Türkiyənin enerji naziri: “Akkuyu” AES 2026 cı ildə istismara buraxılacaq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 17 sentyabr, AZƏRTAC
Mersin əyalətinin cənubunda yerləşən “Akkuyu” Atom Elektrik Stansiyası gələn il fəaliyyətə başlayacaq və beləliklə, Türkiyə nüvə enerjisi ölkəsinə çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Adıyaman vilayətinə səfəri zamanı məlumat verib.
Türkiyəli nazirin sözlərinə görə, elektrik enerjisi istehsalının artması və yeni mineral ehtiyatların aşkarlanması ilə Türkiyənin enerji xərcləri azalacaq, ölkənin inkişafı stimullaşacaq, xarici ticarət kəsiri azalacaq və inflyasiya aşağı düşəcək.
Enerji naziri Qara dənizin Türkiyə sektorundakı “Sakarya” qaz yatağının işlənməsinə diqqət çəkib. “Qaz sahildən 170 kilometr aralıda, 2100 metr dərinlikdən çıxarılır. Bütün işlər yerli qazma gəmiləri tərəfindən həyata keçirilir: “Fatih”, “Yavuz”, “Kanuni” və “Əbdülhəmid Han”. A.Bayraktar, həmçinin artıq Qara dəniz qazının Türkiyədə 4 milyon abunəçiyə tədarük edildiyini qeyd edib.
Nazir bildirib ki, bu həcmdə qaz əvvəllər Rusiya, Azərbaycan, İran və digər ölkələrdən alınıb. O əlavə edib: “Buna görə də enerji idxalı üçün ayrılan valyuta Türkiyə iqtisadiyyatında qalır. Bizim son məqsədimiz Türkiyənin tam enerji müstəqilliyidir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

