Astaralı zabitin Vətənə son borcu
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəhid mayor Kamran Fərəcov Vətənə bağlı xalqımıza sədaqətli oğul kimi ləyaqətli ömür yolu keçib. 1978-ci il yanvar ayının 14-də Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb. Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbi bitirib. Hərbçi olmaq arzusu ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktiki tank qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə ali hərbi təhsilini başa vurandan sonra Bakı və Gəncə şəhər, Ağdam, Goranboy rayonlarında yerləşən hərbi hissələrdə xidmət edib.
Xidmətinin 18 ilini cəbhə bölgəsində, düşmənlə təmas xəttində keçirib. Dəfələrlə erməni təxribatlarının qarşısının alınmasında fədakarlıq, igidlk, şücaət göstərib. Mərd, cəsur, qeyrətli komandir, peşəkar hərbçi kimi ad qazanıb.
Vətən müharibəsindən 3 il əvvəl səhhəti ilə bağlı ordudan tərxis olunub. İkinci qrup əlilliyi vardı. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində general Polad Həşimovun və bir qrup hərbçinin qəhrəmancasına həlak olması xəbəri onu da sarsıdıb. Əlilliyini gizlədərək orduda xidmət etmək üçün rayon hərbi komissarlığına müraciət edib. 2020-ci il sentyabr ayının 21-də hərbi təlimlərə qatılıb. Sonra müharibə başlayıb.
Ömür-gün yoldaşı Nuranə xanım müharibə xəbərini eşidən günü onunla telefon əlaqəsi saxlayanda Kamran deyib: “Mən hərbçiyəm. Vətənin ağır günündə kənarda qala bilməzdim. Burada könüllülər döyüşür, zabit kimi mənə ehtiyacları var. Sən də möhkəm ol, qızlara yaxşı bax”.
Kamran Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə igidlik, qəhrəmanlıq göstərib. Əsgərlərindən biri Rauf Salayev döyüş zamanı komandirin öndə getdiyini, şəxsi heyəti qoruduğunu bidirdi: “Xüsusi əməliyyatı icra edərkən bizə dedi ki, siz əmrimi gözəlyin. Düşmənlə təkbaşına döyüşdən sağ-salamat çıxdı.
O, həm də inanclı insan idi. Axıradək namazı tərk etmədi. Cəbrayıl rayonu işğaldan azad ediləndə ilk azan verən də Kamran oldu. O vaxt sevincinin həddi-hüdudu yox idi. Yemək payını əsgərlərə verir, hər birinə böyük qardaş kimi qayğı göstərirdi. Dəfələrlə mərmi zərbəsindən sağ çıxmışdı. Həlak olacağına heç kim inanmırdı. Deyirdilər ki, komandirə mərmi heç nə edə bilməyib, Allah onu qoruyur” .
Qəhrəman komandir Kamran Fərəcov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı düşmənin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucaldı. Bir neçə gün əvvəl 4 yaşlı qızı Dəniz yuxuda atasını görüb. Səhər anasına deyib ki, yuxuda gördüm ki, ata ayağından və qarnından yaralanıb...
Şəhid övladları çox həssas, duyumlu olur, - deyə Nuranə Fərəcova bildirir. Namərd, qaniçən düşmənin Gəncəyə raket hücümu zamanı körpə uşaqlar da həlak olmuşdu. Dəniz televiziyada bunu görüb telefonda atasından soruşdu: “Ata, niyə qoydun orada uşaqlar ölsün? Kamran boğula-boğula cavab verdi ki, qızım, düşməni torpağımızdan qovacağıq, qoymarıq ki, bundan sonra bir uşaq da ölsün”.
Dəniz atasına çox bağlı idi, xasiyyətdə də ona oxşayıb. Yuxusu da çin çıxdı. Məlum oldu ki, Kamran qara ciyərindən aldığı güllə yarası nəticəsində şəhadətə qovuşub.
Kamran tələbəlik illərində sevib-seçdiyi Nuranə xanımla ailə qurmuşdu. Tale 13 il sonra əkiz qız övladı ilə onları sevindirmişdi. İllərlə övlad həsrəti çəkən ata bu sevinci, səadəti, xoşbəxtliyi cəmi 4 il yaşadı. Şəhid olması ilə övladlarını vəfalı ömür yoldaşı Nuranə xanımın ümidinə qoydu.
İxtisasca riyaziyyatçı olan, Astara Pedaqoji Kollecində Maliyyə informasiya şöbəsinin müdiri işləyən Nuranə Fərəcova ömür-gün yoldaşının qoşa əmanətini göz bəbəyi kimi saxlayır. Dəniz zahirən atasına, Şəms isə anasına oxşayır. İndi onlar vaxtilə atalarının təhsil aldığı məktəbdə əla qiymətlərlə oxuyurlar.
Nuranə xanım zahirən nə qədər güclü, təmkinli olsa da, bir o qədər həssas və kövrəkdir. Deyir ki, çətinliyi olanda Kamran yuxusuna girir. Şəms gözündən əməliyyat olunanda yuxuda uşağın qarşısında diz çöküb qucaqladı, başına sığal çəkdi. Mənə dedi ki, olacağa çarə yoxdur, qismətinlə, taleyinlə barşmalısan. Bir dəfə də yuxuda məni Qubadlıya aparıb şəhid olduğu yeri göstərdi. Yuxuları belə bilməzdim. Elə bil ki həyatım yuxularıma, yuxularım isə həyatıma köçüb, - deyə Nuranə xanım gilə-gilə üzünə axan göz yaşlarını silir.
Kamran doğulub boya-başa çatdığı doğma Səncərədi kəndində torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən III dərəcəli "Rəşadət" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə”, "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
İllər, qərinələr keçəcək, Milli Ordumuzun şəhid zabiti Kamran Fərəcovun igidliyi, şücaətləri heç vaxt unudulmayacaq. Gələcək nəsillər onu daim Vətənimizin qəhrəman övladı kimi xatırlayacaqlar.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Noyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















