Türkiyə və Pakistanla birgə atılan bu addım XXI əsrin yeni geosiyasi reallıqlarında “üç dövlət bir mövqe” düsturunun parlaq nümunəsinə çevrildi RƏY
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Laçın Beynəlxalq Hava Limanının 28 May - Müstəqillik Günü istifadəyə verilməsi ilə Azərbaycan, Türkiyə və Pakistan dünyaya mühüm mesajlar verdi. Zirvə görüşünün məkan olaraq məhz Laçında – işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi ki, müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın, beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Bu mənada, Laçın yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı artıq ənənəvi dostluq münasibətlərindən çıxaraq sistemli, qarşılıqlı strateji maraqlara söykənən ittifaq modelinə çevrilir: “Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin Laçında iştirakı yalnız dostluq jesti deyildi. Bu, beynəlxalq səviyyədə Azərbaycanla həmrəylik nümayişidir! Belə bir tarixi hadisənin özü artıq dünyaya bir mesaj idi. Liderlərin məhz Müstəqillik Günü birlikdə Laçında olması dosta da, düşmənə də mesaj xarakteri daşıdı. Bu görüşdə səslənən bəyanatlarla həm regiona, həm Avrasiyaya, həm də bütövlükdə dünyaya mesajlar verildi. Azərbaycanın bir yanında nüvə silahına sahib olan dövlət, digər yanında NATO üzvü olan dövlət! Məhz bu məqamda bəyan edildi ki, biz üç ölkə hər zaman bir-birimizin yanındayıq, tək deyilik. Kimsə fikirləşməsin ki, Azərbaycan, Türkiyə, yaxud da Pakistan təkdir. Hətta Türkiyə qlobal gücə çevrilməsinə baxmayaraq təhdidlərə də məruz qalır. Pakistan da onun kimi. Biz bu yaxınlarda Pakistanın hansı təhlükə ilə üzləşdiyini gördük. Bu baxımdan, Laçından bəyan edildi ki, üç qardaş ölkə birlikdədir və təhdidlərdə bu amil nəzərə alınmalıdır. Azərbaycanın müstəqillik tarixinin ən önəmli günlərindən birində baş tutan bu Zirvə görüşü ölkəmizin regional liderlik mövqeyini daha da möhkəmləndirdi. Türkiyə və Pakistanla birgə atılan bu addım həm də XXI əsrin yeni geosiyasi reallıqlarında “üç dövlət – bir mövqe” düsturunun parlaq nümunəsinə çevrildi. Prezident İlham Əliyevin Laçın şəhərində çıxışında qeyd etdiyi kimi, “Azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Aytəkin Qardaşova

