparmalarıdır. Sən demə, “Putin yolu” da var imiş. Görəsən, niyə indiyədək bu barədə heç nə bilməmişik?
Nə isə, tədbirə dəvət edilmiş ekspertlər Cənubi Qafqaz ölkələrinin Rusiya və Ermənistan arasında nəqliyyat əməkdaşlığına cəlb olunmasını, eləcə də dəyişən iqtisadi və siyasi şərait nəzərə alınmaqla, region dövlətləri ilə Rusiya arasında nəqliyyat əlaqələrinin inkişaf imkanlarını da nəzərdən keçiriblər. Deməli, regiondakı digər ölkələr İrəvanla Moskva arasında nəqliyyat əməkdaşlığına cəlb olunacaqmışlar. Belə bir qlobal kimi dəyərləndirilən əməkdaşlıq müstəvisi nə vaxt formalaşdı ki, xəbərimiz olmadı?
Suallar çoxdur, onlara cavab vermədən konfransda daha nələrin müzakirəsinin aparıldığına nəzər salaq. Məsələn, bildirilib ki, Cənubi Qafqazda siyasi və geosiyasi vəziyyət dəyişdiyindən, regionda dəmir yolu əlaqələri blokadadan çıxarılmalıdır. İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Aram Safaryanın bu fikrini anladıq. Anlamadığımız onun çox yaxın keçmişə ekskurs əsasında dilə gətirdikləridir. Sən demə, 2016-cı ildə Abxaziya ərazisindən keçməklə, Tbilisi–Moskva dəmir yolu xətti üzrə əlaqələrin blokadadan çıxarılması məsələsi ətrafında müzakirə açılıb, lakin təşəbbüs davamını tapmayıb: “Proses dayandı. Ona görə dayandı ki, şərait başqa idi. Həm də ona görə ki, Cənubi Qafqazda siyasi və geosiyasi vəziyyət tamamilə fərqli idi”.
Görəsən, vəziyyət necə idi? Çox da düşünməyə ehtiyac yoxdur, çünki Safaryanın barəsində söz açdığı və mücərrədlik girdabına saldığı durum dəyişməyib. Beynəlxalq aləm tərəfindən Gürcüstan ərazisi kimi tanınmış Abxaziya rus işğalı altındadır və belə olan təqdirdə, həmin bölgədən keçməklə Tbilisi-Moskva dəmir yolu xəttinin mövcudluğu mümkünsüzdür. Niyəsə tədbirdə bu barədə söz açılmadı...
Toplantıda vurğu Rusiya Milli Kommunikasiyaların İnkişafı Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Vladislav Qasumyanovun təşəbbüsü üzərinə qoyuldu. Sən demə, Qasumyanov öz ideyasını Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq həyat” jurnalında dərc olunan analitik məqaləsində təqdim edibmiş. Söhbət anonsunu verdiyimiz “Putin yolu” adlandırılan təşəbbüsdən gedir. Deməli, “Putin yolu”nun kimin yastığının altından çıxdığı aydınlaşır.
O da aydındır ki, Qasumyanovun “Putin yolu” keçmişin məhsulu qismində təqdim olunur. Axı hazırda “Tramp yolu” ideyası var. Rusbaşlılar istəyirlər ki, “Putin yolu”nun daha əvvəl gündəmə gəldiyinə, onun fundamental mahiyyət daşıdığına dair rəy formalaşdırmaqla, hay cəmiyyətini çaşdırsınlar. Onlar, eyni zamanda, “Tramp yolu”nun Qasumyanovun ideyasının yanında heç nə olduğu görüntüsünün yaradılmasına çalışırlar.
Nə isə, Safaryan deyib ki, Qasumyanov Qara dəniz sahili boyunca Rusiya, Gürcüstan və Ermənistan arasında dəmir yolu və mümkün olduğu təqdirdə, avtomobil yolu əlaqələrinin bərpasını təklif edibmiş. Bu ideyaya əsasən, gələcəkdə marşrut Naxçıvan, Culfa və İran ərazisindən keçməklə, Tehrana qədər uzadıla bilərmiş. Təsəvvür edin, 2016-cı ildə Azərbaycan torpaqları işğal altındadır, Rusiyadakı elmi mərkəz Naxçıvandan yararlanmaqla, “Putin yolu” “çəkirmiş”. Bəlkə bu təşəbbüs üçün Qarabağ və ölkəmizin digər əraziləri kimi, Naxçıvan da qəsb olunmalı imiş...
Böyük anlamda söhbət “Putin yolu”nun “Şimal–Cənub” strateji nəqliyyat dəhlizi, habelə, “Şərq–Qərb” istiqamətləri ilə əlaqələndirilməsindən gedir. İndi Safaryan vurğulayır ki, Qasumyanovun təşəbbüsü digər nəqliyyat təşəbbüsləri ilə rəqabət aparan layihə kimi deyil, onları Cənubi Qafqazın vahid nəqliyyat-logistika sisteminə daxil etmək imkanıdır. “Əmması” odur ki, 2016-cı ildə rəqabət ola bilməzdi. Çünki regional kommunikasiyaların açılması gündəmdə deyildi. Məsələ 44 günlük müharibədən sonra aktuallaşdı. Müvafiq olaraq, “Putin yolu” adlı təşəbbüsü keçmişin fundamentallıq prizmasına sığışdırmaq da mənasızdır. Qasumyanovun ideyasının geniş şəkildə məhz indi dövriyyəyə buraxıldığını nəzərə alsaq, tam aydındır ki, bu ideyada məhz hazırkı şərtlərlə rəqabət immuniteti var. Daha doğrusu, söhbət immunitetin yaradılması cəhdindən gedir.
Bəli, indi ortaya atılmış “Putin yolu” “Tramp marşrutu”na alternativ yaratmaq məqsədi daşıyır. İstəyin konkret rıçaq qismində göstərilən parametrləri də var. Baxın, Safaryan Rusiya Dəmir Yollarının potensial roluna toxunur, onu beynəlxalq əhəmiyyət daşıyan missiya daşıyıcısı qismində vurğulayır. Ancaq mərkəz direktoru prosesin gerçəkləşməsi xüsusunda “dəmir yolu əlaqələri blokadadan çıxarılarsa” deyərək şərt müəyyənləşdirir. Görəsən, nəyi nəzərdə tutur?
Məlumdur ki, Ermənistanın dəmir yolları Rusiya Dəmir Yollarının törəmə şirkətinin konsensiyasındadır. Bəlkə safaryanlar düşünürlər ki, blokadadan çıxarılma Azərbaycanın prosesə qoşulması ilə gerçəkləşəcək? Halbuki konfransda ölkəmizin adı çəkilmir. Belə olan halda Rusiya Dəmir Yolları və ya onun Ermənistandakı törəmə qurumu regionda nəqliyyat və logistika ilə məşğul olan şirkətə çevrilə, onun beynəlxalq əhəmiyyəti arta bilərmi? Əlbəttə ki, yox. Elə növbəti qeydlərimiz də bununla bağlı fikirlərimizin davamıdır.
Milli Kommunikasiyaların İnkişafı Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Valentina Komleva konfransdakı çıxışında bildirib ki, Cənubi Qafqaz, kifayət qədər, mürəkkəb logistika qovşağıdır və Ermənistan uzun müddət bu sistemdə periferik zona kimi qəbul olunub, lakin bu gün vəziyyət dəyişib. Onun sözlərinə görə, hazırda bir sıra alternativ və ya bir-birini tamamlayan təkliflərin mövcudluğu fonunda ölkənin əhəmiyyəti artır. Sual yaranır: illər ərzində periferik, yəni kənar düşmüş zona olan Ermənistanın əhəmiyyətlilik fazası necə formalaşıb?
Yenə çox düşünməyə ehtiyac yoxdur, Ermənistanın əhəmiyyətini vurğulayan “Tramp yolu”dur. Komleva bunu nəzərə almadan deyir ki, Ermənistan hakimiyyəti ölkənin logistika potensialını reallaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirir və bu təbiidir. Təbiidir ona görə ki, 44 günlük müharibədən sonrakı vəziyyət və Azərbaycanın irəli sürdüyü regional gündəlik buna imkan yaradır. Belə bir gündəliksiz İrəvan heç nəyi nəzərdən keçirə bilməz, ətraf aləmdən təcrid durumunu ömürlük aqibət sayardı.
Yeri gəlmişkən, konfransda barəsində söz açdığımız “Dünyanın kəsişməsi” və ya “Sülhün kəsişməsi” ideyasından danışan da xanım Komleva olub. Onun təbirincə desək, Ermənistan hakimiyyəti bir vaxtlar bu ideyanı nəzərdən keçirirdi. İnstitut təmsilçisi sonradan nə üçün vəziyyətin dəyişdiyindən danışmasa da, bildirək ki, Paşinyan iqtidarı “Sülhün kəsişməsi” ilə Azərbaycanın regional gündəliyinə qarşı durmağa çalışır, ölkəmizin Naxçıvana maneəsiz yol xüsusunda irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünü heçə endirməyə köklənmişdi. Yekunda “Tramp yolu”nun meydana çıxması bu kökləniş cəhdlərinin səmərəsizliyini göstərdi. İndi isə Komleva kimi siyasi məqsəd gerçəkləşdirmək tapşırığı almış elm başbilənləri “Sülhün kəsişməsi”ni müsbət qiymətləndirirlər: “Bir şərtlə ki, onun çərçivəsində bütün maraqlı tərəflər bərabər, balanslı, ədalətli və eyni şərtlərlə təmsil olunsun, həmçinin təklif olunan bütün marşrutlar həyata keçirilsin”.
İqtibasda dolayısıyla vurğu Rusiyanın patronajlığı üzərinə qoyulur. Guya patronajlıq Rusiyada olsaymış, real çoxvektorluluq təmin olunacaqmış. Açıq bildirməsə də, mahiyyətcə, Komlevanın da dediyi elə budur. Amma Paşinyan iqtidarının “Sülhün kəsişməsi” ideyasında Rusiya yoxdur, Moskva ənənəvi Şimal-Cənub marşrutundan kənardır.
İrəvanda keçirilən elmi konfrans təşkilatçıları, öz aləmlərində, Rusiyanı Cənubi Qafqaza qaytarırlar. Qayıdış “Putin yolu” ilə olacaqmış. Bildirdiklərimiz fonunda bu nəticəyə də gəlirik ki, qayıdışın “Sülhün kəsişməsi”ni “Putin yolu” ilə eyniləşdirmək, əvvəldə qeyd etdiyimiz kimi, layihələri bir-biri ilə uzlaşdırmaq motivi var. Daha doğrusu, birincini ikincinin tərkib hissəsi olaraq göstərmək. Beləliklə, Ermənistan hakimiyyətinə çox incə şəkildə “Tramp yolu”ndan imtinanın zəruriliyinə dair mesaj verilir. Hərçənd, məsələ yalnız mesajda deyil. Elə isə əvvəldə vurğuladığımız, sonda aydınlıq gətirəcəyimizi bildirdiyimiz məqamın üzərinə gələk.
Məlumdur ki, Rusiya ilk gündən Azərbaycan və Ermənistan liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannaməyə, sənədin TRIPP məntiqinə qarşı cəbhə açıb. Diqqət yetirək, ölkə rəsmiləri əllərinə düşən hər fürsətdə layihəni şübhələndirmək yolu tuturlar. Habelə, Rusiyanın ekspert dairələri təşəbbüsün yolverilməzliyinə dair bər-bəzəkli arqumentlər səsləndirirlər. Bu arqumentlərdən cuşa gələn Ermənistandakı revanşist və şovinist kəsim isə TRIPP-i ölkənin ərazi bütövlüyünə və suverenliyinə təhdid olaraq qiymətləndirir. Lakin bütün bunlar faydasını vermir. Yəni Ermənistan əhalisində anti-TRIPP ovqatı yaranmır. Əslində, “Cənubi Qafqazda nəqliyyat dəhlizləri” mövzusundakı konfrans məhz həmin ovqatı formalaşdırmaq məqsədi daşıyır. Ancaq bir qədər fərqli formada.
Bəli, İrəvan Dövlət Universitetinin nəzdindəki Rusiya Araşdırmaları Mərkəzi, Şərqşünaslıq İnstitutunun Rusiya–Ermənistan Münasibətlərinin Araşdırılması Mərkəzi və Rusiya Milli Kommunikasiyaların İnkişafı Elmi-Tədqiqat İnstitutu “Putin yolu” ideyasını ortaya ataraq, ona fundamentallıq libası biçirsə, həmçinin bu ideyanın ənənəvi Şimal-Cənub marşrutu seqmenti qabardılırsa, deməli, anti-TRIPP fazasının Ermənistanın intellektual çevrələrinə yeridilməsinə çalışılır. Daha böyük məqsəd məhz budur.
Görünür, hay intellektuallarının geniş xalq kütlələrinə təsir göstərməsinə ümid bəsləyənlər var. Mövcud trayektoriyada Paşinyanın hakimiyyətinin irəli sürdüyü “Sülhün kəsişməsi” ilə eyniləşdirmənin aparılması isə siyasi manevrdir. Təxminən belə: “Putin yolu”, yəni Rusiya Ermənistanın seçkili hakimiyyətinin təşəbbüsünü inkar etmir. Əlbəttə ki, inkar etməz. Çünki “Sülhün kəsişməsi”, mahiyyətcə, Naxçıvana maneəsiz yolu əngəlləməkdən başqa bir şey deyil. O yol ki, TRIPP-in ana xəttini təşkil edir. O yol ki, regional kommunikasiyaların gerçək anlamda blokdan çıxarılması və işlək vəziyyətinin təmin edilməsidir. O yol ki, TRIPP-i, eyni zamanda, regional sülhün təminat formuluna çevirir.
Ən sonda, bilavasitə, rəsmi İrəvanın nə üçün tələsməli olduğundan, onun TRIPP-in reallaşdırılması istiqamətində daha qətiyyətli addımlar atmasının zəruriliyindən bəhs edək. Deməli, “Putin yolu” indiki regional status-kvonun saxlanılmasını, TRIPP-in reallaşmasına fürsət verilməməsini rəhbər tutursa, adlarını çəkdiyimiz üç qurum İrəvanda həmin yolu “müqəddəsləşdirən” birgə toplantı təşkil etməklə, hay intellektuallarının geniş xalq kütlələlərinə təsirini yaratmağı, elmi cəbhə formalaşdırmağı hədəf seçirsə, bu niyyət Paşinyan hakimiyyəti üçün fəlakət vədidir. Tam aydındır ki, erməni iqtidarı, hətta “Putin yolu” ilə “getsə” də, ona indiyədək tutduğu anti-Rusiya xəttinə görə bəraət verilməyəcək.
Başqa sözlə desək, Putin Rusiyası hazırkı hay iqtidarını heç cür bağışlamayacaq. Belədə Paşinyan iqtidarı üçün haqqında söz açdığımız fəlakət Ermənistandakı çürük, pərakəndə mahiyyətli ənənəvi müxalif kəsimə anti-TRIPP ovqatlı elmi-intellektual cəbhə təmsilçilərinin qoşulmaları və bu cəbhənin dayaqlarının formalaşmasıdır. Nəzərə alaq ki, zaman keçdikcə, vaxt uzandıqca, onların dayaqları nəinki formalaşa, hətta möhkəmlənə bilər. Axı erməni cəmiyyəti xəstəliyin daşını atmayıb.
Bəli, rəsmi İrəvan məhz buna görə tələsməli, vaxt itirmədən TRIPP-i reallaşdırmalıdır. Reallaşdırmalıdır ki, ölkə əhalisi onun faydalarını görsün, kənar qüvvələrin, regionu yenidən qan çanağına döndərmək istəyənlərin fitnəsinə uymasın. Həm də ona görə uymasın ki, fitnəyə uymuş başıpozuqların görəcəkləri ilk iş Paşinyan hakimiyyətini devirmək, Nikol və tərəfdarlarını, obrazlı desək, İrəvanın küçələrində qurulacaq dar ağaclarında yelləndirmək olacaq. Erməni iqtidarı əmin ola bilər ki, kütlələrə belə bir təlimatı verənlər sırasında “Cənubi Qafqazda nəqliyyat dəhlizləri” mövzusunda konfrans düzənləyib sifətlərinə ziyalı maskası taxan alimlər və elm adamları çoxluq təşkil edəcək.
Əvəz CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 01 Oktyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















