Icma.az
close
up
RU
Uşaq qəbiristanlığından REPORTAJ

Uşaq qəbiristanlığından REPORTAJ

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtdakı uşaq qəbiristanlığına gedirik. Bura adi qəbiristanlıq deyil. Buradakı insanları təkcə ölüm birləşdirmir, onların hamısı eyni talenin qurbanlarıdır.

Avtomobildən düşüb qəbiristanlığın sonuna doğru piyada gedirəm. Bir nəfər görürəm, qara paltarlı, əlli-əlli beş yaşlarında kişi - məzarın başında dua oxuyur. Sakitcə durub baxanda, “ata” dediyini eşidirəm. Duasını bitirir, atasının qara mərmərdən olan məzarını su ilə yuyub, təmizləyir. Yolumuza davam edirik.

Burada ən günahsız kəslər yatır, amma şəhərin səs-küyü onları oyatmır. Bir may günündə göydən alov tökülür bu unudulmuş yerə. Qəbiristanlığın girişindən axırına kimi başqa fəsil yaşanır burada. Böyüklərin yatdığı yerlərin ətrafı şam ağacları, yaşıllıq və bulaqlar olsa da, balacalar, elə bil, səhranın ortasında tərk ediliblər. Görünən sadəcə otların arasından boylanan kiçik mişar daşlarıdır. Balacaların qəbirləri beş-on sm məsafə ilə düzülüb. Onları tapdalamamaq üçün özümə yol axtarıram. Yeridikcə yabanı otlar ayaqlarımı dalayır, ayaqqabımın içərisinə “qılpın” dolur.

Başımı qaldırıb ətrafa nəzər salanda girişdə atasına dua edən kişi gəlir gözümün qabağına... bəyəm, təkcə övladınmı valideynə borcu var? Bəs bu balacalar? Onları dünyaya gətirən şəxslər niyə, heç olmasa, gəlib üstlərindəki alaq otlarını qoparmır? Sonra bu qınayıcı fikirlərimə görə utanıram. Axı o valideynlər “zəhər” zavoduna görə xəstə uşaq dünyaya gətiriblər. Bu da bəs etməyib, onları öz əlləri ilə qəbirlərə qoyublar. Kim bilir, bəlkə də, həmin valideynlər həyatda yoxdur. Sonra yenə düşünürəm, bəs şəhərin tam girişində, Sülh küçəsi ətrafında salınan bu məzarlığı niyə bir nəfər gəlib təmizləmir? Bu otları biçmək nə çətin işdir? Bir bələdiyyə işçisi ayırmaq çətin idimi? Heç olmasa, üç aydan bir…

Qəbirlərin aralarındakı ot-alaqdan savayı, plastik butulkalar, zibillər də adamın son ümidlərini qırır.

Daxilimdəki “mən”lə danışa-danışa birdən fərqinə varıram ki, reallıqdan çox uzaqlaşmışam. Bura bəlkələrin, ammaların yeri deyil. Burada nə görürəmsə, elə onun yeridir.

Adını Sevinc qoyduğun uşağın cəmi üç il yaşaya, gözünü açandan xəstə doğula. Sevincini gətirib bu səhranın kənarında dəfn edib gedəsən...

Sevincin baş daşındakı yazı qəbirstanlığa gəlməyimizin əsas məğzini göstərir.

“Anadan olandan xəstə doğuldum,

Dörd yaşa çatmamış dəfn olundum...”

Sevincin məzarı ona əzizlərindən yadigar qalıb. Ətrafı təmizdir, amma qonşuluğundakı, yaxınlaşsam da adını heç bir halda oxuya bilmədiyim qəbir tərk edilib. Baş daşı qoyub, hasar çəksən də, düz qəbirin üstündə ağac bitib, sinə daşının üstünü zibillər – plastik butulkalar, parçalar, əskilər basır, gəlib bir nəfər oranı təmizləmir.

Yenə öz-özümə danışa-danışa gedirəm. Balaca kubikə qara lentlə dolanan “rüzgar gülü” oyuncağı sataşır gözümə. Bir az yaxınlaşıb baxanda əzilən kağız parçasının da lentə bağlandığı görünür. Onun üzərində, bəlkə, məzardakının adı ya şəkli var deyə baxanda təkcə göz muncuğu şəkli görürəm.

Həmişə kinolarda deyirlər ki, “rüzgar gülü” ona yaxınlaşanda fırlanırsa, ölən adamın ruhu səni görür, eşidir. Amma bu səhranın ortasını günəş qovurur, bir azca da külək əsmir ki, heç olmasa, bu inancla təsəlli tapaq. Bura təsəlli yeri deyil ki, buradakı tək təsəlli dünyadakı əzabların bir gün bitəcək olmasıdır.

O qəbirə baxanda anlayırsan ki, bu, çox da köhnə deyil. Yəqin ki, onun taleyinin səbəbkarı zavod deyilmiş.

Adsız olan bu qəbrin üstünə balaca yaşıl rəngli bir oyuncaq maşın qoyulub. Bəlkə də bu adsız, soyadsız, şəkilsiz qəbirin sahibinin ən sevdiyi oyuncaq imiş o. Bəlkə də heç vaxt oynada bilmədiyi üçün məzarına qoyublar, gecə düşəndə, hamımız evlərimizə gedəndə, onun balaca ruhu gəlib, oyuncağını görüb, sevinər, bəlkə də o balaca əllərini uzadıb oynayar. İnsan hərdən belə şeylərlə ovunur axı.

Yenə atasına dua oxuyan kişi gəlir gözümün qabağına. Balacaların üstünü təmizləyən, dua oxuyan yoxdur, bəs mən? Axı bura qədər gəlmişəm. Adları güclə oxunan, baş daşlarına ilbiz yapışan qəbirləri cibimdə qalan üç-dörd salfetka ilə təmizləməyə çalışıram. Elə bu əsnada üstünə balaca ədyal sərilən qəbiri görürəm.  Ədyal uçmasın deyə onun da üstünə də bir mişar daşı qoyublar. Üşüməsin deyə gecələr oyanıb üstünə örtdüyün ədyalı indi torpağa sərmək… bir vaxtlar örtüyü ədyal olan övladını indi torpaq isidirmi?

Onun yaxınlığında bir süsən görünür, sən demə, həmin süsən bir qəbirin başdaşı hissəsində əkilibmiş. Ancaq əyilib yaxından baxanda burada məzar olduğunu anlayırsan. Qəbir tamamilə çöküb, torpaq da torpağa qarışıb, dümdüz olub. Süsən olmasa, bilmədən üstündən keçərdik, bəlkə də… Yəqin ki, qəbir yer üzündən silinməsin deyə o süsən bu isti və quraqlıq əraziyə tab gətirə bilib.

Kiril əlifbasıyla “Xatirələr Zeynəbi” yazılan qəbir görürəm. O birilərdən fərqli olaraq iri baş və sinə daşından ibarət idi. Bəs görəsən, niyə xatirələr Zeynəbi? Zeynəbin xatirəsimi deməkdir?

Gəzinə-gəzinə daha bir üstü yazılı qəbir görürəm. Bir məzarda iki can - Nihat, Natiq. Ehtimal edirəm ki, onlar əkiz doğulublar. Vəfat etdikləri tarix kubikin üzərinə yazılsa da, üstünü torpaq örtdüyü üçün görə bilmirəm.

Kənarda nur üzlü, qıvrım saçlı, gülümsəyən bir uşaq sanki gözünü zilləyib mənə baxır - Fərid. O, cəmi 3 bayram görüb. Üstündəki qurumuş səməni deyir ki, yaxınları axrıncı dəfə iki ay əvvəl onu ziyarət gəlib. Onun ömrü üç bayramlıq olsa da, bəlkə də 38 ildir məzarına səməni qoyulur.

Fəridin qonşuları iki yaşlı Fəxriyyə, bir yaşlı Elnardır.

Fəxriyyənin gözlərindən kədər sezilsə də, Elnar gülümsəyirdi.

Sonra yol bizi Günelin qəbirinə sarı aparır. Bəlkə də onun heç bir yaşı da yox imiş.  Boynundan iplə bağlanan papaq, gözlərində nigaranlıq sezilən qız uşağı...

Qəbirlərə baxdıqca, mənə elə gəlir ki, burada yatanların əksəriyyəti qız uşaqlarıdır. Bir yaşında həyata əbədi gözlərini yuman Gülnarın məzarı “babasından yadigar”dır. Niyə anası, atası yox, babası? Görəsən, onlar həyatdadılar? Yaşından da, özündən də dəfələrlə böyük olan məzarda onun bapbalaca şəkli təəccüblü gözlərlə baxır ətrafa.

Onun yanında daha iki yanaşı dəfn olunan qız uşağı qəbiri çıxır qarşıma. İkisinin də üstünə “barbi” kuklası, onun da üstünə daş qoyulub. Yəqin ki, onlar da əkiz doğulublar.

Aygülün qəbri – O da digərləri kimi çox kiçik – 1 yaşında dünyasını dəyişib. Qəbiri də babası Məmməddən yadigardır. Qəbirin ətrafına çəkilən dəmir çəpərlər, üzərinin təmizliyi tez-tez ziyarət olunduğunu deyir.

Hələ ətrafda yüzlərlə qəbir var. Aygülün qonşusu da üç yaşlı Elmandır. Ağ köynəkli, qalstuklu Elmanın məzarı atasından yadigardır. Onun baş daşında Sovet dövrünün ən məhşur simvolu - beşguşəli ulduz görünür. Görəsən, niyə məhz uşağın məzarında bu simvol var?

Bir az da irəliləyirik, buradakı uşaqlar iki hissədə dəfn olunublar. Bir qədər yeriyib aşağı düşəndə o biri üzə keçirsən.

Buralar o qədər çirkab içindədir ki, mövcudluğu təkcə ətrafındakı hasalardan bəlli olan qəbirin böyür-başına plastik butulkalar atılıb. Kimsə öz övladının qəbirini təmizləyəndə niyə digər, kimsəsiz körpənin üstünü çirkləndirir? Bunun üçün hansı vicdanın yiyəsi olmalısan?

Fərid kimi iki bayram görən Zəkanın da məzarında quruyub qalmış səməni var.

Bir az ehtiyatla irəliləyirik. Qəbiristanlığın bu hissəsi ümumiyyətlə unudulub, otlar qəbirlərdən də hündürə qalxıb. Bəzi başdaşları qırılıb, əyilib. Düşməyinə bir an lazımdır sanki. Hər otun altında bir məzarın olması və belə yerdə yeriməyə çalışmaq, elə bil, minalı əraziyə çıxmağa bənzəyir. Ehtiyatlı olmalısan - öz vicdanın və balacaların ruhu üçün.

Şəkli olmasa da, 1989-cu ildə doğulub, 1990-cı ildə vəfat edən Şahinin məzarı digər kiçik qəbirlərdən fərqlənir.

Mehribanın məzarı üstündəki yazı valideynin nə qədər çarəsiz hiss etdiyini söyləyir. Onun qəbiri də başqalarından fərqli olaraq tərtəmiz idi. Görünür gəlib-gedəni var. 

“Hara baxırıqsa, yerin görünür,

Gəlmir o mehriban səsin, ay bala,

Özün  ürəklərdə, izin görünür,

Gəlməyən səsinə qurban, ay bala”.
 

Dəmirlərin arasında üstünü torpaq basan bir qəbir görünür, əlimlə üstünü silib, adını oxumağa çalışıram, amma ləkə o qədər dərin idi ki, su olmadan tam təmizləmək mümkün deyildi. Diqqətlə baxanda Zəminə adı oxunur. Zəminənin qəbirinin böyrü yağışa, küləyə dözməyib, çökmüşdü.

Burada təkcə köhnə yox, təzə - üç-dörd ilin qəbirləri də var. Onlardan biri də Muhəmməddir.

Adını görəndə ya Türkiyə ya da İran vətəndaşıdır, deyirəm. Bizdə axı Məhəmməd adı var, Muhəmməd yoxdur. Muhəmməd 4 il əvvəl isti bir yay günündə həyata gözlərini yumub. Onun qəbri məzarlığın bir küncündə idi. Yanında isə cəmi iki gün yaşamış Mustafayevin məzarı var. Cəmi iki gün. Adı belə yoxdur, yalnız soyad. Bəlkə də xəyallarında tutduqları adı qəbirə yazmağa ürəkləri dözməyib, ya da bəlkə, ad qoymaq arzuları ürəklərində elə arzu kimi də qalıb. İki gün yaşasa da, onun aydın seçilən, ayaq altında qalacağı təhlükəsi olmayan bir məzarı var, özü də lap xırdaca...

Üçü də yanaşı dəfn olunan uşaqlar – Biri daha təzə qəbirdir, üstünə tər qərənfillər düzülüb. Amma yandakı iki məzar torpaqla təndir. Daşlar olmasa, orada qəbir olduğunu adi gözlə görə bilməzsən. Görəsən, onlar kimdir?

İllər əvvəl sosial şəbəkələrdən birində bir rəy oxumuşdum, “əmim oğlu orada dəfn olunub, atam ona qəbir qoydurub, Rusiyaya gedib, hər dəfə gələndə mütləq onu ziyarət edir”, - anidən qarşıma Samirin qəbri çıxır, altında da “əmisindən yadigar” yazısı. Görəsən, bu odur? Üstünü qamışlar basan, baş ucunda beşguşəli ulduz olan bu məzarda yatan uşaq da cəmi iki il dünya üzü görüb.

Gözlə görünən, adı seçilən qəbirlər elə bu qədər idi. Qalanları da kiçik “kubik”lərin hesabına otların arasından görünürlər.

Oradan çıxıb, böyüklərin məzarlığına yaxın olan bulaqda əllərimizi yuyanda qara mərmər məzarda nurani sifətli oğlan uşağı görürəm. Onun vəfatının bu məsələyə aidiyyatı olmasa da, yaxınlaşıb, üzərindəki yazını oxuyuram, təxmini belə idi:

“Həmdəm olmağa heç kimim yoxdur, kaş, bircə sən getməyərdin, ay oğul. İndi tək qalmışam bu dünyada mən, kaş sən mənimlə qalaydın bircə”.

O uşağı ziyarət edən bir ailəsi, doğmaları var idi. O səhranın, çölün, otların arasında deyil, şam ağaclarının altında, üstü kölgəli, yanında bulaq olan yerdə dəfn olunmuşdu.

Əgər ruhlar varsa və görürlərsə, yəqin onlar ağacların altında, sərin yerdə dəfn olunan, ailələri tez-tez ziyarətlərinə gələn uşaq məzarlarını qısqanardılar.

Burada suallar var, cavabları verəcək şəxslər isə torpağın altındadırlar. Hər sualın cavabsız qaldığı yerlə vidalaşıb gedirik.

Foto: Rüfət Mustafayev ©️ APA GROUP.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see358

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see237

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see215

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see201

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see189

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see189

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see188

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see185

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see180

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see179

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see177

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see172

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see168

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see166

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see164

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see162

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see159

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see159

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see157

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri