Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli: Anadilli məktəblər və dərsliklər

Üzeyir Hacıbəyli: Anadilli məktəblər və dərsliklər

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmran VERDİYEV
Əməkdar müəllim 

2025-ci ilin sentyabr ayında milli dövlətçilik ideyalarının carçılarından biri, görkəmli pedaqoq, Azərbaycanda pedaqoji fikrin və təhsilin, professional musiqi sənətinin təşəkkülü və inkişafında müstəsna xidmətləri olmuş dahi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 ili tamam olacaq. Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" 3 fevral 2025-ci il tarixli Sərəncamda oxuyuruq: "...Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır".

Üzeyir Hacıbəyli Azərbaycan xalqı, Azərbaycan təhsili və mədəniyyəti üçün o qədər çox işlər görüb ki, bir yazıda onların hamısından bəhs etmək qeyri-mümkündür.

Azərbaycan pedaqoji fikir və təhsil tarixində silinməz iz qoymuş, müstəsna zəka sahibi, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy həm də XX əsr maarifçilik hərəkatının tanınmış nümayəndələrindən biridir. Onun pedaqoji görüşləri, irəli sürdüyü fikirlər öz dövründə Azərbaycanda xalq maarifinin, pedaqogika elminin, milli musiqi təhsili sisteminin yaradılmasına və inkişafına böyük təsir etmiş və bir çoxu bu günə qədər də öz aktuallığını saxlamaqdadır.

M.Ə.Rəsulzadə kimi Ü.Hacıbəylinin də elm, maarif və məktəb məsələləri barədəki fikirlərinin məğzini millilik, varislik, xəlqilik və müasirlik təşkil edirdi. O, təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasının yardıcılarından idi. Təhsildə daha çox xəlqilik - milli məktəblər, ana dilində təhsil məsələlərinə üstünlük verirdi.

Üzeyir bəyin təhsilə olan münasibətinin özəyini millilik prinsipi tuturdu. Bu meyarın əsas göstəricisini isə o, "ana dili və təhsil" tandemində görürdü. Çünki özü Qori Seminariyasında rus dilində təhsil almış, paralel olaraq başqa dilləri (gürcü və fransız) öyrənmiş, amma yenə də doğma dilinə olan aclığı hər zaman hiss etmişdi. Hələ o zamandan anlamışdı ki, təhsilin şüura hopması, həyatilik statusu qazanması üçün onun mütləq doğma ana dilində olması vacibdir (https://fuyuzat.az/uzeyir-hacibeylinin-tehsil-dusturlari-mekteb-ve-muellimler-ucun-ciddi-xeberdarliqlar/).

Böyük maarifçi millətin elmlə, maariflə inkişaf edəcəyinə inanır və bu yolda anadilli məktəbin yaradılmasının, tədrisin ana dilində aparılmasının təməl prinsip olduğunu əsas götürür, ana dilində milli dərsliklərin hazırlanmasını həyatı zərurət hesab edirdi (https://525.az/news/38700-uzeyir-bey-hacibeyli-boyuk-maarifci-pedaqoq-ve-ziyali-kimi).

Doğma dilinə, onun öyrənilməsinə və məktəblərdə təlim dilinə çevrilməsinə xüsusi önəm verən Üzeyir bəy ana dilində məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, Bakı kimi müsəlman şəhərində bir türk ibtidai məktəbi belə yoxdur. Onun fikrincə, milli məktəbin vəzifəsi ana dilini və ana dilində başqa elmləri (fənləri) uşaqlara mümkün qədər mükəmməl öyrətməklə yanaşı, digər dilləri də onlara təlim etməkdir. O yazırdı: "Hər bir millətin ki, bəqasına (varlığına) baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Bir millətin ki, dili batdı, onda o millətin özü də batar... İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir... Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir... Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq".

"Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" sərlövhəsi altında "İrşad" qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc edilmiş üç məqaləsində müəllif ana dilində çıxan qəzetləri mütaliə etməyi, soydaşlarımızın öz aralarında ancaq ana dilində danışmağı və yazmağı, milli məktəblərin açılmasını doğma dili öyrənməyin əsas vasitələrindən sayırdı. Bizə "türk məkatibi-aliyəsində ikmali-təhsil etmiş müəllimlər lazımdır", - söyləyən dahi deyirdi ki, heç nə "...dilimizi öyrənmək üçün məktəbin yerini verməz. Məktəb işdə bizim dilimizin sərvətini təfkin edən bir mədəndir. Məktəbimiz olmasa, dilimiz unudulub məhv olar. Məktəblər təsis və güşad etməyə çalışmalıyıq ki,.. hər bir elmi öz türk dilimizdə səbilərə (uşaqlara) tədris etməkdə pedaqogikanın iqtizaat (tələb) və icbaatına müvafiq olar". 

"Öz ehtiyacatımızın bəyanına qadir olmaq" üçün milli məktəblərin açılmasını israrla tələb edən Ü.Hacıbəyli qeyd edirdi ki, "Bir yerdəki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar... Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu... Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır... Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir". Açılmasını arzuladığı məktəb haqqında xalqımızın böyük oğlu "Məktəb məsələsi və F.A. cənabları" məqaləsində yazırdı: "Mən milli məktəb ona deyərəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunur. Rus və müsəlman işkolasını ibtidai ana dilli məktəb hesab etmək, zənnimcə, dilimiz və millətimizi təhqir etməkdir". O, yaxşı bilirdi ki, "İnsan özünü və dünyanı hansı dildə tanımağa başlayırsa, intellektual həzz duyğusu da o dil vasitəsilə yaranır və bu həzz duyğusu həmin dildən asılılıq yaradır. Buna görə işi bilən dilçilər iddia edirlər ki, uşaq ibtidai təhsili öz ana dilində almalıdır. İlkin intellektual həzzi öz ana dilində yaşamalıdır ki, öz dilinə qarşı asılılıq yaransın. (https://visiontv.az/article/insan-ozunu-ve-dunyani-hansi-dilde-tanimaga-baslayirsa-intellektual-hezz-duygusu-da-o-dil-vasitesile-yaranir)". Ana dilində təhsil almayan uşaq təkcə dilindən deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən uzaq düşür. Qalan bütün dilləri sonradan da mənimsəmək mümkündür, ana dili isə sonradan mənimsənməz, insanın qanından, genindən gələr. Biz uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə isə o genetikaya təsir göstərmiş oluruq, uşağı kökündən yayındırırıq" (AMEA-nın müxbir üzvü, keçmiş təhsil naziri M.Mərdanov). Dil irsi, irqi səciyyə daşımasa da, ana dili milli mənlik, milli kimliklə bağlıdır. Tədqiqatlar göstərir ki, körpə hələ ana bətnində ikən onun səsini duyur. Odur ki, anasının doğma dilində ünsiyyətə başlamaq daha asan reallaşır.

Yeri gəlmişkən qeyd edək ki, rus, fransız və gürcü dillərini də bilən dahi Üzeyir bəy heç vaxt xarici dilləri öyrənməyin əlehinə olmamışdır. O, uşaqları dünyagörüşlərinin formalaşdığı dövrdə kökdən, milli ruhdan ayırmağın, xarici dilləri öyrənməyin doğma dilin sıxışdırılması, unutdurulması və ya unudulması hesabına olmasının, uşaqları özgə ruhda böyütməyin əleyhinə olmuşdur. Üzeyir bəy "Yeni üsuli-təbii haqqında bir neçə söz" məqaləsində uşaqlara əvvəlcə ana dilini, daha sonra xarici dilləri öyrətməyi məsləhət bilirdi. Onu da deyək ki, dövrün bütün fənn və elm kitabları rus dilində olduğundan və Üzeyir bəyin "təhsil-millilik" prinsipinə yad sayıldığından o, 1907-ci ildə "Türk-rus və rus-türk" lüğətini də çapı etdirmişdir. 

Ü.Hacıbəylinin anadilli dərsliklərin rolu və onların tərtibi barədə fikirləri də maraqlı və aktualdır (Onu da qeyd edək ki, o, 1907-ci ildə keçirilən Azərbaycan müəllimlərinin II qurultayında dərsliklərə nəzarət üzrə xüsusi komissiyanın üzvü seçilmişdir).

XIX əsrin sonu - XX əsrin əvvələrində Zaqafqaziyadakı dövlət məktəblərində uşaqların hansı dərsliklərdən təhsil alması o dövrün bütün mütərəqqi fikirli maarifçiləri kimi Ü.Hacıbəylini də həmişə düşündürmüşdür. Əslində məktəblərdəki dərsliklərin keyfiyyəti və məzmunu, dərslik çatışmazlıqları onu Qori seminariyasında oxuduğu illərdən narahat edirdi. Özü "Tərəqqi" qəzetinin 30 yanvar 1909-cu il tarixli sayında yazırdı: "...Mən seminariyanın ikinci klasında (sinfində) idim ki, ilyarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə "Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm..."  (https://anl.az/el/musiqi_edebiyyati/kitab/6560.pdf səh:4)

O deyirdi: "Kitabsızlıq (dərs kitabları) dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük bir dərddir". Üzeyir bəy dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı. 1909-cu ildə "İrşad" qəzetində yazırdı: "Uşaqların həm qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqi sifətlər və mədəniyyət aşılayan material daxil edilməlidir".

Özünün ibtidai məktəblər üçün 1907-ci ildə Orucov qardaşları mətbəəsində çap olunmuş "Hesab məsələləri" dərsliyində də bu məsələləri xüsusi nəzərə almışdı. Təsadüfi deyildir ki, dahi M.Ə.Rəsulzadə və görkəmli maarifçi İ.Qaspıralı mətbuat səhifələrində bu dərsliyə yüksək qiymət vermişdilər. M.Ə.Rəsulzadə "Tərəqqi" qəzetində həmin dərslik haqqındakı məqaləsində yazmışdı "...104 səhifədən ibarət təmiz və aydın surətdə asan Azərbaycan sadə türkcəsiylə tərtib olunmuş "Hesab məsələləri" adında bir kitab nəşr olunmuşdur. Mühərrirlərimizdən müəllim Üzeyir Hacıbəyov cənablarının bu əsəri ibtidai məktəblərin 1-ci və 2-ci şöbələri şagirdlərindən ötrü lüzumlu bir dərs kitabıdır..." M.Ə.Rəsulzadə kitabın müsbət cəhətlərini təqdir edir, onu Komarovun kitabı ilə müqayisə edir, anlaşıqlı dildə yazıldığını, misal və məsələlərin cavablarının hamısının düzgün olduğunu bildirir və həmin kitabı bütün Qafqaz ibtidai məktəbləri üçün tövsiyə edirdi.

Xatırladaq ki, ölkəmizdə musiqi təhsilinin də bünövrəsini qoyan Ü.Hacıbəyli həm də ana dilində elmi-fundamental t?dqiqatın məhsulu olan "Azərbaycan xalq  musiqisinin əsasları" dərsliyinin müəllifidir.

Şübhəsiz ki, 140 illik yubileyini qeyd etməyə hazırlaşdığımız dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin pedaqoji görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin və musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verməkdə davam edir. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş, əsl vətənpərvərlik nümunəsi olan fəaliyyətini və yüksək mənəvi-estetik dəyərə malik irsini, "yaradıcılığındakı Antey qüdrətinin, Herkules əzəmətinin sirlərini hələ çox nəsillər öyrənəcək" və faydalanacaqlar. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri