Icma.az
close
up
RU
Trampın Qızıl Qübbə si

Trampın Qızıl Qübbə si

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert

ABŞ prezidenti Donald Trampın irəli sürdüyü "Qızıl Qübbə" (Golden Dome) layihəsi, yalnız bir müdafiə texnologiyası deyil, eyni zamanda Birləşmiş Ştatların milli təhlükəsizlik siyasətində, qlobal strateji düşüncəsində köklü bir dəyişiklik kimi qəbul edilə bilər. Bu təşəbbüs, dünya tarixində ilk dəfə olaraq kosmosun aktiv hərbi müdafiə zonası kimi rəsmiləşdirilməsi yönündə atılmış ən ciddi addımlardan biridir. Layihə Trampın siyasi dünyagörüşünün və biznes məntiqinin təzahürüdür. O, "mükəmməl qorunma" ideyasını yüksək texnologiyalarla birləşdirərək ABŞ-ni istənilən istiqamətdən gələn təhlükələrə qarşı "toxunulmaz" etmək istəyir.

ABŞ-də yaradılan "Qızıl Qübbə" adlı raket əleyhinə müdafiə sistemi İsrailin "Dəmir Qübbə" sistemindən üstün olacaq və daha inkişaf etmiş texnologiyalara əsaslanacaq. Bu barədə prezident Donald Tramp 2025-ci il mayın 21-də, layihənin başladığını elan edərkən bildirib. Onun sözlərinə görə, layihənin dəyəri 175 milyard dollar təşkil edəcək və sistem dörd il ərzində istismara veriləcək. Bu konsepsiya texnoloji və strateji baxımdan 1980-ci illərdə Ronald Reyqan tərəfindən təqdim olunan və "Ulduz Müharibələri" kimi tanınan Strateji Müdafiə Təşəbbüsü (SDI) ilə xeyli ortaq cəhətə malikdir. Reyqan dönəmində bu təşəbbüs əsasən Sovet İttifaqını psixoloji və iqtisadi təzyiq altında saxlamaq məqsədi daşıyırdı. Texnologiya həmin dövrdə kosmik müdafiə sistemlərinin qurulmasına imkan vermədiyindən, bu proqramın real hərbi nəticələri yox idi. Lakin o, "Soyuq müharibə"nin gedişatında əhəmiyyətli psixoloji effekt yaratmışdı.

Trampın "Qızıl Qübbə"si isə bu fikrin müasir və texnoloji cəhətdən reallaşdırılması məqsədi daşıyır. Kosmosda lazer silahlarının yerləşdirilməsi, orbitdə raket tutucuların döyüş növbətçiliyinə cəlb olunması, həmçinin, quru və dəniz platformaları ilə inteqrasiya edilmiş çoxqatlı müdafiə sisteminin yaradılması, ABŞ-nin istənilən ballistik, qanadlı və hipersəsli raket hücumlarına qarşı tam spektrli cavab vermə qabiliyyətini hədəfləyir. Bu kontekstdə "Qızıl Qübbə" təkcə ABŞ-nin öz ərazisini qorumaq planı deyil, qlobal güc balansında yeni, texnoloji əsaslı dominantlığın qurulması cəhdidir. Sistem eyni zamanda ABŞ-nin müttəfiqlərini və strateji maraq dairəsindəki regionları da əhatə edə bilər - bu isə NATO və digər beynəlxalq təhlükəsizlik qurumlarının gələcək arxitekturasını yenidən formalaşdıra bilər. Beləliklə, "Qızıl Qübbə" layihəsi ABŞ-ın qlobal təhlükəsizlik strategiyasını yalnız planet səviyyəsində deyil, artıq orbital səviyyədə də həyata keçirməyə hazır olduğunu göstərir. Bu təşəbbüs beynəlxalq münasibətlərdə yeni silahlanma yarışının və texnoloji rəqabətin təməlini qoymaq potensialına malikdir.

Texniki və konseptual əsaslar: "Qızıl Qübbə"nin innovativ müdafiə arxitekturası

"Qızıl Qübbə" layihəsi ideya baxımından İsrailin məşhur "Dəmir Qübbə" (Iron Dome) hava hücumundan müdafiə sistemindən ilham alsa da, onun texnoloji çərçivəsini xeyli aşır və qlobal miqyaslı, kosmosa əsaslanan, çoxqatlı və adaptiv bir müdafiə doktrinası kimi nəzərdə tutulur. İsrailin "Dəmir Qübbə" sistemi qısa və orta mənzilli raketləri avtomatik şəkildə müəyyən və məhv etmək üçün qurulub, əsasən Qəzza zolağından atılan primitiv raketlərə qarşı mübarizədə istifadə olunur. Bu sistem texnologiya və reaksiya sürəti baxımından uğurlu nümunə sayılsa da, 2023-cü ilin oktyabrında HƏMAS-ın genişmiqyaslı hücumları nəticəsində sistemin zəif tərəfləri də üzə çıxdı: çoxsaylı ucuz və koordinasiyalı raket hücumları onun yüklənməsinə və müəyyən qədər sındırılmasına səbəb oldu. Bununla müqayisədə "Qızıl Qübbə" layihəsi strateji və texniki baxımdan tam fərqli və çox da ambisiyalıdır. Layihənin mərkəzində kosmosa yerləşdiriləcək yüksək enerjili lazer sistemləri dayanır. Bu silahlar yalnız sadə raketləri deyil, həm də ballistik raketləri (uzun mənzilli və yüksək sürətli), qanadlı raketləri (ərazini yer səviyyəsində izləyərək uça bilən), hipersəsli silah sistemlərini (səsi 5 dəfədən çox keçən sürətlə hərəkət edən yeni nəsil silahlar) və nüvə başlıqlı raketləri hədəf alaraq havada məhv etməlidir.

Orbital tutucular və kosmik peyk şəbəkəsi

Layihənin ən diqqətçəkən hissələrindən biri "orbital tutucular" (orbital interceptors) adlanan texnologiyadır. Bu komponentlər, faktiki olaraq, kosmosda daimi döyüş növbəsində olan müdafiə modullarıdır. Onlar orbitdən radar, infraqırmızı və digər texnologiyalarla raket buraxılışlarını müəyyən edir, izləyir və reaksiya verir. Belə bir sistemin tam işlək vəziyyətə gəlməsi üçün yüzlərlə, hətta minlərlə müstəqil peyk və sensor modula ehtiyac var. Bu peyk şəbəkəsi əməliyyat məlumatlarını real zamanlı emal edəcək, süni intellekt tərəfindən idarə olunacaq və lazer silahları ilə inteqrasiya ediləcək. Belə bir yanaşma, gələcək müharibə konsepsiyalarında kosmosun döyüş sahəsinə çevrilməsi deməkdir.

Quru və dəniz platformalarının rolu

"Qızıl Qübbə" yalnız kosmik müdafiəyə söykənmir. Onun tamamlayıcı strukturları yer və dənizdə də nəzərdə tutulub. Bunlara ABŞ ərazisində və müttəfiq ölkələrdə yerləşdiriləcək yerüstü radar sistemləri və raketdən müdafiə bazaları, ABŞ Donanmasının gəmi sistemlərinə (xüsusilə Aegis destroyerlərinə) yerləşdiriləcək dəniz platformalı tutucular, nəhayət, hava dronları və aviasiya ilə əlaqəli sistemlər, yəni müxtəlif səviyyəli məlumat toplayıcılar və ötürücülər daxildir.

Bu inteqrasiya, müdafiə sisteminin yalnız raketlərin son mərhələsində deyil, həm də erkən aşkarlanma və ilkin məhv mərhələsində də effektiv fəaliyyət göstərməsinə imkan verəcək.

Hüquqi və geopolitik çərçivə: "Qızıl Qübbə"nin strateji sabitliyə təsiri

"Qızıl Qübbə" layihəsi təkcə texnoloji və hərbi innovasiya deyil, eyni zamanda beynəlxalq hüquq və geopolitik balans baxımından ciddi narahatlıqlar doğuran bir təşəbbüsdür. ABŞ bu sistemin hüquqi əsaslarını formalaşdırmaq üçün artıq mövcud olan bəzi beynəlxalq razılaşmalardan əvvəlcədən geri çəkilmişdir. Xüsusilə, 2002-ci ildə ABŞ-nin Raket Əleyhinə Müdafiə Müqaviləsindən (ABM Treaty) birtərəfli şəkildə çıxması bu cür layihələrin reallaşması üçün hüquqi maneələri aradan qaldırdı. Həmin müqavilə (1972-ci ildə ABŞ və SSRİ arasında bağlanmışdı) hər iki tərəfin öz ərazilərinin ümumi raketdən müdafiə sistemi ilə qorunmasına məhdudiyyət qoyurdu. Məqsəd nüvə balansını qorumaq və "qarşılıqlı təmin edilmiş məhvetmə" (Mutual Assured Destruction - MAD) prinsipini stabil saxlamaq idi.

ABŞ-nin bu müqavilədən çıxması, sonrakı onilliklərdə raket əleyhinə müdafiə sistemlərinin genişləndirilməsinin hüquqi yolunu açdı. "Qızıl Qübbə" isə bu inkişafın kulminasiya nöqtəsi kimi görünür. Onun kosmosa əsaslanması və genişmiqyaslı şəkildə tətbiqi, xüsusilə Rusiya və Çin tərəfindən qlobal strateji sabitliyə birbaşa təhdid kimi qəbul olunur.

Rusiya və Çin narahatlığı

Rusiya və Çin dəfələrlə bəyan ediblər ki, ABŞ-nin bu cür təşəbbüsləri onların milli təhlükəsizliklərinə birbaşa təhdid yaradır. 2024-cü ilin sonlarında imzalanmış birgə Rusiya-Çin strateji əməkdaşlıq bəyanatında "Qızıl Qübbə" layihəsi açıq şəkildə qeyd olunmuş və kosmosun silahlandırılmasına qarşı ciddi etiraz bildirilmişdi. Bu narahatlıqların kökündə duran əsas məsələ budur: əgər ABŞ orbitdə silah sistemləri yerləşdirərsə və bu sistemlər əvvəlcədən xəbərdarlıq etmədən hər hansı bir hücuma cavab verə bilərsə, bu, qlobal silahlanma balansını ABŞ-nin xeyrinə dəyişəcək. Bu isə digər dövlətləri öz nüvə və raket imkanlarını sürətlə inkişaf etdirməyə məcbur edəcək. Beləliklə, layihə faktiki olaraq yeni və daha təhlükəli bir silahlanma yarışını stimullaşdıra bilər.

Kosmos hüququ və normativ boşluq

Mövcud beynəlxalq hüquqa görə, Kosmos Müqaviləsi (Outer Space Treaty, 1967) kütləvi qırğın silahlarının (nüvə və kimyəvi) kosmosa yerləşdirilməsini qadağan edir. Lakin bu müqavilə lazer, kinetik tutucu və ya adi hərbi peyk sistemlərinin yerləşdirilməsini qəti şəkildə qadağan etmir. Beləliklə, "Qızıl Qübbə" layihəsi beynəlxalq hüququn texniki boşluqlarından istifadə edir. Bu vəziyyət beynəlxalq ictimaiyyət üçün normativ çətinliklər və təhlükəli presedentlər yaradır. Əgər ABŞ bu texnologiyanı uğurla tətbiq edərsə və digərləri də bu yolu izləməyə başlayarsa, kosmos gələcəkdə yerüstü müharibələrdən daha mürəkkəb və qeyri-proqnozlaşdırıla bilən bir münaqişə zonasına çevrilə bilər.

Layihənin maliyyələşdirilməsi və ümumi xərclər

"Qızıl Qübbə" layihəsinin ümumi dəyəri təxminən 175 milyard dollardır. Bu məbləğ ABŞ müdafiə büdcəsinin təxminən 20-25 faiziə bərabərdir və bir çox NATO ölkələrinin ümumi hərbi xərclərini aşır. Əsas xərc kateqoriyalarına Yüzlərlə yüksək texnologiyalı peyk və lazer sistemlərinin orbitə buraxılması və idarəsi nəzərdə tutulur ki, bunun üçün peyk və orbital platformalar hazırlanacaq ki, bu da nəzərdə tutulmuş ümümi məbləğın 40 faizini təşkil edəcək. Daha sonra Lazer texnologiyalarının kosmik və yerüstü tətbiqləri üçün enerji mənbələri və soyuqlaşdırma sistemləri hazırlanacaq ki, Lazer silahları və enerji sistemləri üçündür, bu da layihə məbləğinin 20 faizini təşkil edəcək. Aegis sistemi, radar qurğuları, raket tutucuları və koordinasiya mərkəzləri üçün Quru və dəniz platformaları yaradılacaq ki, bu da ümumi məbləğin 15 faizini təşkil edəcək. Süni intellekt və idarəetmə şəbəkəsi üçün real vaxtda məlumat emalı, sensor inteqrasiyası və süni intellekt əsaslı qərarverici modular da hazırlanacaq ki, bu da xərclərin 10 faizi qədər olacaq. Daha sonra araşdırma, R&D və sınaqlar, texnologiyanın hazırlanması, test mərhələləri və təkmilləşdirilmə prosesi üçün 10 faiz, infrastruktur və logistik dəstək, hərbi bazalar, texniki xidmət obyektləri, personal hazırlığı və daşıma üçün isə ümumi məbləğin 5 faizi qədər xərclənməsi nəzərdə tutulur.         

Özəl sektorun iştirakı və Elon Mask faktoru

Tramp administrasiyası bu layihəyə maksimum dərəcədə özəl sektor cəlb olunmasını prioritet elan edib. Elon Maskın SpaceX və Starlink kimi şirkətləri vasitəsilə həm kosmik nəqliyyat, həm də təhlükəsizlik telekommunikasiyası sahəsində layihəyə dəstək verməsi planlaşdırılır. Mask hətta ABŞ hökumətinə "abunəlik modeli" təklif edərək müdafiə sisteminin özəl kapital hesabına qurulmasını, dövlətin isə onun xidmətlərindən istifadə etməsini irəli sürüb.

Maliyyə dayanıqlılığı və risklər

Yüksək maliyyə xərcləri layihənin yalnız texniki deyil, həm də iqtisadi baxımdan mübahisəli olmasına səbəb olur. Əgər sistem nəzərdə tutulduğu kimi tam effektiv işləməzsə, xərclər "ağ fil" investisiyasına çevrilə bilər (yəni çox xərc çəkilmiş, lakin faydasız layihə). ABŞ-nin borc yükünün artdığı bir dövrdə bu qədər böyük layihənin maliyyələşdirilməsi ictimai və siyasi narazılıqlara səbəb ola bilər.

Analitik qiymətləndirmə və nəticələr

Texnoloji üstünlük və qlobal risklər arasında "Qızıl Qübbə" layihəsi, ilk baxışdan texnoloji cəhətdən cazibədar və strateji üstünlük vəd edən bir təşəbbüs kimi görünür. Lakin onun uğurla həyata keçirilməsi həm mühəndislik baxımından son dərəcə mürəkkəb, həm də geosiyasi baxımdan təhlükəli nəticələrə yol aça biləcək bir prosesdir. Bu səbəbdən, layihəni yalnız texniki və maliyyə göstəriciləri ilə deyil, qlobal təhlükəsizlik və strateji sabitlik kontekstində də qiymətləndirmək vacibdir. Layihənin əsas komponentləri - məsələn, orbitə yerləşdiriləcək lazer silahları, orbital tutucular və süni intellektlə dəstəklənmiş real vaxt müdafiə şəbəkəsi - hazırkı texnoloji imkanlarla yalnız məhdud şəkildə sınaqdan keçirilmişdir. Bu texnologiyaların real şəraitdə yüksək etibarlılıqla işləməsi üçün hərbi-sənaye kompleksinin yüksək koordinasiyası, kosmik şəraitdə uzunmüddətli sabitlik və idarəolunma, kiberhücumlara qarşı davamlı və təhlükəsiz informasiya şəbəkələri, eləcə də beynəlxalq hüquq normalarına uyğunluq tələb olunur.

Bu komponentlərdən yalnız birinin belə uğursuzluğu, bütün sistemin effektivliyini şübhə altına ala bilər. Əgər bu sistemin ən iddialı elementi - orbital tutucular - uğurla yerləşdirilərsə və işlək vəziyyətdə fəaliyyətə başlasa, bu, ABŞ-nin raket əleyhinə müdafiə qabiliyyətində inqilabi sıçrayış yarada bilər. Bu sistemin tətbiqi ilə ABŞ hipotetik raket hücumlarını havada zərərsizləşdirmək imkanı əldə edəcək, strateji müttəfiqlərinə qarşı qoruyucu "çətir" rolunu oynayacaq və nəticə etibarilə qlobal hərbi güc balansında üstün mövqe qazanacaq.

Lakin belə bir üstünlük beynəlxalq sistemdə "asimmetrik təhlükə təsəvvürü" (threat perception) yaradır. Digər nüvə silahına sahib dövlətlər - xüsusilə Rusiya və Çin - ABŞ-ın bu sistemi öz üstünlüyünü qorumaq və rəqiblərinin çəkindirici qabiliyyətini zərərsizləşdirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər. Bu isə bir neçə ciddi nəticə doğura bilər. Yeni silahlanma yarışı başlaya bilər - rəqib dövlətlər daha qabaqcıl, orbitdən yayınan və çoxbaşlı raketlər inkişaf etdirmək məcburiyyətində qalacaq, nüvə balansı pozulacaq - (MAD) prinsipi zərbə alacaq və strateji sabitlik sarsılacaq. (MAD) - Mutually Assured Destruction, azərbaycanca "qarşılıqlı zəmanətli məhv" prinsipi adlanır və "Soyuq müharibə" dövründə nüvə silahları ilə balansı qorumaq üçün əsas strategiya idi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, əgər iki nüvə dövləti - məsələn, ABŞ və Rusiya - hər ikisi bir-birini tamamilə məhv edə biləcək qədər nüvə arsenalına malikdirsə, o zaman hər hansı bir hücum tərəfin özü üçün də intihar deməkdir. Yəni: Əgər A dövləti B-yə nüvə hücumu etsə, B dövləti cavab olaraq A-nı da məhv edəcək, nəticədə hər iki tərəf məhv olacaq, qalib olmayacaq. Bu fikir tərəfləri hücumdan çəkindirən ən güclü psixoloji və strateji faktor sayılırdı. Daha bir təhlükə isə kosmosda münaqişə riskinin artması - kosmosun militarizasiyası nəticəsində gələcək müharibələrin yer üzündən orbitə keçə bilməsidir, bu da ekoloji fəlakəti qaçılmaz edəcək.

Yekun olaraq "Qızıl Qübbə" layihəsi texnologiya və müdafiə sahəsində ciddi bir dönüş nöqtəsi ola bilər. Lakin bu sistemin effektivliyi texniki səmərəlilikdən daha çox, onun geosiyasi idarəçiliyi və beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılmasından asılı olacaq. Əgər bu layihə yalnız hərbi üstünlük məqsədilə istifadə olunarsa, bu, sabitlik əvəzinə qarşılıqlı inamsızlıq və təhlükəsizlik dilemmasını dərinləşdirəcək. Əks halda, bu sistem beynəlxalq əməkdaşlıq formatında və açıq texnoloji nəzarət altında tətbiq edilərsə, bəşəriyyətin müdafiə imkanlarını artıran, lakin sabitliyi pozmayan bir modelə çevrilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see133

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see124

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see123

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see122

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see120

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see118

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see115

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see115

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see115

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see114

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see114

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see114

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see112

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri