Uşaqları pis vərdişlərdən necə qoruyaq? Bilməli olduğumuz vacib amillər
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Son dövrdə dünyadan, eləcə də Azərbaycan cəmiyyətində uşaqların və yeniyetmələrin davranışlarında müşahidə edilən problemlərlə bağlı müxtəlif müzakirələr aparılır. İstər təhsil ocaqlarında, istərsə də, digər kollektivlərdə uşaqların davranışları heç də ürəkaçan deyil.
Qeyd edək ki, uşaqları pis vərdişlərdən uzaq tutmaq - təkcə qadağalarla deyil, düzgün yönləndirmə və nümunə ilə mümkündür. Valideynin sözü deyil, davranışı öyrədir. Buna görə də uşaqları pis vərdişlərdən yayındırmaq istəyiriksə, ilk növbədə onların qarşısında düzgün model yaratmalıyıq.
Dünya alimləri uşaqları pis vərdişlərdən qorumaq mövzusunda bir çox tədqiqatlar aparıb və ortaq nəticəyə gəliblər: uşağın davranışına təsir edən əsas faktor ailə münasibətləri, emosional sabitlik və sosial mühitdir.
Aşağıda beynəlxalq mütəxəssislərin və aparıcı uşaq psixoloqlarının tövsiyələrinə əsaslanan əsas məqamları təqdim edirik:
Sevgi və emosional təhlükəsizlik – əsas müdafiə qalxanı
Harvard Universitetinin Uşaq İnkişafı Mərkzinin (Harvard Center on the Developing Child) araşdırmalarına görə, uşağın davranış risklərini azaldan ən mühüm amil ailədə emosional sabitlik və sevgi dolu münasibətdir.
Uşaq özünü təhlükəsiz hiss edəndə, neqativ təsirlərə (məsələn, siqaret, aqressiya, internet asılılığı) qarşı daha davamlı olur.
Erkən yaşda sosial və emosional bacarıqların formalaşdırılması
UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 5–12 yaş dövrü uşağın sosial və emosional davranışlarının təməl dövrüdür.
Bu yaşda empatiya, məsuliyyət, qərarvermə və özünə nəzarət kimi bacarıqların öyrədilməsi, gələcəkdə pis vərdişlərdən qorunmanın ən effektiv yoludur.
Qadağalar deyil, açıq ünsiyyət
Amerika Psixoloji Assosiasiyası bildirir ki, qadağalar uşaqlarda gizli müqavimət və maraq yaradır. Uşaqla açıq və etibarlı ünsiyyət isə onun öz davranışına nəzarət hissini gücləndirir.
Rəqəmsal balans və texnologiya nəzarəti
Oxford Internet Institute-un araşdırmaları göstərir ki, ekran qarşısında uzun müddət qalmaq uşaqlarda diqqət pozğunluğu, aqressiya və təcrid hissi yaradır - bu da digər pis vərdişlərə zəmin yaradır.
Nümunə gücü – valideyn davranışının təsiri
Yale Universitetinin Uşaq Davranışı Mərkzinin nəticələrinə görə, uşaq valideynin dediyini deyil, gördüyünü təkrarlayır.
Valideyn siqaret çəkirsə, əsəbiləşəndə qışqırırsa, uşaq da bu davranışı normal sayır.
Sosial dəstək və icma rolu
UNESCO-nun sosial psixologiya hesabatına əsasən, icma (məktəb, qonşuluq, dost çevrəsi) uşağın dəyərlər sistemini formalaşdırır.
Əgər uşaq müsbət nümunələrin çox olduğu mühitdə böyüyürsə, pis vərdişlərin yaranma ehtimalı 60%-ə qədər azalır.
Bəs bizim cəmiyyətin mütəxəssisləri nə düşünür?
Tanınmış təhsil eksperti, universitet müəllimi Kamran Əsədov BAKU.WS-ə bildirib ki, uşaqları pis vərdişlərdən uzaqlaşdırmağın ən təsirli yolu onları qadağa ilə deyil, mühit, davranış nümunəsi və ardıcıllıqla yönləndirməkdir.
"Uşaq psixologiyası üzrə aparılan tədqiqatlar sübut edir ki, davranışın 60-70%-i ailədə formalaşır, yəni uşağın gördüyü model onun gələcək vərdişlərinin əsasını təşkil edir.
Buna görə də ilk dəyişiklik valideynin özündə başlamalıdır: uşaq valideynin telefondan asılı olmadığını, aqressiv reaksiya vermədiyini, qaydalara riayət etdiyini görəndə avtomatik şəkildə eyni davranışı mənimsəyir.
Mühit faktorunun ağırlığı da böyükdür. ÜST və OECD məlumatlarına görə, 10–15 yaş arasında uşaqların zərərli vərdişlərə meyli ən çox zəif nəzarət olunan sosial mühitdə – nə məktəbdə, nə də ailədə ardıcıl davranış qaydalarının olmadığı yerlərdə artır. Buna görə də ailədə 2-3 əsas qayda sabit şəkildə tətbiq olunduqda (məsələn, ekran müddətinin konkret limiti, yataq və dərs rejimi, aqressiv sözlərin yolverilməzliyi) uşaq çərçivəni aydın görür və qaydanı pozma istəyinin ehtimalı azalır.
Dəstək və məşğuliyyət də qoruyucu mexanizmdir. Statistikaya görə, idmanla məşğul olan uşaqlarda zərərli vərdişlərə meyl 35-40% daha az olur. Çünki idman və ya hobi uşağın enerjisini tənzimləyir, ona müsbət sosial mühit verir və özünütənzimləmə bacarığını artırır. Eyni təsir musiqi, rəsm, robotika, STEAM dərnəklərində də müşahidə olunur – uşaq diqqətini məhsuldar fəaliyyətə yönəldir və mənfi təsir edən sosial şəbəkə və təsadüfi çevrənin rolu minimuma endirilir.
Valideynlə uşaq arasında açıq ünsiyyət də mühüm qoruyucu faktordur. Əgər valideyn yalnız qadağan edir, amma səbəbi izah etmir, uşaq qaydanı cəza kimi qəbul edir və gizli şəkildə onu pozmağa çalışır. Əksinə, qaydanın nə üçün vacib olduğunu başa düşən uşaq ona daha çox riayət edir. Burada prinsip sadədir: "İzah edilən qayda qəbul olunur, izah edilməyən qayda pozulur".
Sağlam alternativ yaratmaq pis vərdişin özündən daha güclü olur. Məsələn, TikTokdan uzaqlaşdırmaq təkcə "girmə" deməklə mümkün deyil; evdə alternativ fəaliyyət – stolüstü oyun, qısa gəzinti, birgə film, hətta sadə söhbət – müəyyən vərdişləri avtomatik sıradan çıxarır. Çünki uşaq diqqətin dəyişməsinə ən sürətli reaksiya verən varlıqdır.
Apardığım tədqiqat və təhllilərə əsaslanaraq deyə bilərəm ki, ardıcıllıq və nümunə olmadan heç bir strategiya işləmir. Uşaqlar "nə dediyimizi" deyil, "nə etdiyimizi" kopyalayırlar. Əgər evdə elə bir davranış modeli varsa ki, valideyn uzun müddət telefona baxır, aqressiv danışır, qaydanı pozur, eyni davranışı uşaqdan uzaqlaşdırmaq real nəticə vermir. Ən effektiv nəticə valideyn, müəllim və sosial mühitin sinxron davranışından yaranır. Uşaq eyni mesajı üç yerdə – evdə, məktəbdə və sosial çevrədə – gördükdə pis vərdişlər üçün yer qalmır.
Hesab edirəm ki, bu istiqamətdə dövlətin və məktəblərin rolu da artmaqdadır. Məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, sosial-pedaqoji nəzarətin artırılması, idman və dərnəklərin genişləndirilməsi uşaqların riskli davranışlardan uzaq qalmasına real təsir göstərir. Bu, yalnız valideyn yox, həm də təhsil sisteminin məsuliyyətidir və düzgün qurulduqda nəticə bütün cəmiyyət üçün müsbət olur", - deyə təhsil eksperti bildirib.
Psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib ki, uşaqları pis vərdişlərdən yayındırmağın əsas yolu onlarla düzgün ünsiyyətdir:
"İlk növbədə, pis vərdişin səbəbini anlamaq lazımdır. Çünki uşaqlar bəzən stres yaşadığı üçün, bəzən diqqət çəkmək üçün və ya sadəcə gördüyünü təkrarladığına görə belə davranır. Səbəbi aydınlaşdırdıqdan sonra biz uşağı danlamaq yerinə ,yaxşı davranışları ilə onu motivasiya etməliyik.
Qaydaların aydın və qısa olması da çox vacibdir. Uşaqlar uzun izahdan çox, konkret cümlələri daha yaxşı anlayırlar. Unutmamalıyıq ki valideynlər yaxşı nümunə olmalıdır, çünki uşaq ən çox gördüyünü təkrarlayır.
Pis vərdişi qadağan etməkdənsə, ona alternativ bir fəaliyyət göstərmək daha effektivdir. Ən vacib addım isə ardıcıllıqdır. Bu gün bir şeyə icazə verib, sabah qadağan etmək uşağı çaşdırır. Valideyinlər qərarlarının arxasında durmalıdır.
Ümumilikdə, uşaqlara sərt reaksiya əvəzinə sakit və anlayışlı yanaşmaq onların davranışını çox daha tez dəyişir".
Sonda bildirək ki, uşaqları pis vərdişlərdən qorumağın sirri nə sərt qadağalarda, nə də cəzalardadır. Əsas amil - sevgi, anlayış və nümunədir. Valideyn uşağın həyatında ən güclü təsir mənbəyidir. O, əgər işıq saçırsa, uşaq kölgəyə meyl etməz.
Ziya SƏCCAD
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 28 Noyabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















