Voltersayağı postulat, pirotexnika inqilabı, yoxsa müharibəyə inteqrasiya?
Gürcüstan hökuməti isə öz xalqına etdiyi yaxşılığa görə... günahlandırılır.
Bilmirəm, oxucu bu yazını oxuyub bitirənə qədər, Gürcüstandakı hadisələr nə ilə bitəcək? Ümumiyyətlə, tezliklə, asanlıqla və başlıcası, xoşluqla bitəcəkmi?! Ancaq mən öz fikirıərimi bölüşmək istəyirəm. Tək Gürcüstan haqda və Gürcüstan üçün yox, ən əsası elə Gürcüstan üzərindən Azərbaycan üçün.
Müəllif Volter boyda idealist humanist olmasa da, bu sətirlər bir realist publisistin mülahizələri kimi bəlkə maraqlı ola bilər.
Bu ölkədə - bizimlə qonşu və dost bir məmləkətdə cəmiyyət qaynayır; minlərlə insan küçələrə axışıb, öz hökumətini devirməyə çalışır.
Əvvəl də yazdığımız kimi, Fransadan "siyasi desant" olaraq Gürcüstana atılmış prezident başda olmaqla minlərlə "yuyulmuş" beyin, qəzəblə doldurulmuş ürək küçələrə axır.
Nə üçün? Öz dövlətini sarsıtmaq üçün.
Xarici agenturanın təsiri altına düşmüş minlərlə adama elə gəlir ki, qanuni seçilmiş hökuməti devirib ağ günə çıxacaqlar.
Avropa ölkələrinə asan viza almaq naminə öz dövlətini dağıtmağa dəyərmi?! Əlbəttə, yox.
Volter həm də insan hüquqları müdafiəçisi idi. Ancaq onun da, bütün başqa dahi humanistlərin də möhkəm əqidəsinə görə, insan hətta öz hüququndan da üstündür.
İnsan haqları insandan və haqlarından ibarətdir, elə deyilmi?!
Ölkəsini Avropa İttifaqında görmək bir qism Gürcüstan insanının haqqıdır. Ancaq bu insanın həm də öz dövlətini qorumaq öhdəliyi də var axı. Dövlət də insanlar deməkdir. Dövlətin də milyonlarla insan olaraq özünüqoruma haqqı var, doğru deyilmi?! "Dövlət refleksi" deyə tanımlayaq. İstər iqtidar olsun, istər müxalifət, fərq etməz, reflektiv olaraq, bəlli həddə çatanda dövlət hissi siyasi maraqlara üstün gəlməlidir.
Hərçənd bu ölkədə çox qəribə bir vəziyyət yaranıb (daha doğrusu, yaradılıb). Nədir bu paradoksal durum?!
Deyim: Gürcüstanda iqtidar da, müxalifət də, yəni hökumət də, etirazçılar da əslində fərqli leksikada eyni şeyi deyirlər. Gürcüstan iqtidarı da ölkəsini Avropa İttifaqında görmək istəyir, müxalifəti də. Ancaq hökumət ölkə üçün 4 il vaxt götürüb, gərəkli hazırlıqlar görmək istəyir; Gürcüstanı elə bir səviyyəyə qaldırmaq istəyir ki, İttifaq onu onillərlə qapı arxasında gözlətməsin. Dərhal qəbul etməkdən başqa yolu qalmasın. Üstəlik hökumət istəyir ki, fasilə götürüb, Ukraynada, eləcə də, Ukrayna ətrafında baş verən və baş verəcək proseslərin məntiqi sonluğunu gözləsin.
İndi 2024-cü ildir. Bir ay iyirmi gündən sonra ABŞ-da Donald Tramp dövrü başlayır. Bu dövr 2028-ci ilə qədər, yəni ABŞ-da növbəti seçkilərədək - 4 il davam edəcək. Gürcüstan da özünə məhz bu qədər vaxt götürmək istəyir, görsün, ABŞ-ın yeni administrasiyasının siyasəti nədən ibarət olacaq?! Gürcüstana qarşı hansı siyasət olacaq? Rusiyaya, Çinə, elə Avropa İttifaqının özünə qarşı hansı xətti yeridiləcək?! Donald Tramp vəd etdiyi kimi, Ukraynada müharibəni dayandıracaqmı?! Necə dayandıracaq?! Bundan sonra Avropada təhlükəsizlik arxitektursı nədən ibarət olacaq?! Gürcüstan nə NATO-nun təhlükəsizlik çətiri altındadır, nə Rusiyanın. Yeni qurulan çoxqütblü dünyada ölkənin yeri harda olacaq?!
Eynilə Azərbaycanı da ilgiləndirən bu sualların heç birisinin cavabı yoxdur hələ ki.
Dünyanın, o cümlədən, elə həmin Avropa İttifaqının üzərinə elə bir qatı "duman" çöküb ki, bir addımdan uzağı görmək olmur. Belə bir qarışıq, bulanıq zamanda hökumət xalqa deyir ki, bir az aramla addımlamaq lazımdır, diqqətlə, ehtiyatla hərəkət etmək gərəkdir. Bir milyon iki yüz min vətəndaş da seçkidə bu hökumətə, bu yola səs verib. Ancaq bir neçə min adam - gürcü görünüşlü, Fransa mənşəli prezident başda olmaqla ödənişli müxalifət - radikal qruplar meydana çıxıb deyir ki, yox, ertələmək lazım deyil, gözləmək gərək deyil, elə indi, bu saat Avropa İttifaqına girməliyik, vəssəlam!
Bu qüvvələr heç özlərinə və öz xarici komandanlarına sual vermirlər: Avropa İttifaqı Gürcüstanı elə indi, bu saat, sabah, birisigün qəbul etməyə hazırdırmı?!
XXI əsrdə Avropada ilk müharibə Rusiya-Gürcüstan savaşı olub: 2008-ci il avqustun 1-dən 12-dək. Bu müharibə - Rusiyanın Gürcüstana müdaxiləsi və onun iki bölgəsini qoparıb alması Avropaya, bütün dünyaya mesaj idi. Moskva mesaj vermişdi ki, Avropa İttifaqının, xüsusilə, NATO-nun şərqə doğru genişlənməsinə, MDB məkanı ölkələrinə nüfuz etməsinə imkan verməyəcək. Rusiya postsovet ölkələrini özünün təsir zonası hesab edir, MDB üzvü olan ölkələri Baltik respublikalarının getdiyi yoldan çəkindirməyə çalışırdı. Haqlıdır, haqsızdır, bu, başqa söhbətin mövzusudur. Amma qərarlıdır, israrlıdır, özü də çox silahlıdır. Belə bir qorxulu reallıq var. Hər fürsətdə Moskva Qərbə diş göstərib və göstərməkdə davam edir. O başqa məsələdir ki, özü də zərbə alır.
Hər halda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi də Qərbə xəbərdarlıq idi; Moskva aydın və dəqiq mesaj verirdi ki, hətta müharibə yolu ilə olsa da, "öz təsir zonası" saydığı regionları əlindən verməyəcək. Bugünkü Ukrayna bunun ən bariz nümunəsidir; Rusiya deyir ki, dünya müharibəsinə səbəb olsa belə, Ukraynadan vaz keçməyəcək. Hətta nüvə müharibəsinə qədər gedib çıxsa belə.
Bax, bu cür aşkar qlobal hərbi qarşıdurma şəraitində Gürcüstan müxalifəti ölkəsini təhlükəli seçimə sürükləyir. Sistem mexalifəti və ya sistemdənkənar, fərqi yoxdur, özünü iqtidara opponent hesab edən xarici agentura şəbəkəsi bu kiçik Qafqaz respublikasını böyük güclərin savaşında tərəf tutmağa, nüvə qonşusu Rusiyaya qarşı müharibəyə sarı dartır. Nəticəsinin nə olacağını bilə-bilə, Ukraynadakı faciəli vəziyyəti görə-görə.
Bu, intihara bərabər bir davranışdır.
Şüar özlüyündə gözəl səslənir: Avropa ailəsinə qoşulmaq, Qərb dəyərləri-filan. Amma heç bu suala cavab axtaran yoxdur ki, Rusiya-Gürcüstan müharibəsindən keçən 16 il ərzində həmin Avropa ailəsi niyə Gürcüstanı öz "qoynuna almayıb"?! Eləcə də, niyə bu vaxta qədər Ukraynanı NATO-ya qəbul etmədilər?! Axı 20 ildir Kiyev: "Bizi NATO-ya qəbul edin, Rusiyadan qoruyun" deyirdi. Brüssel Gürcüstanı 16 ildir gözlədə bilir, amma özü 6 il gözləmək istəmir; öz təsir agenturasını hərəkətə gətirib, Gürcüstanda dövlətçiliyi laxladır. Daha bir paradoks da bu deyilmi?!
Əvvəldə dediyimiz kimi, Gürcüstan hökuməti Avropaya inteqrasiyadan əl çəkməyib. Bu, ölkənin Konstitusiyasında əksini tapmış strateji seçimdir. Məgər hökumət referendum keçirib, bu maddəni çıxarmaq istəyir?! Xeyr! Strateji deyil, taktiki qərar verir. Radikal qüvvələr, xarici təsir agentləri qəsdən aksentlərin yerini dəyişir, bilərəkdən rəngləri tündləşdirir. Gürcüstan rəsmilərinin dediyi kimi, olmayan bir şeyə etiraz edir.
Gürcüstanın, eləcə də, Azərbaycanın, bütün ölkələrin Konstitusiyaları, qanunları hər kəsə təhsil hüququ verir, elə deyilmi? Amma heç kəs dünyaya gələn kimi, yaxud, doğulandan bir-iki il sonra məktəbə getmir. Çünki təhsilə başlamaq, məktəbə getmək üçün müəyyən fiziki, fizioloji formalaşma, əqli gəlişmə, minimum emisional tarazlıq tələb olunur.
İndi kimsə durub deyə bilərmi ki, yeni doğulmuş, yaxud 1-2 yaşlı uşaq niyə məktəbə getmir?! "Ata-ana 6 yaşı tamam olmamış övladını məktəbə göndərməməklə öz uşağının Konstitusion haqqını pozur" deyə bir iddiada buluna bilərik?! Yaxud niyə o məktəbə yox, o biri məktəbə göndərir deyə günahlandırmaq doğrudurmu?! Xeyr! Bu, absurd olar.
Uşağına təhsil vermək strateji məqsəddir, amma hansı yaşda, hansı məktəbə qoymaq, bu, artıq taktiki qərardır. Həm də təkcə bir tərəfdən asılı olmayan taktiki qərar.
Gürcüstanı Avropa İttifaqına qəbul etmək Avropa İttifaqının strateji qərarıdır. Amma nə vaxt qəbul edəcək? Hansı şərtlərlə? Bu, artıq taktiki məsələlərdir. Elə Gürcüstana namizəd ölkə statusu verilməsi də məlum strategiya daxilində qəbul olunmuş taktiki qərardır.
Gürcüstan müxalifəti 2004-cü ilin yanvarından -məşhur "Qızılgül inqilabı"nın qələbəsindən keçən bu 24 ildən çox vaxtda (iki aydan sonra 25 il olacaq) - bir qərinəlik müddətdə Avropa Birliyinin taktiki oyunlarına dözüb, durub, amma öz hökumətinin obyektiv reallıqlara əsaslanan taktiki qərarına kütləvi dözümsüzlük göstərir. Yenə də paradoksal vəziyyət!
Azərbaycanda da səhər yuxudan oyanan hər Qərbpərəstin dilində bir ittiham var: hökumət Avropaya inteqrasiya kursundan imtina edib və sair və ilaxır.
Nəinki Gürcüstan, elə Azərbaycan özü də Avropaya inteqrasiyadan, Avroatlantika məkanından - öz strateji xəttindən imtina etməyib. Bu yaxınlarda Azərbaycanın NATO-nün "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmasının 30 illiyi qeyd olundu. ABŞ, NATO buna görə Azərbaycanı təbrik edir, razılıq edir. Eləcə də, Azərbaycan Avropa Şurasının, ATƏT-in üzvüdür. AŞPA-nın məlum qərarına baxmayaraq, Azərbaycan hələ ki Avropa Şurasında üzvlükdən imtina etməyib. Eyni zamanda ATƏT-in keçmiş Minsk Qrupu həmsərdlərinin Azərbaycana qarşı 28 il davamlı haqsızlıq etməsinə baxmayaraq, rəsmi Bakı ATƏT-dən çıxmayıb ki. Çünki Avropa Şurası yalnız AŞPA-dan ibarət olmadığı kimi, bütövlükdə ATƏT-ə münasibət də artıq keçmiş bir strukturuna görə formalaşmayıb.
Avropa İttifaqına gəlincə, rəsmi Bakı bu quruma üzvlük üçün müraciət etmir, çünki Azərbaycan heç vaxt bu quruma qəbul olunmayacağını bilir. Aİ, faktik olaraq,"xristian klubu" kimi formalaşmış bir strukturdur və hər hansı müsəlman ölkəsini bu klub öz sıralarında görmək istəmir. Türkiyə buna misaldır. Hətta xristian və müsəlman olmayan İsrail kimi ölkə belə Avropa İttifaqının üzvü deyil. Ancaq İsrailin istər Aİ ilə, istər NATO ilə tərəfdaşlığı var.
Deməli, Avroatlantika məkanına inteqrasiyanın müxtəlif qradasiyaları, səviyyələri var və bunu Azərbaycan deyil, Avroatlantika məkanına daxil olan ölkələr özləri müəyyənləşdirib. Həm də konsensusla.
Lap elə fərz edək ki, Azərbaycan Aİ-yə üzvlüyə dair bütün şərtləri qəbul edib, tam yerinə yetirdi (bu şərtlərin bir qisminin tamamilə qəbuledilməz olduğunu hələ bir kənara qoyuram). Yəni tutaq ki, Azərbaycan Aİ üzvlüyünə tam cavab verir. Sizcə, Fransa, yaxud Niderland buna konsensus verər?! Hələ Yunanıstanı, yunan Kiprini demirəm. Bu halda Aİ-yə müraciət edərək, Brüssel bürokratiyasına diktat qapılarını taybatay açmağa, Avropa kəşfiyyatlarına müstəqil ölkənin içində öz leqal dağıdıcı təsir agenturasını qurmaq imkanı verməyə dəyərmi?! Xeyr!
Amma Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Mümkün oldu, ya olmadı, lazım oldu, ya olmadı, mütləq harasa daxil olmağa çalışmaq lazımdır?! Kiminlə siyasətdə mümkün olursa, siyasi tərəfdaşlıq edirsən, kiminlə ticarətdə mümkün olursa, ticari tərəfdaşlıq edirsən. Hamının hamı ilə dost olduğu, hamının hamı ilə müttəfiq olduğu bir dünya yoxdur axı. Avropa da istisna deyil, Azərbaycan da.
Avropada elə dövlətlər var, Avropa İttifaqına üzv olmayıb, NATO-ya üzv olmayıb. Məsələn, İsveçrə Avropa İttifaqının və NATO-nun üzvü deyil. Avstriya NATO üzvü deyil.
Məgər ölkələrin inkişafı mütləq Avropa İttifaqına tamhüquqlu üzvlükdən asılıdır?! Məgər öz təhlükəsizliyini təmin etmək üçün ölkənin mütləq NATO üzvü olması lazımdır?! Xeyr!
Misal üçün, 2014-cü ilədək Ukrayna sabit, bütöv, inkişaf yoluna çıxmış bir ölkə idi. Avropanın ən nadir təbii metal növlərinə sahib - müxtəlif hesablamalara görə, 2 trilyon ABŞ dollarından 7 trilyon ABŞ dollarına qədər dəyərdə sərvətə sahib, dünyanın ən çox qara torpaqlarına sahib ölkə, inkişaf etməkdə olan ölkələrin 50 faizini qida məhsulları ilə təmin etməyə qadir bir məmləkət indi nə hala salınıb, görürsünüz.
Bir vaxtlar "Maydan"a çıxıb, "Avropaya inteqrasiya!", "NATO! NATO!" deyə qışqıran Ukraynalı cavanlar indi Rusiya ilə müharibədə hər gün yüz, iki yüz, beş yüz... sayda həlak olur, şikəst olur, əsir düşür, əsirlikdə edam olunur. Avropa İttifaqına, NATO-ya tamhüquqlu üzv olmaq vədi ilə aldadılan Ukraynalılar bu gün Avropa küçələrində hüquqsuz, əsir-yesir, bir qarın çörəyə möhtac durumda səfil-sərgərdan dolaşırlar. İndi Gürcüstan müxalifəti də ölkəni o yola sürükləyir. Gürcüstan diplomatlarının, Qərb ölkələrindəki səfirlərin istefası, hökumətə etirazı isə tam bir sürrealizmdir.
Heç kim bilməsə də, o diplomatlar vəzifə gərəyi bilirlər, yaxud bilməlidirlər ki, hazırda Gürcüstanı kim və nə məqsədlə qarışdırır?! Hələ hərbçilər! Anlamırlar ki, xarici təsir agenturası qalib gəlsə, rus toplarının qabağına birinci elə bu gürcü hərbçilər atılacaq.
İndiki etirazları Gürcüstan müxalifətçiləri "fişəng inqilabı" adlandırırlar. Maraqlı orasıdır ki, bu cür "siyasi pirotexnika" həvəskarları sabah Rusiyanın zirehli hücum texnikasına rast gəlsələr, nə qədər duruş gətirə biləcəklər?!
Qrant müxalifətinə dəstək verənlər anlamırlar ki, bu inqilab cəhdləri uğur qazansa, Gürcüstan Qərbə deyil, Qərb-Rusiya müharibəsinə "inteqrasiya" olunacaq. O halda nəinki indiki hökumət, heç indiki müxalifət deyə bir şey də qalmayacaq. Əgər o da hələ dövlət qalacaqsa.
Avropa İttifaqı ölkələrində, hətta Almaniyada, Danimarkada, Fransanın özündə, eləcə də, başqa Avropa dövlətlərində hava hücumundan sığınacaqlar hazırlanır, vətəndaşlara müharibə dövrünə hazırlıq təlimləri keçilir, əhali Rusiya ilə savaş təhlükəsinə qarşı təlimatlandırılır. Məgər Gürcüstan müxalifəti bunları görmür?!
Yəni anlamaq bu qədər çətindir ki, Gürcüstandakı etirazçı qüvvələr Avropaya doğru getməyə hazırlaşdığı halda, Avropa özü müharibəyə hazırlaşır?! Anlamaq çətindirsə, sadəcə, öz hökumətini dinləmək gərəkdir, Qərbin Tiflisdəki fövqəladə və ədalətsiz səfirlərini deyil..
Bax, elə həmin o dahi Avropalı Fransua-Mari Aruenin, yəni Volterin sitat gətirdiyim fikrini formaca dəyişsəm, belə bir gerçək alınacaq: öz ölkənə etmədiyin yaxşılıqlara görə də günahkarsan, etdiyin pisliklərə görə də. Bu gün ölkənə etmədiyin pisliklər elə özünün özünə ən böyük yaxşılığın olar...
Bahəddin Həzi, bizimyol.info