Icma.az
close
up
RU
Yarımfinalda “əjdahalar” savaşacaq

Yarımfinalda “əjdahalar” savaşacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

2026-cı il Dünya çempionatınun 1/4 final oyunları başa çatdı. Fransa Mərakeşi 2:0, İspaniya Belçikanı 2:1, müvafiq olaraq İngiltərə əlavə vaxtda Norveçi eyni hesabla, Argentina isə İsveçrəni 3:1 məğlub edərək yarımfinala vəsiqəni təmin etdilər. Beləliklə, mundialın yarımfinalına çatdıq. Təkcə afişadakı cütlüklərə baxsaq, bu həftə dünyanın futbol səhnəsində necə gərgin matçlar olacağını aydın görəcəyik.

Bu sayımızda mundialın 1/4 finalında gərgin keçən 2 oyunun qısa icmalını oxucularımıza təqdim edib, sonra yarımfinalda qarşılaşacaq Fransa-İspaniya matçında kimin favorit çıxacağı haqqında söhbət açarıq.

Cud Bellingemin “ustad dərsi”

İlk olaraq iyulun 12-si gecə saat 01:00-da Mayaminin “Hard Rock” stadionunda keçirilən və bir çox sürprizlərlə yadda qalan Norveç - İngiltərə matçına nəzər salaq. Ümumən, İngiltərə və Norveç bir-birinə yaxın olan iki qonşu ölkədir. Coğrafi, mənəvi və təbii ki, futbolda da belədir. Bu yaxınlığı görmək üçün Skandinaviya millisinin heyətinə nəzər salmaq kifayətdir. Start heyətinin 11 əsas oyunçusundan 6-sı İngiltərə Primyer-liqasında oynayır. Eləcə də iki əsas “ulduz” Erlinq Hollan və Martin Odeqard.

Bu cütlüyü futbol dünyası çoxdan tanıyır, lakin Norveç millisinin hazırkı gücü çoxları üçün bir kəşf ola bilərdi. Stol Solbakkenin komandası Braziliyanı 1/8 finalda inamla məğlub etdi və buna təkcə Hollanın dublu səbəb olmadı. Norveçlilər sadəcə daha inamlı, daha mütəşəkkil görünürdülər və şanslarından daha yaxşı istifadə etdilər. Bir sözlə, hər şey məntiqli idi.

Norveç sanki özünü bütün dünyaya sevdirdi - cazibədar oyun sərgiləyən liderlər, yaddaqalan performans və ən əsası, əla nəticələr – bütün bunların əsas səbəbi idi. Buna baxmayaraq, bütün proqnozlara görə, skandinaviyalıların tarixi səyahəti İngiltərəyə qarşı matçda sona çatmalı idi. Komandaların ustalıq səviyyəsində fərq böyük idi.

Buna rəğmən, komandalar matçın əvvəlində bərabər, aqressiv oynayaraq, lazımsız risklərə getmədilər. Norveçin şansları var idi və hətta bütün gözləntilərin əksinə olaraq ilk qolu da onlar vurdu. Güclü oyun sərgiləyən 22 yaşlı Andreas Şelderup ilk hissədə sol cinahdan möhtəşəm zərbə vuraraq topu Pikfordun qapısının yuxarı doqquzluğuna göndərdi.

İngiltərənin oyunu qəribə təəssürat oyadırdı. Son 3 Dünya çempionatı matçında - Panama, Konqo Demokratik Respublikası və Meksikaya qarşı – “Britaniya şirləri” çox vaxt konsentrasiyanı itirir və az qala, turniri tərk etmək həddinə çatırdılar.

Norveçlilər fasilədən əvvəl daha bir neçə qol vura bilərdilər, amma şanslarını real qola çevirməkdə çətinlik çəkirdilər. Bundan sonra İngiltərə mütəxəssislərin niyə onları bu mundialın favorit hesab etmələrinin səbəbini göstərdi – birinci hissəyə əlavə olunan vaxtda Cud Bellingem cərimə meydançasında bir neçə müdafiəçini aldadaraq mərkəzə keçdi və bərabərlik qolunu vurdu. Əsas vaxtda nəticə dəyişmədi və oyun əlavə vaxta keçdi.

İlk əlavə hissədən sonra baş məşqçi Solbakken Hollanı əvəzlədi. Erlinqin həddən ziyadə enerji sərf edib yorulduğu aydın idi. Amma bu, baş məşqçinin ən böyük səhvi oldu, çünki Norveçin hücumda liderinin olmaması komandanı tamamilə iflasa uğratdı. Nyullan komandasının şanslarını son saniyələrə qədər qorumaq üçün əlindən gələni etdi, hücumda isə Bobb və Berqin zərbələrində dəqiqlik çatışmadı.

Cud Bellingem bəlkə də xəyal etdiyi turniri keçirirdi – o qrup mərhələsində 2 qol vurub, daha sonra ölkəsinin 1/8 finalda Meksika üzərində 3-2 hesablı qələbəsində 2 qolla pay sahibi olub. Norveçlə oyunda da parlaq oynadı və əlavə vaxtın ilk hissəsinin 3-cü dəqiqəsində rəqib müdafiəçiyə dəyib qayıdan topu ustalıqla Nyullanın qapısından keçirərək İngiltərəni yarımfinala çıxaran vacib qolu vurdu. Norveç cavab verə bilmədi və bununla da sensasiyalar seriyası başa çatdı.

Şübhəsiz, Norveç Dünya çempionatındakı parlaq və cəsarətli oyunu ilə yadda qalacaq, İngiltərə isə favorit kimi irəliləyəcək. Çünki onlar necə dözməyi bilən komandadır.

Qələbəyə aparan çempionluq mentaliteti

Elə bu matçdan sonra, iyulun 12-si səhər saat 5-də Kanzas Sitinin “Arrowhead” stadionunda başlayan Argentina - İsveçrə matçı sensasiyaya çevrilməsə də, maraqlı sürprizlərlə yadda qaldı.

Bəri başdan deyim ki, Dünya çempionatı başlamazdan əvvəl kiminsə Argentina-İsveçrə matçının qalibinin hansı komanda olacağına şübhə etmək belə mümkün deyildi. Amma oyundan əvvəlki vəziyyət tam fərqli idi – “Albiseleste” pley-off mərhələsini o qədər gərgin keçirmişdi ki, Murat Yakının inadkar komandasına qarşı matçla bağlı inamlı bir proqnoz vermək çətin idi. Oyunun dramatik keçəcəyi gözlənilirdi.

Argentina 2026-cı il Dünya çempionatının ilk dördlüyünə düşən sonuncu komanda oldu və hazırkı mundialda bu, artıq neçənci dəfə əziyyətlə və çətinliklərlə başa gəldi. Əvvəla, gəlin FİFA-nın öz tamahları naminə “ağ-mavilər”i irəli çəkməsi ilə bağlı qəsd nəzəriyyələrini kənara qoyaq. Misir millisinin baş məşqçisi Hossem Hassanın 1/8 finaldan sonra dünyada ədalət olmadığını və hakimin həqiqətən Argentinanı bu Dünya çempionatında saxlamaq istədiyini deməsi gülünc idi. Hörmətli Hossem, komandanız, açıq desək, son on dəqiqədə sensasiyalı qələbənin yaxınlığındaykən sevincdən özünü itirdi, axıra qədər oynamadı və uduzdu, vəssalam. Ümid edək ki, Murat Yakın bu yolla getməz. Bril Embolonun birinci sarı vərəqəsi də, ikinci sarı vərəqəsi də tamamilə haqlı idi. Tər-təmiz simulyasiya və isveçrəli hücumçuya çox yaraşmaz və lazımsız səhv idi. Bu, bəlkə də 2026-cı il Dünya çempionatınun ən axmaq hərəkəti adına əsas namizədlərdən biridir.

Yeri gəlmişkən, isveçrəlilər Ardon Yaşarın Niko Qonsalesin topuğuna arxadan zərbə endirməsindən sonra meydanda 9 oyunçuyla qalmamalarına görə məhz hakim Co Pineyroya minnətdar olmalıdırlar. Halbuki amerikalı Falorin Baloqun oxşar qayda pozuntusuna görə qırmızı vərəqə almışdı.

Gözlənilənlərin əksinə olaraq, Latın Amerikasının 1/4 finala qalan yeganə komandası oyuna sakit başladı və matçın əvvəlində Leo Messinin künc zərbəsindən sonra Aleksis Makallisterin vurduğu qol sayəsində hesabda irəli çıxdı.

Argentina təxminən bir saat ərzində üstünlüyü qorudu və hesabı artırmaq üçün daha bir neçə şans qazandı. Lakin görünür, Lionel Skaloninin komandası bu mundialda asan qələbə qazanmayacaq. İsveçrəlilər ikinci hissənin ortalarında hesabı bərabərləşdirdilər. Dan N'Doye sol cinahdan sürətli driblinq edərək qapıya güclü zərbə endirdi və Emiliano Martines komandasını xilas edə bilmədi.

Fasilədən əvvəl İsveçrənin 250 ötürmə ilə 57 faiz topa sahib olması və Argentinanın isə 192 ötürməsi var idi. Turnirdə ilk dəfə Skaloninin yetirmələri topa sahib olmada geridə idilər. Sonrakı statistika Embolonun qovulması səbəbindən elə də aktual deyildi, lakin bundan bir az əvvəl isveçrəlilər bir neçə şans yaratdılar və hesabı bərabərləşdirdilər.

Avropalılar özlərini çətin vəziyyətə salmasaydılar, oyunun taleyi daha fərqli ola bilərdi. 72-ci dəqiqədə Brel Embolo simulyasiyaya görə ikinci sarı vərəqə aldı. 1/4 finalda meydanı belə asanlıqla tərk etməkdən daha gülünc heç nə ola bilməzdi.

Lakin Embolonun meydandan qovulmasının oyuna təsir etdiyini və ya vəziyyəti dəyişdirdiyini inkar etmək olmazdı. Çünki İsveçrə bütün 70 dəqiqə ərzində meydanda daha yaxşı komanda idi. İlk dəqiqələrdən etibarən isveçrəlilər topu nəzarətdə saxlamağa çalışdılar və bunu bacarırdılar.

Azlıqda qalmasına baxmayaraq, İsveçrə əlavə vaxta qədər oyunu davam etdirməyi bacardı. Lakin əlavə vaxtda Argentina amansız oldu: 112-ci dəqiqədə Xulian Alvares cərimə meydançasının çölündən möhtəşəm zərbə ilə topu tora qovuşdurdu. Final fitindən bir az əvvəl isə Lautaro Martines üstünlüyü 2 fərqə çatdıran 3-cü qolu vurdu. Argentina mövsümün daha bir əks-zərbəsini ustalığı sayəsində dəf edərək, yarımfinala yüksəldi.

Bu vəziyyətin müsbət tərəfi də var. Təxminən beş-altı il əvvəl formalaşmış və ardıcıl üç böyük turnirdə - 2021-ci il “Copa America”, 2022-ci il Dünya çempionatı və 2024-cü il “Copa America” - qalib gələn Argentina komandası bu uğurlar sayəsində əsla keçilməz bir özünəinam qazanıb. Bu uşaqlar meydanda, nə olursa olsun, həmişə bunun öhdəsindən gələcəklərini bilirlər. Çünki onların çempionluq mentaliteti var - fitri yox, qazanılmış. Hər yeni qələbə, xüsusən də bu pley-offdakılar kimi, onu daha da gücləndirir. Onlar Misirdən sonra heç nədən qorxmurlar. Bu Argentina komandasını məğlub etmək olar, amma onu sındırmaq olmaz.

Ümumilikdə, İsveçrə yaxşı oyun və əla turnir üçün hörmətə layiqdir, lakin Argentina ilə İngiltərə oyunu mütləq bu yayın ən yaddaqalan oyunlarından biri olacaq.

Yarımfinalın favoritləri kimlərdir?

Yarımfinalda qarşılaşacaq Fransa və İspaniyanın əvvəlcədən bu Dünya çempionatının əsas favoritləri hesab olunduğunu nəzərə alsaq, bu matçı erkən final adlandırmaq daha doğru olardı. Yeri gəlmişkən, komandalar 5 il ərzində 4-cü dəfə qarşılaşacaqlar. Doğrudur, Deşamın komandası 2021-ci ildə Millətlər Liqasının finalını qazanmışdı, lakin sonra ardıcıl iki yarımfinalda məğlub oldu: Avro-2024-də və 2025-də Millətlər Liqasında.

Dünya çempionatında isə komandalar yalnız bir dəfə qarşılaşıblar: 2006-cı ildə Fransa 1/8 finalda İspaniyanı 3:1 hesabı ilə məğlub etməyi bacarıb. Rəqiblər ümumilikdə 12 rəsmi oyun keçiriblər: “Qal xoruzları” 6, “qırmızı furiya” isə 4 qələbə qazanıb.

İspaniya millisi yarımfinala heç də ideal vəziyyətdən yaxınlaşmır – Yamal və Pedrinin yaxşı formada olmadıqları açıq-aydın görünür. Oyarzabal “sönüb” və yalnız komandanın cokeri Merino rəqibləri dayandıra bilər. Amma Fuentenin komandasında liderlərinin formasından daha vacib bir şey var – möhkəm və intizamlı sistem. Həlledici məqamlarda onları xilas edən fərdi bacarıqlarının alovlanması yox, mütəşəkkil kollektiv oyundur. Bu, komandanı həm Fransa, həm də məsələn, 2024-cü ilin yayındakı İspaniyadan kəskin fərqləndirir.

Yarımfinala gedən yolda “qırmızı furiya” rejimi dəyişməli oldu: Avstriya onları mövqe hücumlarına, Portuqaliya topsuz dözməyə və fürsətlərini gözləməyə məcbur etdi, Belçika isə əks-hücumlar ümidi ilə təxminən 90 dəqiqə müdafiədə “oturdu”. Ssenarilər dəyişdi, amma de la Fuente həll yolları tapdı. Mərkəzdən kombinasiyalar işləməsəydi, komanda asanlıqla cinahları yükləyərdi. Onlar müdafiəni dağıdıb keçə bilməyəndə, Mikel Merino meydana çıxırdı. Ötürmələrə və uzaq məsafəli zərbələrə əl atırdılar.

Bir sözlə, bu komanda sadə hərəkətlərdən və klassik mövqe futbolundan imtina etməkdən çəkinmir. Beləliklə, İspaniya istedadlı oyunçuların say hesabında Fransadan geri qalsa da, mütəşəkkil oyun baxımından heç də pis deyil. Onlar rəqibin güclü və zəif tərəflərini yaxşı bilən çox inamlı komandadırlar.

Bu yarımfinaldakı əsas sual İspaniyanın matçın tempinə nəzarətdə saxlaya bilib-bilməyəcəyidir. Fransa bir neçə il əvvəlkindən daha aqressiv oynayır. Onlar rəqiblərini ön xətdə pressinqlə qarşılayır, topu qazandıqdan sonra dərhal hücuma keçir və topu rəqibin qapısına mümkün qədər tez çatdırmağa çalışırlar. Buna görə də İspaniyanın diqqətini cəmləməsi vacibdir, yoxsa fransızların dağıdıcı əks-hücumları ilə qarşılaşacaqlar. Deşam və de la Fuente arasında taktiki futbol şahmatı görəcəyimiz istisna deyil. Təşəbbüsü kim əldən verəcək, hansı qeyri-ənənəvi hərəkətlərlə çıxış edəcəklər, hadisələri qabaqlayacaqlarmı? Matçda intriqa çoxdur. İspaniya üçün Rodri və Pedrinin yarımmüdafiədəki performansının həlledici olacağı aydındır; onlar ərazi üstünlüyünü təmin etməyə kömək etməlidirlər.

Fransa Mbappe, Dembele və Olizedən asılı olsa da, İspaniya artıq fərdi ulduzların ilhamlı oynundan asılı deyil - onlar struktur və intizam sayəsində qalib gəlirlər. Bu Dünya çempionatında yalnız bir qol buraxmaq bu mexanizmin gücünü sözlərdən daha yaxşı izah edən bir statistikadır.

Lakin Fransa onları hələ heç kimin sınaqdan keçirmədiyi şəkildə sınaqdan keçirməyə qadirdir. Xüsusi diqqət cinahlardakı duellərə yönəldiləcək. Kukureliya və Porro demək olar ki, olduqca çətin bir vəzifə ilə üzləşəcəklər: eyni vaxtda mövqe hücumlarını dəstəkləmək və Embappe ilə Dembele üçün arxalarında boş yer buraxılmasına imkan verməmək. Onlar istənilən səhvi cəzalandırmağa hazır olacaqlar. Buna görə də İspaniyanın turnirdə ilk dəfə qəsdən həmişəki yüksək səviyyəli müdafiəçi mövqeyindən imtina etməsi və bir az daha ehtiyatlı yanaşma modeli seçməsi mümkündür.

Yarımfinalın növbəti cütlüyü – Argentina ilə İngiltərə matçı haqqında isə ayrıca danışmaq lazım gəlir. Bu haqda hazırladığımız xüsusi şərhi növbəti sayımızda təqdim edəcəyik.

İlqar RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see561

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see314

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see259

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see242

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see239

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see223

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see185

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

13 İyul 2026 03:51see176

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see175

Tarkan xanımı və qızı ilə

13 İyul 2026 00:46see173

İrəvanda silahlı ATIŞMA olub TƏCİLİ

13 İyul 2026 01:23see164

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see163

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see162

Ukrayna sərhədçiləri: Belarusdakı vəziyyət istənilən an dəyişə bilər...

12 İyul 2026 18:19see157

Azərbaycanda 80 min manata mobil nömrə satılır

12 İyul 2026 14:12see156

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see154

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see151

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see151

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see150

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

12 İyul 2026 22:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri