Ukrayna ədəbiyyatının üç romanı Azərbaycan dilində
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Qumru Şəhriyar Ukraynanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi “Ukrayna mədəniyyətinin yeni üfüqləri: kino və ədəbiyyat günləri” adlı tədbirdə iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrin inkişafında ədəbi tərcümə, xalqların milli-mənəvi dəyərlərinin qarşılıqlı tanıdılması və ədəbi irsin təbliği mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər iki xalq arasında mədəni dialoqun genişlənməsinə, Ukrayna ədəbiyyatının Azərbaycan oxucusuna daha yaxından tanıdılmasına xidmət edir. Tədbir çərçivəsində alim Azərbaycan dilinə tərcümə etdiyi üç bədii romanın məzmunu, ideya istiqaməti, müəlliflərin yaradıcılıq xüsusiyyətləri və əsərlərin Azərbaycan oxucusu üçün əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, bu tərcümələr Ukrayna ədəbiyyatının müxtəlif mövzularını, tarixi və ictimai reallıqlarını Azərbaycan dilində təqdim etməklə iki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Qumru Şəhriyarın Azərbaycan dilinə tərcümə etdiyi ilk əsər ukraynalı yazıçı Viktoriya Qranetskanın 2021-ci ildə nəşr olunan “Xoşbəxt” romanıdır. Real hadisələr əsasında qələmə alınmış əsərdə ukraynalı pravoslav qızla Qarabağdan müharibə nəticəsində qaçqın düşmüş türk-müsəlman oğlanın sevgi hekayəsi təsvir olunur. Romanda fərqli dini və mədəni mühitlərdən olan insanların münasibətləri, sevgi, qarşılıqlı anlaşma, mənəvi yaxınlıq və insan taleləri kimi mövzular ön plana çəkilir. Əsər müxtəlif mədəniyyətlərə mənsub insanların ortaq insani dəyərlər ətrafında birləşməsinin bədii ifadəsi baxımından diqqət çəkir.
Alimin tərcümə etdiyi ikinci əsər ukraynalı yazıçı Svitlana Taratorinanın “Duz ev” fantastik romanıdır. Romanda zəngin folklor terminologiyasından, etno-kulturoloji elementlərdən istifadə olunması əsərin elmi və ədəbi baxımdan da maraq doğurmasına səbəb olur.
Qumru Şəhriyarın Azərbaycan dilinə tərcümə etdiyi üçüncü roman isə Anastasiya Nikulinanın “Dəstə” əsəridir. Yeniyetmələrin həyatından bəhs edən romanda parkur idmanına maraq, dostluq, həmrəylik, cəsarət və özünüifadə kimi mövzular əksini tapıb. Əsər gənclərin dünyagörüşünün formalaşması, sosial münasibətləri və qarşılaşdıqları çətinliklər baxımından maraqlı bədii nümunədir.
Tədbirdə iştirak edən yazıçı Svitlana Taratorina “Duz ev” romanının Azərbaycan dilinə tərcümə edilməsindən məmnunluğunu ifadə edib. Qeyd edək ki, bədii ədəbiyyat nümunələrinin bir dildən digərinə tərcüməsi yalnız əsərlərin oxucu auditoriyasını genişləndirmir, eyni zamanda, xalqların tarixi, mədəniyyəti, adət-ənənələri və dünyagörüşü ilə qarşılıqlı tanışlıq üçün yeni imkanlar yaradır. Qumru Şəhriyarın tərcümə fəaliyyəti də Ukrayna ədəbiyyatının Azərbaycan dilində tanıdılması və iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli töhfədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















