Türkiyəli ekspert: Azərbaycan Avrasiyanın kəsişməsində yerləşən ən mühüm ölkələrdən biridir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 noyabr, Tamilla Məmmədova, AZƏRTAC
“Hazırda Azərbaycan Avrasiyanın kəsişməsində yerləşən ən mühüm ölkələrdən biridir”.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin beynəlxalq münasibətlər və terrorizm üzrə eksperti Əmrah Kaya söyləyib.
Onun sözlərinə görə, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz vasitəsilə Asiya ilə Avropanı birləşdirir, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) isə şimal ilə cənubu bağlayır.
Ekspert vurğulayıb ki, bu struktur Mərkəzi Asiyanın Avropaya, Türkiyənin isə Asiyaya çıxışı baxımından kritik əhəmiyyət daşıyır. Onun fikrincə, Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycanın və Xəzər dənizinin əhəmiyyəti artır. Bu kontekstdə Azərbaycan Rusiya – Xəzər dənizi – İran marşrutunda ən sabit, fasiləsiz və maneəsiz körpü rolunu oynaya bilən yeganə tranzit məntəqəsinə çevrilir.
O, həmçinin qeyd edib ki, Azərbaycan INSTC üçün də kritik əhəmiyyət kəsb edir, çünki region ölkələri arasında nəqliyyat və logistika sahəsində ən az infrastruktur problemi olan ölkə məhz Azərbaycandır. Məsələn, İranın Rusiya ilə əlaqə yaratmaq üçün Ermənistan və Gürcüstandan istifadə etməsi mümkün deyil, çünki bu istiqamətdə dəmir yolu xətti mövcud deyil.
Mərkəzi Asiya ilə bağlı mövzuya toxunan Ə. Kaya vurğulayıb ki, region ölkələri Çinlə Avropa arasında ən mühüm tranzit zonanı formalaşdırır və Avropaya çıxış əldə etməyə çalışırlar. O, Böyük Britaniya da daxil olmaqla Avropa ölkələrinin, həmçinin Avropa İttifaqının Mərkəzi Asiyaya iqtisadi, enerji, geosiyasi və təhlükəsizlik baxımından artan marağına diqqət çəkib. Bu marağın təsdiqi kimi bu ilin aprelində keçirilmiş Aİ–Mərkəzi Asiya sammitini misal gətirib.
Onun fikrincə, Azərbaycanın geosiyasi əhəmiyyəti tərəflər arasında əlaqənin yalnız Bakı üzərindən mümkün olması baxımından daha da artır. Bu, təkcə Orta Dəhlizlə məhdudlaşmır, belə ki, Bakı həm də regionun enerji resurslarının Avropaya ötürülməsi və iqtisadi əlaqələrin qorunması baxımından mühüm rol oynayır.
Ekspert qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi, İrana qarşı sanksiyalar, Türk Dövlətləri Təşkilatının (TDT) təsiri və Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması kimi hadisələr Azərbaycanın geosiyasi əhəmiyyətinin yüksəlməsinə töhfə verir.
Türkiyənin Azərbaycan üçün strateji tərəfdaş kimi roluna gəlincə, Ə. Kaya bildirib ki, iki ölkə arasında beynəlxalq hüquq çərçivələrini aşan qardaşlıq münasibətləri mövcuddur. O vurğulayıb ki, tarix boyu Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə hərəkət edib və bu münasibətlər Türk Dövlətləri Təşkilatının yaradılmasında və onun indiki təsir gücündə mühüm rol oynayıb.
Türkiyə ilə Azərbaycanın sarsılmaz əlaqələri davamlı və güclü TDT-nin formalaşmasına töhfə verib və təşkilatın regional və qlobal səviyyədə daha güclü struktura çevrilməsi ikitərəfli münasibətləri də möhkəmləndirir. Ə. Kaya, həmçinin Türkiyə–Azərbaycan münasibətlərinin regionun sabitliyi və təhlükəsizliyinə təsirini qeyd edib.
O xatırladıb ki, Azərbaycanın Qarabağ regionu təxminən 30 il ərzində Ermənistanın işğalı altında olub və bu, ciddi qeyri-sabitlik yaradırdı. Azərbaycan II Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi və regional sülh yolunu açdı. Türkiyənin həmin dövrdə Azərbaycana verdiyi dəstək təkcə hərbi qələbədə deyil, həm də regional sülhün bərqərar olmasında mühüm rol oynadı, çünki Türkiyə 1993-cü ildən bəri işğalın dayandırılmasını və regionda münasibətlərin normallaşdırılmasını tələb edirdi.
Qələbədən sonra Türkiyə və Azərbaycan Ermənistanla normallaşma prosesini başladıb və onu regional layihələrə qoşmaq istiqamətində addımlar atıb ki, buna da iki ölkə liderləri arasında aparılan danışıqlar, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması daxildir.
O, qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətlərin normallaşmasını yalnız Ermənistanla məhdudlaşdırmadı. 44 günlük müharibədən sonra ölkələr regionun normallaşdırılması, qonşu dövlətlər arasında əlaqələrin gücləndirilməsi, marjinallaşmanın qarşısının alınması və problemlərin sülh yolu ilə həlli məqsədilə altı dövlətdən ibarət regional əməkdaşlıq platforması yaratdı. Bu, Ə. Kayanın fikrincə, Türkiyə və Azərbaycanın regional təhlükəsizliyə, sabitliyə və əməkdaşlığa sadiqliyini açıq şəkildə nümayiş etdirir.
TDT kontekstində ekspert vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq qlobal təhlükəsizliyə bilavasitə töhfə verir. O bildirib ki, Mərkəzi Asiya–Qafqaz–Türkiyə oxu boyunca türk dövlətlərinin qarşılıqlı fəaliyyəti təhlükəsiz və sabit bir mühit yaradır. Qlobal gərginliyin artdığı bir dövrdə Türk dünyasının sülh və sabitlik zonası kimi əhəmiyyəti önə çıxır və buna Çin və Avropanın regiona artan marağı da sübutdur.
Qarabağ kimi postmünaqişə zonalarında uzunmüddətli sülhə gəlincə, Ə. Kaya vurğulayıb ki, sülhün əldə olunması üçün dövlətlər özünün bütün institutları ilə sülh və sabitlik mühitini qorumağa çalışmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2025 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















