XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi fəlsəfi ideyalar
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Faiq Ələkbərli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının
fəlsəfi dikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
II Yazı
Şeyx Məhəmməd Xiyabanidə güclü optimizm və gələcəyə inam var idi. O hesab edirdi ki, xalqın bu gün verdiyi şəhidlər, qurbanlar onun keçmişdəki ətalətinə, ixtiyarsızlığına son qoymaq, bunun əvəzində gələcəyinin öz əllində olmasına inamına işarədir. Onun fikrincə, bu baxımdan azadlıq uğrunda şəhid olanları ağlamaqla deyil, əksinə, şadyanalıqla qarşılamaq lazımdır. Xiyabaninin nəzərində bu, “varlıq gülşəninə acizlik, nalə və miskinliklə deyil, ümid və şərəf gülüşləri ilə girmək” üçün vacib idi. Çünki bir fərdin, ya da ayrı-ayrı fərdlərin ah naləsi bütövlükdə cəmiyyəti pessimizmə aparır. O, yazırdı: “Dəfələrlə dediyim kimi, fərd ilə cəmiyyətin əhvali-ruhiyyəsində böyük fərq vardır. Cəmiyyətin əhval-ruhiyyəsi fərdlərin əhval-ruhiyyəsinin yekunudur. Lakin bu əhval-ruhiyyə həmin cüz olan əhval-ruhiyyədən tamamilə fərqlənir. Fərdin əhval-ruhiyyəsi fərdin əhval-ruhiyyəsinə tabe olmalıdır. Çox nadir hallarda elə bir əhval-ruhiyyə tapıla bilər ki, özünü bu tabelikdən xilas edə bilsin. Dəfələrlə elə olmuşdur ki, alim və ya bilikli bir adam cəmiyyətin əhval-ruhiyyəsinin təsiri altında öz hikmət və biliyini əldən vermişdir”[2, s.411].
Deməli, fərd və cəmiyyət arasında sağlam münasibətlər qurulmayanda, hər ikisi zərər çəkmiş olur. Belə ki, pozulmuş bir cəmiyyətin təzyiqi altında əxlaqlı, sağlam düşüncəli adam da məhv olub gedə bilər. Yəni bir cəmiyyətdə rüşvətxorluq, adam aldatmaq, yalan danışmaq kimi hallar adi hala çevrildiyi bir dövrdə, bunun doğru olmadığını bildiyi halda, eyni şeyi təkrarlayanların bu vəziyyətin səbəbkarlarından çox da fərqi yoxdur. Ancaq əgər fərd öz əxlaqında, düşüncəsində möhkəm dayanarsa, cəsarət və igidlik ortaya qoyarsa o zaman müəyyən anlamda cəmiyyəti də yaxşılığa doğru dəyişə bilər. Başqa sözlə, bir şeyə dur deməyi bacarıb, vəziyyəti dəyişdirmək, yeni imkanlar ortaya qoymaq bacarığı insanın, ya da ayrı-ayrı insanların öz əlindədir. Ancaq bunun üçün həmin fərd, ya da fərdlər ağılda, cəsarətdə, bacarıqda güclü olub bir sistem qurmalıdırlar ki, bu günə qədər mövcud olan mənfi yönlü tabuları məhv edib, onun yerində müsbət yönlü işlər ortaya qoysunlar.
Xiyabani hesab edirdi ki, indiyə qədər “İran” xalqı özbaşına həyat sürmüş, alaq otu kimi təbiətin qoynunda kor-təbii şəkildə yaşamışdır və bundan da istibdad rejimləri daim yararlanmışdır. O, yazırdı: “İran xalqı möhkəm əqidə olmadan, təcrübə və imtahanlardan sayıqlıqla istifadə etmədən, təşkilat və tərtibatsız şəkildə uzun müddət özbaşına və təbii yol getmişdir. O, bugünkü günə kortəbii surətdə yaşayıb gəlmişdir. Bu özbaşına göyərmiş ağaca peyvənd vurulmalıdır. Yeni, sağlam və düzgün nəzəriyyəni bu camaata təlqin etməklə, onun mühitində bir təcəddüd-təkamül yaranmasına nail olmalıdır” [2, s.411]. Bizcə, bu fikirlərə çox da həqiqəti özündə əks etdirmir. Hər halda 20-ci əsrin əvvəllərinə qədər bu bölgədə hakim olmuş dövlətlərin, xüsusilə də həmin dövlətlərin əksəriyyətinin qurucusu olan türklərin “özbaşına və təbii yolla” hərəkət etməsi doğru deyildir.
Xiyabaniyə görə, “təcəddüd-təkamül” fəlsəfəsini, yalnız xalqın iradəsi ilə həyata keçirmək mümkündür. Çünki xaqlın iradəsi nəzəri baxımından bütün bəşər kütlələrinin fövqündədir. Bu o anlama gəlir ki, yeniləşmə və təkamül bir yerdə götürülməli, yeniləşmə siyasəti doğru aparılçalıdır. Daha doğrusu, yeniləşmə inqilabi sıçrayışlarla deyil, təkamül əsasında həyata keçirilməlidir. O, yazırdı: “Xalqın iradəsinin istədiyi şey müqəddəs və möhtərəmdir. Lakin bu iradə müstəqil yaşamaq üçün vicdana (xalq vicdanı – F.Ə.) malik olmalıdır. O (xalq vicdanı – F.Ə.), nəzərlərdə saf, səmimi və parlaq şəkildə aydın olmalı və öz varlığını sübut etməlidir. Cəmiyyəti təşkil edən fərdlərdən hər biri bir bəşşaş ruh ilə, müstəqil vicdan ilə silahlanıb, bu ruhiyyənin qüvvəsini dünya qarşısında nümayiş etdirməlidir” [2, s.412].
Bizcə, Xiyabaninin əsas məqsədi həm ayrı-ayrı fərdlərin, həm də bütövlükdə “xalqın vicdanı”nı oyatmaq idi ki, o, bu yolda hər bir şeyə qatlanmağa hazır idi. Bu yolda, o, bir müdrik olduğu qədər də, fədai idi. Özündə müdrikliyi və fədakarlığı birləşdirən Xiyabani açıq şəkildə yazırdı ki, “xalqın vicdanı”nı oyatmaq üçün, onun yalnız qəhrəmanlıqlarını, igidliklərini deyil, nöqsan və eyiblərini də göstərmək lazımdır: “Biz tərəqqi və təkamül yolunu ona nişan veririk. Batil təsəvvür və xəyalları onun şüurundan çıxardıb, bunların yerinə həyat bəxş edən yeni fikirləri yerləşdirməyə çalışırıq. Bu məqsədə çatmaq üçün deyirik: bu cəmiyyəti təşkil edən fərdlərdən hər birisi xalqa olan böyük ruh yüksəkliyi ilə silahlanıb, öz varlığında saxladığı azadlıq və istiqlal ruhunu başqalarına da təlqin etsin” [2, s.412].
Şübhəsiz, Xiyabaninin dediklərində böyük bir həqiqət və gerçəklik var idi. Xüsusilə, “xalqın vicdanı”nı oyatmaq məsələsində o, çox haqlı idi. “Xalqın vicdanı” deyilən, elə bir həqiqətdir ki, fərdləri və cəmiyyəti yeni bir mübarizəyə və dəyişilməyə hazırlayır. Ancaq bu mübarizə və dəyişilmənin qurbansız olmayacağı ilə yanaşı, həmin qurbanların qanları bahasına da millətin millət olacağı fəlsəfəsi var idi. Sadəcə, bunun üçün köhnəpərəstliyə son verib yanlız yenilikpərəst tərəfdarı olmaq, yəni öz əsrinin əleyhdarı olmaqdan vaz keçmək lazım idi. Xiyabani nitqlərinin birində deyirdi: “Biz istəyirik ki, əl və ayaqlarımızı cəhalət və nadanlıq zəncirlərindən xilas edib azad hərəkət edək, yüz illik zülmət və fəlakətdən qurtaraq. Biz irəli getmək, tənəzzül və geriliyimizin qarşısını almaq istəyirik. Biz görürük ki, zamanamız tərəqqi və təməddünün ən yüksək dərəcəsinə çatmış, biz isə o mərhələdən çox uzaq düşmüşük. Biz yalnız zamanımıza müvafiqət etmək deyil, bəlkə ondan daha çox, gələcəyi düşünüb qarşıdakı gələcək həyata hazırlşamalıyıq” [2, s.418].
Onun fikrincə, hər bir xalq zəmanəyə uyğunlaşıb onun şərtlərinə görə hərəkət etməli, başqa xalqlarda olan müsbət tendensiyaları mənimsəməli, ancaq bunu təqlidçilik şəklində etməməlidir. Çünki başqa xalqları olduğu kimi təqlid edənlər özü olmur və başqa xalqın assimliyasiya təhlükəsi ilə üz-üzə qalır. O, təqlidçiləri nəzərdə tutaraq deyirdi: “Belə adamlar keçmişi unudur, gələcəyin isə fikrini çəkmirlər. Bunlar yaşadıqları zamana həyatı əlaqə ilə bağlıdırlar. Onlar bu günkü paltarlarını ata-babalarınnı palatarları ilə müqayisə etmir və sabah nə kimi paltar geyinəcəklərini və nə şəklə düşəcəklərini də təsəvvürə gətirə bilmirlər. Lakin bu gün əyinlərində olan paltarı canlarından əziz tutub, oni sevirlər. Taza modalı papaq, paltar, hətta Avropa başmağını geyinmək belə onların nəzərində mühüm problem təşkil edir. İctimai yaşayış da belədir” [2, s.419].
Xiyabani bir tərəfdən təqlidçiləri, digər tərəfdən köhnəpərəstləri tənqid edərək deyirdi ki, zəmanə ilə ayaqlaşmaq istəyən xalqın özündə də hərəkət olmalıdır. Yəni xalqın qabaqcıl ziyalıları həm mühafizəkarlara qarşı mübariz aparmalı, həm də yeniləşmək istərkən təqlidçilikdən uzaq durub, müəyyən qədər də olsa özünəməxsusluğu da ortaya qoymalıdır. Başqa sözlə, müsəlmanlar ictimai həyatda adət etdikləri köhnəpərəstlikdən və təqlidçlikdən əl çəkib, gələcəyi də nəzərə almalıdırlar. O, yazırdı: “Siz bir həyat tərzinə adət etmişsiniz. Elə ki, bu tərzin pis cəhətlərini başa düşdünüz, o vaxt həmin həyatı dəyişmək istəyəcəksiniz, lakin işdə islahat və təcəddüd yaratmaq isətərkən köhnə adətlərlə olan əlaqəniz sizi soyudur və məyus edir. Lakin biliniz ki, sizin dövrünüz atalarınızın dövründən başqadır. Bu gün sizin qoyduğunuz papaq, dünən atalarınızın qoyduğu papaq deyildir. Sabah da bugünkü papağı qoymayacaqsınız. Gələcəyi nəzərə almalısınız. Evladlarınızı o zaman üçün tərbiyə etməlisiniz. Bilməlisiniz ki, yaxın gələcəkdə elə bir gün qarşınıza çıxacaqdır ki, o vaxt sizə bugünkü məramınızı təklif etdikdə, siz onu köhnəlmiş və nöqsanlı görəcək, ölümü ona tərcih edəcəksiniz” [2, s.419].
Yeni yetişən nəsli keçmişin köhnəpərəst adətlərindən uzaqlaşdırmağa çalışan Xiyabaniyə görə, gənclər üçün mükəmməl, xoşbəxt, yeni bir gələcək hazırlamaq lazımdır. Bu arzu və əzmlə işləyərək, vəhşilik və barbarlıq dövrünə qayıtmaq istəyən köhnəpərəstlərə, mütəcelərə qarşı mübarizə apardıqlarını deyən, Xiyabani yazırdı: “Mən bu günün ideyasını zəncir sayır və deyirəm: ey bədbəxt və şüursuz mürtəce! Sən bu başsız xalqı hansı həlakətin qaranlığına və fəlakət dərəsinə qaytarmaq istəyirsən? Bizim dediklərimiz dəlillədir” [2, s.420].
Onun fikrincə, köhnəpərəst adətlər inkişaf və tərəqqinin əleyhinə olub, köhnəpərəstlərin əlində əsas silahlardan biridir. O, nitqlərinin birində deyirdi: “Sizin dünyalar qədər pis adətləriniz vardır ki, onlar sizin ictimai və siyasi cəhətdən inkişafınıza mane olur. Bu manelərdən birisi odur ki, siz həqiqəti tanıdığınız paltarda görmədikcə onu qəbul etmirsiniz. Bir çox mühüm və əsaslı məsələlər qarşısında ləclik edirsiniz. Lakin mən istəyirəm ki, dəlil və əsaslarla bəzi məsələləri şərh edim. Mən elə güman etmirəm ki, siz ağıl və məntiq qarşısında belə mətləbi anlamaqdan boyun qaçırasınız. Vəsvəsə və şəkki kənara atın, bir-birilə fərqli olan iki nəzəriyyə arasında öz ağlınızı işə salıb, mühakimə edən və qəti qərara gəlin” [2, s.421-422].


