Xocalı soyqırımı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR Faciənin şahidi danışır
Icma.az, Gununsesi-ə istinadən məlumat verir Xocalı soyqırımı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR Faciənin şahidi danışır.
“Nə edirsən, et, soyqırımını unutma. Çünki unudulan soyqırımı təkrarlanacaq” (bosniyalı siyasətçi Aliya İzzetbeqoviç)
Azərbaycan tarixinin ən dəhşətli və qanlı hadisələrindən biri olan Xocalı soyqırımından 33 il keçir.
Emənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində baş verən qanlı hadisələr arasında Xocalı faciəsi öz amansızlığı ilə fərqlənir.
Bu faciə ən dəhşətli cinayətlərdən biri olaraq tarixə düşüb, təkcə fiziki deyil xalqımızın yaddaşında həm də psixoloji travmalarla dolu bir hadisədir. Xocalı bütöv bir millətin yaşadığı ağrıları və acıları simvollaşdırır, hər il bu faciə qurbanları yad edilir.

Xocalı sakinləri həmin hadisələri bu gün də dəhşətli yuxu kimi xatırlayırlar. Bu vəhşi cinayət zamanı 8 ailə yer üzündən silinib.
Həmin o qanlı gecədə məhv edilən səkkiz ailədən biri də Xocalı sakini, Birinci Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Akif Mirsiyab oğlu Hüseynovdur.
Gununsesi.info -nun əməkdaşı növbəti ildönümü ərəfəsində Akif Hüseynov ilə birgə Xocalıya – onun kədəri ilə üzləşmək üçün bu əraziyə səfər edib. Yolumuz Akif bəyin Xocalıdakı evinədir. 1992-ci ilin 25 fevral gecəsindən 26-na keçən səhərə yenidən qayıtmaq və o gecə yaşanan dəhşəti təsvir etməkdir. Yol uzun, söhbətimiz isə genişdir.

Akif Hüseynov yolboyu baş vermiş hadisələrdən danışır, həmin faciə zamanı yaşadıqlarını, qanlı hadisələri ürək ağrısı ilə xatırlayır:
“Bu faciədən 33 il keçsə də, ancaq elə bilirəm ki, heç 33 gün ötməyib. Belə bir söz var: Külək ağacın zəif budaqlarını qırıb, məhv edir. Sağlam və möhkəm olmağa çalışsam da, bəzən insan bacarmır.
Ancaq hər şeydən əvvəl istəyirəm, bir az Xocalının tarixinə qısa bir nəzər salaraq, keçmişə səyahət edək. Ulularımızdan eşitdiyim söhbətlərdən biri də budur ki, keçən əsrdə yəni 1905-1907 və 1917 -ci illər arasında ermənilər Xocalı soyqırımına qədər iki dəfə hücum ediblər. Onlar ara qarışıqlığından daim istifadə edib, Azərbaycan torpaqlarına hücum etməyə çalışıblar. Dəfələrlə Xocalını yandırıblar.
İkinci dəfə 1917-ci ildə Xocalı yandarıldıqdan sonra orada yaşayış üçün heç bir yer qalmamışdı. Buna görə də, kəndin ovaxtkı bəyi Səfiyar bəy təklif edib ki, Xocalını Daşbulaqdan aşağıda, yəni indiki Xocalıda yeni yaşayış məskənləri qurulsun.
Yadıma gəlir, son illərə qədər köhnə Xocalının uçmuş divarları qalırdı, amma indi artıq onlar yoxdur. Çünki ermənilər oraları tamamilə şumlayıb, əkin sahələrinə çevirmişdilər.
Yerli Xocalı 42 bəylikdən ibarət olub. Daha sonra indiki hava limanı olan ərazidə yaşayanlar 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunanlar və İkinci Dünya müharibəsinin sonunda Cənubi Azərbaycandan mühacirət edən siyasi mühacirlər idi. Bu ərazidə ikili vətəndaşlığı olanlar, hətta İran vətəndaşları da var idi. Buna görə də bu kəndə Dərələyəz yox, Qaçqınlar kəndi deyirdik. Digər üçüncü kənd isə Qaladərəsi kəndi idi. Yeri gəlmişkən, bəzi media nümayəndələri təəssüf ki, bu kəndi Şuşa şəhərinin kəndi ilə səhv salırlar. Hətta dəfələrlər bu barədə mübahisələrimiz olub.
Dördüncü isə Həsənabad qəsəbəsi idi. Qəsəbənin bir yarısında azərbaycanlılar, digər yarısında isə ermənilər yaşayırdılar. Bu üç kənd və bir qəsəbə Xocalı kənd sovetini tamamlaya bilirdi.
1978-ci ilə qədər kənd sovetliyi keçmiş Stepanakənd rayonunun tərkibində idi. 1978-ci ildə Stepanakert ləğv olundu və vilayət mərkəzi şəhər statusu aldı. Bütün kəndlər isə Xocalıya verilmişdi. Xocalı soyqırımı isə əsasən 3 kənddə – Qaladərəsi, Dərələyəz və yerli Xocalıda baş verib. Soyqırımın mərkəzi isə yerli Xocalı olub”.
Polkovnik sözlərinə belə davam edir:
“1958-ci ildə Xocalıda anadan olmuşam. Atam-atam fəhlə olub. Atam, Hüseynov Mirsiyab Həzrətqulu oğlu 16 yaşında İkinci Dünya müharibəsində iştirak edib. Şimali Qafqazda döyüşüb və Tehran Konfransı ərəfəsində İrana göndərilib. Anam Hüseynova Minəş Cümşüd qızıdır.

Ailəmizdə üç qardaş olmuşuq. Böyük qardaşım, Azərbaycanın Milli Qəhrəmanı və Xocalı özünümüdafiə taborunun komandiri Tofiq Hüseynov, ortancıl qardaşım isə Milli Ordunun zabiti, ali təhsilli mühəndis Bakir və mən.
Bakir bu hadisələr başlayandan sonra mühəndisliyi tərk edib, Milli Orduya qatılaraq zabit oldu. O, Xocalı faciəsində itkin düşüb. Şəhid olan qardaşım Tofiqin nəşini 20 gün sonra alıb, Şəhidlər Xiyabanında dəfn etdik. Yerdə qalan 5 ailə üzvüm atam, anam, bacım Qətibə, qardaşım Bakir və şəhid olan qardaşım Tofiqin yoldaşı Məxmər haqqında isə bu günə qədər heç bir məlumat ala bilməmişəm. Sonuncu dəfə ailə üzvlərimi görənlər onların Kətik dağı üzərində olduqlarını demişdilər. Elə bəlkə də o dağlarda qaldılar…

Qardaşım Tofiqin həyat yoldaşı Məxmər xanımın cəsədini də vermədilər, nə etdilərsə, heç nəyi öyrənə bilmədik.

Hadisələr başlayanda, ondan əvvəl Tofiq Xocalı məktəbində hərbi müəllim işləyirdi. 3 kənddə silah götürən uşaqların hamısını rəhmətlik Tofiq hazırlamışdı. Əvvəl şagirdləri idi, sonra isə əsgərləri oldular. Birinci dəfə 11 nəfərlə Meşəli qırğınında kənd sakinlərini mühasirədən çıxartmışdı. Bu barədə heç yerdə danışılmadı. 20 gündə 2 erməni əsiri saxlamışdım. Onları verib, Xocalıdan bir neçə əsiri və qardaşımın nəşini geri aldım.
Fevralın 11-də Xocalının müxtəlif yerləri ələ keçirilməyə başlanmışdı, fevralın 26-da isə Xocalının özünü aldılar. Hər 10 gündən bir plan qurub, bir neçə yer işğal edilib. Nəticədə Xocalı kəndləri bir gecədə ələ keçirildi”.
A.Hüseynovun fikrincə, Xocalıda baş verən hadisələrdə Rusiya hakimiyyətinin yaxından iştirakı olub:
“Rusiya heç zaman bizim maraqlarımızı qorumağa çalışmayıb”
“Bu hadisələrin heç biri ermənilərin hesabına olmayıb. Xocalının işğalı 366-cı motoatıcı alayın və Rusiya zirehli texnikasının hərbçilərinin sayəsində gerçəkləşib. Ermənidən olsa, heç vaxt Xocalıya yaxınlaşa bilməzdi. Xocalı soyqırımı törədilməsəydi, Şuşa, Laçın, Ağdam, Füzuli, Zəngilan və Qubadlı rayonları da işğal edilməzdi.
Xocalı alındıqdan sonra ertəsi gün axşam Ağdamın da mərkəzi atəşə tutuldu. Xocalının işğalı o biri rayonların işğalına bir yol açdı. Həmin vaxtı həyatını itirənlərin arasında rəhmətlik Xəlil Rzanın oğlu Təbriz də var idi. O, minaya düşüb şəhid olmuşdu.
Məsələləri tam başa çatdıra bilmədik, çünki bizə imkan vermədilər. 1991-ci ilin sonları və 1992-ci ilin əvvəllərində 3 dəfə cəhd olunsa da, amma Əsgəran geri alınmadı. Nə qədər itkilər verildi, döyüşlər yarımçıq qaldı. Hər döyüş meydanında ən çətin olan birinci xətti keçməkdir. Birinci xətt yarıldıqdan sonra, ondan sonrakı döyüşlərə daha rahat keçmək olur.
Bütün itkiləri verib, sonra birinci xətti almaq ən böyük səhv idi. Bizimkilər bunu 3 dəfə təkrarladılar. Silahlı Qüvvələrin ozamankı Baş qərargah rəisi, Moskvanın agenti Şahin Musayev üstümüzə gəldi və bizi ittiham etdi. Ondan sonra isə nə hücum oldu, nə də başqa bir hərəkət.
Bu hadisələr dövlət siyasətinin tərkib hissəsi idi. Bəhs etdiyim kimi, bunlar özbaşına baş verməyib. Şahidi olduğum hadisələr və apardığım analizlərə əsaslanaraq, deyə bilərəm ki, dövlət rəhbərliyi bunların hamısını görürdü. Rusiya ilə açıq-aşkar qarşıdurmaya getmək mümkün deyildi. Rusiya bu gün Ukraynaya və əvvəllər Gürcüstana etdiklərini o dövrdə Azərbaycanın da başına gətirdi.
Rusiya Azərbaycandan qisas aldı. Erməni nə edirsə, etsin, ruslar erməni maraqlarını bizdən daha üstün tutub. Rusiya heç zaman bizim maraqlarımızı qorumağa çalışmayıb. Çünki Ermənistan Dağlıq Qarabağ adıyla Azərbaycana saplanmış bir xəncərdir. Muxtar vilayət oyunu isə Moskvanın, Kremlin, çar Rusiyasının bic doğulmuş övladıdır. Erməniləri bu ərazilərə İrandan, Türkiyədən və digər yerlərdən yığıb gətirdilər”.
O, davam edərək vurğulayır ki, Xocalı faciəsində ruslar, rus ordusunun Azərbaycandan çıxarılmasının qisasını aldılar:
“Danılmaz faktdır ki, Xocalı faciəsində rusların rolu çox böyük idi, necə ki, 20 Yanvar hadisələrində də eyni vəziyyət yaşandı. İnsanları qorxudub, kölə vəziyyətinə salmaq məqsədilə Bakıda dinc vətəndaşları qətlə yetirdilər. Çar Rusiyasının, sovet Rusiyasının və indiki Rusiyanın imperiya siyasəti, xüsusən də Qafqaz siyasəti eyni olaraq qalır. Dəyişən yalnız dövr olur, xislət isə eyni qalır. Burada əsas məqsəd Azərbaycanın sərvətlərinə sahib olmaq idi.
Azərbaycan Baltikyanı ölkələrdən sonra yeganə respublika idi ki, rus qoşunlarını öz torpaqlarından çıxardı. Ermənilərin əli ilə bunun qisasını bizdən alırdılar. Bizimlə döyüşən erməni deyildi, ruslar idi, çünki bu hadisələr rusların öz planı idi.
Azərbaycanın xəbəri olmadan onu parçalayan və müstəmləkəsinə çevirən iki əsas ölkə var: İran və Rusiya. Bu iki ölkə həmişə bizimlə barışmayacaq. Ömür boyu sərvətlərimizi alıb aparıblar. Xaricdəkilər bizə heç nə edə bilməzlər. Məsələn, Amerika nə edə bilər ki? Ən pis halda bizə sanksiya tətbiq edə bilər. Okeanın o tayından kim gəlib bizimlə döyüşəsi, bizə raket atası deyil ki. Bizim ən böyük təhlükəmiz isə öz bədnam qonşularımızdır. Dediyim kimi, hər iki ölkə bizi daim öz müstəmləkəsi hesab edib”.
Yeri gəlmişkən A. Hüseynov Qarakənd hadisələrinə də toxunur:

“Xocavəndin Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin qəzaya uğraması mənə hələ də çox müəmmalı olaraq qalıb. 22 nəfərin müşayiətsiz helikopterə minməsi səhv addım idi.
Qaradağlı kəndində rəhmətlik İsmət Qayıbov, Martini rayonunun hərbi komendantını kəndi qorumadığı üçün cinayət məsuliyyəti ilə hədələyib. Rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, helikopteri elə həmin rus sovet hərbi komendantı vurdurub. Digər söhbətlər isə tamamilə absurddur. Onlar Ağdamda iclas keçirirdi. Qaradağlı camaatı şikayət edərdilər ki, ermənilər bizi öldürür, kənddən qovmağa çalışır, amma rayon komendantı heç bir tədbir görmür və erməniləri müdafiə edir.
Onlar da iclası yarımçıq qoyub vəziyyətlə yerində tanış olmaq üçün ora uçdular. Helikopterdə Rusiya və Qazaxıstan nümayəndələri də vardı. O vaxt Yeltsin və Nazarbayev Qarabağ münaqişəsinin həll olunması üçün işə qoşulmuşdular. “Mi-8” vertolyotu da Qazaxstana məxsus idi
Hadisəni eşidən kimi dərhal ora yollandıq, amma rus əsgərləri bizi həmin əraziyə buraxmadılar. Səhəri gün Bakıdan gələn qrup orada müayinələr apardı. Cəsədlər Ağdam məscidinə gətirildi. Gənc zabitlər bizə yaxınlaşıb, dedilər ki, üst başınızı qaydaya salın, hər kəs təcili yardımla sürücünün yanında əyləşib, Bakı şəhərinə aparılacaq. Evə dönüb, səhra geyimimi dəyişdim və hazırlaşıb Ağdama qayıtdım. Lakin orada planın dəyişdiyini və cəsədlərin qatarlara yüklənəcəyini bildirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ölkənin ən önəmli şəxsiyyətləri bir anda məhv oldu”.
“Şəhəri vurub “Birlikdə ölək!” deyə, bağırırdıq”…
A. Hüseynov yenidən dəhşətli fevral gecəsinə qayıdır:
“O gecə mənim ömrümün ən ağır gecəsidir. 25 fevral 1992-ci ildə Zaqafqaziya hərbi dairəsinin Ağdam yaxınlığında yerləşən hərbi bazasında postda idim. Gecə saat təxminən 22-23 radələrində ermənilərin Xocalıya hücum etdiyi və Xocalı müdafiəçilərinin onların qarşısını saxlaya bilmədiyi barədə xəbər aldım. Təcili Ağdama qayıtdım.
Ağdam şəhəri sükuta qərq olmuşdu. Sanki cəmi 19 km aralıda yaşayan azərbaycanlıları düşmənlər məhv etmirdi. Qarabağ üzrə qərargahda növbətçidən başqa kimsə yox idi. Polis şöbəsinin qarşısında 5-6 nəfər Xocalı sakini toplaşmışdı. Polis şöbəsinin növbətçisi dedi ki, nazirliyin növbətçisinə vəziyyət barədə məlumat vermişəm, nazirə məruzə edəcəklər.
Təcili Ağdamla Əsgəran arasında olan sonuncu postumuza, 19-cu posta yollandım. Qaraağacı qəbirstanlığının çıxışında yerləşən postda bizim polis alayının zirehli maşını və əməkdaşları dayanmışdı. Onlar ratsiyadan Xocalıda gedən ağır döyüşlərdən xəbərdar olsalar da, mənim hücum edən qüvvələrin diqqətini yayındırmaq üçün Əsgəran postuna ZTR-dən atəş açmağı xahişimi yerinə yetirmədilər. Bildirdilər ki, Əsgəran tərəfə atəş açmaq qadağan edilib. Bizim qüvvələr bu gecə Xocalıya girməli idi.
Kor peşman, bu dəfə maşını Qarqar körpüsündən keçərək, Şelli kəndinə doğru sürdüm. Mantar dağında yerləşən topun yanına qalxdım. Burada da eyni səbəbdən Əsgəran istiqamətində atəş açmağa icazə vermədilər. Onlara da eyni əmr verilmişdi. Hava buludlu olduğundan Xocalı tərəfdə heç nə görmək mümkün deyildi. Lakin şəhərin başı üzərində olan buludlar qırmızı rəngə bürünmüşdü, şəhərdə yanan evlərin şöləsi buludlarda əks olunurdu.

Ratsiyada isə Xocalı müdafiəçilərinin “Kömək edin!” çağırışlarını eşitmək mümkün olmurdu. Bir qədər sonra, patronumuz qurtardı, ermənilər isə gözümüzün qarşısında qadınları və qızları əsir aparırdı. Biz “Şəhəri vurub birlikdə ölək!” deyə, bağırırdıq.
Maşını bu dəfə Şahbulaq yolunda olan dördyol ayrıcının yaxınlığında, “Qrad” qurğularının yerləşdiyi yerə sürdüm. Burada vəziyyət daha da acınacaqlı idi. “Qrad” qurğuları olan maşınları yerində yox idi, onları Ağcabədiyə aparmışdılar. Nəhayət, “Qrad” maşınını tapıb gətizdirdik. Kömək edərək, 90 kiloluq raketləri 40 lüləli qurğuya yerləşdirdik.
Bu dəfə bəhanə gətirdilər ki, atəş üçün koordinatlar qeyd olunmuş xəritə itib. Səhər açılana yaxın 19-cu post, Şelli postu, Şahbulaq yolu, Ağdam qərargahı və polis şöbəsi arasında dəli kimi maşını qovsam da, Xocalıya heç bir kömək edə bilmədim.
Səhər açılana yaxın şəhərdən çıxa bilən insanların Qaraqayada mühasirəyə düşməsi xəbərini aldım. Maşını Qarqar çayının kənarında saxlayıb, avtomatımı götürüb döyüş gedən yerə qaçdım. Ətraf kəndlərdən Qatır Məmmədin batalyonundan olan uşaqlar artıq orada vuruşurdular. Qatır Məmməd ləqəbli Yaqubun oğlu Canpolad Rzayevin tankını orada vurdular.
Qanlı döyüş getsə də, yenə də Ağdamda olan xeyli sayda canlı qüvvəni və texnikanı xocalıları xilas etməyə göndərmədilər. Döyüşən yalnız könüllü şəkildə döyüşə qatılanlar idi. Xeyli sayda insan xilas oldu”.
Artıq Əsgərana yaxınlaşırıq. Şəhərdən vahimə havasını alırdıq. Bir anlıq ayaqyalın insanların fəryadlarını, qışqır-bağırtılarını eşidirik. Qarabağın şərq qapısı olan Əsgəran qalasında düşüb şəhidlərimizə rəhmət oxuyuruq.

Akif bəyin qəhərə boğulduğu görünür. Dəhştəli gecənin davamını xahiş edirik. Deyir ki, “Yeddi oğul istərəm” filmindəki epizodlar eynilə burda da Qaraqayanın yanındakı sahədə təsvir olunmuşdu:
“Yaralarından irin və çirk axırdı, dəriləri qopub sallanırdı…”
“Bundan sonra isə müxtəlif istiqamətlərdən, meşələrdən çıxaraq, Ağdama üz tutan yaralı, don vurmuş insanların kiçik dəstələrlə axını başladı. Onların danışdıqları dəhşətlərə inanmaq olmurdu.
Qaraqayada şəhidlərimizin ilk cəsədləri Ağdam məscidinə gətiriləndə bu dəhşətlərin gerçəkliyinə bir daha əmin olduq. Başı kəsilən, başı dərisi soyulan, döşü kəsilən cəsədlərə baxmaq mümkün deyildi. Qaraqayanın yanındakı sahədə insanların cəsədləri yan-yana döşənmişdi. Əsirləri geri almaq üçün çoxsaylı danışıqlar aparıldı. Allahverdi Bağırovun rolu böyük oldu. O, Vitaliklə danışıqlar aparırdı. Sağ qalanlar geri qaytarılırdı, qətlə yetirilənlər isə Ağdam məscidinə aparılıb, orada yuyulurdu. Bütün Ağdam ayaqda idi. Lakin çox sayda insanı xilas etmək mümkün olmadı.

Sonradan bildim ki, Fəhmin Hacıyevin rəhbərliyi altında hazırlanmış əməliyyat tədbirləri nəticəsində Əliağalı kəndi istiqamətindən meşə ilə Xocalıya daxil olmalı idilər. Nədənsə bu əməliyyat pozuldu. Bəlkə də bu barədə məlumatlı olan erməni və rus hərbi birləşmələri Xocalını işğal etmişdilər. Allahverdi Bağırovla dəfələrlə ermənilərin Əsgəran postunda olmuşam və Vitali Balasanyanla əsir və girovların dəyişdirilməsində iştirak etmişəm. İtkin düşmüş ailə üzvlərimi dəyişmək üçün 2 erməni əsiri saxlayırdım.

Onların qohumları ilə görüşüb, itkinlərimi tapmalarını və mübadilə etmək üçün danışıqlar aparırdım. Dəyişilən bütün insanları qarşılamağa mən də qatıldım. Uzun illər bir yerdə yaşadığım insanlar artıq tanınmaz halda idilər. Qeyri-insani işgəncələrə məruz qalan insanlar tanınmaz hala gəlmişdi. Üzləri şişmiş, göz altı qançırlar dolmuş, gözləri şişkin halda yolu görməkdə çətinlik çəkirdilər. Don vurmuş, əzilib dağılan yaralılar yalın ayaqlarıyla, dəhşətli vəziyyətdə idilər, yaralarından irin və çirk axırdı, dəriləri qopub sallanırdı. Onları qucağımıza alıb 19-cu posta gətirib, Ağdama xəstəxanaya yola salırdıq”.
Səfərimiz zamanı Xankəndi şəhər idarə polis şöbəsinə də baş çəkdik. Bir qədər fasilədən sonra Akif bəy sözünə davam edərək, əsir götürülən insanlara verilən dəhşətli işgəncələrdən danışır:
“Əsgəran rayon milis şöbəsinin və Xankəndi şəhər idarə milis şöbəsinin təcridxanalarına yerləşdirilən həmyerlilərimə xüsusilə ağır işgəncələr verilmişdi. Onların çığırtıları və ahu-naləsi digər kameralarda saxlanılan girovların dilindən eşidilirdi, bu isə dəhşətli bir vəziyyət idi.
Bir çoxu həmin işgəncələrdən və aldığı xəsarətlərdən öldülər. Dəyişə bildiyimiz insanların çoxu isə aldığı xəsarətlər nəticəsində bir neçə müddət sonra dünyalarını dəyişdilər.
Xocalı girovları ilə əlaqəsiz davranan Qızıl Xaç Komitəsinin əməkdaşları erməni əsirlərini göz bəbəyi kimi qoruyurdular”.
Elə lentə aldığımız bu foto da, əsirlərin işgəncəyə məruz qaldığı yerlərdən biridir.

Akif bəy hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə aparılan məhkəmənin ədalətli olduğuna və onların heç bir halda cəzasız qalmamalarını istəyir:
“Elə bir erməni tanımırm ki, bu prosesdən kənarda qala. Ancaq heç biri də öz günahlarını etiraf etmir.
Dünya ikili standartlarla idarə olunur. Bu baxımdan, əksər Avropa dövlətlərinin, ABŞ və Rusiyanın Qarabağ probleminə yanaşması fərqlidir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti buna misaldır.

Bu gün erməni cəlladlarının azadlıqda gəzməsi və həbs olunmuş erməni quldurlarının azad edilməsi tələbinin ortaya çıxması, bu ikili standartların nəticəsidir.
Ölkə rəhbərliyi qətiyyətlidir. Bütün təzyiqlərə baxmayaraq, bu caniləri məhkəməyə verirlər. Tamamilə layiqli cəzalarını verə bilməsək də, uzun müddətli həbsə məhkum edilməlidirlər.
Çox istərdim ki, bu və hələ də azadlıqda olan canilərin yeganə cəzası ölüm hökmü olsun”.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

XX əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
İnsanlıq tarixinin qara ləkəsi olan Xocalı soyqırımının 33-ci ildönümü ərəfəsində faciənin qurbanlarını qalib və məğrur xalq kimi anırıq.

Şəbnəm Rəhimova

