Icma.az
close
up
RU
Xəzər quruyur: 15 milyon insan köç edə bilər!

Xəzər quruyur: 15 milyon insan köç edə bilər!

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəzər dənizi yüzlərlə endemik və köçəri növə ev sahibliyi etməklə yanaşı, milyonlarla insanın həyatını təmin edən ekosistem xidmətləri göstərir.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, qlobal istiləşmə nəticəsində 2100-cü ilə qədər burada suyun səviyyəsinin 21 metrədək azalacağı proqnozlaşdırılır. Tədqiqatlar göstərir ki, suyun səviyyəsinin 5-10 metr azalması belə əsas ekosistemlərə ciddi zərbə vuracaq, mövcud dəniz mühafizə ərazilərinin əhatə dairəsini 94 faizədək azaldacaq və milyardlarla dollar dəyərində mülki və sənaye infrastrukturunu istifadəyə yararsız vəziyyətə sala bilər.

Xəzər dənizinin dərinliyi və səth sahəsi tarix boyu dəyişib. Ötən dövrlərdə 90 metrədək enmələr, 50 metrədək yüksəlmələr qeydə alınıb. XX əsrin əvvəllərində Xəzər dənizinin səviyyəsi qlobal orta dəniz səviyyəsindən təxminən 25,8 metr aşağı olub. Daha sonra səviyyə 2 metr azalıb, 1950-1960-cı illərdə sabitləşib, 1970-1977-ci illər arasında isə sürətlə enərək son 100 ilin ən aşağı göstəricisinə - mənfi 29 metrə çatıb. Bundan sonra su səviyyəsi 1995-ci ilə qədər yüksələrək mənfi 26,5 metrə çatıb, daha sonra isə yenidən təxminən 2 metr azalıb. XX əsrdə müşahidə olunan bu dəyişikliklər su axınının həcminə (təbii amillər və insan fəaliyyəti nəticəsində), yağıntılara və buxarlanma ilə balansına təsir edən amillərlə əlaqələndirilir. Hazırda müşahidə olunan azalma tendensiyası qlobal istiləşmənin yağıntıların azalmasına, dəniz səthinin temperaturunun və buxarlanmanın kəskin artmasına səbəb olması ilə bağlıdır.

2002-2015-ci illərdə Xəzərin səviyyəsi ildə orta hesabla 6,07 ± 0,26 santimetr azalıb. Bu, qlobal dəniz səviyyəsinin yüksəlmə sürətindən 20 dəfə çox olan mənfi göstəricidir. 2020-ci ildən bəri isə ildə 30 santimetrədək azalma qeydə alınıb. Əvvəlki modelləşdirmə tədqiqatlarında iqlim dəyişikliyi nəticəsində 2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsinin təxminən 5 metr azalacağı proqnozlaşdırılırdı. Amma yeni proqnozlar orta və yüksək emissiya ssenariləri əsasında əsrin sonuna qədər su səviyyəsinin 9-21 metr azalacağını göstərir.

Xəzər dənizi Mərkəzi Asiya və Avropanın biomüxtəlifliyi baxımından böyük əhəmiyyət daşıyır. Burada 300-dən çox endemik onurğasız növ, 76 endemik balıq növü və yalnız burada yaşayan Xəzər suitisi mövcuddur.

Sahil əraziləri su və köçəri quşların qlobal miqyasda əhəmiyyətli populyasiyaları üçün yaşayış mühiti təmin edir. Avropa, Asiya və Cənubi Afrikanı birləşdirən əsas köç yolları da bu ərazilərdən keçir.

Xəzər dənizi yaşayış mühitlərinin məhv edilməsi, çirklənmə, invaziv növlərin yayılması və təbii ehtiyatların həddindən artıq istismarı kimi antropogen təsirlərə və təzyiqlərə məruz qalıb. Bunun nəticəsində yerli fauna növlərinin nəsli kəsilib və ya öz yaşayış ərazilərindən sıxışdırılıb çıxarılıb, kommersiya balıqçılığı tənəzzülə uğrayıb və Xəzər suitilərinin populyasiyası kəskin azalıb.

Xəzər dənizinin səviyyəsinin azalması artıq ciddi təsirlərə məruz qalmış ekosistemləri daha böyük təhlükə altına qoyur. Bu proses xüsusilə şimal hövzəsində Xəzər suitilərinin çoxalması üçün vacib olan qış buz örtüyü ilə bağlı yaşayış mühitini təhdid edir. Həmçinin regional iqlimin sabitliyinə təsir göstərir.

Xəzər dənizinin sahillərində 15 milyondan çox insan yaşayır. Dəniz səviyyəsinin proqnozlaşdırılan azalması ciddi iqtisadi-sosial nəticələr doğura bilər. Gəmiçilik marşrutları, mülki və sənaye infrastrukturu, o cümlədən limanlar və karbohidrogen hasilatı obyektləri istifadəyə yararsız hala düşə və ya iqtisadi baxımdan səmərəsiz ola, sənaye və ənənəvi balıqçılıq da ciddi şəkildə pozula bilər. Aral dənizində olduğu kimi, Xəzərin quruması nəticəsində çirkləndirici maddələrlə zəngin çöküntülərin üzə çıxması və onların toz şəklində havaya yayılması insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Dənizin səviyyəsindəki dəyişikliklərin cəmiyyətlər üçün mənfi nəticələri əvvəllər də qeydə alınıb. Amma bu təhlükələr mövcud siyasət və məkan əsaslı mühafizə planlaşdırmasında hələ də lazımi səviyyədə nəzərə alınmır.

Son araşdırmalara görə, 2001-ci ildən bəri Xəzər dənizinin şimal-şərq hissəsində sahil xətti 56 kilometrdən çox geri çəkilib. Əvvəllər ekoloji əhəmiyyətli ərazilər kimi müəyyən edilmiş sahələrin bir hissəsi artıq quruyub, nəticədə mühüm yaşayış mühitləri itirilib.

Batimetrik xəritələşdirmə əsaslı proqnozlar göstərir ki, aşağı və orta emissiya ssenariləri üçün gözlənilən 5-10 metrlik azalma əsas ekosistemləri ciddi şəkildə pozacaq, mövcud mühafizə ərazilərinin əhatə dairəsini 94 faizədək azaldacaq və milyardlarla dollar dəyərində mülki-sənaye infrastrukturunu istifadəyə yararsız vəziyyətə sala bilər.

Elm adamları çıxış yolu üçün ənənəvi, sabit mühafizə planlaşdırmasının əvəzinə qorunan ərazilərin dəyişən ekosistemlərlə birlikdə yerdəyişməyə imkan verən qabaqlayıcı və dinamik yanaşmanın tətbiqini tövsiyə edirlər. Hesab edilir ki, bu, Xəzər dənizinin endemik biomüxtəlifliyinin baş verən dəyişikliklərə uyğunlaşmasına kömək edəcək və insan fəaliyyətinin qorunmasına yönəlmiş təsirlərin azaldılması tədbirləri ilə yarana biləcək ziddiyyətlərin qarşısını almağa imkan verəcək.

Xəzər dənizinin şimal-şərq hissəsi son dərəcə dayaz batimetriyaya malik ərazidir. Burada suyun dərinliyi, adətən, 1 metrdən az olur. Ərazi geniş qamışlıqlar, qum tirələri, palçıqlı dayazlıqlar və su kanallarından ibarətdir. Ərazi su və köçəri quşlar üçün mühüm yaşayış mühiti, balıqların kürütökmə sahəsi, eləcə də suitilərin tükdəyişmə və istirahət məkanı kimi böyük əhəmiyyət daşıyır.

Bura BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası çərçivəsində rəsmi olaraq “Ekoloji və Bioloji Baxımdan Əhəmiyyətli Ərazi” (EBSA) kimi tanınan sahə də daxildir. Xəzərin ən dayaz ərazilərindən biri olduğu üçün bu bölgə su səviyyəsindəki dəyişikliklərə qarşı ən həssas yerlərdən biridir. 2001-2022-ci illər arasında burada sahil xətti ən azı 37,25 km geri çəkilib. Son dörd ildə bu, daha da sürətlənib. Su ilə örtülmüş ərazi ümumilikdə 46 faiz azalıb və cəmi 8183 km² su sahəsi qalıb. 2001-ci illə müqayisədə sahil xəttinin ümumi geri çəkilməsi isə 56,17 km təşkil edib.

2024-cü ilə qədər suitilərin yaz aylarında tükdəyişməsi üçün mühüm ərazi kimi tanınan Komsomol körfəzinin EBSA sərhədləri daxilindəki sahənin böyük hissəsi quruyub. Nəticədə suitilər tükdəyişmə üçün adalara artıq çata bilmirlər. Son illərdə aparılmış hava müşahidələri və sahə tədqiqatları göstərir ki, tükdəyişən suitilər şimalda yeni yaranmış adalara köçüblər. Amma həmin ərazilərdə suitilərin sıxlığı Komsomol körfəzində müşahidə edilən göstəricilərdən daha aşağıdır.

Səviyyənin sürətlə enməsi Şimali Xəzər hövzəsinin sahillərində su ilə örtülmüş ərazinin əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olur. Hesablamalara görə, su səviyyəsinin 5 metr azalması nəticəsində hazırda su altında olan təxminən 77 000 km² ərazi quruya çevriləcək. Bu, Xəzərin indiki ümumi sahəsinin təxminən 20 faizinə bərabərdir. Ən çox təsirlənən ərazilər Şimali Xəzər hövzəsi, Qara-Boğaz-Göl körfəzi və Türkmənistan sahilləridir.

Nəzərdən keçirilən ən ekstremal azalma ssenarisi - 18 metr azalma şəraitində su ilə örtülmüş 143 000 km²-dək ərazi səhraya çevrilə bilər. Bu, Xəzərin hazırkı sahəsi ilə müqayisədə 37 faiz itki deməkdir. Su azaldıqca əksər ekoregionlar və ekoloji əhəmiyyəti tanınmış bütün ərazi kateqoriyalarının (EBSAs və Mühüm Dəniz Məməliləri Əraziləri (IMMAs) dəniz sahəsi üzrə əhatə dairəsi getdikcə azalacaq, yəni bu ərazilərin bir hissəsi quruya çevriləcək. Cəmi 5 metrlik azalma şəraitində 15 EBSA-dan 7-sinin əhatə dairəsi 50 faizdən çox azalacaq, 4 ərazi isə tamamilə quruyacaq. Üç IMMA-dan ikisi üçün də oxşar nəticələr gözlənilir. Ekoregionlar arasında Şimali Xəzərdəki 5 ərazidən 3-nün sahəsi su səviyyəsinin 5 metr azalması şəraitində 80 faizdən çox kiçiləcək. Suyun 10 metr azalması zamanı 5 EBSA və 4 ekoregion tamamilə yox olacaq. IMMAs üzrə isə əhatə dairəsinin azalması 25 faizdən 80 faizədək dəyişəcək.

Ölkələr üzrə 10 metrlik azalma ssenarisində qalan EBSA əhatə dairəsi Rusiya üçün 0,57 faiz, İran üçün isə 72,5 faiz təşkil edəcək. Bununla belə, İranın EBSA ərazilərinin mütləq sahəsi onsuz da azdır.

Batimetriya proqnozlarımız göstərir ki, su səviyyəsinin 2,5-5 metr azalması Xəzər suitilərinin istifadə etdikləri onlar üçün əlçatmaz edəcək. Dənizin geri çəkilməsi nəticəsində suitilərin sahilə çıxma və dincəlmə yerlərindən istifadə qaydasında dəyişikliklər artıq Xəzərin şimal-şərq hissəsində müşahidə olunur. Şimali Xəzərdə suitilərin hazırkı çoxalma ərazisi dəniz səviyyəsinin azalmasına qarşı son dərəcə həssasdır. Çoxalma üçün əhəmiyyətli IMMA ərazisinin su və qış buz örtüyü ilə əhatə olunan, suitilər üçün əlçatan olan hissəsi cəmi 5 metrlik azalma nəticəsində təxminən 57 faiz azala bilər. Ancaq Şimali Xəzərin daha dərin subhövzəsi quru maneəsi vasitəsilə Xəzər dənizinin əsas hissəsindən təcrid olunarsa, bu azalma 81 faizə çata bilər.

Xəzər nərə balığı növlərinin yay-payız aylarında məskunlaşdığı ərazilər də əsasən dayaz su sahələri ilə üst-üstə düşür. Su səviyyəsinin 5 metr azalması bu ərazilərin təxminən 25 faizinin, 10 metr azalma isə təxminən 45 faizinin itirilməsinə səbəb ola bilər. Nərələrin qış-yaz aylarında istifadə etdiyi ərazilər dayaz su sahələrindən o qədər də asılı deyil. Buna görə də Xəzərin səviyyəsinin 10 metr azalması zamanı həmin ərazilərin təxminən 5 faizinin itiriləcəyi gözlənilir.

Dünya Qorunan Ərazilər Məlumat Bazasının (WDPA) Xəzər regionuna dair informasiyaları əsasında irəli sürülən proqnozlara görə, WDPA-da qeydiyyata alınmış dəniz mühafizə ərazilərindən yalnız biri istisna olmaqla, qalanlarının hamısı su səviyyəsinin 5 metr azalması zamanı əhatə dairəsinin 50 faizdən çoxunu itirəcək, 16 qoruqdan 11-i isə tamamilə quruya çevriləcək. Su səviyyəsinin 10 metr və daha çox azalması hazırkı mühafizə ərazilərinin əksəriyyətində dəniz sahəsinin tamamilə yox olmasına səbəb olacaq.

Hazırda Xəzərdəki mühafizə ərazilərinin ümumi əhatə dairəsi dənizin səth sahəsinin 16,8 faizini təşkil edir. 5 metrlik azalma bu göstəricini 7, 10 metr azalma isə 1 faizə endirəcək. Ölkələr üzrə 10 metrlik azalma ssenarisində qalan dəniz mühafizə ərazilərinin əhatə dairəsi Qazaxıstan istisna olmaqla, bütün ölkələrdə 0,2 faizdən az olacaq. Qazaxıstanda bu göstərici 5,16 faiz təşkil edəcək. Qazaxıstan “Şimali Xəzər dənizi Dövlət Təbiət Qoruğu Zonası”nın müəyyən hissəsini qoruyub saxlaya biləcək.

Su səviyyəsinin 5 metr azalması zamanı sahilyanı quru mühafizə əraziləri ilə sahil xətti arasındakı məsafə bir neçə kilometr artacaq. Su səviyyəsinin 10 metr azalması zamanı 12 ərazidən 3-də sahil xəttinə qədər məsafə 10 kilometrdən çox artacaq. Su səviyyəsinin 15 metr azalması zamanı isə belə ərazilərin sayı 6-ya çatacaq. Sahil xəttinə qədər məsafənin ən çox artacağı ərazi Qazaxıstandakı Aktau-Buzacı Dövlət Təbiət Qoruğu olacaq. Su səviyyəsinin 18 metr azalması ssenarisi üzrə burada məsafənin 61,7 kilometr artacağı gözlənilir.

Bütün Xəzəryanı ölkələrdə sahilyanı yaşayış məntəqələri ilə dəniz sahili arasındakı məsafə artacaq. Bu isə su səviyyəsinin 2,5 metr və daha çox azalması zamanı mülki infrastrukturun genişmiqyaslı uyğunlaşdırılmasını tələb edəcək. Daha çox Şimali Xəzər hövzəsində, Qazaxıstan və Rusiya ərazisində yerləşən sahilyanı yaşayış məntəqələrində sahil xəttinə qədər məsafənin artacağı gözlənilir. Su səviyyəsinin 10 metr azalması ssenarisində Rusiya və Qazaxıstandakı yaşayış məntəqələrinin sahil xəttinə qədər məsafəsinin orta artımı müvafiq olaraq 44 km təşkil edəcək.

Bütün sənaye infrastrukturu obyektlərinin (limanlar, neft-qaz emalı müəssisələri) üçdə birindən çoxunda su səviyyəsinin 10 metr azalması ssenarisi üzrə Xəzər sahil xəttinə qədər məsafə 5 kilometrdən çox artacaq. Ticarət-sənaye-logistika baxımından mühüm əhəmiyyət daşıyan limanlar bütün Xəzəryanı ölkələrdə təsirə məruz qalacaq. Azərbaycanın Bakı, İranın Ənzəli və Qazaxıstanın Aktau limanlarında sahil xəttinə qədər məsafənin ən azı 1 kilometr artacağı gözlənilir. Türkmənistanın Türkmənbaşı limanında bu artım ən pis ssenari üzrə 16 kilometrə, Rusiyanın Laqan limanında isə 126 kilometrə çata bilər.

Volqa çayı vasitəsilə beynəlxalq gəmiçilik üçün Xəzər dənizinə çıxış da su səviyyəsinin 5 metr azalması nəticəsində ciddi şəkildə təsirlənəcək. Bunun gəmiçilik və ticarət üçün mühüm nəticələri olacaq.

Hazırda kilkinin sənaye üsulu ilə ovu Dağıstan sahilləri yaxınlığındakı nisbətən dərin sularda cəmləşib. Amma Şimali və Mərkəzi Xəzər hövzələrinin sərhədində yerləşən balıqçılıq sahələrindən biri su səviyyəsinin 5 metrdən çox azalması nəticəsində tamamilə yox ola bilər. Əsasən daha dayaz sulardan istifadə edən kustar və ənənəvi balıqçılıq da ciddi zərər görəcək. Bu təsir xüsusilə Şimali Xəzər dənizində özünü göstərəcək. Su səviyyəsinin 5 metr azalması balıqçılıq fəaliyyətinin böyük hissəsinin aradan qalxmasına səbəb ola bilər.

Təhlillərə görə, XXI əsrin sonuna qədər orta emissiya ssenariləri üzrə proqnozlaşdırılan 5-10 metrlik azalma bir çox ekosistem növləri və ekoloji baxımdan əhəmiyyətli ərazilərin hazırkı sahəsinin 80 faizdən çoxunun itirilməsinə səbəb olacaq. Paralel olaraq, 5-10 metr azalma sahilyanı icmalar, sənaye infrastrukturu və iqtisadi fəaliyyət üçün ciddi nəticələr doğuracaq. Yaşayış məntəqələri, limanlar və dənizdə yerləşən enerji hasilatı qurğuları yeni sahil xəttindən onlarla, hətta yüzlərlə kilometr uzaqda qalacaq.

Təsirlərin azaldılması üçün tədbirlər görülmədiyi halda dəniz mühafizə ərazilərinin Xəzər dənizinin ümumi sahəsindəki payı - 27,5 metr baza göstəricisi üzrə mövcud 16,8 faizdən su səviyyəsinin 5 metr azalma ssenarisində 7 faizə, 10 metr azalması ssenarisində isə cəmi 1 faizə düşəcək.

Xəzərin səviyyəsi azaldıqca, hazırda daimi su örtüyü altında olan ərazilər zamanla tamamilə qurumuş ərazilərə çevriləcək. Qamışlıqlar və şoran torpaqlarda bitən şirəli, duza davamlı su ilə əlaqəli bitki örtüyü səhralıq və ya çöl landşaftları ilə əvəz olunacaq. Dayaz şelf və keçid zonalarının ekosistemləri əhəmiyyətli dərəcədə azalacaq və yerini başqa ekosistemlər tuta bilməyəcək. Çünki su örtüyünün qaldığı ərazilərdə dəniz dibinin dərinliyi daha kəskin dəyişir.

Bəzi endemik orqanizmlərin yaşayış mühitləri su azaldıqca yerini dəyişəcək və daralacaq. Bunun səbəbi həmin orqanizmlərin müəyyən dərinlik diapazonları, substrat növlər və sudakı oksigen səviyyəsindən asılı olması, eyni zamanda invaziv növlərlə rəqabətlə üzləşməsidir. Yeni quru yaşayış mühitləri, məsələn, suyun çəkilməsi nəticəsində üzə çıxan adalar yarana bilər. Amma bu ərazilərdə ekoloji ardıcıllıq prosesləri və onların yaşayış yerlərini itirmiş növlərin davamlı mövcudluğunu təmin etmək üçün yararlılığı kifayət qədər öyrənilməyib.

Hazırkı sahilyanı quru qoruq ərazilərinin sahil xəttinə qədər məsafəsi bir neçə kilometr artacaq. Bu isə həmin ərazilərin əhatə etdiyi ekosistemlərin - laqunlar, qamışlıqlar, şoran bataqlıqlar və çimərliklərin də çöl-səhra landşaftlarına çevrilməsi deməkdir. Ümumilikdə, balıqlar, quşlar və bentos orqanizmləri üçün beynəlxalq əhəmiyyət daşıyan yaşayış mühitlərinin əhəmiyyətli hissəsi itiriləcək. Bu, Xəzər dənizinin ekosistemi və hüdudlarından kənarda zəncirvari təsirlərə səbəb ola bilər. Məsələn, balıqların kürütökmə əraziləri və köçəri quşların yaşayış mühitlərinin itirilməsi kimi. Bu cür dəyişikliklər artıq Şimali Xəzərin sahil ətraflarında və batimetriyası dayaz olan digər ərazilərdə müşahidə edilir. Bunlara

Türkmənistanın Türkmənbaşı körfəzi, İranın Gürgan körfəzi və Qomişan laqunu, eləcə də Azərbaycanın Qızılağac körfəzi daxildir.

Sahil xəttinin çəkilməsi Volqa və Ural çaylarının deltalarında da müşahidə olunur. Bura Atırau yaxınlığında yerləşən, sahəsi 3410 km² olan Akyayıq Dövlət Təbiət Qoruğu da daxildir. Akyayıqın bufer zonasında yerləşən adalarda suitilərin sahilə çıxıb dincəldiyi ərazilər də artıq itirilib. Nəsli kəsilmək təhlükəsi altında olan Xəzər suitisi hazırkı çoxalma ərazisinin itirilməsinə qarşı müdafiəsizdir. Bu növ hər il dekabr-mart aylarında Şimali Xəzərdə yaranan qış buz örtüyü üzərində balalayır.

Suyun 5 metr azalması hazırkı çoxalma üçün mühüm IMMA ərazisinin 57-81 faizinin itirilməsinə səbəb olacaq. İqlimin istiləşməsi ilə dəniz səviyyəsinin azalmasının Xəzərdə buz rejiminə necə qarşılıqlı təsir göstərəcəyi və kiçilmiş Xəzər dənizinin şimal sahillərində buz örtüyünün hansı həddə qədər qorunub saxlanacağı hələ də kifayət qədər bəlli deyil. Həmçinin buz örtüyü olmadığı təqdirdə suitilərin yeni yaranmış adalar kimi quru ərazilərdə uğurla çoxalmağa uyğunlaşıb-uyğunlaşa bilməyəcəyi də naməlumdur. Şimali Xəzər hövzəsi suitilər üçün mühüm qidalanma ərazilərini də təmin edir. Həmçinin nərəsi kimi mədəni-iqtisadi baxımdan əhəmiyyətli digər növlər üçün də mühüm yaşayış mühitidir. Bu ərazinin itirilməsi nərələrin Ural kimi mühüm kürütökmə çaylarına çıxışını və ticari baxımından əhəmiyyətli adi kilkinin kürütökmə sahələrini təhlükə altına sala bilər.

Xəzər dənizinin səviyyəsinin azalması insanların rifahı, infrastruktura və iqtisadi fəaliyyətə də ciddi təsirlər göstərəcək. Prosesin yaratdığı iqtisadi itkilər ildə on milyardlarla dolları ötə bilər.

Hər il milyonlarla ton yük Xəzər dənizinə yeganə xarici dəniz bağlantısı olan Volqa çayı vasitəsilə daşınır. Su səviyyəsinin cəmi 5 metr azalması belə Volqa vasitəsilə gəmilərin hərəkətinə çıxışı təhlükə altına sala bilər. Artıq iri gəmilərin keçidini təmin etmək üçün çayın dibinin dərinləşdirilməsi işləri həyata keçirilir. Eyni şəkildə, Şimali Xəzər hövzəsində dənizdə yerləşən neft hasilatı obyektlərinin operatorları gəmiçilik və logistika əməliyyatlarını davam etdirmək üçün kanalların dibini dərinləşdirirlər. Su səviyyəsinin azalması səbəbindən Aktau limanının fəaliyyəti və şəhərin su duzsuzlaşdırma qurğusunun su götürmə sistemi də artıq pozulub. Şimali Xəzər hövzəsində fəaliyyət göstərən ənənəvi və sahilyanı balıqçılıq icmalarının iqtisadiyyatı balıqçılıq sahələrinin yox olması nəticəsində tamamilə çökə bilər.

Akvakultura, bağçılıq və ekoturizm kimi alternativ gəlir mənbələri də iqtisadi baxımdan səmərəsiz hala düşə bilər. Bu isə həmin icmaların sosial bütövlüyü və sabitliyi üçün təhlükə yaradır. Kommersiya balıqçılığı mümkün olduğu hallarda daha dərin sulara doğru istiqamətlənəcək. Bunun nəticəsində dəniz yurisdiksiyası zonalarında və müstəsna balıqçılıq hüquqlarında dəyişikliklər baş verəcək. Amma balıqların kürütökmə mühitlərinin itirilməsi və Xəzərin səviyyəsinin azalması ilə bağlı digər zəncirvari təsirlər nəticəsində balıq ehtiyatları azalarsa, kommersiya balıqçılığı da iqtisadi itkilərlə üzləşə bilər.

Xəzərin ətraf regiona təqdim etdiyi ekosistem xidmətləri də dəniz səviyyəsinin azalması nəticəsində dəyişəcək. Buz örtüyünün azalması, səth sularının temperaturunun yüksəlməsi və dəniz səviyyəsindəki dəyişikliklərin məcmu təsiri su kütlələrinin qarışma rejimi və dərin qatların oksigenlə təmin olunmasında dəyişikliklərə səbəb olacaq. Bunun isə qida maddələrinin dövranı üçün nəticələri olacaq. Yağıntı və rütubət rejimində atmosfer səviyyəsində baş verəcək fiziki dəyişikliklər regional iqlimin quruluğunu artıra və bütün Mərkəzi Asiyada su qıtlığını daha da kəskinləşdirə bilər.

Keçmişdə Xəzər dənizindən Qara-Boğaz-Göl körfəzinə su bağlantısının məhdudlaşdırılmasından sonra baş verən buxarlanma prosesləri və Aral dənizinin quruması nəticəsində üzə çıxan dəniz dibindən zəhərli toz və duzların havaya yayılması tənəffüs orqanlarının sağlamlığı və torpaqların deqradasiyası baxımından ciddi narahatlıqlara səbəb olub. Eyni səbəblər, eləcə də gələcəkdə gözlənilən sərt iqlim şəraiti nəzərə alınarsa, Xəzər dənizinin çəkilməsi nəticəsində üzə çıxacaq yeni quru ərazilərin kənd təsərrüfatı üçün yararlı olması ehtimalı azdır.

Xəzər dənizinin səviyyəsinin azalmasının vaxtı ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Amma 2006-2021-ci illər ərzində 16 il müddətində suyun səviyyəsi 1,4 metr, 2022-2024-cü illərdə isə təxminən 75 santimetr azalıb. Əgər bu sürət davam edərsə, su səviyyəsinin azalması 2100-cü ilə qədər mövcud modellərin proqnozlaşdırdığı yuxarı həddə - 18 metr və ya daha çox səviyyəyə çatmaq istiqamətində gedə bilər. Xəzər dənizinin səviyyəsinin azalması biomüxtəlifliyə qarşı artıq mövcud antropogen təhlükələri daha da gücləndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Noyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri