Üzeyirin ecazkar dünyası
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Oyunun bir saatı ərzində insan haqqında bir illik söhbətdən daha çox şey öyrənə bilərsiniz"
Platon
2025-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyası, "Musiqi Dünyası" Elektron Nəşrlər Mərkəzi və "Azərbaycan MMC" nəşriyyatının birgə səyləri nəticəsində "Üzeyirin ecazkar dünyası" - gənc musiqiçilər üçün intellektual oyunlar kitabı (Bakı, "Azərbaycan" nəşriyyatı, 2025. 150 s., Azərbaycan dilində) işıq üzü görüb. Kitabın müəllif kollektivinin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında 3 fevral 2025-ci il tarixli sərəncamından irəli gələn çağırışa cavab olaraq Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətin irsini müasir, interaktiv və rəqəmsal formatda yeni nəslə sevdirmək və tanıtmaqdır.
Dahi sənətkarın irsini onun böyük şəxsiyyətinə məhəbbət, hörmət və məsuliyyət hissi ilə tədqiq edən müsiqişünas-alim, sənətşünaslıq doktoru, professor Fərəh Əliyevanın təbirincə desək, "Üzeyir bəy Hacıbəyli musiqi həyatımızın ayrılmaz parçasına, Azərbaycan musiqi rəmzinə çevrilmiş əsərləri teatr səhnələrindən, konsert salonlarından yenə də milyonlarla insanların ruhuna, qəlbinə ünvanlanır".
Musiqili rebuslar, krosvordlar, sudoku, filvordlar, çarxlı sözlər, anaqramlar və tapmacalar kimi intellektual oyunlardan ibarət "Üzeyirin ecazkar dünyası" toplusu qüdrətli sənətkarın həyat və yaradıcılığının bələdçisi olaraq gənclərə ünvanlanan intellektual biliklər çeşməsidir.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun rəhbərliyi ilə (intellektual oyunların tərtibçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Bəkirova, virtual muzeyin web tərtibçisi Alina Cahangirova, elmi redaktor kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevadır) hazırlanmış "Üzeyirin sehrli dünyası" kitabı Azərbaycanda bədii, xüsusilə də musiqi təmayüllü tədris prosesinin qeymifikasiya təcrübəsinin həm real (intellektual-əyləncəli-illustrativ), həm də virtual (rəqəmsal) formatda orijinal təqdimatına nümunə kimi dəyərləndirilə bilər.
Musiqisevər oxucunun diqqətinə təqdim olunan kitab orta və yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər üçün interaktiv şəkildə, fərdi və kollektiv formatda tapşırıqların yerinə yetirilməsini nəzərdə tutur. Virtual muzeyə, rəqəmsal ensiklopediya və mediatekaya QR-kod tətbiqi vasitəsilə mobil girişi təmin edən kitabdan bütün yaş kateqoriyalardan olan musiqisevərlər yararlana bilər. Gözoxşayan rəngarəng illüstrasiyalarla müşahidə olunan musiqi terminlərinin və tarixi faktların əyləncəli şəkildə mənimsənilməsinə yönəlmiş bu kitabda müstəqil sərrast tədqiqatçı səriştəsini tələb edən klassik rebuslardan başlayaraq çoxmərhələli mürəkkəb sudokularadək müxtəlif bağlama-tapmacalar yer alıb. Onların məqsədi biliklərin genişləndirilməsini və musiqi informasiyası ilə analitik işləmə bacarıqlarını formalaşdırmaqdır. Təqdim olunan intellektual oyunlar məcmusu olan kitabın özəlliyi ondadır ki, dərsdənkənar və məktəbdənkənar məşqələlərdə - istər fərdi şəkildə, istər müəllim, istərsə də valideyn müşayiəti ilə çalışmağa imkanlar yaradır.
Kitabın ön sözünün həmmüəllifləri professor T.Məmmədov və dosent Y.Əliyeva XXI əsrdə biliklərin əldə olunmasına və ümumilikdə tədris prosesinə yeni yanaşmaların və metodların tətbiqinin zəruriliyi əsaslandırırlar. Xüsusilə vurğulanır ki, tədris prosesində qeymifikasiyanın tətbiqi - istənilən yaş dövründə yüksək motivasiya, bilik və bacarıqların sürətlə mənimsənilməsi, emosional rahatlıq, interaktivlik və operativ ikitərəfli kommunikativ əlaqənin qurulmasını təmin edir. Razılaşmaq olar ki, bu gün informasiya əsrinin çağırışlarına cavab verən tədris modeli üçün oyun yalnız əyləncə vasitəsi deyil, eyni zamanda biliklərin əldə olunmasının universal metodudur. İntellektual oyunlar təhsilalanlarda yaddaşın, məntiqin, təxəyyülün, analitik və tənqidi təfəkkürün inkişafına təsir göstərir, əldə edilən biliklərin təcrübədə tətbiqini təmin edir, XXI əsrin tələblərinə uyğun kommunikativ və sosial vərdişləri formalaşdırır. Tədrisin qeymifikasiyası təhsilalanları səhv və ya yanlış cavab vermək qorxusundan azad edir, emosional gərginliyi, uğursuzluq fobiyasını aradan qaldırır və yeni biliklərin mənimsənilməsini asanlaşdırır.
Kitabın ön söz hissəsində "oyun" fenomeninə dair mövcud nəzəri yanaşmaların formalaşma tarixinə qısa ekskurs edilir. "Oyun" fenomenin adi düşüncə səviyyəsində yer tutan əyləncə və qeyri-ciddi fəaliyyət növü kimi assosiasiyalardan tutmuş XIX əsrin son rübündən bu günə kimi ciddi fəlsəfi-kulturoloji təlimlərdə universal hadisə kimi yüksək dəyər verilən yanaşmalara qədər təkamül yolu izlənilir, arxaik və arxetipik xarakter daşıyan həyat fəaliyyətinin unikal forması kimi təqdim olunur. Söz yox ki, kitabın müəllif kollektivi oyun fenomeninin nəzəri əsaslarının bünövrəsini XX əsrin 30-cu illərində qoyan Niderland filosofu və kulturoloqu Yoxan Heyzinqanın "Homo Ludens" ("Oynayan İnsan") nəzəri təlimindən impuls alaraq "Müasir dünya dəyişkəndir... oyundan başqa" ifadəsinin sürətli transformasiyalara uğrayan XXI əsrdə nə dərəcədə aktual olduğunu dərk etmişlər.
Topluya didaktik oyunlar kateqoriyasına aid intellektual-idraki oyunlar: musiqili rebuslar, krosvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib. Kitabın müəllif kollektivi intellektual oyunları hazırlayarkən musiqi təhsilində oyun fenomenin əyləndirici funksiyasını yerinə yetirməklə yanaşı, musiqi qavrayışını, yaradıcı təfəkkürü və emosional reaksiyanı inkişaf etdirən mühüm pedaqoji və metodik alət kimi çıxış etməsini göz önünə almışlar. Musiqi sənəti ilk növbədə yaradıcı fəaliyyət sahəsi olduğundan, oyun yaradıcılıq və təxəyyülün inkişafı üçün unikal bir mühit formalaşdırır. İntellektual oyunlar vasitəsilə təhsilalanlar musiqi əsərləri, bəstəkarlar və ifaçılarla birbaşa "dialoq"a daxil olurlar ki, bu da musiqinin dərindən qavranılmasına və interpretasiyasına şərait yaradır. Musiqi təhsilində oyun metodlarının tətbiqi tədris-idrak fəaliyyətinin aktivləşdirilməsinə, musiqi obrazlarının və musiqi qavrayışının çevikliyinin inkişafına xidmət edir. İntellektual oyunlar hətta dərs formatında pedaqoji prinsip və ya metodik vasitə kimi təqdim oluna bilər.
Məlumdur ki, bu gün hər bir müəllimin əsas məqsədi müasir cəmiyyətin tələblərinə cavab verən şəxsiyyət formalaşdırmaqdır. Məktəblilərlə aparılan fəaliyyətin əsas sahələrindən biri idrakı-koqnitiv bacarıqların artırılmasıdır. Məhz idrak prosesi uşaqların, yeniyetmələrin və gənclərin biliklər aləminə, möcüzəvi kəşflərə qapı açmasına imkan yaradır. Bu baxımdan, kitabın müəllif heyəti dərsdənkənar məşğələləri daha canlı, həvəsləndirici və effektiv etməkdə dəstək olacaq intellektual oyunlarla işləmək üçün aydın metodik və praktiki tövsiyələr təklif edir. Belə ki, uğura aparan yol, müəllimin hər bir oyunun mahiyyətini ilk növbədə özü tərəfindən anlamasından, daha sonra şagirdlərə diqqətlə və aydın şəkildə təqdim olunmasından, qaydaları məharətlə izah etməsindən, həmçinin hər bir uşağın dəstək və güvən hiss etdiyi əlverişli mühitin yaratmasından başlayır. Müəllimin arsenalında oyun, hər bir şagirdin şəxsiyyətinin və yaradıcılıq potensialının inkişafı üçün güclü pedaqoji vasitəyə çevrilə bilər.
Kitabın müəllifləri həmçinin də dərsdənkənar vaxtda intellektual oyun məşğələlərində uşaqların valideynlərlə fəal ünsiyyətini nəzərdə tutur, yaradıcılıq və şən ünsiyyət üçün platforma təklif olunur. Toplu valideynlər və uşaqlar üçün Üzeyir Hacıbəylinin zəngin irsini və onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında oynadığı əvəzsiz rolu birlikdə öyrənmək imkanı yaradır.
Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə müşayiət olunur. Nəşrdə təqdim edilən QR-kod vasitəsilə oxucular Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyə keçid etmək mümkündür. Rəqəmsal tədris vasitəsi olaraq təhsilalanlarda idrak motivasiyasının yüksəldilməsinə xidmət edən virtual muzeyin yaradılmasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzəyir Hacıbəylinin ev-muzeyinin, S.Mumtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin fondunda, habelə "Musiqi Dünyası" Elektron Nəşrlər Mərkəzinin arxivində olan fotomateriallardan istifadə olunmuşdur. Burada rəqəmsal şəkildə sərgilənən eksklüziv materiallar və eksponatlar mövzu üzrə bilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallara düzgün cavab tapmaq üçün geniş imkanlar yaradır.
30 oktyabr 2025-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində "Üzeyirin ecazkar dünyası" kitabının təqdimatında çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin sözlərini xatırlatmaq yerinə düşər: "Bu kitab dahi Üzeyir Hacıbəylinin zəngin irsinin gələcək nəsillərə çatdırmaq üçün möhtəşəm bir vasitədir. "Üzeyirin ecazkar dünyası" yalnız bir kitab deyil, bu milli musiqi irsimizi qoruyub saxlamaq, onu gələcək nəsillərə sevdirmək və Azərbaycan musiqi təhsilində interaktiv, rəqəmsal yanaşmaların tətbiqinə yol açmaqdır. Bu layihə müasir texnologiyanın köməyi ilə musiqi dünyasının ecazkar melodiyalarını bugünkü gənclərə çatdırır". Şübhəsiz ki, Üzeyir Hacıbəylinin irsinə həsr olunan topluda təqdim olunan asan, orta və çətin səviyyəli tematik intellektual tapmacalar, QR-kod çıxışlı virtual muzey gənclərdə musiqi sənətinə maraq oyada, əqli-intellektual inkişafa, habelə tədris proqram üzrə müxtəlif mövzuların mənimsənilməsinə, musiqi əsərlərinin növ və janrlarının, musiqi alətləri və musiqi terminlərinin yadda saxlanılmasına kömək edə bilər.
Yeganə ƏLİYEVA
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















