Icma.az
close
up
RU
Xəyanət cəmiyyətimizi məhv edir...

Xəyanət cəmiyyətimizi məhv edir...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Son günlər aparıcı Ada Süleyman və gənc bir adamın avtomobil qəzasında həyatlarını itirməsinə ictimai reaksiyalar məni çox düşündürür. Ölüm hər şeydən əvvəl faciədir. Kiminsə ölümünü günahının cəzası kimi təqdim etmək, şəxsi həyatı barədə təsdiqlənməmiş iddialardan hökm çıxarmaq doğru deyil. Amma bu hadisə ətrafında yaranan müzakirələr bizi çoxdan üzləşməli olduğumuz bir suala qaytarır: Azərbaycanda mənəvi mühit niyə bu vəziyyətə düşüb?

Niyə burada baş verən faciə, iki gəncin həyatını itirməsi, talelərin yarımçıq qalmasına deyil, dərhal “xəyanət” iddiaları müzakirəyə çıxarılır.

Çünki hər kəs hadisəyə öz dünyagörüşündən, öz pəncərəsindən, öz aləmindən baxır.

Çünki və min təəssüf ki, bizim dünyagörüş, həyat pəncərəmiz, aləmimiz və ətrafımız xəyanətlərlə, gizli eşqlərlə dolub-daşır.

Çünki bizim düşüncəmiz buna kilidlənib!

Onlarla ailə tanıyıram - eyni ağrını yaşayan, eyni xəyanətlə üzləşən.

İllərlə bir yastığa baş qoyduğu insanın əslində tamam başqa həyat yaşadığını öyrənən qadınlar tanıyıram. Bir günün içində bütün keçmişi, xatirələri, sevgisi, inamı alt-üst olan insanlar…

Və hər dəfə eyni sualı verirəm: Niyə?

Niyə bəzi kişilər xəyanəti özlərinə verilmiş imtiyaz hesab edirlər? Niyə bəzi qadınlar başqa bir qadının ailəsinə daxil olmağı, gizli münasibəti, kiminsə həyat yoldaşının diqqətini qazanmağı özlərinə uğur sayırlar?

Sədaqət, güvən, qarşılıqlı hörmət, vicdan, sevgi… Hara yox olub bütün bunlar? Necə yox olub?

Məncə, problemin kökü çox dərindir.

Biz oğlan uşaqlarına kiçik yaşlarından təhlükəli bir düşüncə aşılayırıq: “Kişi hər şey edə bilər”; “Kişinin səhvi bağışlanar”, “Kişinin xəyanəti təbiidir”, “Kişi evinə baxırsa, ailəsini dolandırırsa, kənarda nə etməsinin əhəmiyyəti yoxdur”...

Qızlarımıza isə səbir etməyi, susmağı, ailəni qorumağı, bağışlamağı öyrədirik.

Nəticədə nə baş verir?

Bir tərəfdə özünü toxunulmaz hesab edən kişilər yetişir. Digər tərəfdə isə xəyanət qarşısında susmağa məcbur edilən qadınlar.

Niyə bu ölkədə kişilər də eyni mənəvi meyarlarla mühakimə olunmur?

Niyə qadının bir səhvi bütün həyatına damğa vurur, kişinin davamlı xəyanətinə isə “kişidir də” deyib keçirik?

Niyə oğullarımıza qadına hörmət etməyi öyrətmək əvəzinə, qadınlarımıza kişinin hörmətsizliyinə dözməyi öyrədirik?

Bəlkə problemi elə burada axtaraq?

Xəyanət sadəcə, iki insan arasında baş verən hadisə deyil. Xəyanət bir insanın özünə, dünyaya, insanlara olan inamını sarsıdan ağır mənəvi travmadır.

Bəzən insan xəyanəti bağışlaya bilir, amma unuda bilmir. Bəzən ailə dağılmır, amma o ailənin içindəki sevgi, etibar, güvən, doğmalıq ölür.

Bəzən qadın ərini itirmir, amma onunla birgə yaşadığı ömrün həqiqət olduğuna inamını itirir...

Çünki xəyanət yalnız bu günü məhv etmir, keçmişi də şübhə altına alır. İnsan öz xatirələrindən belə şübhələnməyə başlayır. Bir vaxtlar xoşbəxt olduğu günləri xatırlayanda düşünür: görəsən, o zaman da aldadılırdım?..

Təsəvvür edirsinizmi, bu necə ağır hissdir?

Bir insanın həyatından illəri oğurlamaq, onun sevgisini, sədaqətini, etibarını istismar etmək hansı vicdana sığır?

Əgər sevmirsinizsə, deyin!

Əgər münasibət bitibsə, etiraf edin!

Əgər başqa birini seçmisinizsə, əvvəlcə mövcud münasibətinizi dürüst şəkildə sonlandırın!

Amma bir insanı yalanın içində yaşatmayın.

Onun həyatını öz rahatlığınızın, ehtirasınızın, eqonuzun girovuna çevirməyin.

Ən dəhşətlisi odur ki, xəyanət edənlərin bir qismi özlərini günahkar belə hiss etmirlər. Onlar üçün problem xəyanət etmək deyil, xəyanətin üzə çıxmasıdır...

İfşa olunmayınca hər şey qaydasındadır. Ailə var, övladlar var, cəmiyyət qarşısında “hörmətli insan” obrazı var. Bir də bütün bunların arxasında gizlədilən başqa bir həyat…

Bu, sadəcə sədaqətsizlik deyil. Bu, həm də mənəvi məsuliyyətsizlikdir, ləyaqətsizlikdir.

Bir vacib məsələyə də toxunmaq istəyirəm: Bu gün Tiktok, İnstaqram və digər sosial platformalarda intim xidmət təklif edən, açıq seksual məzmunla müştəri cəlb etməyə çalışan səhifələrə rast gəlmək çətin deyil. Bəzən bunlar heç gizlədilmir də. Açıq təkliflər, əlaqə nömrələri, qiymətlər, ünvanlar…

Sanki söhbət adi bir kommersiya fəaliyyətindən gedir.

Və soruşmaq istəyirəm: Bu ölkənin müvafiq dövlət qurumları, hüquq-mühafizə orqanları bütün bunları görürmü? İzləyirmi? Qarşısını almaq üçün nə edir?

Yoxsa bu da "azadlıq" anlayışının içərisinə daxil edilib?

Azadlıq nə vaxtdan qanunsuz fəaliyyətin toxunulmazlığı deməkdir?

Burada məsələ insanların şəxsi həyatına müdaxilə etmək deyil. Heç kimin yataq otağını təftiş etməkdən söhbət getmir. Söhbət ictimai məkanda, hər kəsin, o cümlədən yeniyetmələrin qarşısına çıxa bilən açıq təkliflərdən, qanunsuz reklamdan, mümkün istismar və insan alveri risklərindən gedir.

Üstəlik, Azərbaycan qanunvericiliyində bununla bağlı konkret normalar var.

İnzibati Xətalar Məcəlləsinin 524.2-ci maddəsi internet vasitəsilə fahişəliklə məşğul olmağa açıq çağırışlara və bununla bağlı kütləvi nümayiş etdirilən sövdələşmələrə görə cərimələr nəzərdə tutur.

Cinayət Məcəlləsinin 242-ci maddəsi pornoqrafik materialların qanunsuz hazırlanması, yayılması və reklamına görə cinayət məsuliyyəti müəyyən edir. Fahişəliyə cəlbetmə və istismar xarakterli əməllər üçün də ayrıca cinayət-hüquqi normalar mövcuddur.

Deməli, məsələ qanunun olmamasında deyil.

Məsələ bu qanunların necə tətbiq edilməsində, pozuntuların necə aşkarlanmasında və ictimaiyyətin bu barədə nə qədər məlumatlandırılmasındadır.

Maraqlıdır: Sosial şəbəkələrdə belə fəaliyyətlə bağlı neçə fakt aşkarlanıb? Neçə inzibati və cinayət işi üzrə tədbir görülüb? Platformalarla hansı əməkdaşlıq mexanizmləri mövcuddur? Azyaşlıların belə məzmunlardan qorunması üçün nə edilir?..

Bu sualların cavabını cəmiyyət bilməlidir.

Amma bir həqiqəti də unutmayaq: mənəvi mühiti yalnız polis tədbirləri ilə sağlamlaşdırmaq mümkün deyil.

Cəmiyyətin mənəviyyatını təkcə qanun qorumur. Onu ailə, məktəb, təhsil, mədəniyyət, ictimai qınaq, şəxsi nümunə qoruyur.

Bəs biz nə etməliyik?

Əvvəlcə ikili əxlaq standartlarından imtina etməliyik. Oğlunun xəyanətinə göz yuman, qızının isə ən kiçik səhvini bağışlamayan düşüncədən xilas olmalıyıq.

Məktəblərdə uşaqlara yalnız bilik deyil, münasibət mədəniyyəti, şəxsi məsuliyyət, insan ləyaqəti, qarşılıqlı hörmət, rəqəmsal təhlükəsizlik də öyrədilməlidir.

Valideynlər övladlarının internetdə hansı məzmunla qarşılaşdıqlarına diqqət yetirməlidirlər. Sosial platformalar qanunsuz təklifləri operativ araşdırmalı, istifadəçilər isə belə səhifələri şikayət etməlidirlər.

Media da öz məsuliyyətini anlamalıdır. Xəyanəti əyləncəyə, ailə faciəsini reytinqə, insan ləyaqətini ucuz sensasiyaya çevirmək olmaz.

Bir də cəmiyyət olaraq özümüzdən soruşmalıyıq: Biz nəyi alqışlayırıq? Kimi məşhurlaşdırırıq? Hansı davranışları nümunəyə çeviririk?

Əgər milyonlarla baxış toplayan məzmunun əsasını ucuz qalmaqallar, intim həyatın nümayişi, xəyanətin romantikləşdirilməsi təşkil edirsə, bunun gənclərin dəyər dünyasına təsir etməyəcəyini necə düşünə bilərik?

Mən senzuranın, insanların şəxsi həyatının izlənməsinin tərəfdarı deyiləm. Amma qanunun işləməsinin, uşaqların qorunmasının, ictimai məsuliyyətin tərəfdarıyam.

Mənəvi mühiti təmizləmək insanları təqib etmək deyil. Cəmiyyətin vicdanını oyatmaqdır.

Biz xəyanəti normallaşdırmaqdan imtina etməliyik. Qadın üçün də, kişi üçün də eyni mənəvi ölçülər olmalıdır. Sədaqət cinsiyyət məsələsi deyil. Vicdanın, xarakterin, insanlığın məsələsidir.

Ailəni yalnız qadın qorumalı deyil. Ailə iki insanın məsuliyyətidir. Onu bir nəfər dağıdıb, digərindən dağıntıların altında yaşamağı tələb edə bilməz.

Bəlli kişilərə də sualım var: Niyə yaşadırsınız bunu doğmalarınıza? Sizə inanan, sizinlə ömür bölüşən, övladlarınızı böyüdən, ən çətin günlərinizdə yanınızda olan insanlara niyə bu qədər ağır zərbə vurursunuz?

Niyə bir anlıq həvəs, gizli münasibət, özünüzü təsdiqləmək ehtiyacı naminə bir insanın bütün mənəvi dünyasını dağıtmağı gözə alırsınız?

Bəlkə, artıq oğullarımıza “kişisən, sənə olar” deməyi dayandıraq?..

Bəlkə, onlara əsl kişiliyin neçə qadınla münasibət qurmaqda deyil, bir insana verdiyi sözün arxasında dayanmaqda olduğunu öyrədək?..

Bəlkə qızlarımıza da hər xəyanəti bağışlamağın fəzilət olmadığını, öz ləyaqətlərini qorumağın da bir dəyər olduğunu anladaq?..

Çünki cəmiyyətin mənəvi böhranı birdən-birə yaranmır. O, ailədə başlayır... Tərbiyədə başlayır... Göz yumduğumuz yalanlarda, haqq qazandırdığımız xəyanətlərdə, susaraq qəbul etdiyimiz ədalətsizliklərdə başlayır...

Xəyanət edən insan bəzən ailəsini itirmir. Amma ona ürəkdən inanan bir insanı həmişəlik itirə bilər. Eyni evdə yaşasalar belə…

Və sonda…

Hətta dünyasını dəyişənlərin timsalında belə cəmiyyət “humanistlik” nümayiş etdirmir, sərhəd qorumur, ittiham edir, “xəyanət” axtarır, “İlahi ədalət” “tapır”, cəza kəsir...

Çünki xəyanət anlayışı təkcə ictimai şüura deyil, həm də mənəviyyata, yalnız fiziki həyata deyil, təhtəlşüura da təsir edib!

Xəyanat – mənəvi anlamda virus kimi bütün cəmiyyəti sarıb və hər şeyə baxış artıq bu prizmadan, bu pəncərədəndir.

Və nə qədər ki “kişiyə olar” yanaşması davam edəcək, bu virusdan cəmiyyət sağalmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri