Icma.az
close
up
RU
Xocalı şahidi: Oğul anasına tüfəngini verib dedi ki, ermənilər gələndə özünü güllələ

Xocalı şahidi: Oğul anasına tüfəngini verib dedi ki, ermənilər gələndə özünü güllələ

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Səadət Tofiq qızı Zeynalova Xocalının işğalını da, işğaldan azad olunduğunu da görən azsaylı sakinlərdən biridir. S.Zeynalova o dəhşətli faciənin unudulmamasını istəyir. Çünki Xocalı soyqırımı insanlıq tarixinin ən qara ləkələrindən biridir.

Oxu.Az-ın əməkdaşı Xocalı faciəsinin canlı şahidi Səadət Zeynalova ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Səadət xanım, əvvəlcə Xocalı faciəsinin baş verdiyi günü danışmağınızı rica edirəm. Gün necə başladı, digər günlərdən fərqi nə idi?

- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyatımdakı ən ağır günlərdən biri idi. 1990-cı ildən etibarən Xocalıda atışma olurdu. Həmin ərəfələr atışma olan kimi biz tez-tez zirzəmiyə düşürdük. Hər kəs öz zirzəmisində müdafiə üçün betondan sədd yaratmışdı, orada qorunurduq. Lakin işığımız olmurdu. Xəmiryoğuranda xəmiri qatırdılar, sonra paylayırdılar, sacın üzərində bişirirdik, çörəyimizi yeyirdik. Sonra evin zirzəmisinə düşürdük. Beş-on qonşu həmin zirzəmidə toplaşırdıq, səhəri elə açırdıq. Səhər oyananda hamı öz işinə qayıdırdı.

- Müdafiə üçün toplaşan əsgərlərimiz çox idi?

- Qadınlar zirzəmidə toplaşanda kişilər Xocalının müxtəlif mövqelərində postlarda dururdular. Onlar əsgər deyildilər, sadəcə, öz torpaqlarını, ailələrini qorumaq üçün postda dururdular. Amma əsgərlər də var idi. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun öz batalyonu var idi. Ümumən silahımız az, zirehli texnikalarımız isə yox idi. Yeddi min əhalisi olan rayonda 10 silah ancaq olardı. Onlar da təklülə və ya qoşalülə idi. Kişilər əllərində kürəklə də olsa, posta çıxırdılar.

- Hücum olduğunu necə bildiniz?

- Fevralın 25-i gəlib bizə dedilər ki, bu, əvvəlki hücumlar kimi deyil. 366-cı alayın əsgərləri ilə ermənilər kəndə giriblər. Biz çölə çıxdıq ki, insanlar sıraya düzülüb, ağlaya-ağlaya gedirlər. Bəzilərinin güllə qolundan girib çıxmışdı, elə də davam edirdilər, uşaqlar ağlayırdılar. Tibb təhsilim var, tibb bacısı idim. Amma əlimdə heç bir vasitə yox idi deyə kömək ola bilmirdim.

- Xocalıdan necə çıxdınız?

- Məktəbin yolundan çıxdıq, Qarqarçayı keçdik, meşəyə girdik. Gecə saat 2 idi. Hələ də inanmırdıq ki, Xocalıdan çıxırıq. Meşədə gözləyirdik, kənddə evlər yanırdı. Qəsdən yandırırdılar, bəzi evlər zirehli texnikaların atəşindən od tuturdu. Biz meşədə gözləyirdik ki, səhər açılsın, kəndə qayıdaq. Amma vuruşa-vuruşa gələn əsgərlərimiz dedilər ki, gözləməyin, ermənilər kəndi aldılar. Saat 4-ə işləmiş meşə ilə getməyə başladıq.

- Yollar nə vəziyyətdə idi? Üstəlik, hava çox soyuq olub...

- Əvvəlcə bir gün yolu azdıq, Şuşa tərəfə getdik. Hava da müsibət idi. Mən ömrümdə elə qar görməmişəm. Dumandan göz-gözü görmürdü, qar isə dizdən yuxarı qalxmışdı. Ac-susuz, körpə uşaqlı, yaşlı, cavan - hamı gedirdi. Gedənlərin çoxu donmuşdu. Mənim ayağımda donvurma III dərəcə idi. Tibb bacısı olmasam, ayağımı itirərdim, bəlkə də. Qardaşım və mən gedirdik. Qarla ayağımı, ayağımın altını ovurdum ki, qan dövr etsin. Heç kimdə qış ayaqqabısı yox idi, Xocalıdan çıxacağımızı düşünmürdük. Ona görə də qaloşla gedirdik. Çayı da keçdiyimiz üçün ayağımız su idi.

- Gözünüzün önündə donanlar var idi?

- Bəli. Bizə öz paltarlarımız da ağırlıq edirdi. Çünki paltarlarımız soyuqdan buzlamışdı. Vaqif adında oğlanın üçüncü gün anası yeriyə bilmədi. Övlad üçün çox ağır mənzərə idi. Anası dedi ki, oğul, sən get, cavansan, mən qalım. Oğlanın əlində ov tüfəngi var idi, onu verdi anasına, dedi, ermənilər gəlsələr, özünə atəş açarsan.

Onun anası meşənin ən dərinliyində qaldı. Oğulun təxminən 32, ananın isə 55 yaşı olardı. Bir gün getdik, fırlandıq, yenə gəlib o ananın yanına çatdıq. Qadın orada idi, heç kim dəyməmişdi, amma halsız, huşunu itirmiş vəziyyətdə idi. Təsəvvür edin ki, yol yeriyə-yeriyə huşunu itirənlər var idi, nəinki çovğunlu meşədə eyni vəziyyətdə oturmaq. Oğlu çox pis oldu, qucaqladı, ağladı. Bu dəfə oğlanın atası orada qaldı. Ər-arvad meşənin dərinliyində qaldılar. Ermənilər onları tapa bilməzdilər. Çox güman ki, onlar acından, donvurmadan qurda-quşa yem oldular. Sonradan meyitləri tapılmadı. Bir ildən sonra Xocalının ildönümündə həmin oğlanı gördüm. 32 yaşı olan oğlanın sanki 70 yaşı var idi. Mənim əmimin yoldaşının, əmioğlumun meyitləri hələ də tapılmayıb.

Biz meşə ilə gələndə bir nəfərdə avtomat var idi, onu atdı. Çünki yeriyə bilmirdi, ağırlıq edirdi, yorulmuşdu. Qida və yatmaq yox idi, beyin dincəlmirdi. Qardaşımın təklülə tüfəngi var idi, təsəvvür edin ki, qardaşımın barmaqları o tüfəngə görə hələ də açılmır, don vurmuşdu.

- Ermənilər meşədə olduğunuzu bilirdilər?

- Biz beşinci gün Ağdama gəlib çatdıq. Meşədə olduğumuz müddətdə adımız qəzetdə girov kimi qeyd olunmuşdu. Ermənilər meşədə yanımızdan insanları elə sakit aparırdılar ki, ruhumuz da hiss etmirdi. Biz azala-azala çatdıq oraya. Ucadan danışmırdıq, ağac yandırmırdıq ki, izimiz bilinməsin. Dağın başında, bəlkə də, 20-25 erməni oturmuşdu. Bizimkilər yerli bilib yaxınlaşanda Azərbaycan dilində deyiblər ki, nə yaxşı gəlmisiniz. Söhbəti biləndən sonra beş-altı nəfər girov getməmək üçün özlərini dağdan atmışdı. Əksəriyyətini girov apardılar.

- O dəhşətli faciənin sizdə hansı izləri qaldı?

- O hadisədən sonra üç il müalicə aldım. Yaddaş pozğunluğu yaranmışdı. Gördüyüm şəxsləri başqa adamların adları ilə çağırırdım.

- Dinc əhaliyə hansı işgəncələri edirdilər?

- Onlar bilirdilər ki, Xocalı əhalisi meşəyə dolub və ac-susuzdurlar. Təkcə bizim qrupda 280 nəfər var idi, 27 nəfər sağ çatdıq. Adamların bəziləri girov götürüldü, bəziləri yolu azdılar, bəzilərini don vurdu və sair. Yanımızda balaca uşaqlar var idi. Yeməkdən daha çox, hamısı su istəyirdi. Biz meşəyə girəndən üç saat sonra gördük ki, vedrələrdə su var. Hamı içmək istəyirdi, bizim komandamızda ağsaqqal var idi, dedi, içməyin, içinə zəhər töküblər. Ermənilər əvvəldən hesablamışdılar. Meşəyə girəcəyimizi bilirdilər. Ona görə əvvəldən bizim üçün zəhərli su hazırlamışdılar. Gedən ərəfədə bir dəfə çox pis yıxıldım, böyürtkən kolunun üzərinə düşdüm. İki metr aşağıda idim. İnsan çətinə düşəndə ona necə güc gəldiyini orada anladım. O böyürtkən kolundan yapışa-yapışa necə qalxdım, bir Allah bilir.

Meyitlərdən belə əl çəkmirdilər. Burunlarını, qulaqlarını, dodaqlarını kəsirdilər, gözlərini çıxarır, dərilərini soyurdular, sümüklərini oyurdular. İnsanlar sağ olduğu halda onları hissə-hissə doğrayırdılar. Güllə ilə öldürsələr, daha az təsir edərdi bizə. Adamların dizlərini şişlə oyurdular. 15-16 yaşlı qız uşaqlarına, hamilə qadınlara dilə gətirə bilməyəcəyim işgəncələri edirdilər. Əsgər əsgərlə vuruşar, amma mülki əhalinin başına oyun açmaq heç bir qanunda yoxdur. Heç bir kitaba sığmaz.

- Xocalı artıq azaddır, işğal altında deyil. Nə düşünürsünüz?

- Buna görə cənab Prezident başda olmaqla şəhidlərimizə, qazilərimizə minnətdarıq. Şəhidlərimizi heç vaxt unutmayacağıq. İstər Xocalı, istərsə də Qarabağ müharibələrinin şəhidlərini. Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun!

Amma orada yaşamaq da bizim üçün asan deyil, qonşularımızın əksəriyyəti şəhid olub. Köhnə xatirələr, o vəhşilik gözümüzdə canlanır. Mən Xocalıdan çıxanda 23 yaşım var idi, 56 yaşında qayıdacağam. Yuxumda daim Xocalını görürdüm. Yurd saldığın yer şirin olur. Düzdür, çətindir, amma o itkilərə öyrəşib, yaşamalıyıq. Çünki Xocalı bizim torpağımızdır.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see233

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see138

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see133

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri