Icma.az
close
up
RU
UKRAYNA “HƏ” DEDİ VƏ TOPU RUSİYA MEYDANINA ATDI... Putin “yox” desə, nə baş verəcək?

UKRAYNA “HƏ” DEDİ VƏ TOPU RUSİYA MEYDANINA ATDI... Putin “yox” desə, nə baş verəcək?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belə təəssürat yarana bilər ki, Donald Trampın bütün dünyada qıcıq doğuran rusiyapərəst açıqlama və addımları, Rusiyanın beynəlxalq izolyasiyadan çıxarılması, Putinə yağdırılan təriflər, Ukraynaya və şəxsən Prezident Volodimir Zelenskiyə qarşı hücumlar, işğala məruz qalan ölkəyə yardımın dayandırılması barədə bəyanatlar və s. hamısı bunun üçün idi. Yəni, bir anda Ukraynanı atəşkəs razılığına gətirib, “topu Rusiya meydanına atmaq” üçün...

Məlum olduğu kimi, dünən Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında danışıqlar baş tutub və orada dərhal 30 günlük atəşkəs haqqında razılıq əldə olunub. ABŞ bəyan edib ki, Rusiya indi bu qərar əsasında sülhə hazır olduğunu nümayişetdirməlidir.

Hələlik Rusiya Federasiyasından bu təklifə rəsmi reaksiya verilməyib, lakin işğalçı və imperiyaçı siyasətin əsas ruporları olan “Z kanallarının” nümayəndələrinin və bəzi rəsmilərin bir sıra açıqlamaları Ciddədə əldə edilən razılaşmanın onların sıralarında çaşqınlıq yaratdığını göstərir.

Ümumilikdə əldə edilən razılaşmada 3 əsas məqamı önə çəkmək olar. 

Birincisi, Ukraynanın 30 günlük atəşkəslə razılaşması. Əslində, Ciddədə saatlarla davam edən danışıqlara Ukrayna havada və dənizdə müvəqqəti atəşkəs təklifi ilə getmişdi. Lakin ABŞ quruda da hərbi əməliyyatların dayandırılmasını istəyib və Ukrayna bununla razılaşaraq, Tramp administrasiyasının və onun özünün Kiyevin guya sülh istəmədiyi barədə iddialarını “sıfırlayıb”. İndi ABŞ eyni addımın Rusiya tərəfindən atılmasını istəyəcək. Danışıqlardan sonra Ukrayna və ABŞ nümayəndə heyətləri birgə bəyanatda vurğuladılar ki, Rusiyanın bu atəşkəs təklifinə cavabı sülhə nail olmaq üçün açardır və qarşılıqlı razılıq əldə olunarsa, atəşkəs 30 günlük müddətdən sonra da uzadıla bilər.

İkinci vacib məqam - Ukrayna ilə kəşfiyyat mübadiləsi və ABŞ-nin Kiyevə hərbi yardımı dərhal(!) bərpa olunur. Ukrayna Prezident Aparatı rəhbərinin müavini Pavlo Palisanın dediyinə görə, artıq bunlar bərpa edilib.

Üçüncüsü isə faydalı qazıntılar üzrə sazişin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.

Əksər müşahidəçilər bu məqamların hər üçünü Ukrayna diplomatiyasının uğuru hesab edirlər.

Əlavə olaraq onu qeyd edə bilərik ki, bəlkə də ən əsası, yekun birgə sənəddə Ukraynanın kapitulyasiyaya məcbur edilməsini əks etdirən heç bir bənd, buna aid eyham belə yoxdur. Hansı ki, çoxları Tramp administrasiyasının Ukraynanı Putinin Donetsk, Zaporojye və Xerson vilayətlərinin qalan ərazilərilə bağlı irəli sürdüyü məlum absurd tələblərə razı salmaq üçün təzyiq və təhdidlər edəcəyini düşünürdülər. Ancaq göründüyü kimi, əksinə, atəşkəsə razılıq verməsi müqabilində Kiyevə hərbi yardımın bərpası və kəşfiyyat mübadiləsi təqdim olunur. Yeri gəlmişkən, dünən Putinin sözçüsü Dmitri Peskov ümumiyyətlə, Ukraynaya hərbi və kəşfiyyat yardımının dayandırılması ilə bağlı məlumatlara Kremlin şübhə ilə yanaşdığına eyham vurmuşdu…


Sənəddə Ukrayna bir daha Avropa tərəfdaşlarının sülh prosesinə cəlb olunacağını vurğulayıb. Bu da Avropanın masada olacağından xəbər verir.

Həmçinin, ABŞ və Ukrayna xüsusilə atəşkəs dövründə Ukraynaya humanitar yardım, hərbi əsirlərin, mülki əsirlərin və zorla deportasiya edilmiş ukraynalı uşaqların vətənlərinə qaytarılmasının vacibliyini vurğulayıblar.

Zelenski razılaşma haqqında daha ətraflı məlumat verib. O deyib ki, atəşkəs bütün cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını, uzaqmənzilli raket və pilotsuz təyyarələrin zərbələrinə moratoriumun qoyulmasını, Qara dənizdə əməliyyatların dayandırılmasını əhatə edəcək və bütün bunlar yalnız Rusiya Amerikanın təklifi ilə razılaşdıqdan sonra başlayacaq.

ABŞ isə razılaşmaların icrasını sürətləndirməyə hazır görünür. ABŞ Dövlət katibi Marko Rubio Rusiyadan cavab üçün vaxt qrafiki ilə bağlı suala cavab olaraq bunun “mümkün qədər tez” baş verməli olduğunu, ABŞ-nin təklif barədə bir neçə diplomatik kanal vasitəsilə Rusiyanı məlumatlandıracağını və “topun hazırda Rusiya tərəfində olduğunu” deyib.

Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts yaxın günlərdə Rusiya rəsmiləri ilə danışacağını bildirib və qeyd edib ki, ABŞ-nin Ukraynaya yeni hərbi yardımı prezidentin sərəncamı əsasında icazə verilən materialların verilməsini əhatə edəcək.

Avropa isə dərhal 30 günlük atəşkəsə dəstəyini ifadə edib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron bunun həyata keçirilib-keçirilməməsinə görə məsuliyyətin artıq Rusiyanın üzərinə düşdüyünü vurğulayıblar. Fransanın müdafiə naziri Sebastien Lekornu deyib ki, Fransa Ukraynanın hər hansı formada demilitarizasiyasını dəstəkləməyəcək, çünki Ukrayna ordusu təhlükəsizliyin əsas təminatı olaraq qalır. Makron isə Ciddədəki razılaşmadan sonra deyib ki, Ukraynanın tərəfdaşları Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları hazırlamalıdırlar.

Rusiya isə rəsmi cavab verməyə tələsmir. Əvəzində, atəşkəs ideyası Rusiyanın ultramillətçi dairələrində narazılıq yaradıb. Bəzi hərbi bloqerlər, o cümlədən Kremllə əlaqələri olanlar atəşkəs təklifini rədd edərək, ABŞ və Ukraynanın “ilk fürsətdə sülhə xəyanət edəcəyini” deyirlər. Çünki Ukraynadakı müharibə “Rusiya üçün ekzistensial” xarakter daşıyır. Onlar Rusiya hakimiyyətinin atəşkəslə razılaşmasının “xəyanət və təxribat” olacağını, “Rusiyanın hərbi məqsədlərinə” nail olmadan belə bir addımın mənasız olacağını qeyd edirlər.

Məsələn, Dövlət Dumasının deputatı və 58-ci ordunun keçmiş komandanı, general-leytenant Viktor Sobolev deyib ki, “Rusiya 30 günlük atəşkəslə bağlı qəbuledilməz təkliflə razılaşmamalıdır, çünki bu, Ukraynanın yenidən silahlanmasına və yenidən qruplaşmasına imkan verəcək”.

Bu yazı hazırlanan vaxt ABŞ-Ukrayna danışıqlarının nəticələrinə Kremldən hələ də rəsmi reaksiya olmayıb. Rusiya dövlət mediası isə bu atəşkəs təşəbbüsünə mümkün cavab olaraq Ər-Riyadda ABŞ-Rusiya danışıqlarından sonra verilən bəyanatları təkrarlamaq məcburiyyətindədir. ABŞ-Ukrayna razılaşmaları ilə bağlı məlumatların ortaya çıxmasından sonra təbliğatçılar Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın martın 11-də verdiyi bəyanatını xatırladırlar. Həmin bəyanata görə, “Rusiya yaxın günlərdə təmasların olmasını istisna etmir”.

Rusiya dövlət mediası həmçinin Dövlət Dumasının Təhlükəsizlik Məsələləri Komitəsinin deputatı Mixail Şeremetə istinadla bildirib ki, Rusiya guya Ukraynadakı vəziyyətin həllində maraqlıdır, lakin “özünü aldatmağa imkan verməyəcək”.

Bu arada Kremlin “yox” deyəcəyinə dair müəyyən siqnallar gəlməkdədir. “Ukrayna ilə bağlı istənilən razılaşmalar Moskvanın şərtləri ilə olacaq, Vaşinqtonun yox. Real razılaşmalar cəbhə xəttində yazılır və ABŞ bunu başa düşməlidir”. Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Amerika və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqları şərh edərkən deyib.

Bu arada Qərb kəşfiyyatı iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin nə ərazi, nə sülhməramlılar, nə də Ukraynanın neytrallığı məsələsində güzəştə getmək niyyətində deyil və Putin Ukrayna müharibəsində öz məqsədlərinə çatmasa, döyüşü davam etdirməyə hazırdır.

Buna paralel olaraq, Kremlə yaxın politoloq Sergey Markov və “Putinin filosofu” Aleksandr Duqin atəşkəsin qəti olaraq rədd edilməli olduğunu bəyan ediblər. Markov “Kursk əvəzinə atəşkəs razılaşması” ideyasını qəbuledilməz saydığını yazıb. Yəni, belə çıxır ki, Ukrayna tərəfi atəşkəs müqabilində Kurskdan çıxmağa razılıq verib. Maraqlıdır ki, “Forbes” nəşri də belə bir iddia ilə çıxış edib. Nəşr qeyd edir ki, artıq Ukrayna hissələri Kurskdan çəkilməyə başlayır.

Göründüyü kimi, Ciddədəki razılaşma, belə demək mümkünsə, daşları yerindən oynadıb. İndi hər şey yaxın zamanda Rusiyanın mövqeyindən və Kremlin “yox” deyəcəyi təqdirdə Trampın hansı addımları atacağından asılıdır. Bu addımıların nədən ibarət olacağını isə Trampın özü kimi proqnozılaşdırmaq çətindir. Hər halda, Tramp bir neçə gün əvvəl Rusiyaya qarşı “yalnız onun özünün bildiyi təsir imkanlarına” malik olduğunu deyib və qeyd edib ki, Kreml də sülhə razılaşmağa məcbur olacaq. İndi qalır Trampın sözünün çəkisini bir daha yoxlamaq…

C.Məmmədov

“AzPolitika.info”   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri