XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi fəlsəfi ideyalar
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Faiq Ələkbərli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının
fəlsəfi dikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
V Yazı
Seyid Cəfər Pişəvəriyə görə, bu gün də Azərbaycan adını, onun muxtariyyətini eşitmək istəməyən fars şovinistləri qədər, irançılıq ideolojisinə qapanmış azərbaycanlılar da vardır. Həmin irançı azərbaycanlılar bu məsələ də qanuna hörmətdən və ona əməl etməkdən bəhs edirlər. Pişəvəri yazırdı: “Mənim vətənsevər tanıdığım şəxslərdən biri deyirdi ki, sən nitqlərinin birində qanuna ehtiram edib, ona tabe olmaqdan bəhs etmişdin. Mən bunu inkar etmirəm. qanun möhtərəmdir. Qanunsuz bir ölkədə ədaələt, əmniyyət, insaniyyət ola bilməz. Amma qanun hər iki tərəfdən möhtərəm tutulmalıdır. Fransa inqilabının böyük mütəfəkkiri Jan Jak Russo özünün məşhur əsərlərindən birində belə deyir: “Razılıq ikitərəfli olamlıdır. Əgər o, bir tərəfdən pozulsa, ikinci tərəf ona tabe olmağa məcburi deyildir”. Russonun nəzərində qanunlar xalq ilə dövlət arasında qarşılıqlı razılaşmadan, qərardan başqa şey deyil. İndi bizim hökumətimizin (Tehran hökuməti - F.Ə.) başında duranlar məclisimizin əksəriyyətini təşkil edənlər özlərinin çıxardıqları və yazdıqları qərarları pozub ayaq altına salmışlar. Ona görə biz o qanunları ləğv edilmiş hesab etməyə məcburuq” [16,s.68-69].
Pişəvəri yazırdı ki, Azərbaycan xalqı qanunların əsasını və kökünü böyük qurbanlar bahasına almışdır: “Mərkəzi Hökuməti özlərinin ata-babadan qalma irsi hesab edən xainlər onu əməldə silib, süpürüb gizlətmişlər. Bizim haqq və ixtiyarımızı təmin edən Əyalət və Vilayət Əncümənləri haqda qanundan illərdir ki, əsər-əlamət yoxdur. Bizə qanundan danışan ağadan tələbimizə cavab istəyirik. Onların boşboğazlıqdan başqa bir işləri yoxdur. Biz həqiqəti açıq-aydın xalqa çatdırırıq. Bizim xalqa müraciətmizdə meydana atdığımız şüarların əsasını da qanun təşkil edir” [16,s.69].
Pişəvəri yazırdı ki, xalqın maariflənməsi çox vacibdir, çünki savadlı və sağlam cəmiyyət heç vaxt zülmün, təzyiqin altında yaşamaz. Onun fikrincə, insanlarla heyvanlar arasında olan böyük fərq də bundan ibarətdir: “İnsan ictimai bir varlıqdır. O, tək öz başına yaşamır və onun məqsədi fəqət şəxsi həyatını təmin etmək deyil. İnsan cəmiyyət üçün yaşayır. Ona görə hər bir kəs ictimai mənafeyi şəxsi mənafedən üstün tutmalıdır. Hər kəs öz başını saxlamaqdan ötrü yaşasaydı, onda dünyada böyük simalar, fədakar qəhrəmanlar, öz canlarını vətən və millət yolunda fəda edən rəşid insanlar tapılmazdı. Bu fədakarlıq fəqət bilik, maarif, təşkilat və əxlaq nəticəsində mümkündür. Biz gərək camaatın mənafeyini öz şəxsi mənfəətlərmizdən üstün tutmağa adət edək. Yalnız bu vasitə ilə xalqımızı fəlakətdən xilas edə bilərik” [16,s.75].
Ona görə, Azərbaycan xalqının əsas mənafeyi milli azadlıq mübarizəsindən bir addım da olsun geri çəkilməməkdir. O, yazırdı: “Azad və demokrat vətənimizin şanlı bayrağı altında xalqımız müqəddəs vəzifəsini – azadlıq mübarizəsini davam etdirəcəkdir. Azərbaycan Tehran ilə bir yerdə əsir Hindistan olmaqdansa, özü üçün azad İrlandiya olmağı üstün tutur. Tehran hərzə və sürüşkən gözəllər kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və və heysiyyətinə əlaqəmənddir. O biganələrin alçaq nökəri olan Rza xanların boyunduruğu altına bir daha girməz və gündə bir lotuya təslim olmaz. Biz hər qiymətə olur-olsun, dünya hadisələrinin verdiyi imkandan istifadə edib, azadlığımızı təmin edəcəyik. Boşboğaz və xain çızmaqaraçıların cəfəngiyyatları bizi tutduğumuz yoldan geri qaytara bilməz” [16,s.119].Beləliklə, bizcə, Pişəvərinin düşüncələrində, siyasi fəaliyyətində xeyli dərəcədə sosial-demokratiya (xüsusilə də marksizm-leninizm) ideyasının, həmin ideyanın aparıcı qüvvəsi olan Sovet Rusiyasının ciddi təsiri və təzyiqi olmuşdur. Müəyyən mənada o, siyasi fəaliyyətdə və dünyagörüş məsələlərində N.Nərimanovun, Xiyabaninin yolunu təkrar etmişdir. Hər halda Pişəvəri də, Xiyabani və Nərimanov kimi, sosial-demokrat ideyasına, o cümlədən həmin ideyanın aparıcı qüvvəsi hesab etdiyi Sovet Rusiyasına böyük ümidlər bələmişdir. Ancaq bu ümidlər özünü doğrultmayanda daha çox milli-demokrat mövqeyinə yaxınlaşsa da, tamamilə ondan qopa da bilməyib (N.Nərimanovla Xiyabani də eyni aqibəti yaşayıb). Yəni inandığı əsas məsələ o olub ki, Azərbaycan, Azərbaycan xalqı tarixən “İran şahlığı”nın istilası altında olmuş, hazırkı dövrdə sosial-demokratiya ideyasının (Kominterin) və Sovet Rusiyasının yardımı ilə tamamilə olmasa da, ən azı muxtar formada milli azadlıqlarına qovuşa bilərlər. Bizcə, Sovet ideoloqları Pişəvəriyi də inandırıblar ki, Azərbaycan xalqı üçün Milli İstiqlala qovuşmaq şəraiti yetişmədiyi üçün öncə, milli muxtariyyəti əldə etmək vacibdir. Milli istiqlal şəraiti yetişənə qədər də, Azərbaycan və Azərbaycan xalqı “İran istiqlaliyəti” və “iranlı” kimliyindən imtina etməməli idi.
Üstəlik, o da, Sovet Rusiyasının ideoloqlarının tarix, mədəniyyət, fəlsəfə kimi mühüm sahələrdə təsiri altına düşərək milli-dini (türklük, islamlıq) məsələlərdə yanlışlığa yol verib. O, Quzey Azərbaycanda sosial-demokrat əqidəsinə bağlı soydaşları kimi (N.Nərimanov, S.M.Əfəndiyev və b.), milli kimliyinin və ana dilinin türk olduğunu bildiyi halda, marksizm-leninizm təliminin təsiri, Sovet Rusiyası ideologiyasını təzyiqi altında bunu arxa plana keçirərək, sadəcə milli azadlıq idealını ön plana çıxarıb. Bu baxımdan Pişəvərinin yazılarında və çıxışlarında “Türk dili”, “Türk milləti”, “Azərbaycan türk milləti” deyil, əsasən “Azərbaycan dili”, “Azərbaycan milləti”, “Azərbaycan xalqı”, “azərbaycanlılar” kimi ifadələrdən istifadə etməsi təsadüfi olmamışdı. Sovet Rusiyasının ideoloqları Azərbaycan milli hərəkatını mümkün olduğu qədər türklük ruhundan uzaq tutmağa çalışırdılar. Buna əsas səbəb də Sovet Rusiyasının ikinci Dünya müharibəsi ərəfəsində Türkiyəylə münasibətlərinin kəskinləşməsi, buna uyğun olaraq da bütün imperiya ərazisində, o cümlədən Şimali Azərbaycanda antintürk siyasət yürütməsi idi. Ona görə də, Sovet Rusiyası Azərbaycan milli hərəkatının türklük üzərində qurulmasının tamamilə əleyhdarı olub, əsas diqqəti sosial-demokratizmə və türklük ruhundan uzaq azərbaycançılığa kökləməyə çalışırdılar. Bütün bunlar Pişəvərinin dünyagörüşünə təsirsiz ötüşməmişdir.
Təbriz şəhərində anadan olam Əli Müsyö Təbrizi/Kərbəlayi (1886-1910) həyat yolunu müəyyənləşdirmək üçün çox gənc yaşlarında Rusiyanı, Avropanın bir sıra ölkələrini gəzib dolandı, Fransa inqilabları tarixini öyrəndi. Fransız xalqının demokratiya uğrunda mübarizəsi, axıdılan qanlar və əldə edilən nəticə onu cəlb etdi. Odur ki, vətəninin də monarxiyadan xilas olub demokratik respublikaya çevrilməsi üçün yollar axtarmağa başladı. Bir müddət İstanbulda yaşayan və oradakı monarxiya əleyhdarları ilə uzun-uzadı söhbətlər edən Kərbəlayı Əli Təbrizə qayıtdıqdan sonra az zamanda Mösyö Əli kimi tanındı. Bu da səbəbsiz deyildi. Çünki, o, söhbətlərində fransız xalqının respublikalı quruluşuna keçmək üçün apardığı mübarizəsindən tez-tez misallar çəkirdi[18].
O, Qacarlar dövlətində 1906-cı ildə “İctimayyün-e ammiyyun” (Sosial-Demokrat) təşkilatının qurucularından biri, “Mərkəzi-Qeybi”n əsas aparıcısı olmuşdur. O, “Əncümən” qəzetinin nəşrində də yaxından iştirak etmişdir. Əli Müsyö Məşrutə hərəkatının ən fəallarından biri olmuş, 1908-1909-cu illərdəki Azərbaycandakı Məşrutə iniqlabı zamanı Səttar xanla birlikdə hərəkət etmişdir. 1909-cu ildə Təbriz bələdiyyəsinə rəhbərlik edən Əli Müsyönün 1910-cu ildə Rusiyanın Təbrizdəki konsulluğunun əməkdaşları tərəfindən zəhərlənərək öldürüldüyü iddia olunur.
Güney Azərbaycanın Dilməqan şəhərində doğulan Səid Səlmasi (1887/89-1909) mütləqiyyəti, Şərq cəhalətini tənqidlə yanaşı, şeirlərinin bir qismində ədalətli gələcəyə, bəşəri azadlığa ümidini də ifadə etmişdir [19].O, "Ləyaliyi-iztirar" şeirində inanırdı ki, gec-tez hürriyyətpərəstlər istibdadpərəstlərin kökünü kəsmək, "zülm ağacını yıxmaq üçün" nə lazımdır edəcək, bir gün bəşəriyyətdə azadlıq hökm sürəcəkdir [19].
Ancaq dövründəki bir çox gerçəkliklər, yəni istibdadın əsasən güclü olub hürr tərəfdarlarını bir çox hallarda əzməsi bəzən Səlmasini də bədbinliyə sövq etmişdir. Ancaq Səlmasi “Xəyali-mənfur” şeirindən də gördüyümüz kimi, bu kimi mənfur, bədbin xəyallardan qurtulub gerçək azad bir həyata qovuşmağa can atmışdır [7,s.161].
“Təhəssür” şeirində də istibdadan gileyini və narazılığını ifadə edən Səlmasi bütün hallarda, zülmə qalib gəlib azadlığa qovuşmağın mümkünlüyünü də ifadə etmişdir. Səlmasi “Amali-Vətən” şeirində isə inqilabi duyğularla vətənə sevgisini bu formada ifadə etmişdir. O, bu şeirində daha çox Vətən və Millət amalını ön plana çəkmişdir [7, s.161].
Səlmasi dövlətçilik anlamında o dövrdə şüurlara hakim kəsilmiş “iranlı” kimliyi baxımından Vətən amalını ifadə etmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Qacarların hakimiyyətinin son dövründə meydana çıxmış və geniş yayılmış “iranlı” kimliyi daha çox dövlət, vətən və millət qavramlarının ortaq bir nöqtəsi olmuş, bu zaman türk, fars, ərəb, kürd, bəluc və başqalarını özündə birləşdirmişdir. Ancaq zamanla məlum olmuşdur ki, “iran” və “iranlı” kimliyini ortaya atanların əsas məqsədi aryançılığı-farsçılığı burada hakim vəziyyətə gətirmək olmuşdur. Bu baxımdan həmin dövrdə istər Səlmasi, istərsə də başqa Azərbaycan Türk aydınlarının “iran”, “iranlı” kimliyinə doğma yanaşmasını təbii qarşılamaq lazımdır.
Təbriz şəhərində ruhani ailəsində dünyaya gələn Mirzəli Siqqətül-islam Musa oğlu (1860-1911) “Lallar kitabçası”nda bəşəriyyətin gələcəyinə ümidlə baxır və bir gün dünyada zülmün sona çatacağına inanırdı. Onun fikrincə, həmin günə qədər isə hər bir xalq ayrı-ayrılqda istibdadlara qarşı mübarizə aparıb öz əlkələrində əmin-amanlıq, qayda-qanun yaratmalıdır. O, yazırdı: “Doğrudur, elə bir gün gələcək ki, dünyada bir qanun və bir nəfər hökumətlik edəcəkdir, zəmanın gedişi belə bir günü yetişdirməyə zamindir, - amma hələlik, o günə çatana qədər gərək hər bir ölkənin qanunu olsun və özünü idarə etsin” [7, s.126]. O, hesab edirdi ki, təqribən 80 il ərzində Qacarlarda ancaq durğunluq olmuş, ədalət ortadan qalxmış, onun yerini istibdad yutmuşdur. O, yazırdı: “Həştad il bizi dovşan yuxusuna verdilər, biz geri qaldıq, başqaları inkişaf etdilər. Məşrutə bir yana dursun, şəriət və millət soruşmadı: Nə üçün belə?.. Məşrutəçilər qələm azadlığı və dil azadlığı istəyirlər ki, “əmr be məruf və nəhy əz münkər” hüququ əldə etsinlər. Bunları ondan ötəri istəmirlər ki, istibdad sifətini müstəbidlərdən alıb, özləri ona yiyələnsinlər” [7, s.126].

