Icma.az
close
up
RU
Yaşantı: sözdən sözə Kamal Abdulla

Yaşantı: sözdən sözə Kamal Abdulla

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstedad Allahın lütfüdür. Bu, həm də böyük iztirablardan keçir. İnsan öz zəhmətinin, əzab və iztirablarının yetirməsidir. İstedad da əzabla reallaşdırılır. Böyük, bəşəri, yenilməz ruhlar, adətən bu iztirablara səssizcə sinə gərir, özünü reallaşdırır, öz içindəki möcüzələri izhar eləyir və fərdi özünüdərkini cəmiyyətin üstün dəyərləri ilə birləşdirib yaşantılarına çevirir. Bu, xüsusən, yaradıcı zümrəyə aid keyfiyyətlərdir. Yaradıcı insan, sanki ilahi vəhyləri cəmiyyətə, həmyaşlarına yetirir, onların bəsirət gözünün işıqlandırılmasında elçi rolunu oynayır. Rəşad Məcid, məhz belə elçilərdəndir. Öz sözü, öz nəfəsi, poetik-publisistik ruhu ilə soydaşlarına, əsrdaşlarına işıq bəxş eləyən işıqgəzdirəndir.

Rəşad Məcidin 60 yaşı tamam olub. Bu, müdriklik yaşıdır, hesabat dövrüdür. Rəşad bu vaxta, bu vədəyə mərhələ-mərhələ yetişmiş, həmdaşlarını heyrətə salan yaradıcı bar-bəhərlə ləbələb dolu bir ömür yaşamışdır. Rəşad öz yaradıcı ömrü, zəhmətlə yoğrulmuş tərcümeyi-halı, zəngin həyat mənzərəsinə görə ilk növbədə istedadına borcludur. Bu istedadı reallaşdırmaq isə onun zəhməti, fəaliyyəti, ədəbiyyat qarşısında böyük məsuliyyəti ilə başa gəlmişdir. Onun ədəbi fəaliyyəti, uzun illərin çarpışmaları 60 illik yubileyi münasibətilə çap olunmuş "Qala adam" adlı samballı kitabda toplanmışdır. Kitabda Rəşadın çoxşaxəli yaradıcılıq yolu, publisistikası, ədəbi-bədii görüşləri, səfər qeydləri və poetik nümunələri yer almışdır. Hər bir sahədə özünəməxsus iz qoymuş, dərin istedad nümayiş etdirmiş Rəşad Məcid çağdaş ədəbi prosesin həm iştirakçısı, həm də salnaməçisi qismində çıxış edir. Hər yazısında, irəli sürdüyü hər bir fikirdə bir boy da böyüyən Rəşad Məcid adı, siravi insandan, düşünə bilən, mühakimə yürüdən, ədəbi mühitə qiymət verən təcrübəli ekspertə, səriştəli orbitrə çevrilir. Onun ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında oçerkvarı yazıları mündəricəsində ciddi tədqiqat mahiyyəti daşıyan bədii-elmi mülahizələrdir. Bu düşüncələrdə Rəşad heç kimi təkrar etmir, yaxud heç kimə bənzəmir. Ədəbi mülahizələrində, elmi yanaşmalarında o, tam özüdür, öz fikirlərini söyləyir, yeni, orijinal qənaətlərinə söykənir. Vaqif Səmədoğlu, İsa Həbibbəyli, Anar, İsi Məlikzadə, Şirməmməd Hüseynov və başqaları haqqında yazdığı elmi-publisistik məqalələrində o, problemə yanaşma tərzi ilə seçilir, bu insanların görünməyən, yaxud qələmə alınıb ictimailəşdirilməyən cəhətlərini üzə çıxarır, onların yaradıcılığını yeni rakursdan, yeni bucaq altında qiymətləndirir. Rəşad Anara yazıçı, ictimai xadim, işıqlı bir vətəndaş kimi yüksək qiymət verir və yazır: "O, Azərbaycan ədəbiyyatının canlı klassiki, bir neçə nəslin ictimai şüurunun, bədii zövqünün formalaşmasında mühüm rol oynamış böyük ziyalımızdır". Dəqiq qiymətdir, həm də sonsuz məhəbbətlə yoğrulmuş münasibətdir.

Kitabda Azərbaycan elminin, ədəbiyyat korifeylərinin portret cizgilərini bütün incəliklərinədək çözələyən qeydlər çox qiymətli nümunələrdir. Əslində, Rəşad korifeylər haqqında söz açdıqca öz portret cizgilərinə yeni ştrixlər əlavə edir, özünün mənəvi və intellektual səviyyəsi ilə yadda qalır. Vaqif Səmədoğlunu böyük məhəbbət və nisgillə xatırlayan müəllif yazır: "Elə insanlar var ki, onların xatirəsi özləri qədər işıqlı və aydındır. Həmin xatirələr lentini yaddaşın xəyali ekranından izlədikcə ötən günlər üçün qəribsəyirsən və yaşanılan onca gözəl hadisəni, doğma simaları kədərli-sevincli hisslərlə yad edirsən. Vaqif Səmədoğlu da mənim yaddaşımın ən müqəddəs yerində xatirəsi həkk olunan şairlərdən, dostlardan biridir".

Rəşadın yaradıcılığında Azərbaycan dilinin ədəbi, poetik və akademik qatları zəngin çalarlarda laylanır. O, sözə həssas yanaşır, hər ifadənin məqamını duyur, hiss edir, fikrin məntiqi yükünü dərindən qiymətləndirir. Azərbaycan dilinin folklor incələmələri onun dilinə şirin ahəng qatır, ifadələrinin, deyimlərinin poetik yükünü vüsətləndirir, fikirlərinə hamını ahənrüba kimi bürüyən bir istilik, doğmalıq, səmimiyyət gətirir. Onun əsərlərində Azərbaycan ədəbiyyatı bütöv görünür. Bu, ədəbi prosesin özünə hörmət cizgiləri süsləndirir. Onun yazılarında ədəbi proses heyrətamiz şəkildə canlı və dinamik görünür. O, müraciət elədiyi hər hansı obyektə, insana, yaradıcı şəxsiyyətə böyük sevgi və heyrətlə nəzər salır, toxunduğu mövzuları xüsusi məhəbbət və qayğı ilə təqdim edir. Bu istiliyi, hərarəti həm onun özünün yazdığı, həm də onun haqqında söylənən, ona ünvanlanan məqalələrin ruhunda hiss edirsən. "Ürəkdən gələn yazılar - Rəşad Məcidin publisistikası", "60 yaşa yazı hədiyyələri", "Rəşad Məcidin sözü haqqında", "60 ilin söhbəti", "Bir il Ağdam-Bakı qatarında gecələmişəm...", "Qələmsiz yazılanlar", "Qələmsiz yazılanlar"dan yazılanlar", "Şuşa dəftəri" və başqa bölmələrin hər birində bu isti, səmimi nəfəsi dərindən hiss edirsən.

"Qələmsiz yazılanlar" Rəşad Məcidin müasir ədəbi aləmə yeni bir töhfəsidir. Bunu Rəşadın kəşfi də adlandırmaq olar. Belə ədəbi nümunələrə dünya çapında, beynəlxalq ədəbi sferada rast gəlinir. Məsələ burasındadır ki, Rəşad SMS səviyyəli virtual ədəbiyyata Azərbaycan təfəkkürü işığında yanaşmış, orijinal bir janra imza atmışdır. Hər biri poetik nümunəni xatırladan bu virtual düşüncələr, əslində, dərin məna ilə yüklənmiş müdrik aforizmlərdir. Məsələn, "Xeyirxah niyyətlə deyilən iradları qəzəblə söyləməzlər", "Susmaq da istedaddır, çoxlu keyfiyyətlər tələb edir", "Lap cüzi şeylərlə də olsa, insanları sevindirmək mümkündürsə, buna qızırqanmayın", "Fədakarlıq rəğbət yaradır, təsirləndirir, gözləri yaşardır", "Hamıyla dil tapmaq, hamının dilini bilmək gözəl keyfiyyətdir. Düzdür, istedad, enerji, səbir tələb edir. Zorakılıqdansa, çalışıb dil tapmaq daha yaxşıdır" və sair və ilaxır. Rəşadın qələmsiz yazılan külliyyatı başdan-başa belə qiymətli düşüncələr üzərində qurulub.

Bu mükəmməl  kitabda  ən  maraqlı bölmələrdən biri "Şuşa dəftəri" adlanır. Bu şeirlər Şuşa sevgisi, Şuşa həsrətilə yoğrulmuşdur. Hiss olunur ki, Rəşad Şuşanın qoynunda da Şuşa həsrətilə yaşayır. Bu qovuşuğu çox həssaslıqla qoruyan Rəşad, onu itirməkdən qorxan bir uşaq həyəcanı yaşayır. O, uşaqlıqdan Şuşanın qoynunda boy atmış, onunla nəfəs almış, bu doğma yurdla qəlbi bir döyünmüşdür. Odur ki, bu şeirlərdə təcrübəli qələm sahibinin oturuşmuş düşüncəsindən daha çox, uşaq xiffəti, uşaq  həsrəti  və uşaq kürlüyü vardır. İllər ötsə də, Rəşad Şuşanı yenə dəli bir  məhəbbətlə  sevir  və ən  əsası  odur ki, onu  itirməkdən  qorxur. İllər  onun Şuşalı ruhuna toxuna bilməmiş, əksinə, ötən hər il onun Şuşa məhəbbətinə güc-qüvvət vermiş, yaşantılarını cilalamış, yaradıcı ehtirasını bir az da coşdurmuş, oyaq saxlamış, ovqatına ovqat, poetik düşüncəsinə genişlik, məhəbbətinə məhəbbət qatmışdır. Şair yazır:

Şuşa səni bulaq kimi duruldar,

Körpəliyin gül çağına dönərsən.

Xəyalına beşik olar buludlar,

Əbədiyyət yarpağına dönərsən.

Bu şeirlər Şuşanın poetik etnoqrafiyası, hissi-emosional təqdimidir. Bu şeirlərdə müəllifin poetik palitrası çox zəngindir. Şuşaya ünvanlanmış söz boğçasının ən qiymətli butaları xalq deyimləri, folklor ilmələri, dildən çıxdaş olunmuş, itib-batmaqda olan el deyimləri, frazeoloji birləşmələr, təşbehlər, qanadlı sözlər, obrazlı ifadələr və poeziya üçün vacib başqa elementlər yurdun şəninə oxunan nəğmələri süsləndirir. Rəşad bu nümunələrdə sözü zərrə-zərrə, cümlə-cümlə, misra-misra toplayır, bədii biçimə salır, oxucunu Şuşanın sehrli aləminə aparmaq üçün poetik elementlərə çevirir:

Büllur kimi yanır par-par, göyə, yerə bax!

Pərvanəsi olana bax, səməndərə bax!

Cıdır düzü bələnibdi nəğmələrə, bax,

Çal-çağırlı səadətdi Şuşaya getmək!

Bu misraların hər birində Rəşad Məcidin Şuşaya olan saf məhəbbəti uşaq heyrəti kimi boy göstərir. Şuşa həsrəti sevinc dolu heyrət kimi yaşanır, sonsuz məhəbbətin tərcümanına çevrilir.

Rəşadın yaradıcılığı çoxşaxəli, rəngarəng, çoxspektrlidir. Onun qələmindən publisistik məqalələr də, resenziyalar, hekayələr, şeir, esse də eyni istedad və dərin düşüncənin məhsulu kimi boy göstərir. Rəşadın qələminin ən vacib məntiqindən biri xalqın keçmişi, bu günü və gələcəyi üçün narahatlıq notlarıdır. O, əsl xalq adamıdır. Dili, düşüncəsi, bədii-poetik istiqaməti ilə xalqın kökündən qaynaqlanır. Onun əsərlərində xalqın mübariz gücünə böyük inam var. Bu hiss həmişə sevgi ilə birləşir: həyata, yaşamağa, xalq uğrunda mübarizəyə əbədi bir sevgi ilə.

P.S. Kitabda Rəşad Məcidin mənim haqqımda yazdığı "Kamal Abdullanın sirli müdrikliyi" adlı bir yazısı da yer alır. Orada belə bir fikir var: "Sonralar Feysbukda on il boyunca paylaşdığım statuslarımdan, sms-esselərimdən ibarət "Qələmsiz yazılanlar" kitabımda Kamal Abdullanın esselərini xatırladım. Düşündüm ki, statusların bəzilərində akademik Kamal Abdullanın həmin o yığcam və dərin mənalara sahib esselərinin təsiri hiss olunur. Bununla bağlı Kamal müəllimə öz təşəkkürümü də çatdırdım. Onun münasibəti də məni mütəəssir etdi":

Əzizim Rəşad! Sənin isti etirafını vəfa borcu kimi qəbul edib eyni səmimiyyətlə minnətdarlıq hissimi bəyan edirəm. Qədirşünaslığına görə çox sağ ol.

Qaldı, sözügedən kitaba... "Qala adam" adlanan bu kitaba, bəlkə, 60 yaşın hesabatı da, demək olar. Rəşadın bir şeirindən götürülmüş "Qala adam" ifadəsi ona çox yaraşır. O, həqiqətən də, dəyanəti, ləyaqəti, ən nəhayət, rəşadəti ilə həmişə qala ömrü yaşamış - mərd, mübariz, dönməz... Və özünə sözdən bir qala biçmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see411

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see255

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see235

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see213

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see205

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see201

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see200

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see198

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see187

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see184

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see183

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see178

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see177

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see170

Son zənglə bağlı valideynlərə çağırış edildi

11 İyun 2026 13:29see157

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see157

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see156

Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb

11 İyun 2026 17:00see155

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see154

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri